525.Az

Nurəngiz Günə həsr edilmiş nəşrlərin təqdimatı olub


 

Nurəngiz Günə həsr edilmiş nəşrlərin təqdimatı olub<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyində (AYB) "Nurəngiz Gün-85: Ədibin həyat və yaradıcılığına həsr olunmuş nəşrlərin təqdimatı" adlı tədbir keçirilib.

525.az xəbər verir ki, tədbirdə şair-publisist Elçin İskəndərzadənin yubilyara həsr edilmiş "Günəşin elçisi" esse-monoqrafiyası, AYB katibi Səlim Babullaoğlunun təşkilatçılığı ilə Türkiyənin "Temrin" jurnalının N.Günə həsr edilmiş xüsusi nömrəsinin təqdimatı olub. Bunlardan əlavə, Həsən bəy Zərdabi İrs Mərkəzinin təsis etdiyi "Nurəngiz Gün Beynəlxalq Ödül" yarışmasının qaliblərinin, həmçinin N.Günün xarici ölkələrdə dərc edilən şeirlərindən ibarət antologiya və şair Maşallah Məftunun yubilyar haqqında "Güllərin soyqırımı" kitabı da təqdim edilib.

Tədbirdə giriş sözü söyləyən S.Babullaoğlu N.Günün müasir poeziyada xüsusi yer tutan, şeirləri və bütün yaradıcılığı ilə ədəbiyyat tarixində əbədi yaşayacaq görkəmli şair olduğunu diqqətə çatdırıb. Təqdim edilən nəşrlər haqqında danışan AYB katibi bunların hər birinin N.Gün yaradıcılığının və şəxsiyyətinin daha böyük arealda tanınması baxımından önəm daşıdığını vurğulayıb.

AYB sədri Xalq yazıçısı Anar N.Günlə bağlı xatirələrini danışıb, şairin təkrarsız və bənzərsiz yaradıcılığının xüsusiyyətlərindən bəhs edib, onun yoxluğunun bütövlükdə ədəbiyyatın itkisi olduğunu deyib.

E.İskəndərzadə N.Günün Azərbaycan ədəbiyyatındakı müstəsna xidmətlərindən danışaraq, esse-monoqrafiyanın yazılma səbəblərindən, xanım şairə olan böyük sevgi və ehtiramından bəhs edib.

Tədbirdə akademik Teymur Kərimli, deputat Arzu Nağıyev, tənqidçilərdən Vaqif Yusifli, Əsəd Cahangir, "Qobustan" jurnalının baş redaktoru Pərvin, ədəbiyyatşünas Bahar Bərdəli, "Zərdabi Nəşr"in direktoru Elman Qasımov və başqaları da çıxış ediblər. Təqdim edilən nəşrlərin ədibin həyatı və yaradıcılığı haqqında müfəssəl mənbə xarakteri daşıdığı xüsusi qeyd edilib.

Deputat Jalə Əliyeva anasının xatirəsinə göstərdikləri ehtiram üçün kitab müəlliflərinə, Yazıçılar Birliyinə təşəkkürünü bildirib.

 





19.12.2023    çap et  çap et