525.Az

Şindilər


 

Şindilər<b style="color:red"></b>

Sayad SİRACOĞLU

 

Şindilər

 

Ey mənim könlümün

sevgili yurdu -

gözəl Şindilər.

Mən səndə doğuldum,

səndə var oldum,

Ey mənim ömrümə açılan səhər -

gözəl Şindilər.

 

Sən bir zümrüd kimi, bir yaqut kimi,

Çəkilmiş hüsnünə Tanrı qələmi,

Səninlə dərk etdim ilkin aləmi,

Sən, ey birinci kənd, bir inci şəhər -

gözəl Şindilər.

 

Sənin torpağında ruhun eşqi var,

Burda bir başqa cür açılır bahar,

Hər bulaq başında ülvi duyğular,

Hər daşın sevgidən yoğrulmuş əsər -

gözəl Şindilər.

 

Şindi dağlarının köksünə yatıb,

Bir ana qoynunda sanki boy atıb,

Demirəm hər arzun kamına çatıb,

Bir üzün sevincdir, bir üzün kədər -

gözəl Şindilər.

 

Ey dağlar gözəli, gələn baxdı ki,

Çayın var, meşən var, nəyin yoxdu ki?

Sənin gül-çiçəyin elə çoxdu ki,

Belə bir çəmənlik görməmiş bəşər -

gözəl Şindilər.

 

Sayadam, yaş ötüb, saçlarımda dən,

Xoşbəxt illərim var səninlə keçən,

Bu dünya durduqca, yaşa, ey vətən,

Sən bir dünyasan ki, behiştə bənzər -

gözəl Şindilər,

gözəl Şindilər.

 





19.12.2023    çap et  çap et