525.Az

"Yaşıl enerji" və ekoloji davamlılıq: Azərbaycanın inkişaf strategiyasında vacib istiqamətlər


 

"Yaşıl enerji" və ekoloji davamlılıq: Azərbaycanın inkişaf strategiyasında vacib istiqamətlər<b style="color:red"></b>

Məlum olduğu kimi, Azərbaycanın paytaxtı Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. Bu barədə seçimi Şərqi Avropa ölkələrinin bir qrupu edib. COP konfransları 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kyoto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən, Azərbaycan bu razılaşmaya qoşulub.

Qeyd edək ki, Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Prezident paylaşımda bildirib ki, Azərbaycan iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür: "Təmiz ətraf mühit və yaşıl inkişaf bizim milli prioritetlərimizdir. Bərpaolunan enerji Azərbaycanda geniş vüsət almağa başlayır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) 2024-cü ildə ev sahibliyi etməyimiz iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə qlobal səylərə öz töhfəmizi vermək qətiyyətimizdən irəli gəlir. Azərbaycanın namizədliyinə verilən dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm. Biz COP29 sessiyasının uğurlu hadisəyə çevrilməsi üçün əlimizdən gələni edəcəyik. BƏƏ-də COP28-in yüksək səviyyədə təşkil edilməsinə görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana minnətdarlığımı bildirir və iqlimlə bağlı birgə tədbirlərimizi davam etdirməyimizi səbirsizliklə gözləyirəm".

"Ana Kür" Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri Rüstəm Məlikov deyir ki, Azərbaycanın 1995-ci ildə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etməklə dünyada həmin qlobal problemin səbəb olduğu mənfi təsirlərin azaldılması haqqında beynəlxalq səylərə qoşulub: "Dubay şəhərində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 254 kvadratmetrlik ərazidə təşkil edilən pavilyon iştirakçılar tərəfindən maraqla qarşılanır. Burada nümayiş olunan enerji keçidi, ətraf mühit xəritəsi, bərpa olunan enerji, ağıllı kənd və digər bölmələr, ölkəmizin iqlim dəyişmələri üzrə mübarizə sahəsində gördüyü işlər, yumşaltma və adaptasiya tədbirlərini əks etdirən virtual eksponatların nümayişi, eyni zamanda, regional və beynəlxalq təşkilatlarla təmaslar Azərbaycanın bu işə nə qədər önəm verdiyini göstərir. Milli pavilyonda xüsusi diqqət çəkən məqamlardan biri erməni işğalı zamanı ərazilərimizdə həyata keçirilən ekoterror barədə məlumatların geniş auditoriyaya çatdırılmasıdır. Məlumdur ki, 2022-ci ildə BMT-nin ətraf mühit proqramı çərçivəsində ölkəmizin işğaldan azad olunmuş ərazilərində ətraf mühiti qiymətləndirmək missiyası həyata keçirilib. Missiyanın hesabatı gələcəkdə bütün beynəlxalq platformalarda bizim üçün mühüm sənəddir".

R.Məlikov qeyd edir ki, sammitdə geniş heyətlə iştirak və pavilyonun nümayişi əyani şəkildə göstərdi ki, dünyanın müasir çağırışlarından olan yaşıl enerji, ekoloji davamlılıq Azərbaycanın inkişaf strategiyasında öncül yerdədir: "Rəsmi məlumatlara görə, yaşıl enerjinin aparıcı qüvvəsi kimi bərpa olunan enerji mənbələri 2026-cı ilədək Azərbaycanda elektrik enerji istehsalının 24 faizini təşkil edəcək. 2030-cu ildə isə bu, 30 faizə çatdırılacaq. Azərbaycan istixana qazı emissiyalarını 2050-ci ilədək 40 faiz azaltmağı hədəfləyir. Bu, onu təsdiq edir ki, Azərbaycan son illərdə yaşıl enerjiyə keçiddə fəal iş aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın yaşıl enerji zonası elan edilməsi və həmin istiqamətdə atılan addımlar beynəlxalq arenada inkişaf etmiş ölkələrlə münasibətdə bizə əlavə nüfuz və hörmət qazandıracaq. Azərbaycanın bərpa olunan, yaşıl enerji ilə bağlı həyata keçirdiyi tədbirləri ölkəmizin enerji strategiyasında yeni eranın başlanğıcı hesab etmək olar. Hazırda Səudiyyə Ərəbistanı Krallığının məşhur enerji şirkətləri ilə bu istiqamətdə anlaşma və müqavilə əsasında müvafiq işlər aparılır. Quruda və dənizdə 25 giqavat bərpaolunan külək və günəş enerjisi istehsal ediləcək. Bu isə çox böyük potensialdır. 2022-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması, ölkəmizin bu sahədə potensialının realizə olunmasına və dünyanın enerji bazarında əhəmiyyətli rolunun daha da yüksəlməsinə xidmət edir".

Millət vəkili İltizam Yusifovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə buraxılmasının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kyoto Protokolunun aktuallığı getdikcə artır: "Maraqlıdır ki, başda ABŞ olmaqla, bir sıra inkişaf etmiş ölkələr ya sazişə qoşulmurlar, ya da öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar. Heç kəsə sirr deyil ki, dünya üzrə ekologiyaya ən böyük zərəri inkişaf etmiş ölkələr vurur. Saysız-hesabsız sənaye müəssisələrinə, xüsusilə də, kimya, hərbi istehsal sənayelərinə malik ölkələr durmadan istehsal gücünü artırır, dünyada yeni münaqişələrə, müharibələrə dəstək verirlər. Daha az inkişaf etmiş ölkələr haqlı olaraq bəyan edirlər ki, istixana qaz emissiyalarına görə zəngin ölkələr məsuliyyət daşıyır və ona görə də, onlar qalıq yanacaqlarından istifadəni azaltmaları üçün daha yoxsul ölkələrə yardım etməlidir. Haqlı tələbdir. Əgər sən zəif inkişaf etmiş ölkələrin ekologiya və ətraf mühiti çirkləndirməsini istəmirsənsə, təbii sərvətlərdən, müxtəlif yollarla əldə etdiyin gəlirlərdən ona yardımlar etməlisən. Axı qonşunun çirkləndirdiyi iqlimin sərhədi yoxdur. Yoxsul ölkələri iqlim dəyişikliyinə adaptasiya etmək üçün onların yardıma ehtiyacları vardır".

Millət vəkilinin sözlərinə əsasən, Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz hər zaman beynəlxalq ekoloji təşəbbüslərdə mühüm rol oynayıb. Dubaydakı COP28 sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunması bunun təsdiqidir. Bu, ölkəmizə imkan verir ki, orada təmsil olunan nüfuzlu şirkətlərin təmsilçiləri ilə ölkəmizdəki ekoloji problemləri, təşəbbüsləri, xüsusilə də, Qarabağda yüksək bərpaolunan enerji potensialından istifadəni müzakirə etsin: "Həmçinin belə bir mötəbər tədbir Ermənistanın işğal zamanı ərazilərimizdə həyata keçirdiyi ekoterror barədə məlumatların geniş auditoriyaya çatdırılması üçün gözəl fürsət idi. Bərpaolunan enerji sektorunun inkişafı Azərbaycan Hökumətinin qəbul etdiyi sosial-iqtisadi inkişaf proqramının prioritet istiqamətlərindən biridir. Əlverişli iqlim şəraitinə malik olan ölkəmizdə yaşıl enerjinin inkişafına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, işğaldan azad edilmiş bütün Qarabağ "yaşıl enerji" zonası olacaq".

İ.Yusifov vurğulayıb ki, Azərbaycanda ən ciddi ekoloji təhdid torpaqlarımızın 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılması, ərazilərin minalanması, meşələrin qırılması, çayların, su anbarlarının çirkləndirilməsi idi. Ermənistan tərəfindən işğal altında saxlanılan Qarabağda və Şərqi Zəngəzurda bu gün aparılan ekoloji təmizləmə işləri, yaşıl enerji zonasının əsasının qoyulması ölkəmizin iqlim dəyişikliyinə töhfəsindən xəbər verir. Azərbaycan dayanıqlı inkişafı dəstəkləmək və yaşıl transformasiyaya keçidi asanlaşdırmaq üçün intensiv tədbirlər həyata keçirir. Xüsusilə də minatəmizləmə kampaniyası regionun rifahına və tərəqqisinə əhəmiyyətli təsir göstərəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, "Gənclərin Töhfəsi" İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynova bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində ilk dəfə olaraq Azərbaycanın öz pavilyonu ilə çıxış etməsi çox mühüm hadisədir. Bu tədbirə 100-dən çox dövlət və hökumət başçısı, eləcə də ümumilikdə 100 minə yaxın nümayəndə iştirak edir. Azərbaycanın bu qədər genişmiqyaslı tədbirdə böyük nümayəndə heyəti ilə iştirakı ölkəmizin ekologiya və iqlim sahəsində nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımdan vacib idi. Ən əlamətdar hadisə isə Azərbaycanın paytaxtı Bakı şəhərinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi etməsi barədə verilən qərardır.

M.Hüseynova qeyd edib ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, 1970-2021-ci illər arasında ekstremal hava, iqlim və su ilə bağlı hadisələr nəticəsində 12 minə yaxın təbii fəlakət baş verib, nəticədə 2 milyondan çox insan həyatını itirib: "Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub və son 4-5 ildə iqlim dəyişiklikləri ilə bağlı daha intensiv addım atıb. Konvensiya ilə yanaşı, Azərbaycan Respublikası Paris Sazişini 2016-cı ildə ratifikasiya edərək qlobal iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb".

Sevinc QARAYEVA

 





15.12.2023    çap et  çap et