525.Az

ALLAHsız çocuq... - Xatirə Rəhimbəyli yazır


 

ALLAHsız çocuq... - <b style="color:red"> Xatirə Rəhimbəyli yazır</b>

Həyətə girən kimi əyri-üyrü nazik dəmirlərdən düzəlmiş, anbar, ya da hin qapısına bənzəyən qapıya yox, nisbətən səliqəli, qarşısı süpürülüb su çilənmiş qapıya yönəldim. Amma üzündə məsum uşaq təbəssümündən daha cox xarab mallar sırımaqda mahir olan, daima qarşısındakı insanın zəif tərəfini axtaran tacir nəzərləri olan oğlan məni o biri qapıya yönəltdi:

- Bura, məllim, bura...

- Bəs bu?

Bu, sual deyildi... Bu, istilik saxlamaq üçün yox, toyuq-cücəni it-pişikdən qorumaq üçün nəzərdə tutulmuş bir tikilinin qapısı ola biləcəyini düşünə biləcək qədər gücü olmayan bir şaşqının mızıltısı idi deyə oğlan bic-bic gülüb:

- Ay məlllim, o, qonşunun evidir.

Onun bildiyini mənim bilməməyim ona ləzzət eləmişdi...

- Aaa, o niyə bizim evimiz olur ki?

Adama qıcıq verən bir gülüşlə gülür. Və məni qonşunun evinə buraxmamaqda bir məqsədinin olduğunu ciddi-cəhdlə gizlətməyə çalışır.

Qapını itələyib açır. Qarşımda açılan mənzərə məni bataqlıq üzərindən keçəcəyəmmiş kimi heyrətləndirir. Niyə, nə üçün, hansı məqsədlə hara daxil olduğumu kəsdirmədən içəri keçirəm. Dar-daracıq olduğu qədər də səliqəsiz və pinti bir məkan... Sağ tərəfdəki də yataq otağıdır... Otaq deyəndə ki, bir çarpayı və bir dolab tutacaq qədər sahəsi olan bir oyuq... Bu məkanda yoxsulluğun bütün görütüləri vardı. Həm maddi, həm də mənəvi... Burada şərait yox idi, səliqə yox idi, planlaşdırma, qaydalaşdırma, azacıq da olsa, çəki-düzən, dərs oxumaq, oyun oynamaq, ən azından rahatca əyləşmək üçün yer belə yoxdur. Havanın dəyişməsi, gün işığının düşməsi üçün pəncərə belə yoxdur... Burada hava yoxdur, su yoxdur (həyətdəki kranlardan istifadə edirlər). Burada insan üçün nəzərdə tutulmuş davranış qaydalarının ən minimumu üçün belə şərait yoxdur. Odur ki, ədəb-ərkan, doğruçuluq, dürüstlük də yoxdur. Bura Tenardyelərin meyxanasından qorxunc, Piri kişinin, Tom dayının daxmasından yoxsul və acınacaqlıdır. Və ən dəhşətlisi odir ki, burada dörd körpə böyüməyə məhkumdur.

Mən indi bu qocalmış körpənin üzündəki saxta tüccar təbəssümünün, qorxmadan ALLAHa yalandan and içməsinin, öz məqsədinə çatmaq üçün istifadə etdiyi üsul və priyomların, etdiyi günahlardan ciddi-cəhdlə yaxa qurtarmaq istəməsinin tamamilə qeyri-səmimi olduğunun səbəbini dərk elədim. Ah, cocuq, sən bu azacıq ömründə yoxsulluğun hər üzünü görmüsən - pul, çörək, meyvə, hava, su, istilik, qayğı, sevgi, oyun, oxuyub-yazmaq üçün yer, rahat nəfəs almaq üçün baca, rahat yatmaq üçün yataq, tərbiyə, əxlaq, qayda-qanun...

Ah, cocuq, sənin üzündəki o mahir tüccar təbəssümü bataqlıq çiçəyinin qönçəsinə bənzəyir. Sən insanı özündə batırmağa haqlısan. O bataqlığı başqaları yaradıb, sən orada bitdiyin üçün günahkar deyilsən!

Sənin yaşadığın mühit ALLAHın məzərindən iraqdır. Odur ki, orada ALLAH xofu yoxdur. Ah, ALLAHsız cocuq, ALLAHın nəzərində ol, ALLAHın kölgəsi düşsün üstünə, ALLAH alsın pənahına səni.

Ah, ALLAHsız cocuq, insan aclıqdan da ölür, toxluqdan da. Sən Kozettadan da, Tom Soyerdən də bədbəxtsən! Bu bədbəxt bədii obrazların həyatını təhlil edəndə gözlərinin içində qaynaşan o çoxbilmiş qığılcımların səbəbi nə qədər ürəkparçalayandır...

 

 





19.12.2023    çap et  çap et