525.Az

Dinlərin, dillərin qovuşduğu Midyatdan qədim Şırnaka


 

Dinlərin, dillərin qovuşduğu Midyatdan qədim Şırnaka<b style="color:red"></b>

Onu dinlərin, dillərin, mədəniyyətlərin qovuşduğu məkan adlandırırlar. Aşiq olmamaq, sevməmək mümkün deyil. Hər daşında tarix yatır. Daşını da sevirsən, keçmişini də, bu gününü də, ruhunu da. Midyatdan danışacağam. Türkiyənin Turizmi Təşviq və İnkişaf Agentliyinin (TGA) ölkənin Cənub-Şərq hissəsinə təşkil etdiyi səfərin növbəti ünvanı Midyat idi. Gəzdikcə keçmişi və müasirliyi özündə birləşdirən bu kiçik, amma insanda sonsuz təəssürat yaradan məkanın ruhunu hiss edirsən və onun sehrinə düşürsən. Midyata çatanda narın yağış yağırdı. Qədim və tarixin özü olan küçələrdə addımladıqca o ruhu yaşayıb, bir anlıq özünü elə həmin dövrdə hiss edirsən.

 

Hər daşı bir tarix olan Midyat

 

Midyat Mardin vilayətinin rayonudur. O Mardin ki, tarixə bələdçilik edən Mesopotamiya ilə Anadolunun kəsişməsində, qayalı bir təpənin yamacında qurulub. Mardin min illər boyu müxtəlif mədəniyyətlərin təsirinə məruz qalıb və bu təsirlərin memarlığında əksləri aydın görünür. Mardin sözünün III əsrdə Ərdəşirin burada məskunlaşdığı döyüşçü tayfası Mardesdən gəldiyi, eyni zamanda "Qalalar" mənasını verən Merdindən gəldiyi barədə fikirlər var. Yaşı miladdan 8 min il əvvələ gedir, tarixi Şumer, Babil, Urartu, Fars, Roma, Əməvi, Artuqi və Osmanlı dövrlərini əhatə edir.

Mardinin gəzməli-görməli məkanlarından biri məhz Midyatdır. Bura Mardindən 70 km məsafədə yerləşir. Orta əsr izlərini daşıyan daş malikanələri, kilsələri, monastırları və bazarları ilə sizi tarixə səyahətə aparacaq. Midyatın tarixi süryanilərə gedib çıxır və bura süryanilər üçün vacib bir mərkəzdir. Eyni zamanda Tur Abdin bölgəsinin mərkəzi hesab olunur və Süriyani Metropoliti yepiskopluğuna ev sahibliyi edir. Sülhün və tolerantlığın nişanəsinə çevrilən bu Midyatda müsəlmanlar, xristianlar, yezidilər bir yerdə yaşayırlar.

 

Məşhur türk seriallarının ev sahibi

 

Midyat həm də məşhur türk seriallarına ev sahibliyi etməsi ilə tanınıb. Əksəriyyətin sevimlisi olan "Aşka sürgün", "Sıla", "Berivan" və "Hərcai" buradakı qədim evlərdə çəkilib. Bu gün Midyata gələn turistlər mütləq həmin məkanlara da baş çəkirlər, serial qəhrəmanlarının otaqlarında fotolar çəkdirirlər. Elə biz də "Hərcai" serialının çəkildiyi və hazırda butik otel kimi fəaliyyət göstərən tarixi "Aslanbəy" malikanəsində bir gün qonaq olduq.  Qeyd edək ki, burda cəmi 8 otaq var.

Midyat həm də qədim bazarları, gümüşləri, şərabı ilə məşhurdur. Burada hələ də süryani sənətkarlarının gümüş telkari nümunələri, süryani şərabı və parça üzərində tikmələr olan əl işləri təklif olunur. Şərab demişkən, onu da vurğulayaq ki, hazırda dünyada yetişdirilən nadir üzüm növlərinə məhz bu qədim şəhərdə rast gəlmək mümkündür. Süryanilər öz əcdadlarından öyrəndikləri texnologiya ilə bu gün də şərab istehsalını davam etdirirlər. Turistlər bu şərablara böyük maraq göstərir və qiyməti 80 avroya da, 20 avroya da olanı var.

Sonradan Midyata bağlanan, dar daş döşənmiş xiyabanları və köhnə daş evləri ilə diqqət çəkən Estel müsəlman bölgəsidir. Ümumiyyətlə, bura son illər turizm baxımından inkişaf edir. Bölgəyə gələnlərin sayı artmaqdadır.

Mor Qabriel Monastırı

 

Deyrulumur kimi də tanınan Mor Qabriel Monastırı Türkiyənin və dünyanın ən qədim Süryani Pravoslav Monastırıdır. Midyat rayonundakı Tur Abdin məhəlləsində yerləşən Mor Qabriel Monastırı 1600 illik tarixi olan ən qədim monastırlardan biridir. Mor sözü assur dilində müqəddəs deməkdir. Monastır 397-ci ildə iki rahib, Mor Şmuel və Mor Şemun tərəfindən qurulub və Roma İmperatorlarının ianələri və töhfələri ilə əsrlər boyu çiçəklənib, inkişaf edib. Monastır Midyatın daş yonulmuş kərpicindən tikilib və illər keçməsinə baxmayaraq, hələ də göz oxşayır.  5-6-cı əsrlərdən qalan tikililər, Şərqi Roma mozaikaları, günbəzləri ilə son dərəcə tarixi əhəmiyyətə malikdir. Bizim eradan öncə 9-cu əsrə aid assur daş kitabələrində adı çəkilir. Yada salaq ki, "Midyat" assur sözüdür və mənası "vətənim" deməkdir. Bu gün Midyat və Mardində yaşayan süryanilərin sayı xeyli azalsa da, Mor Qabriel monastırı mühüm dini mərkəzdir.

 

Qədim Şırnak, yezidi kürdlərinin kəndi Mağara

 

Midyatdan sonrakı ünvanımız isə Şırnak idi. Şırnakın tarixi min illər əvvələ, hətta Nuh tufanı hadisəsinə gedib çıxır. Mənbələrdə yazılır ki, Şırnak daşqın azaldıqdan sonra gəminin oturduğu yerdir və bəşəriyyətə həyatın ikinci başlanğıcını verir. Söhbət Cüdi dağından gedir. Türkiyənin cənub-şərqindəki dağlıq bölgədə yerləşən Şırnak, 2089 metr yüksəklikdə olan Cudi dağı ilə əhatələnib. Quranda tufandan sonra Nuhun gəmisinin Cudi dağına oturduğu yazılıb. Hud Surəsində "Ey yer üzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyilir. Su çəkildi, iş bitdi. Gəmi də Cudiyə oturdu. Şırnak adı, "Şəhəri Nuh" mənasında çox köhnə bir addır. Cudi Dağının ətəyində adı "səksənlər" mənasını verən Heştan kəndi var. Heştan kəndinin Nuh tərəfindən qurulduğuna dair inanclar mövcuddur. Kəndin adı Nuhun gəmisində olan səksən adama görə belə adlandırılıb. Cudi Dağı bu baxımdan, dinlər tarixi və xüsusilə İslam dini baxımından əhəmiyyətlidir.

Mağara kəndi şəhərin İdil rayonundadır. Mağara türkcə də elə mağara deməkdir və kənd adını ərazidə olan mağaralardan alıb. Kənddə Hasankeyfdəki kimi qədim həyatın izlərini xatırladan sığınacaqlar da var. O kənd ki, burada vaxtilə yezidi kürdləri yaşayıb. Yaşayıb deyirik ona görə ki, onlar terror hücumlarına görə, 90-cı illərdə doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Onlar Avropaya üz tutublar. Kənd 130 evdən ibarət olub. Amma ərazidə yezidi kürdlərinə məxsus məzarlıqlar, dini abidələr qorunub saxlanılıb. Hazırda Mağara kəndində həyat yenidən canlanır. Türkiyə hökuməti "Kəndə qayıdış" layihəsi çərçivəsində geniş bərpa-tikinti işlərinə başlayıb. Kənd müasir infrastruktur əsasında yenidən qurulur, evlər bərpa olunur, yol, su xətləri çəkilir. Eyni zamanda Avropaya köçmüş yezidi kürdlərinin geri dönüşü üçün iş aparılır. Bəzi ailələr kəndə qayıdacaqlarını artıq təsdiqləyiblər. Bizə məlumat verildi ki, 30-a yaxın ailə doğma kənddə qayıtmaq istəyir. Kənddə infrastruktur yenilənir. Hazırda xarabalığı xatırladan bu kəndə tezliklə yeni həyatın qayıdacağı şübhəsizdir. Eyni zamanda bura gələcəkdə turistlər üçün cəlbedici məkanlardan biri ola bilər.

Mağara kəndində yezidi kürdlərə məxsus "dilək ağacı" var. Bizim də bəzi bölgələrdə eynisinə rast gəlmək mümkündür. Həmin ağacı rəgbərəng parça hissələri bəzəyir. Həmin parçalar ürəklərdə dilək tutularaq bağlanıb. Bəlkə onların bəziləri məhz bir gün yenidən doğma yurdlarına qayıdacaqlarını dilək tutublar. Və artıq o dilək reallaşır, deyə bilərik. Yolüstü Şırnak vilayətinin Cizrə rayonunda bir sıra qədim tikililərə də baş çəkdik.

 

Mem-u Zin türbəsi

 

Bu türbə Abdaliye mədrəsəsinin alt hissəsində yerləşir. İçəridə Zin, Bəkr və Memə aid olduğu deyilən üç məzar var. Rəvayətə görə, rəqib qəbilələrdən olan Mem və Zin bir-birlərinə aşiq olurlar. Lakin Memin düşməni olan Bəkr onlara əngəl törədir. Bəkr Memi öldürür, bundan sonra Zin də ölür. İki sevgili bir-birinin yanında dəfn edilir.

Şırnak mətbəxi

 

Şırnak mətbəxi bölgənin mədəni müxtəlifliyini və coğrafi xüsusiyyətlərini əks etdirir. Ən məşhur yeməklərdən biri içli köftədir. Bütün Şərqi və Orta Anadolu bölgələrində məşhur bir yeməkdir. Şırnakda içli köftə qovrulmuş qiymə bulqurdan hazırlanır və xəmirinə doldurularaq qaynadılır, ya qızardılır. Qatıq və sousla süfrəyə verilir. Mehir kimi də tanınan Meyre, məşhur Şırnak şorbasıdır. Əzilmiş buğda, ayran, yumurta, balqabaq, çuğundurdan hazırlanaraq soyuq halda verilir.

Şımşıpe dünyaca məşhur türk dolmasının bir versiyasıdır, bu unikal dolma üçün badımcan, pomidor və balqabaq qiymə və düyü ilə doldurulur.

Şırnakda daha çox ünvana baş çəkmək imkanımız olmasa da, bura görməli məkanlardan biridir. Həm qədim tarixi, həm abidələri, eyni zamanda elə Mağara kəndi ilə. Çünki öyrəndik ki, bu kəndə böyük maraq var, onu görmək istəyənlərin sayı günü-gündən artır.

 

 

 

 





21.12.2023    çap et  çap et