525.Az

"Övladlarını yeyən Saturn" - "Bir rəsmin dedikləri"


 

"Övladlarını yeyən Saturn" - <b style="color:red"> "Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Bəhmən Səlimovdur. Onunla məşhur ispan rəssamı Fransisko Qoyyanın "Övladlarını yeyən Saturn" əsəri haqqında danışmışıq.

XVIII əsrin sonu-XIX əsrin əvvəllərində "Yena məktəbi" nümayəndələrinin Almaniyada fəaliyyətə başlaması ilə Avropa və Amerika incəsənətində Romantizm bədii cərəyanı yaranır. Bu cərəyanın ortaya çıxmasında 1789-cu ildə baş vermiş Fransız Sənaye İnqilabının xüsusi təsiri olub. Yeni üslubun ən parlaq nümunələri özünü ispaniyalı rəssam Fransisko Qoyyanın əsərlərində göstərir. 1746-cı ildə anadan olmuş rəssam 82 illik həyatında nəinki İspaniya, hətta bütün Avropa üçün ölməz sənət əsərləri yaradıb. Fransisko həyatı boyu iki dəfə ağır xəstəlik keçirib və ikinci xəstəliyinin dərin psixoloji, eləcə də fiziki (bu xəstəlikdən sonra eşitmə qabiliyyətini itirir) təsirləri olub. Sözügedən məqam onun vəfatına yaxın təsvir etdiyi əsərlərində daha aydın görünür. Müasir incəsənətin öndərlərindən hesab edilən rəssamın əsərlərinin bir qismi bu gün Madrid şəhərində yerləşən Prado muzeyində sərgilənir.

 

- Bəhmən bəy, bu əsər Qoyya yaradıcılığının hansı dövrünə aiddir?

- Qoyyanın "Övladlarını yeyən Saturn" əsəri Madriddə 1819-1823-cü illərdə çəkdiyi 14 divar rəsmindən biri olub. Yemək otağında, yağlı boyalarla işlənib. Fransua Qoyyanın ikinci dəfə ağır xəstəliyə tutulmasından sonra eşitmə qabiliyyətini itirməsi nəticəsində dərin psixoloji sarsıntılar keçirməsi rəssamın 73 yaşında yaratdığı tablolarına da yansıyıb. Rəssamın bu dönəmdən sonra yaratdığı əsərlər qara rəsmlər adlanır. "Övladlarını yeyən Saturn" əsərinə baxdığımız zaman əqli cəhətdən sağlam insanın belə bir əsər çəkməyəcəyini düşünə bilərik. Əslində isə rəssam bu əsərdə Roma mifologiyasında olan səhnəni əks etdirib.

- Əsərin kompozisiyası və rəng həlli haqqında nə deyə bilərsiniz?

- Əsərin kompozisiyası qapalıdır. Qoyyanın divar suvağı üzərində yağlı boya texnikasında işlədiyi rəsmdə tünd, qaranlıq fon önündə gözü bərəlmiş və əlində tutduğu uşağın başını, eləcə də bir qolunu yeyən, ağ, uzun saçlı qoca təsvir olunub. Şəkildəki parlaq yerlərdən biri uşağın ətrafı qırmızı qanla örtülmüş ağ bədəni və Saturnun barmaqlarının düyünlərinin cəsədin kürəyinə batdığı yerdir. Sifətinin donuqluğunu, gözlərindəki vahiməli baxışları diqqətlə incələyəndə onun istər taxt-tacını itirmək qorxusundan, istərsə də öz övladlarını yeməsi səbəbi ilə artıq dəli olduğunu anlayırıq.

- Saturn tanrı obrazından daha çox yırtıcını xatırladır.

- Saturn yavaş-yavaş çürüyən, yox olan tərzdə təsvir edilib. Onun sağ dirsəyi ilə biləyi arasındakı məsafə qolunun üzərindən çıxan artıq ətlə örtülür. Sol ayağı da çürüməyə başlayıb. Əslində bu xüsusiyyətlərdən yola çıxaraq demək olar ki, Saturn artıq qorxduğu üçün Tanrı xüsusiyyətlərini yavaş-yavaş itirərək ölümlü insana dönür və yaşlanmağa, çürüməyə başlayır. Əsərdə yer verilən Roma mifindən bəhrələnilmiş səhnəyə görə zaman, yer, məhsul tanrısı olan Saturn bir zamanlar səmanın ilk tanrısı olan atası Caelusu məğlub edərək səmanın və yerin ən güclü tanrısı olub. Artıq yerin və səmanın ən güclü tanrısı olan Saturn sonunun atası kimi olacağını bilirdi. Bunun qarşısını almaq üçün uşaqları dünyaya gələn kimi yeməyə başlayırdı. Saturnun həyat yoldaşı Ops övlafları Yupiteri də atasının yeyəcəyini bilirdi. Bu səbəbdən uşaq doğulan kimi onu Kritdə gizlədir. Tanrının övladını mütləq yeyəcəyini bilən ana Saturnun yeməsi üçün ağır daşlardan ibarət bələk hazırlayır və bu üsul işə yarayır. Uzun zamandan sonra Yupiter böyüyür və atasını məğlub edərək, onun ünvanını əlindən alır. Əslində, Roma mifologiyası Yunan mifologiyasının təsiri ilə yaranıb. Yunan mifologiyasında Caelus - Uran, Saturn - Kron, Ops - Reya, Yupiter - Zevs olaraq bilinir. Zevsin atasından gizlin saxlanıldığı yer isə Tartarusdur.

- Əsər indi harada saxlanılır?

- "Övladlarını yeyən Saturn" əsərinin 1819-1823-cü il tarixlərinə aid edilən, kətan üzərinə köçürülmüş surəti İspaniyanın Madrid şəhərində, Prado Muzeyində saxlanılmaqdadır.

- Bəhmən bəy, rəssamın mifologiyadan təsirlənməsi bəllidir. Ümumiyyətlə, mifologiyadan təsirlənən təkcə Qoyya deyil. Ondan öncə, yaxud sonra bu mövzuya müraciət edən rəssamlardan hansıların adını çəkə bilərsiniz?

- Alman rəssamı Peter Paul Rubens Qoyyadan öncə, 1636-cı ildə bu mövzuda rəsm işləyib. Rubensin "Saturn" əsəri də Prado muzeyində sərgilənməkdədir. Çox güman ki, Qoyya bu rəssamdan bəhrələnib. Amma Rubensin yaratdığı tablo daha vahiməlidir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Qoyyanın "Övladlarını yeyən Saturn" əsərində keçmiş adət-ənənələrə, mifik obrazlara dönüş var. Əsərin dəliliklə əlaqələndirilməsinin əsas səbəblərindən biri xristian Avropasının kilsə basqısı ilə əlaqədardır. Karolinq dönəmindən etibarən güc əldə edən kilsələr və Papa rejimi dini kanonlar yaradaraq Renessans dövrünə qədər rəssamları və sənətkarları ikinci planda saxlayıb. Renessans dönəmində rəssamlıqda xüsusi texnikaların kəşfi və humanizm ideologiyasının təməllərinin atılması ilə əlaqədar bu kanonlar yavaş-yavaş dağılıb və kilsə ikinci plana keçib. Ancaq dindar xalq arasında dinə zidd olan təsvirlər dəlilik əlaməti kimi görülürdü. Erkən dönəm xristian Papa rejimində bu tipli antik mədəniyyətə ithaf və müqəddəslərin insanlarla eyni səviyyədə təsvir edilməsi cadugərlik, dəlilik rəmzi idi. Bəzən bu səbəbdən edamlar da olurdu. Humanizm və elmi inkişaf sayəsində insanlar kanonlara qarşı çıxaraq bu gün mövcud olan azadlıq prinsiplərinin, yeni mədəniyyətin təməlini qoyublar. Qoyyanın bu obrazları təsvir etməsində əsas məqsəd o dönəm insanlarının vəhşiliklərini göstərmək və gələcək nəsillərə ötürmək olub.

Aytac SAHƏD

 

 





20.12.2023    çap et  çap et