525.Az

Keyfiyyətli və bazaryönümlü peşə təhsili: sosial-iqtisadi inkişaf üçün vacib şərt


 

Keyfiyyətli və bazaryönümlü peşə təhsili: sosial-iqtisadi inkişaf üçün vacib şərt<b style="color:red"></b>

Peşə təhsili təkcə bu sahədə təhsil alanların özü üçün yox, həm də rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malikdir. Əmək bazarının tələblərinə uyğun kadr hazırlayan peşə təhsili sisteminin yaradılması xüsusi önəm kəsb edir. Peşə təhsili və təliminin ümumi iqtisadi inkişafdakı əhəmiyyətini nəzərə alaraq, bir çox ölkələr bu sahənin inkişafı üzrə proqramlar hazırlayır və həyata keçirir. Son illərdə ölkə iqtisadiyyatında risklərin idarə olunması, qeyri-neft sektorunun davamlı inkişafının təmin olunması istiqamətində aparılan islahatlar ölkədə əlavə dəyər yaradan sektorların inkişafını təmin etməklə yanaşı, əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmaqla, bu tələbatın ödənilməsinə imkan verən çevik, keyfiyyətli və bazaryönümlü peşə təhsili sisteminin qurulmasını zəruri edir.

Müasir dövrdə peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən əsas amillərdən biri olması danılmazdır. Keyfiyyətli peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir və onun mütəxəssis kimi formalaşmasına təkan verir. Bununla əlaqədar dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənmiş tədbirlər əhalinin fəal hissəsinə yerli və beynəlxalq əmək bazarında dəyişikliklərə sürətlə reaksiya vermək imkanı yaradır.

XXI əsrin çağırışları və trendlərinə müvafiq olaraq təhsil sahəsində islahatlar çərçivəsində peşə təhsilinin müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən, işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Son dövrlər paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yeni peşə təhsili müəssisələri qurulur.

Elm və təhsil naziri Emin Əmrullayev deyir ki, peşə təhsilinə münasibət hər birimizin gözü önündə dəyişir: "Əvvəl 9-cu sinfi bitirən şəxs peşə məktəbinə qəbul olunandan sonra təhsil üçün başqa yerə gedə bilmirdi. Çünki ali təhsil almaq üçün mütləq məktəbə qayıdıb X-XI sinfi bitirməli idi".

Artıq peşə təhsilindən istəyən üçün əmək bazarına, başqası üçün universitetə birbaşa yol var. Yetər ki, peşəkar ol. Çünki bu gün əmək bazarının tələbi diplomlu yox, bacarıqlı mütəxəssislərə, peşəkarlaradır. Onları da yetişdirməyin optimal yolları var. Tətbiqinə başlanan yeni maliyyələşmə mexanizminə görə, vəsait kadr harada yetişdirilirsə, oraya yönəldiləcək: "Məktəb tikib orda bir otel mühiti yaratmaqdansa, bir oteldə həmin mühit var. Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizmi - adambaşına maliyyələşmənin əhəmiyyəti də budur. Burada insanın peşəyə harda yiyələndiyi önəmli deyil. Önəmli odur ki, insan öyrənir və biz ona təhsil haqqını ödəməyə hazırıq".

Nazir 12000 tələbənin adambaşına maliyyələşməyə keçidinin növbəti 3 il ərzində təmin ediləcəyini nəzərdə tutan plandan da danışıb: "Peşə təhsilində mərhələli şəkildə adambaşına maliyyələşdirmə mexanizminə keçid təmin edildi. İnanıram ki, bu proses olduqca səmərəli olacaq".

Emin Əmrullayev peşə təhsili müəssisələrində təhsil haqları məsələsinə də toxunub. Onun fikrincə, bu məsələyə də yenidən baxılmalıdır: "Peşə məktəblərində təhsil haqları ilə bağlı məsələdə bəzi dəyişikliklərə ehtiyac var".

E.Əmrullayev vurğulayıb ki, kadr və peşə hazırlığı uzun müddətdə iqtisadiyyatın inkişafına, sosial rifahın yüksəlməsinə təsir edən amildir. Ona görə də peşə hazırlığına yönələnlərin iki dəfə artmasının müəyyən müddətdən sonra iqtisadiyyatımıza təsirini göstərəcəyi şübhə doğurmur.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində peşə təhsilinin inkişafından gözləntilər xüsusilə böyükdür. Burada 8 yeni peşə təhsili müəssisəsinin fəaliyyəti planlaşdırılıb. Nazir peşə təhsilinin inkişaf yolundan danışarkən bu ərazilərin payına düşən inkişaf planına da geniş yer ayırıb. Füzuli şəhərində yeni müəssisənin bünövrəsi qoyulub və tikintisi başlayıb. Şuşada peşə təhsili yenidən qurulur. Xankəndidə isə Qarabağ Universitetinin tərkibində bir peşə təhsili müəssisəsi istifadəyə veriləcək: "Plan təsdiq olunmalıdır və bundan sonra yola çıxılacaq. Azad olunan ərazilərdə peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır".

Elm və təhsil nazirinin müavini İdris İsayev nəticənin əldə olunması üçün ənənəvi peşə təhsili yanaşmasından kənara çıxılmasını məqsəduyğun sayır. Nazir müavini bildirib ki, bu gün açılan yeni iş yerləri əvvəlkindən fərqlidir: "Burada yüksək texnologiyaların tətbiqindən, əmək məhsuldarlığının yüksək olmasından söhbət gedir. Bugünkü iş yerləri sadə deyil, işçilər də daha müasir bilik və bacarıqlara sahib, eləcə də özəl sektorun tələblərinə cavab verən kadrlardır. Peşə təhsil sistemi də bu kimi çağırışlara hazır olmalı, imkanlardan istifadə etməlidir".

İKT, turizm-xidmət, avtomobil diaqnostikası, elektrik qaz qaynaqçısı, bərbər, avtomatika, dərzi, qrafik dizayner, aqroservis mütəxəssisi kimi ixtisaslar artıq uzun müddətdir ki, əmək bazarının dəyişməz tələbatı olaraq qarşımıza çıxır. Bu ixtisaslar həm də gənclərin ən çox yiyələnmək istədikləri ixtisaslardır. Son 3 ildə İKT sahəsi üzrə ixtisaslara - veb dizayner, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma ixtisaslarına böyük maraq müşahidə olunur. Dayə, qrimçi-pastijor, laborantmikrobioloq, moda dizaynı isə qızların ən çox maraq göstərdiyi ixtisaslardır. Builki qəbulda qızlar seçimində kimyəvi analiz laborantı, geyim üzrə dizayner, xalçaçı, kargüzar, tədbirlərin təşkilatçısı və qənnadçı, şirniyyatçı ixtisaslarına da seçim üstünlüyü veriblər. Gənclərin subbakalavr dərəcəsi verən yüksək peşə təhsilinə artan marağı isə onların ömürboyu öyrənmə imkanlarından yararlanacaqlarının əsas göstəricisidir. Bazarla təhsilalanların istəkləri isə həmişə üst-üstə düşmür.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və İnnovativ layihələr şöbəsinin müdir müavini, müdir səlahiyyətlərini müvəqqəti icra edən Nigar İsmayılzadə-Əsgərovanın fikrincə, tələbatı düzgün müəyyənləşdirmək, əmək bazarının tələbinə uyğun ixtisaslarda və yetərli sayda kadr hazırlığına nail olmaq üçün Agentlikdə planlı iş aparılır. İşəgötürənlərin sifarişləri ilboyu peşə təhsili müəssisələri tərəfindən araşdırılır və həmçinin müxtəlif platformalar üzərində dialoq qurulur. "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nın təsdiq edilməsi haqqında Prezidentin Sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində bu istiqamətdə peşə təhsili müəssisələrində yaradılan Karyera mərkəzləri və tələbələr üçün karyera məsləhət xidmətləri təşkil edilib. Tələbələrin əmək bazarına daxil olmasına dəstək verən Karyera mərkəzlərində onlara müxtəlif işaxtarma bacarıqlarına yiyələnmək üçün təlimlər keçilir, əmək yarmarkalarında iştiraklarına dəstək göstərilir. Karyera mərkəzləri həm də işəgötürənlərin kadr tələblərini müəyyənləşdirir, şirkətlərin kadrlarda hansı səriştələr axtardığını araşdırırlar".

Nigar İsmayılzadə-Əsgərovanın sözlərinə görə, əmək bazarında təcrübəsi və səriştələri olan kadrlara tələbat yüksəkdir. Ümumiyyətlə götürsək, işəgötürənlər dual təhsil modeli ilə hazırlanan kadrlara üstünlük verirlər: "Sevindirici məqamdır ki, bu qruplardan məzun olan tələbələrimiz artıq tədris ilinin sonuna iş təklifləri alır və əksəriyyəti işlə təmin olunur".

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, peşə təhsili üzrə dövlətin xüsusi və strateji proqramı əsasında həmin istiqamətdə mütəxəssislərin hazırlığı davam edir: "Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasından sonra son illərdə peşə təhsilinə üz tutanların sayında müəyyən qədər artım müşahidə edirik. Təbii ki, bunun da başlıca səbəbi peşə təhsili alanlara subbakalavr dərəcəsinin verilməsidir. Eyni zamanda bu sahədə təhsil alanların müvafiq şirkətlərlə əməkdaşlığı və qardaş ölkə Türkiyə ilə olan anlaşmalar əsasında təhsilin keyfiyyətinin artımı peşə təhsilinə marağı artırır. Ümumiyyətlə, peşə təhsili şəxslərin gələcəkdə işlə təminatı baxımından ən uyğun təhsil formasıdır. Təəssüf ki, bizdə bu vaxta qədər peşə təhsilinə o qədər yüksək münasibət yoxdur. Halbuki hər birimizin xüsusi peşə sahiblərinin əməyinə ehtiyacımız var. Bu istiqamətdə də mütəxəssislərin yetişməsində məhz peşə təhsili məktəblərinin rolu böyükdür. Ali təhsil müəssisələri bu istiqamətdə kadr hazırlamır. Deməli, peşə təhsilini bitirən şəxslər əmək bazarında yaxşı işlərlə təmin oluna bilirlər. Təklif edirəm ki, peşə təhsili müəssisələri beynəlxalq şirkətlərlə əlaqələri genişləndirsinlər. Belə olduqda kadrların birbaşa işlə təminatı asanlaşdırılacaq və peşə məktəbinə üz tutanların sayı bir qədər də artacaq".

Sevinc QARAYEVA

 





19.12.2023    çap et  çap et