525.Az

İnsanlar... Müharibələr... Kitablar...


 

ANKARA KİTAB SƏRGİSİNDƏN REPORTAJ

İnsanlar... Müharibələr... Kitablar...<b style="color:red"></b>

Son bir neçə ildə yaşadığım Türkiyənin paytaxtı Ankara şəhərində kitaba münasibətim bir az da dərinləşib. Həyatımın ayrılmaz hissəsinə çevrilib. Bunun çox maraqlı səbəbləri var, lakin indi mövzum Ankara Kitab Sərgisidir.

...Ankaraya "kitablar şəhəri" də deyirlər. Burada çox sayda kitab dükanları, nəşriyyatlar, məşhur kitabçılar, gecə-gündüz açıq olan müasir kitabxanalar, keyfiyyətli univeritetlər, ənənə halını almış kitab sərgiləri insanları oxumaya, araşdırmağa həvəsləndirir, kitaba daha da yaxınlaşdırır. Texnologiyanın sürətlə inkişaf edib həyatımızın ayrılmaz hissəsinə çevrildiyi, çox şeyin elektron məkanlara daşındığı günümüzdə kağız kitabın vərəqlərinə toxunaraq ondan bilik əxz etməkdən vaz keçməyib ankaralılar!.. Buna son illər qatıldığım ənənəvi Ankara Kitab Sərgisinda insan qələbəliyini gördükcə bir daha əmin oluram.

Bu il Ankara Kitab Sərgisi 1-10 dekabr tarixlərində, yenə "ATO Congresium"də keçirildi. Kitab sərgisində fəxri qonaq yazıçı Gülseren Budayıcıoğlu, qonaq ölkə isə Cənubi Koreya oldu. Sərginin üçüncü günündə "ATO Congresium"a getdim. Artıq 19-cu dəfə kitabsevərlərin görüşünə gələn ənənəvi kitab sərgisi elə ilk günlərdən yüzlərlə insanın diqqətini bu məkana cəlb edə bilir. Bu il isə sərgi daha rəngarəng və izdihamlı keçir. İnsanların telefon və kompüterlə daha çox məşğul olduğu bir vaxtda kitab məkanını belə izdihamlı görmək qürurvericidir. Xüsusilə gənclərin kitaba marağı ümid verir.

Bütün yaş kateqoriyasından olan ziyarətçilərin gəldiyi sərgidə ayrı-ayrı nəşriyyatların stendləri önündə insan qələbəliyi müşahidə edilir. Təşkilatçılar on gün ərzində sərgiyə 500 mindən çox ziyarətçinin qatılacağını təxmin edərək, eyni zamanda 500-dən çox yazarın imza gününün təşkil ediləcəyini demişdilər: - Proqrama məşhur yazarların imza günlərindən əlavə, konfranslar, şeir oxunuşları, uşaqlar üçün əyləncəli tədbirlər də daxil edilib.

Hazırda kitab sərgisində 500-dən çox nəşriyyat, eləcə də, ictimai təşkilatlar çap məhsullarını nümayiş etdirir. Belə sərgilər çoxdan axtarılan kitabları asanlıqla tapmaq və yeni nəşrlərlə tanış olmaq üçün yaxşı fürsətdir. Həmçinin ikinci əl kitablar da olur burada. Daha endirimli qiymətə təqdim edilir.

Builki sərgidə kitablar keçən illərə nisbətən bahalıdır. Orta qiymət 150-200 TL. Nəşriyyatlar bunu kağızın xaricdən gəlməsi, kirayə haqlarının və digər xərclərin artması ilə əlaqələndirirlər: - Kitabları daha sərfəli qiymətə oxuculara çatdırmaq istərdik, lakin baha satmağa məcburuq - xərclər üzündən...

Müxtəlif nəşriyyatların masalarına göz gəzdirirəm. Azərbaycanlı müəlliflərin kitabları ilə maraqlanıram. Təəssüf ki, bir kitab da gözə dəymir. Bir neçə naşirlə söhbətimizdə azərbaycanlı müəllifləri çap etmədiklərini, onlara oxucu tələbinin olmadığını deyirlər. Demək ki, tanımırlar. Tanıda bilməmişik. Mədəniyyətimizin təbliği məsələsində məsuliyyətimizi gərəkdiyi səviyyədə hiss etmirik, görünür!..

...Avrasiya Yazarlar Birliyinin stendində Türk dünyası ölkələrinin yazıçılarının əsərləri masalara düzülüb. Yalnız bu masada azərbaycanlı müəlliflərdən də bir neçəsinin kitabı var. Belə böyük bir kitab sərgisində azərbaycanlı yazıçıların kitablarının olmaması, həmçinin Azərbaycanın kitab nəşriyyatlarının heç birinin iştirak etməməsi təəssüf doğuran nüanslar idi!..

Sərgidə bir müəllim xanımla tanış olduq. Şagirdləri ilə stendləri gəzir, kitablarla maraqlanırdılar. Deyir, biz istəyirik, şagirdlərimiz bu mühiti görsünlər, kitablara toxunsunlar. Vacib deyil ki, satın alsınlar. Lakin kitabın dəyərini anlamaq, onu yaşatmaq baxımından uşaqların belə yerlərdə iştirak etmələri çox faydalı ola bilər!.. Bu, həm də bizim vəzifəmizdir!..

Bir neçə kitab alıb, sərgidən ayrılıram.

lll

Sərginin 9-cu günü yenidən "ATO Congresium"a baş çəkməyə qərar verdim. Şiddətli yağış yağmasına rəğmən, sərginin əsas giriş qapısına doğru yenə böyük insan növbəsi vardı (jurnalislərin əlavə qapıdan, növbə gözləmədən keçidi təşkil edilmişdi).

Bir neçə məşhur yazarın imza günü keçiriləcək. Sərginin keçirildiyi üç mərtəbəli binanın hər mərtəbəsi insanla doludur.  "İynə atsan, yerə düşməz" misalı sırf bura üçün deyilib sanki!.. Oxucular bir neçə yerdə uzun sıralarda əllərindəki kitabları imzalatdırmaq üçün müəllifi gözləyirdilər.

Burada bir gənclə tanış oluruq. Mühəndis olduğunu, yaxınlarda Azərbaycana getdiyini deyir. Yeni savaş uçağı hazırlayıblar. Deyir, sınaqdan keçirmək üçün getmişdik. "Hədəfdən yayınmır!.."  - deyib gülür. Duyğularım qarışır: Kitablar... Müharibələr... Silahlar... Atəş səsləri... Uşaqlar, şəhidlər, qazilər... Özümü toplayıb, gənclə sağollaşıram. İnsan qələbəliyində çətinliklə yürüyərək birinci mərtəbəyə enirəm.

Buradakı kafedə türk qəhvəsi sifariş edib, boş masaların birində əyləşirəm. Qəhvəmi udumlarkən qarşıda türkiyəli jurnalist həmkarım İsmet Taşı görürəm. Əlində kitab və çay bardağı var, oturmağa boş masa axtarır. Hər yer doludur. "Buyurun, burada əyləşə bilərsiz" - deyib oturduğum masaya dəvət edirəm. Üzü  gülür. Söhbətləşirik, o da kitabların çox bahalı olduğundan şikayətlənir, cəmi iki kitab aldığını deyir. Söhbətimizin davamında yaxın günlərdə dərnəklərində "Qarabağ Zəfəri" mövzusunda keçirəcəyi tədbirə dəvət edir. Sonra gileylənib deyir, illərdir, dərnəyimizdə Azərbaycanla bağlı tədbirlər keçirirəm, mədəniyyəti, tarixi təbliğ edirəm, lakin sizin tərəfdən bir adam çıxıb "sağ ol" demir. Tədbirə qatılacağımı deyib, əməyinə görə təşəkkür edirəm. Bir az sonra İsmet bəyə zəng gəlir, sağollaşıb ayrılırıq.

Telefonda xəbərlərə baxıram: İsrailin Qəzzadakı məktəb binasını bombalaması nəticəsində 20-dən çox adam həlak olub. Qəzzadakı hərbi əməliyyatlarla bağlı İsrail hökuməti xarici və daxili təzyiqlər altında qalıb...

Rusiya lideri Vladimir Putin ölkədə hərbçilərin sayının 15 faiz artırılmasını nəzərdə tutan fərman imzalayıb...

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflərin bir sıra razılaşmalar əldə etdiyi vurğulanıb...

Yenidən sərgi məkanına keçirəm. "Kadim" nəşriyyatının stendində Ankara Universitetinin rektoru, Prof. Dr. Necdet Ünivar və qızı Ayşe Beyza Ünüvar kitab imza mərasimi təşkil edilmişdi. N.Ünüvar "Her Dem Erdem" kitabını oxucularına təqdim edərkən, Ayşe Beyza Ünüvar "TEDx Sahnesinin Pərdə Arkası" kitabını imzalayırdı. Burada da çox sayda insan var.

Prof. Dr. Necdet Ünüvarın kitabını aldım - 150 TL. Vərəqləyirəm, maraqlı fikirlər var.

Müəlliflə söhbətimiz zamanı yeni kitabının 400 qısa cümlədən ibarət  olduğunu, kitabında təcrübələrini, qarşılaşdığı hadisələri bir cümlə ilə ifadə etdiyini dedi: "Qısa cümlələr vasitəsilə biliyi, marağı, sevgini anlatmağa, izah etməyə çalışdım. Bu illər ərzində - uşaqlıqdan məktəb illərinə, həkimlik dövründən müəllimliyə, idarəçilikdən siyasətə kimi həyatın çox fərqli mərhələlərini keçmişəm.  Bütün bunları yaşarkən söz işığı həmişə yolumu işıqlandırıb. Eşitdiklərimi, dediklərimi itirməmək üçün düşündüm ki, bunları "Kendime sözler" adı altında toplayım. Nəticədə belə bir kitab yarandı".

Necdet hoca yeni kitabını mənim üçün imzaladı. Kitabı oxuduqdan sonra fikir bildirəcəyimi müəllifə söz verdim. Sərgidən ayrıldım. Günün sonuna doğru da, yağış davam etsə belə, sərgiyə gələnlərin ardı-arası kəsilmirdi...

lll

Təəssüf ki, son illər dünyada böyük müharibələrin baş verdiyi günlərə şahid oluruq. Müharibələr insanların, torpaqların, təbiətin ölüm hökmü, məhvidir. Ölkələri yoxsullaşdırır və qlobal miqyasda dünyaya zərər verir. Müharibələr cəmiyyətlərin dağılmasına səbəb olur, infrastruktura ciddi ziyan və dağıntılar gətirir. İnsan öldürmək, bina partlatmaq, yol dağıtmaq, ekologiya məhv etmək, təbii şəraitin pisləşməsi, qida və su çatışmazlığı, miqrasiya artımı, şəhid, əlini, ayağını - fiziki və psixoloji sağlamlığını itirmiş insan deməkdir. Sənət... Əsl sənət isə, müharibəyə, qəddarlığa, zorakılığa, istehlak acgözlüyünə, insanlıqdan kənar hər cür davranışa qarşıdır. Çünki nə olursa olsun, bütün sənət növlərinin ilk işi üsyandır!..

Müharibə adlı vəhşətin dünyamızdan tez bir zamanda bitməsi ən böyük arzumuzdur. Lakin mən inanıram ki, silahların deyil, ideyaların toqquşduğu sülhün bərqərar olduğunu bir dünya yaratmaq mümkündür. Buna təhsillə, elmlə - kitabların gücü ilə nail oluna biləcəyinə inanıram. Digər yol fikir ayrılıqlarını zorakılıqla, silah gücünə deyil, sivil müzakirələrlə həll etmək mədəniyyətini yaymaq ola bilər. Silaha əl atmadan öncə, kitablara diqqət verilərsə!..

Dünyada müharibələrə son verilib silahlara vida edildiyinə və daha çox kitablı günlərə şahid olmağımızı diləyirəm!

Türkiyə, Ankara

 





14.12.2023    çap et  çap et