525.Az

Planetimizin iqliminə qlobal təhdidlər


 

DÜNYADAKI TƏHLÜKƏLİ İSTİLƏŞMƏNİN ƏSAS MƏNBƏYİ TƏDRİCƏN ARTAN "İSTİXANA EFFEKTİ" HESAB EDİLİR

Planetimizin iqliminə qlobal təhdidlər<b style="color:red"></b>

Bu gün dünyada 3 milyarddan çox insan təbiətdəki qlobal istiləşmədən əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) verilən məlumata görə, bir çox insanlar iqlim dəyişikliklərinin gözlənilməz nəticələri ilə üz-üzədir. Bu, qalıq yanacaqların istifadəsi ilə birbaşa bağlıdır. Vəziyyətdən çıxış yolunu mütəxəssislər qalıq yanacaq istehsalından imtinada görürlər. Sadəcə istixana qazı emissiyalarını azaltmaq yetərli tədbir deyil. İqlim dəyişikliyi həm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir. Əvvəlki dövrlərdə də iqlim dəyişiklikləri olmasına baxmayaraq, 20-ci əsrin ortalarından bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərib və qlobal miqyasda dəyişikliklərə səbəb olub.

İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi 90 faizdən çoxu karbon qazı (CO2) və metandan ibarət olan istixana qazlarının emissiyasıdır. Antropogen amillər sırasında azot oksidi, azot-1 oksid və xlor-flor birləşmələri də yer alır. Bu emissiyaların əsas mənbəyi enerji istehlakı üçün təbii yanacaqların (kömür, neft və qaz) yandırılması olsa da, kənd təsərrüfatının, ağacların kəsilməsinin və sənaye proseslərinin də rolu var. Eyni zamanda məişət tullantıları, avtomobillərin hava buraxdıqları qazlar da atmosferi çirkləndirməklə istiləşməyə yol açır. Son əsrdə, xüsusən də son 30-50 ildə müşahidə olunan qlobal istiləşmə onilliklər ərzində atmosferdə toplanan su buxarı, karbon dioksid, metan, azot oksidi xloroflor karbonlar kimi günəş işığı ilə qızdırılan, Yer səthindən infraqırmızı istilik şüalarını udan qazlar tərəfindən əmələ gəlir. Başqa sözlə, Günəşdən gələn şüaların bir hissəsi ozon təbəqəsi və atmosferdəki qazlar tərəfindən sovrulur. Bir qismi litosferden, bir qismi isə buludlardan geriyə əks olunur. Yer üzünə çatan şüalar geriyə dönərkən atmosferdəki su buxarı və digər qazlar tərəfindən tutulur. Bu hadisə günəş şüalarıyla istilənən, amma içindəki istiliyi çölə buraxmayan istixanaları xatırladır. Nəticədə atmosfer istiləşir ki, bu da "istixana effekti" adlanır.

İqlim dəyişikliyinə səbəb olan digər amil kosmosun istismarıdır. Kosmosa buraxılan raketlər atmosferin yuxarı həddində ozon qatını zədələyir və atmosferdə "istixana effekti" yaranır. Ozon təbəqəsinin incəlməsi də qlobal istiləşməyə yol açan digər səbəbdir.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyir ki, Azərbaycan iqlim dəyişikliyi ilə bağlı məramlara sadiqdir: "Sevindiricidir ki, Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı qrup daxilində ümumi konsensus var. Biz bütün ölkələrə, xüsusən də Şərqi Avropa Qrupuna və ev sahibi Birləşmiş Ərəb Əmirliklərinə göstərdikləri dəstəyə görə minnətdarıq. Biz COP29-un uğurunu təmin etmək üçün hər kəslə əməkdaşlıq çərçivəsində inklüziv işləyəcəyik. Qoy COP28 bizi hamı üçün daha davamlı və təhlükəsiz gələcəyə aparsın".

M.Babayev vurğulayır ki, Azərbaycan qlobal səylərə töhfə verməyə tam sadiqdir və iqlimə təsirlərin azaldılması üzrə fəaliyyətlərdə fəal iştirak edir: "Bu fəaliyyətlərə ümumi elektrik enerjisi qoyuluşunda bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılaraq 2030-cu ilə qədər 30 faizə çatdırmağı hədəfləyirik. Biz, həmçinin enerji səmərəliliyinin artırılması, aşağı emissiyalı nəqliyyata keçid, şəhər nəqliyyatında innovativ həllər, sənayedə aşağı karbonlu təmiz texnologiyaların tətbiqi, tullantıların idarə edilməsinin təkmilləşdirilməsi və meşələrimizin artırılması üzrə tədbirlər həyata keçiririk. Hazırda işğaldan azad edilmiş ərazilərdə münaqişə sonrası genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işləri aparılır. Bu fəaliyyətlər iqlimə dost, ekoloji cəhətdən təmiz texnologiyalara, həmçinin "ağıllı" və "yaşıl" yanaşmalara əsaslanır. "Yaşıl enerji" zonasının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhərlər, ağıllı kəndlər kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə meşələrin bərpası vasitəsilə azad edilmiş əraziləri 2050-ci ilə qədər "Karbon Neytral" zonasına çevirmək əzmindəyik".

M.Babayev bidirir ki, Azərbaycan da iqlim dəyişikliyi ilə bağlı mühüm addımlar atmaqdadır: "Emissiyaların atılmasında tarixi məsuliyyəti və iqlim dəyişikliyinə qarşı mübarizədə ölkələrin müxtəlif imkanlarını nəzərə alaraq, fəaliyyətlərimizin əsasını təşkil etməli olan ümumi, lakin fərqli məsuliyyət prinsipini dəstəkləyirik. Həmçinin iqlim fəaliyyətin sürətləndirilməsi üçün vacib olan adekvat maliyyə dəstəyinin və texnologiya transferinin vacibliyini vurğulayırıq".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevaya görə, sürətlə inkişaf edən iqtisadiyyatlar qlobal emissiyaların böyük hissəsini təşkil edir və bu məsələdə ölkələrin mövqeləri fərqlidir: "İnkişaf edən bəzi ölkələr bildirirlər ki, vaxtilə belə bir vəziyyət yaratmış bu ölkələrin tarixi məsuliyyəti var. Digər tərəfdən, çox sürətlə inkişaf edən iqtisadiyyatlar var və hazırda qlobal tullantıların böyük bir hissəsi onların payına düşür".

Nazir müavini deyir ki, Azərbaycanın qlobal emissiyalarda payı çox cüzi, yəni cəmi 0.15 faizdir. Buna baxmayaraq, beynəlxalq səylərə dəstək üçün Azərbaycan konvensiyanın katibliyinə öz yeni öhdəlikləri haqqında məlumatı təqdim edib. Azərbaycan 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının daha 40 faiz azaldılması haqqında öhdəlik götürüb: "Eyni zamanda işğaldan azad olunmuş ərazilərin karbon neytrallığı zonası elan olunub. İqlim dəyişmələrinə təsirlərin azaldılması üçün dünya təcrübəsində yaşıllaşdırma fəaliyyətinin həyata keçirilməsinin böyük əhəmiyyəti var. Azərbaycan yaşıllaşdırma fəaliyyətinə görə regionun lideridir. Tək bu il ərzində 2 milyon ağac əkilib, gələcəkdə Azərbaycanın karbon imisiyalarının azaldılmasında rolu olacaq. İlin sonuna qədər rəqəmin 3 milyona çatdırılması nəzərdə tutulur".

U.Tağıyeva qeyd edib ki, Azərbaycan iqlim dəyişmələrinə həssas olan ölkələrdəndir: "Son illərin statistik təhlilləri göstərir ki, ölkəmizin iqlim dəyişmələrinə həssaslıq indeksi artır. Ölkələrin qarşısında duran əsas vəzifə erkən xəbərdarlıq sisteminin yaradılmasıdır. 2027-ci ilə qədər hər kəs üçün əsas vəzifə qoyulub. Ölkəmiz hidrometeroloji sahədə ən yeni müşahidə sistemləri ilə təchiz olunub".

Onun söylədiyinə görə, son zamanlar iqlim dəyişmələri səbəbi ilə bütün ölkələr təbii fəlakətlərin intensivliyi və təkrarlanması ilə problemlər yaşayır: "Çox təəssüf ki, inkişaf səviyyəsindən asılı olmayaraq ölkələrdə iqlim dəyişiklikləri fəsadlar törədir. Yaxın illərdə bu iqlim dəyişikliklərinin sayı artacaq. Bu, bəşəriyyət üçün böyük çağırışdır".

U.Tağıyeva əlavə edib ki, Azərbaycan hökuməti öz üzərinə iddialı öhdəlik götürüb və atmosferə istixana qazı emissiyalarını 40 faiz azaltmağı planlaşdırır: "İndi söhbət bütün ölkələrin tullantıları azaltmaq üçün daha iddialı öhdəliklər götürməsindən gedir. Digər məsələ isə uyğunlaşma ilə bağlıdır. Biz yeni iqlimə uyğunlaşmalıyıq. Hazırda anomal hava hadisələri daha tez-tez baş verir. Bəzən bu hadisələr bəzi regionlar üçün xarakterik deyil. Onlar mövsümdən kənar müşahidə olunur, intensivlikləri baxımından da xarakterik deyillər. Tamamilə qeyri-adi proseslər baş verir. Yəni doğrudan da artıq iqlim dəyişib. Bəs bununla bağlı nə etmək olar? İki yol var. Alimlər hesab edirlər ki, atmosferə atılan istixana qazlarını azaltmaq lazımdır. Üstəlik, 2030-cu ilə qədər qlobal emissiyalar 40 faizdən çox azalmalıdır. Bununla bağlı müxtəlif rəqəmlər var: 42 faizdən 47 faizə qədər. Yalnız bu halda qlobal temperaturun artımını 1,5 dərəcədən aşağı saxlamaq mümkün olacaq. Dünya alimlərinin hazırladığı iqlim ssenarilərinə əsasən, əgər temperatur 1,5 dərəcədən çox qalxarsa, o zaman iqlimdə çox ciddi dəyişikliklər baş verəcək".

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dünyanın ekoloji təhlükə ilə üzləşdiyini bildirib: "Artıq həyəcan təbili çalınır. Bir çox dövlət su resurslarının tükənəcəyini, quraqlığın başlayacağını bildirir. Amma onlar unudurlar ki, bunun əsas səbəblərindən biri minalardır".

Millət vəkili qeyd edib ki, minalar təkcə insanları fiziki şəkildə öldürmür, həm də ekologiyaya ziyan vurur: "Dünya dövlətləri bir tərəfdən bu təhlükədən danışır, digər tərəfdən də Fransa kimi dövlətlər Ermənistanı silahlandırır. Bu, ikili standartlardır".

S.Qurbanov əlavə edib ki, Azərbaycanın çox nadir heyvanları da mina terrorunun qurbanı olub: "Bu, bəşəri dəyərlərə hörmətsizlikdir. Bunu dünya dövlətləri özləri edir. Azərbaycan BMT-nin qəbul etdiyi, amma icra edə bilmədiyi qətnamələri yerinə yetirən ölkələr səviyyəsinə qaldırdı. İndi Azərbaycan gücünü dünyanın bərpasına istiqamətləndirməlidir".

Sevinc QARAYEVA

 





14.12.2023    çap et  çap et