525.Az

"Atamın mənə bir vəsiyyəti var: sınma, əyilmə..."


 

TANINMIŞ VƏKİLİN HÜQUQŞÜNAS OĞLU İLƏ SÖHBƏT

"Atamın mənə bir vəsiyyəti var: sınma, əyilmə..."<b style="color:red"></b>

İnsanları anım günündə xatırlamağın mütləq olduğunu bilsək də, həmin günün ovqatı da, ab-havası da özümüz kimi kövrək olur. Hansı tərəfə boylansaq da, ətrafımızda yalnız xatirələri görürük. Və bir də dilimizdən düşməyən "kaş ki..." kəlməsi...

Onu həm yaxından, həm də uzaqdan tanıyıram. Eyni məktəbin məzunu, sinif yoldaşımın qardaşı qədər yaxın və ədaləti, haqqı heç zaman nahaqın ayağına verməyən fəaliyyətilə bütün ictimaiyyətin, böyük bir kütlənin tanıdığı qədər uzaq. Kaş ki bu gün aramızda olaydı və söhbətimizi də elə özü ilə edərdik. Kaş ki... Əslən Qarabağ bölgəsindən idi və Qarabağı azad görməyə haqqı olanlardan biri də o idi.  Ziyalı bir ailənin ilk övladı olub. Atası Rasim Quliyev İkinci Dünya müharibəsinin iştirakçısı kimi qələbədən sonra Ağdamda fəaliyyətə başlayıb. Anası Kübra xanımın kökü Şuşa bəylərinə bağlı idi. Elə özü də Ağdamda dünyaya göz açıb, məktəbin birinci sinfinə də orada gedib. Sonra taleyin gərdişilə ailə Bakıya köçüb və dövrün ən mükəmməl təhsil ocağı olan 190 saylı məktəbi bitirib. Təhsilini davam etdirmək üçün indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsinə üz tutub. Bu, həvəsmi olub, ya həmin fakültənin o zamanlar prestijli olmasımı, bilmirəm. Lakin sonunda savadlı hüquqşünas kimi sənətinin peşəkarına çevrilib. Xeyli müddət daxili işlər orqanlarında çalışıb. Müstəntiqlikdən idarə rəisinin müavini vəzifəsinədək yüksələ bilib. Ən böyük istəyi elmi işlə məşğul olmaq olsa da, 30-dan artıq yazdığı istefa ərizəsini rəhbərlik qəbul etməyib. Buna yalnız SSRİ-nin süqutundan sonra nail olub. 90-cı illərin əvvəlindən vəkillik karyerasını qurmağa başlayıb və bir neçə ildən sonra Vəkillər Kollegiyasının üzvü olub. Ölkədə bir çox səs-küylü məhkəmə proseslərində vəkil kimi iştirak edib. Və həmişə cəsarətlə, çəkinmədən sözünü deməyi bacarıb. Bu gün isə onun anım günüdür. 59 yaşında bu dünyadan köç edən vəkil Elton Quliyevin. Və bu gün mərhum vəkilin hüquqşünas oğlu Rasim Quliyevlə birlikdə onu anmağa qərar verdik.

 

- Ya ata yolunun davamıdır, ya da öz seçiminiz. Bunu özünüz daha yaxşı bilirsiz...

- Ata yolunun davamı deməzdim, çünki kiçik yaşlarından bu istəyim olub. Hamı bilir ki, atam Daxili İşlər Nazirliyində çalışıb və mən müstəntiq ailəsində böyümüşəm. Arzum da elə müstəntiq olmaq idi. Lakin sonralar bu fikrimdən daşındım, hüquqşünas olmaq qərarına gəldim. Atam seçimi öz ixtiyarıma buraxmışdı. Deyirdi ki, istəyirsən biznesmen ol, istəyirsən bənna. Amma yaxşısından ol. Yaxşısından olmağa çalışmışam, amma nə dərəcədə bunu bacarmışam, onu bilmirəm.

- Tanış olaq sizinlə...

- Bakıda anadan olmuşam. Atam kimi 190 saylı məktəbi bitirmişəm. Yenə də onun kimi BDU-nun hüquq fakültəsində ali təhsil almışam. Bəzi işlərdə çalışmışam, lakin son 20 ildə hüquqi fəaliyyətlə məşğulam. Məhkəmələrdə nümayəndə kimi çıxış etmişəm, bir neçə şirkətdə fəaliyyət göstərmişəm. Artıq xeyli vaxtdır ki, fərdi sahibkarlıq fəaliyyətilə məşğulam, bir çox şirkətlərə hüquqi xidmət göstərirəm.

- Böyüdüyünüz müstəntiq ailəsi...

- Hər kəs kimi mənim üçün də valideynlərim müqəddəsdir. Mən və bacım müstəqil və ədalətli bir ailədə böyümüşük. Məcburiyyət kimi bir təzyiq görməmişik. Düzdür, oxumaqla, təhsillə bağlı tövsiyələri həmişə eşitmişik. Mənim üçün dost seçimində bir sərhəd olmayıb. Atam mənə həmişə güvənib, hər hansısa bir məsələdə fikrimizi soruşub, istəyimizlə maraqlanıb. Təbii ki, müəyyən yaş həddinə qədər hansısa qadağalar da olub, lakin mən bunu nəzarət hesab edirəm. Çünki bu, vacibdir. Anam jurnalistika fakültəsini bitirib, bir müddət 190 saylı məktəbdə dil-ədəbiyyat müəlliməsi kimi çalışıb. Ailə vəziyyətilə əlaqədar işdən ayrılıb və ömrünü bizlərə həsr edib.

- Müstəntiq olmaq istəyən bir yeniyetmə sonra bu fikrindən daşındı...

- Təbiətimdə əmrə tabe olmaq xüsusiyyəti olmadığından düşündüm ki, bu, məndə alınmayacaq. Müstəqillik hər şeydən yaxşıdır.

- Və vəkil olmağı seçdiniz...

- Vəkil deyiləm. Vaxtilə  nümayəndə olmuşam məhkəmələrdə. Ətrafımda hamı vəkilliyə getməyi məsləhət görür. Lakin hazırkı iş rejimindən asılı olaraq hələ bu səmtə yönələ bilmirəm. Çünki bunun üçün ciddi hazırlaşmaq lazımdır. Mənim nümayəndə olduğum vaxtdan sonra qanunvericilikdə xeyli dəyişikliklər olub və artıq o sferadan uzaqlaşdığım üçün bildiklərini təkrarlamaq, yeniləri öyrənmək lazımdır. Vaxt baxımından hələ ki, bunu çatdıra bilmirəm. Bununla belə, vəkillik istiqamətində hərəkət etməyə çalışıram.

- Vəkil bir müdafiəçidir...

- Bəli, vəkil hüquq müdafiəçisidir, ədalətin keşiyində duranlardan biridir. Hakim, prokuror, müstəntiq kimi. Vəkilin işi müdafiə etməkdir. Qarşıdakı günahkardır və ya deyil, bunun fərqi yoxdur. Vəkil ədalətin bərqərar olması uğrunda çalışan bir insandır.

- Amma buna həmişə nail olmaq da olmur...

- Belə deyək, məhkəmə, prokurorluq, müstəntiq öz işini ədalət baxımından düzgün görərsə, ümumilikdə vəkilə heç ehtiyac da qalmaz. Lakin əfsuslar olsun ki, müəyyən hallar baş verir. Bir dəfə atamdan soruşdum ki, ədalət nədir? Dedi ki, ədalət düzgünlükdür. Məhkəmədə narazı tərəf həmişə var, olub, olacaq da. Lakin məhkəmənin çıxardığı qərar qanuna və düzgünlüyə söykənəndə vəkil belə, heç nə edə bilmir.

- O da var ki, ədliyyənin simvolu olan ədalət tərəzisində haqsızlıq ağır da gələ bilir...

- İnkar etmirəm... Lakin hazırda vəziyyət əvvəlki kimi deyil. Hər insan öz işinə fərdi yanaşanda, hamı düşünür ki, bu adam haqlıdır. Nəticə isə bunun belə olmadığını göstərir. Bu baxımdan da məhkəmədə bir neçə instansiya mövcuddur və narazı tərəfin sona qədər getmək şansı və haqqı var. Həmin narazı şəxs əvvəl Apellyasiya, sonra Ali, daha sonra Konstitusiya məhkəmələrinə üz tutur. Nəticə əldə etməyəndə  ədaləti Avropa məhkəməsində axtarır. Kimi axtardığını tapır, kimi də tapmır. Yəni haqlı qərar qüvvəsində qalır, haqsız olanda buna münasibət bildirilir və onunla bağlı bir nəticə olur.

- Yəni Avropa Məhkəməsinin qərarı keçərli kimi qəbul olunur...

- Onların qərarları məcburi deyil, tövsiyəvi xarakter daşıyır. Biz də Avropa Şurasının üzvü olduğumuza görə həmin tövsiyələrə riayət edirik. Çünki orada məsələyə şikayətçi tərəfin narazılığı dövlətə qarşı prizmasından baxılır. Ona görə ki, məhkəmə qərarı hər hansısa bir dövlətin adından çıxarılır. Avropa Məhkəməsi də öz növbəsində qərarında göstərir ki, şikayətdə Avropa konvensiyasının müəyyən maddələrinin pozulması halları var və onların aradan qaldırılması tövsiyə olunur.

- Elton Quliyevdən öyrənə bildikləriniz...

- Atamın mənə bir vəsiyyəti var: sınma, əyilmə. Və bu iki kəlmə hüquqi fəaliyyətimin prinsipidir deyə bilərəm. Onun işi həddindən artıq çox olurdu və hər dəfə ona yanaşıb fikrindən yayındırmamağa çalışmışam. Hətta mənə deyirdilər ki, yanında o boyda insan var, sənsə elə oxuyub öyrənirsən. Amma atamdan öyrəndiyim hallar da olub, çünki insanın yanında bir peşəkar varsa, ondan nələrisə mütləq soruşur. Mən də mütəmadi olaraq hər hansısa bir işlə bağlı zəng vurub suallarımı verirdim. Bu, ardıcıl davam edirdi. Bir dəfə atamın məsləhətilə getdim və səhv nəticə əldə etdim. Ona zəng vuranda dedi ki, a bala, mən bəyəm hər şeyi bilməliyəm? Hüquqşünassan, get özün araşdır, maraqlan və tap. Anladım ki, atam qəsdən məni səhv yola yönləndirib ki, məndə öz işimi görməyə vərdiş yaransın. Fəaliyyətə yeni başlayanda yazdığım şikayət ərizələrini həmişə atama göndərərdim. O da vaxt tapıb onları nəzərdən keçirər, düzəlişləri edərdi. Bir dəfə də məni yanına çağırıb dedi ki, bu nədir yazmısan? Heç yazdığını özün oxumusan? Tərəddüdlə soruşdum ki, nə yazmışam? Atam mənə dedi ki, yazdığının əvvəli ilə axırı bilinmir. Şikayəti elə yazmalısan ki, orada ardıcıllıq olsun və onu oxuyan hakim həmin məsələni təzədən gedib işin içərisində axtarmasın. Bu, mənə böyük bir dərs oldu və bu günə qədər atamın həmin tövsiyəsi ilə çalışıram.

...Mən də mütəmadi olaraq hər hansısa bir işlə bağlı zəng vurub suallarımı verirdim. Bu, ardıcıl davam edirdi. Bir dəfə atamın məsləhətilə getdim və səhv nəticə əldə etdim. Ona zəng vuranda dedi ki, a bala, mən bəyəm hər şeyi bilməliyəm? Hüquqşünassan, get özün araşdır, maraqlan və tap. Anladım ki, atam qəsdən məni səhv yola yönləndirib ki, məndə öz işimi görməyə vərdiş yaransın.

 

- Bayaq dediz ki, nümayəndə olan vaxtlarda udan vaxtınız da olub, uduzan da. Uduzmaq hissindən danışaq...

- Yaxın bir vəkil dostum var. Bu yaxınlarda ona bir qardaş kimi iradımı bildirdim. Dedim ki, sən bütün işləri öz şəxsi işin kimi qəbul edirsən. Bu, əslində düzgün deyil. Hüquqşünasın işi fəaliyyətini hüquqi müstəvidə düzgün aparmaqdan irəli gəlir, yəni çalışmalıdır ki, hər hansısa bir səhvə yol verməsin. Çünki sənin səhvin bir insanın aqibəti deməkdir. Şikayət düz yazılmazsa, hüquqi müstəvidə hansısa bir sübuta düzgün qiymət verilməzsə, müdafiə etdiyin şəxsin aqibəti pis ola bilər, yəni ya məhkumluq, ya cərimə cəzası kəsilə bilər ona. Uduzmağı emosional qəbul etmək lazım deyil. Düzdür, qalib gəlmək lazım olan yerdə uduzursansa, bu, təsirlidir. Vəkil işi götürəndə onun perspektivini əvvəlcədən görməlidir. Vəkil heç zaman əminliklə işi udacağına söz verib qarşısındakına vəd verməməlidir, çünki qərarı çıxaran sən deyilsən. Pul naminə belə olsa, vəkil əlindən gələn hər şeyi müdafiəçisi üçün etməlidir. Lakin istənilən halda son sözü məhkəmə deyir.

- DİN-də peşəkar müstəntiq olan Elton Quliyevi yəqin ki, sizə vəsiyyət etdiyi "Sınma, əyimə" prinsipi oradan uzaqlaşdırdı...

- Yox, atam çox savadlı və ədalətli müstəntiq olub. Onun həmin orqandan ayrılmaq istəməyinin əsas səbəbi elmi işlə məşğul olmaq arzusu idi, çünki həmin strukturda buna icazə verilmirdi və orada çalışdığı müddətdə işdən ayrılmaq üçün yazdığı ərizələr həmişə rədd edilib. O ki qaldı "Sınma, əyilmə" prinsipinə, bu, deyərdim ki, bizdə genetik xarakterdir. Adını daşıdığım babam da, atam da, əmim də, davamı olaraq mən də bu əqidədə olmuşuq və qalmışıq. Bu vəsiyyəti atam cərrahiyyə əməliyyatına gedəndə etmişdi. Xəstəliyi ciddi idi və məndən başqa nə ailədə, nə də qohumlarda əməliyyata getdiyini bilən vardı. Onun bu vəsiyyəti ona işarə idi ki, nə vaxtsa arxanda olmaya bilərəm. Həmin çətin əməliyyata atam dayısı oğlu ilə getdi. O da yalnız ona görə ki, birdən əməliyyatdan çıxmazsa, nəşini Bakıya gətirən biri olsun...

- Qarabağlısınız...

- Bəli... Ağdamda da olmuşam, Şuşada da. Son dəfə yeddi yaşım vardı oralara gedəndə. Kiçik olsam da, xatirimdə qalan nələrsə var. Ağdamda Çay evi yadımdadır. Biz ora gedəndə atamın əmisi oğlugildə qalardıq. Ruslan əminin evinin həyəti, küçələri yadımdadır. Şuşada atamın dayısıgil yaşıyırdı. Ora gedəndə də onlarda qalardıq. Cıdır düzünü xatırlayıram, avtovağzaldan yuxarı qalxarkən yolun hər iki tərəfindəki evləri unutmamışam. Amma hələ gedə bilməmişəm oralara. Əslində Rövşən əmimlə getmək istəyimiz var, lakin yurdumuzu viran halda görmək çox çətindir.

- Böyük bir həsrətlə danışdınız oralardan. Gəlin sevginizin adını qoyaq - bir qarabağlının Qarabağa olan sevgisi, yoxsa Vətənin bir parçasına olan məhəbbəti...

- Birmənalı şəkildə hər ikisi, çünki hər ikisi də mənimdir. Sadəcə qarabağlı olmaq bu sevgiyə daha da üstünlük verir. Orada doğulmasam da, böyüməsəm də, yaşamasam da, köküm Qarabağa bağlıdır, yəni baba yurdumdur.

- Oğullarımız qanı, canı bahasına o yurdu bizə qaytardılar...

- 30 il bizə göstərdi ki, sülh hər şeyi həll etmir və biz dünyaya öz gücümüzü göstərməli idik. Bu, qaçılmaz bir fakt idi. Atama bir müsahibədə sual vermişdilər ki, siz ağdamlısız. Atam cavab vermişdi ki, Ağdam var, yenə də bizə qayıdacaq. Əsas o insanlardakı əzmi və gücü qaytarmaq lazımdır. O əzm də, güc də qayıtdı, təəssüf ki, bunu atam görmədi.

- Nədənsə jurnalistlərlə hüquqşünaslar arasında həmişə bir bənzərlik görmüşəm. Bizlərə deyəcəyiniz maraqlıdır...

- Yalnız bircə şey - ədalətli olmaq...

SÖZARDI: Müəyyən həyat təcrübəsi və yaşı olan müsahibim danışdıqca, o qədər tanış motivlər duydum ki... Və bir də şəhid kəlməsini dilinə gətirəndə kövrələrək bir anlıq susqunluqdan sonra söhbətinə davam edəndə, Vətən adlı varlığımızın müqəddəsliyini bir daha dərk etdim.

Tamilla M-zadə

 

 





18.12.2023    çap et  çap et