525.Az

Çağdaş musiqinin əzəmətli siması - Fərəc Qarayevin  80 illik yubileyi münasibətilə


 

Çağdaş musiqinin əzəmətli siması - <b style="color:red"> Fərəc Qarayevin  80 illik yubileyi münasibətilə</b>

2023-cü il  dekabrın 19-da Azərbaycan musiqi mədəniyyətinin ən qüdrətli təmsilçisi – bəstəkar Fərəc Qarayevin 80 yaşı tamam olur. Bu münasibətlə  sentyabr ayından başlayaraq Moskvanın müxtəlif musiqi meydançalarında silsilə konsertlər baş tutdu.  Həmin sıradan son konsert  – ən əzəmətli və ən məzmunca dolğun – dekabrın 15-də  F.Qarayevin çalışdığı Moskva konservatoriyasının Raxmaninov zalında keçirildi. Bu konsertdən öncə “Əsrlərin  kəsişməsində: postsovet məkanın yeni musiqisi”  adlı böyük bir konfrans F.Qarayevin  ümumən çağdaş musiqidə mövqeyini təyin etmək baxımından olduqca əlamətdar idi.

Fərəc Qarayevin  yeni musiqi tarixində rolu isə xüsusidir, bədii kəşfləri  heyrətamizdir.  Fərəc müəllim haqqında müəllifi Marianna Vısotskaya olan  fundamental tədqiqat “Məntiq və paradoks arasında: bəstəkar Fərəc Qarayev” adlanır.  Artıq bu ad bəstəkarın  musiqisinin, təfəkkür tərzinin məxsusi  cəhətlərini açıqlayır. Bir tərəfdən uca bir peşəkar olan F.Qarayev öz əsərlərini quraşdırarkən ciddi qayda-qanunlara  dayaqlanır. Digər tərəfdən, bu  ciddi çərçivə daxilində musiqinin nəfəsi sərbəstdir, musiqi fikrinin dönümləri isə hətta gözlənilməz və qəfildir. İki  qütbün əvvəlcədən  düşünülüb-daşınılmış konsepsiya ilə sıx rabitədə ortaq məxrəcə gətirilməsi  bəstəkar sənətinin  şah damarını müəyyənləşdirir. 

F.Qarayevin dünyagörüşü – müasir  musiqi,  ümumiyyətlə sənət, ədəbiyyat, fəlsəfə haqqında bilikləri hüdudsuzdur.   Sevdiyi yazıçı Borxesin ardınca F.Qarayev “Mənim ənənəm – bütün universumdur” deyə bilərdi.  Fərəc müəllimin intertekstual marşrutları  isə  tarixin ən müxtəlif dönəmləri,  dünya mədəniyyəti – musiqi,  ədəbiyyat, teatr və kinematoqrafın  bir-birindən fərqli  “məntəqələrindən”  keçir. 

O, istənilən an sözün əsl mənasında nəhəng yaddaşından lazım olan misranı, musiqi cümləsini  ayırıb, əsərlərinin toxumasına elə ehmallıca yeridir ki,  sonucda yaranan obraz  obertonlarla əhatə olunur, çoxçalarlılıq əldə edir və hətta  sitat kimi dəf olunur.

F.Qarayevin musiqi dili mürəkkəbdir,  müasir musiqinin  ən yeni nailiyyətlərini özündə ehtiva edir, amma yeni ifadə vasitələri əsasında  qurulan  əsərlər, bir qayda olaraq,  o qədər cazibədar olur ki,  xüsusi musiqi hazırlığı olmayan dinləyiciləri də ağuşuna ala bilir.  Bu, əlbəttə, onun musiqi intonasiyasının, musiqi toxumasının xüsusi bir kövrəkliyindən irəli gəlir.

F.Qarayevin hər əsəri ilə görüş adamım qəlbini təlatümə qərq edir,   müxtəlif anımlar sırası doğurur.  Bütün əsərlər sanki bir  gizli ssenari əsasında  gerçəkləşdirilir, obrazların teatrallığı, parlaqlığı dinləyici diqqətini ovsunlayır. Tembrləri həssas duyan bəstəkar onların personifikasiyasına da nail ola bilir.    F.Qarayev  ən müxtəlif  dünyaları, üslubca müxtəlif hadisələri bir araya gətirmək kimi nadir bacarıq sərgiləyir. Əsərlərindəki təzadlar isə sarsıdıcı təsir qüvvəsinə malikdir!   O, hətta real dünyanın səs və küylərini də üzvi şəkildə  musiqisinə gətirə bilir:   bütün bu səslər, A.İvaşkinin təbirincə, onun əsərlərinin ayrımaz tərkib hissəsinə çevrilir.

Məsələn, F.Qarayevin ən işarəvi əsərlərindən biri - iki ifaçı üçün Sonatada (1976) biz yenicə dünyaya gəlmiş körpənin hönkürtüsünü eşidirik.  Adamı karıxdıran bu  müdaxilə  necə də  mənaca çoxrənglidir. Bu, yeni həyatın yaranışıdır, amma  son dərəcə sakit musiqi əhatəsində həmin səs bir həyəcan da doğurur. Yeni həyat  ağrı  və iztirablarla dünyaya gəlir: bu fikri dərk edib sarsılırsan. Hərçənd başqa bir yozum da, yəqin mümkündür, çünki bəstəkarın musiqisinin semantik çalarları əsla yekrəng deyil. Onu da deyim ki,  seriya və aleatorika texnikası əsasında  bəstələnmiş bu əsərdə musiqi səslərinin nüvəsinə nüfuz etmək, zamanın sonsuzluğu duyumunu doğuran - sanki bədahətən yaranan forma-prosesi qurmaq bacarığı  özünü   necə də bariz sərgiləyir. R.Fərhadov  məqalələrindən birində maraqlı bir paralelə əl atıb deyir ki,  Y.Şvarts “İtirilmiş vaxt haqqında nağıl” yazdığı halda, F.Qarayev “Donub qalmış zaman haqqında nağıl” ərsəyə gətirib.

Bəstəkarın musiqisi iki ənənənin kəsişməsində yaranır: bir tərəfdən – müasir sənətin  nailiyyətləri – 12-tonluq texnika, sonoristika, aleatorika, digər  tərəfdən   Azərbaycan musiqisinin, o cümlədən  bəstəkarlıq musiqisinin zəngin ənənələri.  Amma o da var ki, Fərəc Qarayevin əsərlərini sadəcə vərəqləyənlər, yəni səthi dinləyənlər, milli qaynaqlarla əlaqəni, çətin ki,  sezsinlər. Fərəc müəllim heç vaxt milli spesifikanı qabartmır – nə musiqi dilində, nə əsərlərin adında. Çünki o, musiqidə milliliyin üzdə görünməyən dərin qatlarının təfsiri yolu ilə gedir. Və burda onun üçün  örnək - ustadı və atası Qara Qarayevin Violin konsertidir.

Muğama bir ekzotika kimi yanaşmadan, onun idiomlarının “istismar”ından   kənarda duran bu bəstəkarda muğam çox zaman “bir ideya, bir emosiya, zaman duyumu, bəlkə də  melodik modellərlə işin abstrakt prinsipi kimi” (“Tages –Anzeiger” qəzeti)  özünü göstərir.

Şərqdə Qərbin, Qərbdə isə Şərqin aşkarlanması istiqamətində çalışan F.Qarayev, R.Fərhadovun sərrast müşahidəsinə görə, muğam və Avropa musiqisinin köklü, hər ikisinə xas əlamətlərini üzə çıxarıb  bu əsasda öz əsərlərini qurur.  Həmin əlamətlər sırasında variantlıq və improvizasiyalılıq - F.Qarayev musiqisinin əsas xüsusiyyətləri – Qərbi də, Şərqi də eyni dərəcədə səciyyələndirir.

Odur, Niderlandın “ Nieuw Ensemble”  kimi maraqlı bir qrupu üçün “Xütbə, muğam və surə” (1997) kimi “qəfil” opusun F.Qarayev yaradıcılığında “peyda” olmasına təəccüblənməmək qeyri-mümkündür. XX əsrin sonunda F.Qarayev muğamın gözəllik və harmoniyasına hər hansı bir müdaxiləsi ilə xələl gətirməkdən  özünü kənarlaşdıraraq tarın autentik ifasında “Şüştər”in, demək olar ki, tam şəkildə səslənməsi üçün şərait yaradır. Əsərdə həmin tar improvizasiyası ilə “Xütbə”nin ciddi strukturlaşmaya məruz qalan musiqi toxuması, bəstəkarın “öz” musiqisi “özgə”material ilə qarşı-qarşıya qoyulur. Final  75-ci əl-Qiyamə surəsindən  ayələrin (tape)  və müəllifin “kosmik” musiqisinin  dəqiq periodikliklə növbələşməsi əsasında qurulub. Postmodernist estetika məcrasında  bir-biri ilə əlaqədar olmayan “musiqi dünyalarını” – muğamı, 12-tonluq texnikanı, Quranın avazla oxunmasını cəsarətlə bir araya gətirmək və orijinal konsepsiyaya xidmət edən yeni, özəl keyfiyyətlərə malik bədii tam yaratmaq mümkün olmuşdur. Finalda xəbərdarlıq eşidilir: hamını bir Qiyamət günü gözləyir. Həmin gün Allah təalanın  məhkəməsi qarşısında hər birimiz cavab verməliyik. Və mənəviyyata, haqqa çağırışdan imtina olunarsa, faciə labüddür...

Məqalədə Fərəc müəllimin yaradıcılığını tam əhatə etmək, onun təcəssüm cəsarəti ilə seçilən ideyalarının hətta kiçik bir qismini açmaq, əlbəttə, qeyri-mümkündür.  Bəstəkarın opuslarının adları artıq çox şey deyir: “Mən Motsartla Praqanın Karl körpüsündə vidalaşdım”, “... a crumb of music for George Crumb”,  “Kədərli gecənin kiçik musiqisi”,  “Ist es genug?”, “Canción de cuna”,  alla “Nostalgia”,  “Babil qülləsi”...

Burada 60-80-ci illər Azərbaycan simfonizminə həsr olunmuş tədqiqatımda yer almış “Tristessa” əsəri üzərində daha ətraflı dayanmağı lazım bilirəm. 

Tristessa –  bu sözü dərin kədər, hüzn kimi tərcümə etmək mümkündür. “Vida” simfoniyası əsərin ikinci adı olub, məşhur sələfini xatırlamağa məcbur edir. Belə ki, Haydnın “Vida” simfoniyasındakı kimi, musiqiçilər ifa prosesində alətlərini qoyub, səhnəni tədricən tərk edirlər. F.Qarayevin ithafı da – “Atama, müəllimimə, dostuma” – olduqca böyük əhəmiyyətə malikdir. Simfoniyanın iki adının və ithafının çarpazlaşma nöqtəsində onun qeyri-adi konsepsiyası yaranır. Həmin konsepsiyanı ən ümumi şəkildə belə müəyyənləşdirmək olar: ata, müəllim, dostla vidadan doğan kədərin hədsizliyi...

Tristessa “instrumental teatr” kimi  qurulsa da, teatr sənəti ilə bağlı zahiri elementlər burada başlıca rol oynamır. Bəstəkar musiqinin immanent keyfiyyətləri hesabına tamaşa qurmaq iqtidarı sərgiləyir. 

Simfoniyanın strukturunu “üslub tematizmi” – bu rolda  Qarayev-atanın 3 prelüdü çıxış edir – və müəllif materialının qarşı-qarşıya qoyulması “idarə edir”. Prelüdlərin sərgilənməsi və bu musiqiyə emosional reaksiyanın təzahürü  əsər boyu növbələşir: oyun-tamaşa və hisslər teatrına xas estetika qarşılaşdırılır.  İki zaman ölçüsünün yanaşı mövcudluğunun özü də teatral təfəkkürün ifadəsidir: nümayiş etdirilən (keçmiş vaxt) və indi, musiqinin dinləyişi əsnasında duyduğumuzun (real vaxt) uzlaşması “oyun” situasiyasına, onun ambivalentliyinə dəlalət edib, musiqinin doğurduğu emosiyaları xeyli gücləndirir.

Əsərin finalında bəsrəkar,  ideyasını “görümlü” etmək məqsədilə “xarab olmuş val” fəndindən istifadə edir.  Qara Qarayevin cis-moll prelüdü stereofonik dinamikdən səsləndirilərək  sanki büdrəyir, tamamlana bimir. A.Əmrahova  bu sonluğu belə şərh edir: Şüurun nəzarəti F.Qarayevin əsərlərinin emosional palitrasına xələl gətirmir. Hətta, əksinə, emosiyanın özü onların məna dolğunluğunu zənginləşdirir… bu nəhəng simfonik lövhənin ... finalında maqnitofon yazısının təhrif etdiyi Q.Qarayev prelüdü səsləndikdə, kimi itirdiyimizi, kimin dərslərini unutduğumuzu dərk edib, daha böyük ağrıya, daha böyük sarsıntıya məruz qalmırıqmı?”.

Moskvadakı yubiley gecəsinin sonunda  bəstəkarın daha bir nəhəng əsəri – orkestr və solo violin üçün Konserti səsləndi. Anasının xatirəsinə ithaf etdiyi bu əsəri atası Qara Qarayevin doğum günündə tamamlayan bəstəkar ən müxtəlif anımlar, hədsiz qüssə aşılanmış duyğular sırası qurur.
 Konsertin bütün inkişaf məntiqi – birinci hissənin mövzusuz variasiyaları, ikinci hissənin mövzu və allüziyaları (burada Mendelson, Brams, Berq, Q.Qarayevin, habelə Vivaldinin Violin konsertlərindən sitatlar səslənir), sonda, finalda – bir sıra texniki cəhətdən ifrat dərəcədə mürəkkəb variasiyalardan (onlar bir növ “new complexity” – “yeni mürəkkəbliyə” xas tərzdə bəstələnib) sonra əsas mövzunun, obrazın təqdim olunmasına yönəlib: bu, Qriqin “Lirik miniatürlər” toplusundan “Vətən həsrəti” adlı pyesdir. Həmin pyesin mövzusu əsər boyu yaşanılan həyəcanların, ilk növbədə zaman axınının dönməzliyindən, yaxın insanların itkisindən doğan sonsuz kədərin ümumiləşdirilmiş ifadəsidir. Qriqin pyesinin adı arxasında da bir məna gizlənib: əslində hər birimizin qəlbində – Vətəndə və ya qürbətdə məskunlaşmağımızdan asılı olmayaraq, həmin həsrət hissi – kövrək, ürəyi göynədən, qəfildən törəyib təlatüm doğuran, izahı  qeyri-mümkün olan hiss yaşayır…

Bəstəkar Konsertin sonunda birmənalı təsdiqləyici durğu işarəsindən (belə qeyri-qapalı forma gərgin dramaturji proseslərin  məntiqi nəticəsidir) vaz keçir: yüksək registrdə çətin eşidilən flajolet – violinin tam səssizliyə qərq olan sonuncu replikası bizi həyəcanlandırıcı, üzücü və acı suallarla təkbətək qoyur...

Fərəc müəllimin hər bir əsərinin dinləyişi və dinlədiyini təhlil etmək səyi Y.Lotmanın aşağıdakı fikrini xatırlamağa  sövq edir: “Bədii model həmişə təfsirdən daha geniş və həyatidir, təfsir isə ancaq yaxınlaşma kimi mümkündür”.

 Moskvadakı gecədə Konserti  dirijor İ.Dronovun rəhbərlik etdiyi “Yeni Musiqi Studiyası”nın orkestri  və solist Stanislav Malışev böyük məharətlə çalıb dinləyicilərin ürəklərini fəth edə bildilər.  Konsertin ilk ifaçısı öz qeyri-adi virtuozluğu ilə seçilən Patrisiya Kopaçinskaya (Patricia Kopatchinskaja) olub. Amma Stanislav Malışev də inandırdı  – finalda  dörd variasiyanı  nadir bir ekspressiya ilə səsləndirərək,  ifrat bir gərginlik, dinamika, təlatüm dolu ovqat bərqərar etdi. 

Həmin konsertdə gözəllik, zəriflik, xəfif kədər oazisini isə Federiko Qarsia Lorkanın sözlərinə bəstələnmiş “Canción de cuna” (Layla) kompozisiyası  yaratdı. Burada  ansambla qoşulan Fəridə  Məmmədovanın sənətkarlığını, səsinin tembr gözəlliyini, hər sözü çalarlandırmaq istedadını qeyd etməmək mümkünsüzdür.

İştirakçısı olduğum “Əsrlərin kəsişməsində: postsovet məkanının yeni musiqisi” adlı konfrans haqqında da  məlumat vermək istərdim. Konfransa tanınmış alimlərin, o cümlədən S.Savenko, V.Zaderatski, A Əmrahova, M.Vısotskaya, Q.Qriqoryeva, Q.Lıjov, İ.Sokolovun qatılmağı onun yüksək elmi səviyyəsini müəyyənləşdirdi.  F.Qarayevin musiqisi  kifayət qədər geniş  müstəvidə, müasir musiqinin  təmayülləri kontekstində araşdırıldı. 
 Bəstəkarın ASM – Müasir Musiqi Assosiasiyasında fəaliyyəti,  hətta  yazıçı kimi yaradıcılığı da diqqətsiz qalmadı.  Konfrans  F.Qarayev sənətinin ən müxtəlif tərəflərini işıqlandıraraq, onun çağdaş musiqiyə nəzərəçarpan əlavələr etmiş  qüdrətli bəstəkarlardan biri kimi mövqeyini əsaslandırdı.  Azərbaycanı həmin mötəbər elmi məclisdə Cahangir Səlimxanov və bu sətirlərin müəllifi təmsil edirdi. Təsadüf elə gətirdi ki, hər ikimiz “Xütbə, muğam və surə”yə müraciət etdik, amma yanaşmamız necə də fərqli idi! Mən əsərdə milli konseptosferanın təcəssümündən söz açdım, həmkarım isə  paralel mətnlərin  yanaşı mövcudluğu – məxsusi meta-kollajdan danışdı, hər ikimiz əsərin konsepsiyasını üzə çıxarmağa cəhd göstərdirk. Yanaşma müxtəlifliyi  elə artıq dəfə F.Qarayev musiqisinin  dərinliyinə dəlalət etmirmi?

 F.Qarayevin  Azərbaycan musiqi mədəniyyətində müstəsna  mövqeyi onun  müasir musiqi ilə bağlı reallaşdırdığı  bir çox sanballı layihələr ilə müəyyənləşdirilir.  Ən yeni musiqi ilə bizi, öz soydaşlarını tanış etmək, dünya haqqında təsəvvürlərimizi genişləndirmək üçün F.Qarayev nələr  gerçəkləşdirməyib!  Mən ələlxüsus onun  Bakıda təşkil etdiyi Qara Qarayev adına beynəlxalq musiqi festivallarını qeyd etmək istərdim.   1980-ci illərin ikinci yarısında  üç dəfə keçirilən o festivallar  (2011-ci ildən başlayaraq iki ildən bir daha üç buraxılışı olub)  bizim musiqi landşaftını əsaslı şəkildə dəyişdirdi. Şəxsən özüm haqqında deyə bilərəm ki, məhz  festivallarda eşitdiyim  məni müasir musiqinin  vurğunu və “əsiri” etdi. Buradaca Fərəc müəllimin “Yeni Musiqi” cəmiyyətinin (1995-ci ildə yaradılıb) prezidenti kimi çalışmasını, həmkarları ilə birlikdə reallaşdırdığı “Zamanla üz-üzə” layihəsini, 1980-1994-cü ildə bədii rəhbəri olduğu “BaKaRa”  ansamblının fəaliyyətini qeyd edərdim.

 F.Qarayev hal-hazırda Çaykovski adına Moskva Dövlət Konservatoriyasında  öz  müəllimlik fəaliyyətini uğurla davam etdirərək, bir mütəxəssis kimi böyük nüfuz qazanıb. O, illər Azərbaycan  Konservatoriyasının kompozisiya kafedrasının professoru qismində neçə-neçə   bəstəkar yetişdirib. Onu da deyim ki, F.Qarayevin müəllim kimi fəaliyyəti hətta S.Mirzəyevin xüsusi tədqiqatının mövzusu olub.  Son dərəcə tələbkar, qeyri-peşəkarlığa, zövqsüzlüyə qarşı amansız olan  Fərəc müəllim  öz tələbələrini ali sənət meyarları əsasında tərbiyə edir. “Sənətdə iki monstr təhlükəlidir: peşəkar olmayan sənətkar və sənətkar olmayan peşəkar”, - Anatol Fransın bu sitatına vaxtaşırı üz tutan Fərəc müəllim  öz qarşısında ali məqsədlər qoyaraq yaşayır və bizi də bu yola səsləyir.

F.Qarayevin bir  vətəndaş kimi mövqeyi isə 2020-ci ilin payızında  – 44 günlük  Vətən müharibəsi zamanı  özünü  bariz nümayiş etdirdi. Tariximizin o taleyüklü dönəmində F.Qarayev ölkəmizə qarşı baş qaldıran informasiya savaşına biganə qalmadı -  öz videomüraciətləri, məqalələri ilə neçə-neçə iftiranı  təkzib etdi,  Azərbaycanın haqq səsini çatdırmaq naminə  çarpışdı. 

F.Qarayevin  80 yaşı tamam olur. Buna qəti inanmaq olmur. Fərəc müəllim  həmişəki kimi gümrah və çevikdir, ruhən də cavandır,  cəsarət də ondan əskik olmayıb – yeni layihələr haqqında elə şövqlə danışır!  Əsərləri dünyanın möhtəşəm festivallarında parlaq musiqiçilər tərəfindən ifa olunan bəstəkar “bütün musiqi artıq yazılıb” deyərək,  bəzən tərəddüd,  bəzən şübhələr, insanı çalxalayan  sərt və üzücü suallarla təkbətək qalır. Amma bütün bunlara baxmayaraq həqiqi vicdanlı sənətçi kimi  seçdiyi  yaradıcılıq  cığırından sapınmır, öz missiyasını  ləyaqətlə icra edir.
Saysız-hesabsız yubiley təbriklərində leytmotiv kimi təkrarlanan əsas fikri də belə ifadə etmək olar:  Fərəc müəllimin Azərbaycan musiqi mədəniyyətində mövqeyi müstəsnadır.  Onun yaratdığı ali musiqi dünyası, onun  həyata keçirdiyi miqyaslı sənət  layihələri  çağdaş musiqimizin ən önəmli hadisələri sırasındadır. 

Azərbaycanın Xalq artisti olan  sənətkara üz tutub demək istərdim: Əziz Fərəc müəllim, bizim hamımızın Sizin kimi böyük  və şərəfli ustada ehtiyacı var.  Sənətiniz, peşəyə münasibətiniz bizim üçün örnəkdir.  Biz Sizə yaratdığınız tam özgün, sarsıdıcı  emosiyalar bəxş   edən  səslər aləminə görə minnətdarıq. Çox və sağlam yaşayın, öz nadir lətafət, hikmət, dərin məna aşılanmış  musiqinizi yaratmaqda davam edin!
 
 

 

             
  
 

 





19.12.2023    çap et  çap et