525.Az

Teleməkanda toyxana-çayxana-restoran mədəniyyəti - Sevda Sultanova yazır


 

Teleməkanda toyxana-çayxana-restoran mədəniyyəti - <b style="color:red"> Sevda Sultanova yazır</b>

Telekanallarımızda yayımlanan proqramlar haqqında yazanda çətinlik çəkdiyim əsas məsələ onlara münasibətdə maraqlı baxış bucağı tapmaqdır. Bu çətinliyi törədən səbəblərdən başlıcası teleproqramların əskəriyyətinin bir-birini məzmun və formaca təkrarlaması, yaradıcı yanaşmanın yoxluğu, həmişə eyni qonaqların dəvət edilməsidir. Bu sarıdan da həm tamaşaçı, həm tənqidçi kimi mənim seçim imkanlarım aşağıdır. Amma necə deyərlər, təəssüf ki, olanımız budur və biz təklif olunanlarla razılaşmaq məcburiyyətindəyik.

Kanal S-də yayımlanan verilişlərin böyük hissəsi də qonşu telekanallardakı məhsulların xırda-para redaktələrlə emalı, banal variasiyasıdır. Ancaq yenə də çalışıram ki, yazılarımda oxşar məhsullara necəsə fərqli rakurs və diskurslar tapım.

Məqsədi-məramı bəlli olmayan "Bizim vaxtımızda" Kanal S-in efirində, yanılmıramsa, həftədə bir dəfə yer alır. Proqramın çəkilişləri  paytaxtda yerləşən restoranlardan birində gerçəkləşir və elə verilişə restoran ab-havası hakimdir. Onsuz da bizim teleməkan uzun illərdir, efir-ekran mədəniyyəti, estetikası ilə yox, toyxana-çayxana-restoran mədəniyyəti ilə idarə olunur...

Janrı bəlli olmayan "Bizim vaxtımızda" proqramının üç aparıcısı var: müğənni Əli Mirəliyev, aktyor Amil Verdiyev və sosial şəbəkələrdə lətifələri ilə məşhurlaşan Tahir Mustafayev. 

Amma əsas aparıcı kimi Əli Mirəliyev çıxış edir. Tamaşaçılar Əli Mirəliyevi müğənni kimi tanıyıb. Müstəqillik illərində isə telekanllarımızın sayəsində onu sosial verilişlərdə bütün mövzular üzrə ekspert qismində də tanıdıq. Nitq mədəniyyətində kobud qüsurları olan Əli Mirəliyevin bu verilişə əsas aparıcı kimi seçilməsi təsadüfi deyil. Əli Mirəliyev xarakter etibarilə impulsivdir, qalmaqal törətməyə meyilli və efirdə asanlıqla "hadisə" yarada bilən personadır. Necə deyərlər, yetənə yetən, yetməyənə daş atan Əli Mirəliyevin artistikliyi, konflikt yaratmaq bacarığı səbəbindən tez-tez müxtəlif verilişlərə dəvət olunması başadüşüləndir.

Ola bilsin, Əli Mirəliyev doğrudan da yaxşı müğənnidir, lakin teleaparıcılığa yararlı deyil. Əziz oxucu, bu cümləni oxuyanda üzündə xəfif dolaşan ironik təbəssüm sezirəm: teleaparıcıların çoxu yararsızdır, savadsızdır, istedadsızdır. amma Əli Mirəliyevin heç olmasa səsi var, sovet dönəmində ciddi, sanballı musiqi təhsili alıb, məktəb görüb. Haqlısınız! Lakin problem ondadır ki, Əli Mirəliyev müqayisədə aparıcı kimi daha çox uyğunsuzdur; cümlələrini alayarımçıq ifadə edir,  fikirlərini tamamlamaqdan ötrü söz bazası nəzərəçarpacaq dərəcədə kasıbdır. Misalçün, iştirak elədiyi proqramlardan birində deyir: "Mən xoşlayıram ki, məni söysünlər". Sonra məlum olur ki, müğənni fikrini yanlış ifadə edibmiş. Əslində  isə "səhvlərimin üzümə deyilməsini xoşlayıram" demək istəyibmiş. Üstəlik, Əli Mirəliyev kamera qarşısında narahat görünür, aparıcı qismində studiyada necə davranmalı olduğunu, necə hərəkət edəcəyini bilmir.

"Bizim vaxtımızda" verilişində, adından göründüyü kimi, aparıcılar qonaqlarla keçmiş əyyamlarda sosial münasibətlərdə, ailədə, musiqidə formalaşmış hansısa normalardan, adətlərdən danışaraq müasir dövrlə müqayisələr aparmalıdırlar. Rejissorun, redaktorun bilgisizliyindənmi, ya məsuliyyətsizliyindənmi deyim, veriliş məzmunca... məzmunsuz, həftəbecərdir. Problem həm də ondadır ki, üç aparıcı bir verilişi maraqlı, baxımlı edə bilmir. Aralarında dialoq alınmır, hər şey spontanlıq, yersiz-dəxlisiz improzvizlər üzərində qurulur və efirə hazırlıqsız çıxdıqları aşkardır. Belə başa düşürəm ki, onların qarşısında qoyulan tapşırıq budur: qonaqları dəvət edin və nə istəyirsiz danışın. Bu məntiqlə verilişə əslində "İstədiyini danış", "Məzmunsuz söhbətlər" və bu tipli adlar qoyulmalıydır.

Qonaqlar təbii ki, müğənnilərdir. Məsələn, Sevda Kazımova verilişə dəvət olunur, aparıcılar və müğənni bir-birinin üzünə baxıb nədən danışacaqlarını bilmirlər, sonra qəfildən nəsə baş verir, xaos yaranır, hamı eyni vaxtda danışır və daha sonra da eyni vaxtda susurlar. Amil Verdiyev və Tahir Mustafayev  gülməli olmayan lətifələr danışaraq nə yolla olur-olsun vaxt öldürməyə çalışırlar. Hətta əminəm ki, məişət qeybəti məqsədilə yığışan adamların belə, danışmağa konkret mövzusu, söhbətlərinin predmeti olur, amma TV proqramında danışmağa mövzu tapılmır.   

Bəzən yadlarına düşür ki, verilişin adına uyğun söhbətlər edilməlidir. Amma keçmişin dəyərlərilə bağlı söhbətlər adətən məntiqsiz, əlaqəsiz, qeyri-etik formada olur:  "Gəlinlər niyə indi toyda çox oynayırlar, amma əvvəllər əlləri qoynunda kirimişcə bir yerdə otururdular. Əvvəllər qadınlar estetik əməliyyat elətdirmirdilər.  Qadın müğənni ənlik kirşan eləməsə, xortdana, meymuna oxşayacaq". Qonaq qismində dəvət edilən Cavanşir Məmmədovun bu cümləsini isə "aforizm" kimi dəyərləndirmək olar: "Yaxşı kişilər üçün yaxşı kişi söz deməlidir, arvad yox".

Kanalın digər məhsulu isə Xəyalə Əzizovanın təqdimadında "Xəyalə ilə sizdəyik" verilişidir.  Formata görə, aparıcı hər hansı tanınan adamın (əlbəttə ki, həmin tanınan adam mütləq müğənnidir) evinə gedir, onun ailə üzvləri, dostları başına yığılır, çal-çağırla oynayırlar. Burda da konkret mövzu yoxdur, havadan, sudan danışıb verilişi yola verirlər. Analoji formatda və konsepsiyda proqramlar az qala bütün kanallarda vaxtilə  hazırlanıb və var. "Xəyalə ilə sizdəyik" verilişi həmin layihələrin daha maraqsız surəti - təkrarıdır. Verilişi ortaya çıxaranlar o qədər tənbəldirlər ki, heç olmasa, düşüncələrini işə salıb, formaya, stilistikaya, məzmuna redaktə, dəyişiklik etməyə belə ərinirlər (Ümumiyyətlə, bizim telekanallarda rejissor işi, forma və üslub axtarışlarının yoxluğu həllolunmaz məsələlərdən biridir).

Kanal S-də müqayisədə daha peşəkar, savadlı proqram Eldəniz Cəfərovun "Yollar bizi ayrımasın" layihəsidir. 

Eldəniz Cəfərov bir müddət "Lider" kanalında çalışıb, onu savadlı, məlumatlı, peşəkar televiziya işçisi kimi tanımışam. Eldəniz Cəfərovun bu layihəsi avtomobil qəzalarında həlak olmuş tanınmışların hekayəsi, qəza anları, son günləri haqdadır. Verilişdə eyni zamanda ağır qəzadan qurtulmuş məşhurlar haqqında da danışılır.

"Yollar bizi ayırımasın" ənənəvi təhkiyə üzərində qurulsa da, proqramda danışan başlar çox olsa da (həmçinin, mərhumların videoları, müsahibələri də yer alır), aparıcı tamaşaçıya məhz gərəkli informasiyanı ötürür, müsahiblərini danışdıra bilir, lazımsız detallarla verilişi yükləmir.

İzlədiyim buraxılışlar arasında mənə ən çox təsir edən erkən yaşlarında həyatını itirən rejissor Samir Qasımov idi. Yəqin həm də ona görə ki, Samir Qasımovla bir neçə ortaq xatirəm var; vaxtilə layihələriylə bağlı "525 ci qəzet" üçün ondan müsahibə almışdım. Müsahibədə Samir sevdiyi qadınla bağlı dərin hisslərini anlatmışdı, açıq etiraflar eləmişdi. Əminəm ki, həmin hissəni ixtisar etməsəydim, müsahibə, şou bzinesin leksikonu ilə desəm, "partladardı". Lakin şəxslərin özəl həyatının toxunulmazlığı peşəmdə həmişə prioritet olub. Və ertəsi gün Samir zəng vurub həmin hissələri çıxartmağı xahiş edəndə, "onsuz da onları yazmamışam, narahat olmayın" demişdim... 

...Kanal S-in digər populyar verilişi, əlbəttə ki, İsa Şükürov və Elyar Sadıqovun aparıcısı olduqları şou-biznes dünyasını təftiş eləyən "Xəbərin var?" proqramıdır. "525-ci qəzet"in ötən saylarında maqazin proqramlarından yazanda İsa Şükürovun apardığı "MTV maqazin"in digərləri ilə müqayisədə daha peşəkar olduğunu yazmışdım. Onu da qeyd eləmişdim ki, bu, əsasən MTV Azərbaycan kanalının bədii rəhbəri Səyavuş Hüseynlinin peşəkarlığı ilə bağlıdır.

Müğənnilərin, blogerlərin, aktyorların, aparıcıların həyatını, davranışını, geyimini analiz, nə yeyib-içdiyini, kimlərlə görüşdüyünü geninə-boluna analiz edən verilişlər başqa ölkələrin telekanallarında da var. "Xəbərin var?" da bu formatda hazırlanır. Aparıcılar İsa Şükürov və Elyar Sadıqov mədəniyyət sferasında önəmli yer tutumayan bu lokal dünya, onun sakinləri haqqında həyati əhəmiyyətli intonasiyada danışır, şou ilə biznesin,  şou-bizneslə sənətin fərqinin nədən ibarət olması barədə dərin-dərin düşüncələrə dalır, Türkan Vəlizadə ilə Təranə Vəlizadəni səhv salır,  Tolikin onlara irad tutmasını az qala Audiovizual Şuranın iradı kimi qəbul edir, Pərvin Abiyevanın şounu, yoxsa sənəti təmsil etməsi dilemması üzərində baş sındırır, studiyada müğənni Elxan Qaraxanoğlu ilə mübahisə eləyən DJ Roshkanın əsəbləşib efiri tərk etməsini qlobal faciə kimi sırıyırlar.  Və niyəsə elə düşünürlər ki, milyonlarla tamaşaçı onları izləyir. Nəsə, yazımda dərinə gedib, tənqidlərimə onların kiçik dünyalarındakı xoşbəxtliklərinə, özləri haqda uydurduqları vacib adam illüziyasına kölgə salmaq istəmirəm. Onsuz da mənasızlıqla yüklənmiş dünyamız daha bir mənasızlıqdan dağılası deyil. 

Sonda isə bayaq ötəri toxunduğum üslub və forma məsələsinə bir daha ötəri qayıdım. Bəzən məzmun o qədər maraqlı, təsirli olur ki, forma arxa plana keçir. Bəzən isə forma, kamera rakursları, stilistika, dramaturji fəndlər, estetik zövq məzmunu effektli edir. Qısası, onu demək istəyirəm ki, mövzu, məzmun qıtlığı çəkirsinizsə, barı, onu vizual cəlbedici etməyə çalışın, yaradıcı eksperimentlərdən çəkinməyin.

 





18.12.2023    çap et  çap et