525.Az

Bu, çox mühüm hadisədir” - Fatma Yıldırım


 

Bu, çox mühüm hadisədir” - <b style="color:red">Fatma Yıldırım</b>

“Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi artıq bir ənənəyə çevrilib. Paytaxtımız Bakı şəhəri növbəti il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. Bu, çox mühüm hadisədir”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının  Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı- COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın bütün yerlərindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. Sonuncu COP28 cari il dekabrın əvvəlində Dubayda keçirilib. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir kimi yadda qalıb. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Millət vəkilinin sözlərinə görə, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Xatırladım ki, Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdülər. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistanın Azərbycanın xeyrinə öz namizədliyini geri çəkdiyi bildirilib. Bolqarıstan da bundan sonra öz namizədliyini geri çəkib və nəticədə dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.

Fatma Yıldırım qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişafa və möhkəm ictimai-siyasi sabitliyə nail olub: “Vətən müharibəsində qazandığımız şanlı Zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Eyni zamanda, dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Respublikamız son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edib və növbəti sədrliklərə uğurlu miras buraxıb. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə kimi fəqlənməsi bütün dünya ictimaiyyətinə məlumdur. Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti qələbəsidir. Dövlətimizin başçısı bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq”.

Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Bundan başqa, Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Bütün bunlar dövlətimizin ətraf mühitin qorunmasına verdiyi töhfələrin göstəriciləridir. Növbəti il COP29 bu mövqeyini bir daha ifadə edəcək.

 

 





14.12.2023    çap et  çap et