525.Az

Ağasadıq Gəraybəylinin sonuncu rolu - Əlisəfdər Hüseynov yazır


 

Ağasadıq Gəraybəylinin sonuncu rolu - <b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

Ağasadıq Gəraybəylinin çox koloritli, hətta mən deyərdim hər kəsə doğma, tanış gələn naturası vardı. Onu harda görsəydin - səhnədə, ekranda, yaxud lap elə küçədə, başqa qiyafədə, öz qiyafəsində, fərqi yoxdur - simasında, hərəkətlərində, səsində hansısa doğma adamına, tanışına, dostuna, qohumuna... xas bir cizgi tapırdın. Özü də bu kolorit, doğmalıq sonradan yaranmışdı, anadangəlmə xüsusiyyət idi və bəlkə elə buna görə adama elə gəlirdi ki, səhnədə, ekranda müxtəlif xarakterli insanların obrazlarını yaratmaq üçün o, qətiyyən çətinlik çəkmir, rollarını ekspromt şəkildə, birnəfəsə oynayır. Halbuki bu obrazlar sosial statusuna, psixoloji çəkisinə, xarakterik keyfiyyətlərinə görə heç də bir-birinə bənzəməyən fərdlərin səhnə, ekran ifadəsi idi.

Bəs Ağasadıq müəllim bu müxtəlifliyi, rəngarəngliyi öz vücuduna, içinə necə sığışdırır, bu bütövlüyə necə nail olurdu?

Ötən yazılarımın birində qeyd etmişdim ki, aktyorlar iki cür olur: yaradacağı obrazlara təslim olub onların içində əriyənlər və əksinə, o obrazları özünə təslim edib özündə əridənlər. Birincilər üçün dayaq nöqtəsi rolun, obrazın özüdür, yəni aktyor özünü unudub bütünlüklə rolun ixtiyarına buraxır. İkincilər isə dayaq nöqtəsi kimi özlərinə, öz imkanlarına istinad edir, obrazı özününküləşdirərək yaradırlar.

Ağasadıq müəllim məhz bu tip aktyorların ən qüdrətli nümayəndələrindən idi. Onun oyun tərzinin cazibəsi, yaratdığı obrazların koloriti də bundan qaynaqlanırdı. Min səsin içində belə dərhal, asanlıqla tanınan qeyri-adi tembrə malik səsini də bura əlavə etsək, məncə, Ağasadıq Gəraybəyli fenomeninin portretini uğurla tamamlamış olarıq.

Amma yox!

Bəzi teatrşünaslar etiraz edib deyə bilərlər ki, bu, düzgün yanaşma deyil, çünki aktyorlar xarici ölkə dramaturqlarının əsərləri əsanda hazırlanan tamaşalarda da rol alırlar və oynadıqları rolların koloritini vermək naminə onları özününküləşdirərək özlərinə təslim edirlərsə, bu, dolayısı ilə, deyək ki, ingilisin, gürcünün... azərbaycanlaşdırılmasına uğursuz cəhd deyilmi?

Çox maraqlı, geniş bir polemikanın mövzusuna gəlib çıxdıq və bu münasibətlə mənim necə deyərlər, giriş sözüm, çaparaq dediklərim belə olacaq ki, milli mənsubiyyət kontekstində tam başqalaşmaq, özgələşmək illüziyadan başqa bir şey deyil, çünki səhnə, ekran personajının özəyini onun cismi, zahiri görünüşü yox, ruhu təşkil edir. Ruhu isə transfer etmək, dəyişmək olmur, yəni ingilis, yaxud gürcü personajı oynayanda aktyorun tam ingilisləşməsi, gürcüləşməsi mümkünsüzdür.

Bu sözləri eynilə azərbaycanlı personajları oynayan ingilis, gürcü aktyorları haqqında da demək olar.

İcazənizlə, polemikaya girişi burda saxlayıb mətləbə qayıdaq, çünki məqsədim bu yazıda polemika açmaq yox, Ağasadıq müəllimin kino yaradıcılığı, yaratdığı ekran obrazları barədə danışmaqdır.

Onun kino qəhrəmanlarının sayı o qədər də çox deyil, hətta mən deyərdim ki, barmaqla sayılacaq qədər azdır. Amma Azərbaycan kino sənətindən, kino aktyorluğu məktəbindən danışanda bu obrazların üstündən sükutla keçmək olmur, ustadın qeyri-adi səsi, tanış, doğma siması yüzlərlə səsin, obrazın fonunda xüsusi effektlə eşidilir, görünür.

Əlbəttə ki, ilk növbədə "Bəxtiyar" filmindəki Ağabalanın səsi, siması.

Aktyor bu dələduz, hiyləgər personajın portretini öz oyun üslubu üçün xarakterik olan duzlu-məzəli, bir az da yumorlu çalarlarla rəsm edir və elə buna görə komissiya yoxlanışı ərəfəsində çətin vəziyyətə düşən kollektivdə yaranmış dramatik situasiyanın gülüş doğuran məqamları ön plana keçir, başqa sözlə,  belə məqamlarda yaşanan gərginliyin, həyəcanların dramatik üzü, bir növ, onun komik astarı ilə əvəzlənir. Bu gülməli oyunda əsas söz sahibi, aparıcı personaj - dirijor, heç şübhəsiz ki, Ağasadıq Gəraybəyli - Ağabala Hüseynov idi. Aktyor obrazı fərdiləşdirib tamaşaçıların yaddaşına həkk etmək üçün maraqlı improvizasiyalar edir, hətta bəzən ekssentrik oyun elementlərindən faydalanır. Onun hirslə sərinkeşin "başına" qapaz endirdiyi səhnəni yada salaq. Bütün işçiləri öz fərsiz qohum-əqrabaları olduğundan dar gündə köməksiz qalmış Ağabala əslində bu qapazı elə həmin o qohum-əqrabalarının və özünün başına vurmalı idi. Amma o, sərinkeşi seçir, bu komik tryukla həm tamaşaçılara gülüş bəxş edir, həm də qohumlar arasındakı münasibətlərin, kollektivdə hökm sürən ab-havanın parametrlərini riyazi dildə desək, gülüş koordinatları sistemində cızır və nəticədə Ağabalanın rəhbərlik etdiyi klubda baş verənlər az qala film içində film effekti ilə yadda qalır.

Gəlin razılaşaq ki, Ağasadıq müəllimin Ağabalası bənzərsiz bə təkrarsızdır! - Bəxtiyarı tora salmaq üçün şirin dil tökəndə də, "pulumu, pulumu" deyərək kontrabasçını, fit çalaraq Saşanı yamsılayanda da, fırıldağının üstü açılanda həmkarı ilə savaşanda da...

Hansını deyəsən?

"O olmasın, bu olsun" filmində yaratdığı Rüstəm bəy heç şübhəsiz, Ağasadıq müəllimin yaradıcılığında xüsusi yer tutur.

Rüstəm bəy sənaye kapitalının, ticarət bumunun təzyiqinə duruş gətirə bilməyərək tarix meydanından sıxışdırılıb çıxarılmaqda olan silkin nümayəndəsi, müflisləşmiş bəydir. Qumarda uduzduğu pulları ödəmək üçün yeganə qızı - 17 yaşlı Gülnazı 50 yaşlı baqqala satmağı da onun dar ayaqda and içdiyi "namusunun" nə qədər dəyərdən düşdüyünü, deqradadiyaya uğradığını göstərir. Ağasadıq müəllim mənən, habelə maddi cəhətdən iflasa uğramış Rüstəm bəyi bu aqibətin məntiqini, ağrı-acısını dərk edən insan kimi yaradır, onu gülünc vəziyyətə düşən cüvəllağı qəlibindən çıxarıb bir qədər fərdi yozumda təqdim edir. Onun Rüstəm bəyi səhv addım atdığını anlasa da, məcburiyyət üzündən bu qərarı dost-tanışların iştirakı ilə qanuniləşdirməyə cəhd edir və sonda Sərvərin hiyləsinə təslim olub özü də gülüş predmetinə çevrilir. Amma diqqət yetirsək görərik ki, bu proses acı gülüşlə, sarkazmla, qara yumorla yox, Rüstəm bəyin gözlərinin dibinə çökmüş kədərlə müşayiət olunur.  Rüstəm bəyi digər personajlardan fərqli olaraq qınamağa ürək eləməməyimiz, hətta ona bir az acığamız da bundan irəli gəlir.

Bu filmdən bir il sonra rejissor Lətif Səfərov Ağasadıq müəllimi "Qızmar günəş altında" filmində Sərdarov roluna dəvət etdi və ustad bu rolun da öhdəsindən uğurla gəldi.

Çayçılıq sovxozunun direktoru olan Sərdarov o dövrün ideoloji qəliblərinə həm uyğun gələn, həm də gəlməyən mürəkkəb obrazdır. O da dövrünün bütün rəhbər işçiləri kimi planın artıqlaması ilə doldurulması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması qayğıları ilə yaşayır, amma səlahiyyətlərindən sui-istifadə edib qohumbazlıqla məşğul olmağa, məhsul alıcılarından rüşvət götürməyə də macal tapır; kəndə ezam olunmuş  Aydın həkimi əvvəlcə nəzakətlə, hörmətlə qarşılayır, lakin heç feldşer təhsili də olmayan, amma kənd həkimi işləyən  bacarıqsız, rüşvətxor qaynı ilə təzə həkim arasında gərginlik yarananda qohumuna qahmar çıxır. Bütün bunlara baxmayaraq, o, prinsipiallığına, obyektivliyinə görə üzdə olmasa da, daxilində təzə həkimi sevir, ona hörmətlə yanaşır, Aydının qətiyyəti qarşısında "varam belə oğlana" - deyərək geri çəkilir.

Ağasadıq müəllimin yaratdığı yaddaqalan ekaran obrazlarından biri də Cəlil Məmmədquluzadənin eyni adlı hekayədi əsasında çəkilmiş "Poçt qutusu" kinonovellasındakı Vəli xan obrazıdır. Mən bu obraz haqqında bir qədər ətraflı danışmaq istəyirəm, çünki istər hekayəni oxuyanda, istərsə də filmə baxanda zahirən belə təəssürat yarana bilər ki, Vəli xan bu əsərdə bədii funksiyası sadəcə Novruzəlini buyurmaqla məhdudlaşan ikinci dərəcəli obrazdır. Amma məsələyə Mirzə Cəlilin poetikası, bədii mətnin daha geniş nəzəri kontekstdə analizi müstəvisində baxanda vəziyyət dəyişir, çünki ədib bədii əsərlərində öz mövqeyini publisistikasındakı kimi birbaşa, açıq şəkildə yox, bədii üsul və vasitələrlə - müəyyən replikaların, yaranan situasiyaların dili, hətta yeri gələndə hekayəçinin bir sözü, cümləsi ilə çatdırırdı. Bunu nəzərə almamaq əksər hallarda yazıçının bədii əsərlərinin yalnız yozumu riskinə gətirib çıxarır. Bəlkə də elə buna görə vaxtilə bəzi "...şünaslar" Vəli xanı Novruzəlinin avamlığının, geriqalmışlığının səbəbkarı kimi təhlil etmişlər. Halbuki hekayənin mətnində belə yanaşmaya rəvac verən cüzi bir işarə, eyham belə yoxdur, əksinə, əsərin sonuncu cümləsində oxucu həbs olunmuş Novruzəlinin aqibətinə bir qədər fərqli rakursdan baxıb fikrə gedən, bu vaqeənin fərqinə varan Vəli xan görür.

Sevindirici haldır ki, kinonovellada Ağasadıq müəllim sanki intuisiya ilə Vəli xanı filmin lap əvvəlindən bu rakursdan təqdim edir, onu Novruzəlilərin faciəsinin baiskarı kimi yox, bu avam kəndli ilə normal ünsiyyət quran, ən başlıcası isə onun aqibətinə biganə qalmayan insan kimi təqdim edir.

Ağasadıq müəllim daim yaradıcılıq eşqi ilə yaşayan aktyor idi və mən bu yazını dediklərimə şəhadət verən bir epizodla - ustadla ilk və həm də son görüşümün kövrək təəssüratı ilə bitirmək istəyirəm.

1987-ci ilin payızı idi. Bir gün iş elə gətirdi ki, işlədiyim "Bakı" qəzetinin tapşırığı ilə qüdrətli sənətkarımız Ağasadıq Gəraybəylinin qonağı oldum.

Ustadın yaşı o vaxt artıq 90-ı keçmişdi, amma teatrla əlaqəni kəsməmişdi, bu yaşında da alqışlar altında səhnəyə çıxır, tamaşalarda oynayırdı (!).

Ağasadıq müəllim evdə tək idi və çox dilxor, narahat, bir az da köməksiz görünürdü. Hiss elədim ki, vəziyyət, necə deyərlər, "ruscadır", dağ boyda kişini belə çətin duruma salan nə isə ciddi bir səbəb var. Az sonra hər şey aydın oldu - demə, bir neçə gün imiş Ağasadıq müəllimin gözləri öz işığını demək olar ki, tam itiribmiş və o, indi ətrafında olan hər şeyi, o cümlədən, məni də yalnız qaraltı kimi görürdü...

Çətin vəziyyətə düşmüşdüm, bilmirdim teatrla bağlı cavabını almağa gəldiyim sualı bu vəziyyətdə səsləndirim, ya yox. Necə deyərlər, keçi can hayında, qəssab piy axtarır.

Amma Ağasadıq müəllimin az qala ağlamsına-ağlamsına dedikləri mənim vermədiyim 1 yox, bəlkə də 5 sualın cavabı oldu:

- O gün teatra təzə tamaşanın stolarxası məşqinə getmişdim. Elə əyləşib məşqə başlamışdıq ki, gördüm rolumun sözləri yazılmış dəftəri unudub evdə qoymuşam. Hirsimdən hər 2 əlimlə başıma necə qapaz endirdimsə, həmin andaca gözlərimə qaranlıq çökdü...

...Ağasadıq müəllimin dedikləri sənətə həsr olunmuş uzun bir ömrün tragikomediya üslubunda oynanılan son rolu idi... və ustad bu rolu da bütün rolları kimi təbii və səmimi oynamışdı...

Düz 1 il 1 ay sonra aktyor vəfat etdi...

Məzarının nuru əskilməsin, ustad!

 





15.12.2023    çap et  çap et