525.Az

Birinci Andreyi vurdular... - Aytac Sahəd yazır


 

Birinci Andreyi vurdular... - <b style="color:red"> Aytac Sahəd yazır</b>

"Birinci Andreyi vurdular".

Uzaqda Daşaltı görünür, qulağıma həmin oğlanın səsi gəlir. Burulan cığırlarda gözüm Andreyin vurulduğu yeri axtarır.

Onda mən bilmirdim Şuşa hardadır, Daşaltı harda? Bilmirdim Andrey kimdir, Andreyi vuran kim?

Dörd, ya beş yaşım olardı. Televiziyada Mirşahinin yaralı bir əsgərlə söhbətini xatırlayıram, daha doğrusu, danışdıqlarından məhz bu cümləni. Sonralar Şuşa döyüşləri haqqında çox oxumuşam, çox şahid xatirələri dinləmişəm. Ancaq niyəsə uzun illərdir, hər Şuşa adı çəkiləndə bu sözləri xatırlayıram.

İndi də Daşaltını görürəm, həmin səs yenə mənimlədir.

Şuşa ilə ikinci görüşümüzdür. Düz bir il öncə yay gecəsi sağollaşmışdıq, indi bir qış səhəri salamlaşırıq. Ayağımı torpağa basan kimi havanı görməmişliklə içimə çəkirəm. Yadıma Markesin polkovniki düşür: "Bütün ili dekabr olsaydı, nə yaxşı olardı. Adam özünü də hava kimi şəffaf hiss eləyir".

 

Nə dekabrı sevirəm, nə də onun soyuğunu. Amma bu dəfə polkovniklə razılaşıram. Udduğum hava dağların ərmağanıdır axı. Bizə bu günləri yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm.

Dönüb ətrafa baxıram. Əksəriyyəti dost-tanışdır. Sözün əsl mənasında bir avtobus şairlə gəlmişəm. Yolboyu dalbadal şeirlər oxunub, xeyli maraqlı əhvalat danışılıb. Söz adamlarının məclisi başqa nə cür ola bilər ki?

Bir qədər hava aldıqdan sonra bizə göstərilən binaya tərəf addımlayırıq. Bir azdan tədbir başlayacaq.

Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı-2023" ilinin rəsmi bağlanış mərasiminə gəlmişik. Tədbiri maraqla izləyirəm. Müxtəlif çıxışlar bir-birini əvəzləyir. Rəsmi çıxışlar bitdikdən sonra Azərbaycan, Türkmənistan və Özbəkistandan olan incəsənət ustalarının və gənc istedadların iştirakı ilə konsert proqramı təqdim edilir. Sənətçilərin ifaları onu deməyə əsas verir ki, olduqca ciddi şəkildə hazırlaşıblar. Əslində, tədbirə dair çox danışa bilərəm, ancaq bu, başqa yazının mövzusudur. Proqram yekunlaşır, Bakıya qayıtmalıyıq. Şuşanı gəzmək üçün təxminən bir saat vaxtımız var. Dostlarımızın bir çoxu yola düzəlir. Nədənsə içimdən onlara qoşulmaq gəlmir. Halbuki ilk səfərimdə Şuşa həbsxanasından Cıdır düzünə, Vaqifin məqbərəsindən bazar qalıqlarına qədər hər yanı gəzmişdim. Bəlkə də, onda daha həyəcanlı idim, Şuşanı ilk dəfə görürdüm. İndi isə aydın şüurla dərk edirəm ki, Şuşa bizimdir, əbədi olaraq bizimdir və mən başqa vaxt da gəlib görmədiyim yerləri gəzə bilərəm. Ona görə də tədbir məkanında qalıram, həyətdə dayanıb bir xeyli ətrafı müşahidə edirəm. Hər yanda quruculuq işləri gedir, ötən il hələ bünövrəsi qoyulmayan binalar bu gün hündürlükdə bir-biri ilə yarışır. Şuşada bu günədək 16 abidə tam bərpa olunub. Tədbir zamanı çıxışlardan birində eşitmişdim bu rəqəmi. Bir daha xatırlayıb görülən işlərin miqyasını təsəvvürümdə canlandırıram. Bir sözlə, Şuşa ilə baş-başayam. Ancaq bu görüş uzun çəkmir, gəzintiyə gedən yoldaşlarımız yavaş-yavaş geri qayıdırlar. Hamımız avtobusun yanında toplaşırıq. Yeni mövzular açılır, müzakirələr daha da qızışır. Kimi tarixdən danışır, kimi ədəbiyyatdan.

Bu səfərdə Aqşin Yeniseyi bir daha kəşf edirəm. Şair hər dəfə şeir oxuyandan sonra yadıma yeniyetməliyim, onun misralarını necə sevməyim düşür. Gileylənirəm ki, şair, nəsrinizlə nəzminiz qədər doğmalaşa bilmədim. Bu barədə uzun-uzun danışırıq. Deyir, şeir yazmaq üçün şair həyatı yaşamaq lazımdır, indi isə o, nasir həyatı yaşayır. Gəncliyində başına gələnlərin bir neçəsini nəql edir. Düşünürəm ki, o həyatı yaşayıb şair olmamaq özü günah olardı. Əlahəzrət zaman bir şairi əlimizdən alıb əvəzinə yazıçı verib. Aqşin nasir kimi də halından məmnun görünür. Yəqin məndəki oxucu ərköyünlüyüdür. Bir vaxt bütün şeirlərini əzbərlədiyim şair çoxdandır məni bu əziyyətə salmırdı, yəqin mən hələ uzun müddət bu əziyyətdən məhrum olacam. Şuşada olarkən son olaraq Aqşindən ən çox sevdiyim şeirini səsləndirməsini rica edirəm. Çox sağ olsun, xahişimi yerə salmır:

Gecə saat ikidir

Bir azdan dörd olacaq.

Yenə bugünki sevgi

Sabahkı dərd olacaq.

 

Gündüz saat dörddən bir qədər keçib. Sevgi ilə qucaqladığım bu şəhər sabahımın ən gözəl xatirələrindən birinə çevriləcək. Xatirərimizi də götürüb Bakıya yol alırıq.

8 noyabr, 2020-ci il. Sərdar Aminlə telefonda bir xeyli mübahisə edirik. Onda hələ uzaq tanış idik, yəqin indi həmin mövzuda sözümüz çəpləşsə, uzağı on dəqiqə dalaşardıq. Həmin vaxt isə məni maraqlandıran yeganə şey dediyimin düzgünlüyünü sübut etmək idi. Mən tərs, Sərdar məndən tərs. Bir xeyli mübahisə edirik, mövzu uzanır, birdən Sərdar qayıdır ki, bu gün gözəl gündür axı. Bu cümlədən sonra daha mübahisə etmirəm, gülümsəyib onu təbrik edirəm. Bəlkə də, həmin vaxt Sərdar böyüklük göstərib o cümləni deməsəydi, biz hələ də küsülü idik. İndi isə Sərdar hər yazısını səbirsizliklə gözlədiyim bir imza, böyük hörmətlə yanaşdığım dostdur. Əlqərəz, bizim dostluğumuz elə Şuşanın azadlıq günündən başlayır. Qəribədir, düz üç il sonra Şuşanın dağlarını eyni pəncərədən izləyirik. Yəqin bu söhbət çoxdan Sərdarın yadından çıxıb, heç mən də xatırlatmıram. Eləcə baxıb gülümsəyirəm. O da bu gülüşə cavab olaraq çantasından çıxardığı mandarini mənə uzadır. Mandarin dilimlərini yeyə-yeyə Şuşa ilə sağollaşıram.

Sonuncu dəfə dönüb Daşaltıya baxıram. Buludlar başının üstünü kəsdirib yenə. Gördüyüm mənzərə "Şuşa, sən azadsan" sənədli filmində qəhrəmanlarımızdan birinin danışdığı əhvəlatı xatırladır:

Artıq Laçın koridorunu keçmişdik, İsa bulağı istiqamətində meşənin içərisində şəxsi heyət yerləşmişdi. Həmin vaxt isə sanki Allahın bizə göndərdiyi bulud topası günortadan sonra üzərimizdə fırlanmağa başladı. Həmin ərazini duman aldı. Biz yolun dörd metrliyinə çatana qədər düşmən bizim yerimizi təyin edə bilmirdi. Bu, sanki mifik tapşırıq idi".

Şuşadan ayrılırıq. Son dəfə pəncərədən dağlara boylanıram. Bu dəfə gözüm Andreyin vurulduğu yeri yox, o bulud topasının gəzişdiyi ünvanı axtarır...

 

 





18.12.2023    çap et  çap et