525.Az

Uşaq mətbuatı və onun problemləri


 

Uşaq mətbuatı və onun problemləri <b style="color:red"></b>

Uşaq mətbuatı milli mətbuatın spesifik forması olub, böyük ideya və mənəvi tərbiyə vasitəsidir. Bu ədəbi proses özündə yeni dünyanın yaranmasını əks etdirməklə yanaşı, onun təşəkkülündə də aktiv iştirak edir. Balacaların və yeniyetmələrin dünyagörüşünün inkişafında, maraq dairəsinin genişlənməsində, əxlaq və mənəvi tərbiyəsində, xarakterinin formalaşmasında uşaq mətbuatının rolu böyükdür.

Bugün uşaq mətbuatının, o cümlədən, müstəqillik illərində yaranmış və ya fəaliyyətinə müxtəlif adlarla davam edən uşaq mətbuatlarının tədqiqi zəruri problemlərdən biridir.

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafında Dövlət Dəstəyi Fondunun "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" istiqamətli lahiyəsi çərçivəsində uşaq mətbuatının fəaliyyəti, problemləri ilə əlaqdar olaraq Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə bir neçə məqalələr hazırlanmışdı. "Şərq" qəzetinin 2013-cü il iyun ayının 11-ci sayında yerləşən məqalədə qeyd olunurdu: "Bu sahədə çalışan mətbuat nümayəndələrinin qarşısında yalnız oxucuya informasiya vermək vəzifəsi dayanmır, eyni zamanda onu cəmiyyətdəki pis meyllərdən, ünsürlərdən qorumaq, tərbiyələndirici funksiyası da dayanır. Unutmayaq ki, uşaqlar təbiəti, dünyanı, insanlara münasibəti, milli dəyərləri, vətən sevgisini, əxlaqı bizlərin vasitəsilə öyrənirlər.

Uşaq əsərlərinin yeni üsuli məktəb, yeni şagirdlər səviyyəsində işlənməsi ziyalıların diqqət yetirdiyi mühüm mövzulardan biri idi. Yeni metodik məktəblərdə istifadə olunan ədəbiyyat dərsliklərində uşaqların yaşına və zövqünə uyğun şeir və hekayələr, tarixi hadisələrə dair bədii təhlillər mühüm yer tutur. Amma indi o sahə o qədər də qənaətbəxş səviyyədə deyil".

Media eksperti Zeynal Məmmədlinin sözlərinə görə, müasir dövrdə uşaq mətbuatında yaranan problemlərin kökündə ali məktəblərdə kadr hazırlığının zəif olmasından irəli gəlir.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli uşaq mətbuatının diqqətdən kənar qaldığını vurğulayaraq deyir: "Azərbaycan mətbuatının problemləri elə uşaq mətbuatındakı problemlərdən başlayır. Çünki uşaq ağlı kəsən yaşdan oxumağa başlamalıdır. Bu günün uşaq mətbuatının oxucusu isə artıq gələcəkdə yetkin bir oxucu olacaq. Yəni bu, bir növ tərbiyədir. Bilirsiniz ki, oxumaq mədəniyyətdir və kiçik yaşlarından qəzet, jurnal oxumaq vərdişinə sahiblənməyən uşaq böyüyəndə də mətbuatdan qaçacaq. Uşaqların öz dili var, bizim dilimizdən tamam fərqlənir. Odur ki, uşaqlarla onların öz dilində danışmaq lazımdır". Uşaq mətbuatının xüsusi bir yanaşma tələb edən bir sahə olduğunu vurğulayan E.Mirzəbəylinin sözlərinə görə, uşaq mətbuatında adi jurnalistlər deyil, uşaq psixologiyasına yaxından bələd olan, onlarla ünsiyyət qurmağı bacaran jurnalistlər və yaxud psixoloqlar çalışmalıdır. İlk növbədə bu sahəni dövlətin stimullaşdırma olduğunu vurğulayan baş redaktor deyir ki : "Uşaq mətbuatındakı durğunluq həm də təhsil sistemimizdə olan problemlərlə bağlıdır. Zənnimcə, orta məktəblərin özü də uşaq mətbuatı sahəsində maraqlı olmalıdır. Eyni zamanda uşaq hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatları da bu sahəyə diqqət artırmalıdır".

Azərbaycan Yazıçılar Birliyinin uşaq şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadə də uşaq mətbuatı sahəsində Azərbaycanda vəziyyətin ürəkaçan olmadığı qənaətindədir. Qəşəm Nəcəfzadə qeyd edir ki: "Uşaq mətbuatına yeganə nümunə "Göyərçin" jurnalıdır ki, o da artıq öz gücünü itirib. Çox az tirajla çıxır". Q Nəcəfzadənin sözlərinə görə, uşaq mətbuatında bu durğunluq qayğısızlıqdan irəli gəlir. Amma bu qayğısızlıq dövlətlə əlaqəli olmadığını vurğulayan şair uşaq mətbuatının yox səviyyəsində olmasında ziyalıları və QHT-ləri günahlandırıb: "Uşaq ədəbiyyatının görkəmli xadimləri uşaq mətbuatına bir gün ağlamalı idilər. Mən bunu İlyas Tapdıq, Zahid Xəlildən gözləyirəm. Desəniz ki, bəs siz niyə bir iş görmürsünüz? Mən çox iş görmüşəm, sadəcə nə edim ki, "tək əldən səs çıxmır". Bütün açıqlamalarımda, çıxışlarımda bu məsələni qabartmışam. Uşaq mətbuatının inkişafı üçün aidiyyəti qurumlara müraciət edilməlidir ki, bu məsuliyyət də yuxarıda adını sadaladığım ziyalıların üzərinə düşür".

Həmin lahiyə çərçivəsində "Şərq" qəzeti

nin 23 yanvar 2013-cü il tarixli sayında Azərbaycan uşaq mətbuatının ən parlaq nəşrlərindən biri olan "Günəş" jurnalının baş redakoru Vasif Quliyev uşaq mətbuatı və onun problemləri haqqında deyir: "Uşaqlarla işləmək çox çətin və məsuliyyətlidir. Elə bu baxımdan da əvvəllər uşaq yazarlarına daha çox qonorar verirdilər. Təəssüflər olsun ki, nə valideynin, nə də uşaqların jurnal almağa, oxumağa marağı var. Çünki son 20 ildə uşaqlar maraq dairələrini başqa səmtlərə yönəldiblər. Məsələn, kompüter çıxandan sonra belə şeylərə maraq getdikcə azalıb. İndi jurnal oxuyan yoxdur. Bu da yəqin valideynlərdən gələn təbliğlə, tərbiyədən asılı olan bir şeydir. Valideyn də neyləsin axı. Pulu olanın ağlı yoxdur, ağlı olanın pulu. Elə kasıb ailələr var ki, uşaqları jurnalı oxumaq istəyir, amma aylıq abunəsi 7 manat 20 qəpik olduğu üçün abunə yazılmağa imkanları çatmır. Halbuki ən ucuz qiymətə bizim jurnaldır. O birilər bundan qat-qat bahadır".

Müasir uşaq mətbuatının ən böyük problemlərindən biri də satışdır. Vasif Quliyev bu problemə münasibətini kəskin şəkildə belə ifadə etmişdir: "Satış bizim ən yaralı yerimizdir. Heç kəs bu işə baxmır. Nazirlik qətiyyən maraqlanmır. Ölkədə təxminən 2 milyondan yuxarı şagird var. Azərbaycanda da cəmi üç uşaq mətbuatı fəaliyyət göstərir. Biri bizim jurnaldır, o biri "Savalan" qəzetidir, digəri də "Göyərçin" jurnalıdır. Yəni düzgün işləyən, qanuni fəaliyyət göstərən və maliyyələşən bunlardır. İndi o qədər adam var ki, müxtəlif qəzet və jurnal açırlar. Amma onların hamısı boş şeydir. Məhz adını çəkdiyim üç jurnal dövlət büdcəsindən maliyyələşir. Düzdür, bizə ayrılan vəsait bizi qane etmir, çox azdır. Əvvəllər daha yaxşı idi. Jurnalımız 165 min tirajla çıxırdı. Hər ay bir dəfə nəşr olunan jurnalın qiyməti cəmi 60 qəpikdir. Onu da abunə yolu ilə məktəblərdə minbir əziyyətlə satmağa çalışırıq. Köşklərdə də jurnalı satışa qoymuruq. Çünki köşklər satış pulunun 48 faizini tələb edir. Onda gərək biz jurnalın qiymətini artıraq ki, yarısını onlara verək. Onda da şagirdlər bahalı jurnalı ala bilməyəcəklər. Ona görə də jurnalın satışa çıxarılması əmələ gəlmir. Çox az sayda jurnalın abunə yazdırılmasına nail ola bilirik. Təhsil naziri Misir Mərdanov deyir: "Mən onlara nə deyirəm ki, aparıb jurnalı qoysunlar məktəbin foyesinə, kim istəyər gedib alar. Belə şey olar? Bunlar necə adamlardı ki, 80 illik tarixi olan uşaq jurnalının məktəblərdə satışına icazə vermirlər".

1984-cü ildən "Günəş" jurnalında işləyən Vasif Quliyev yeni çıxan uşaq jurnalları ilə əlaqdar olaraq qeyd edir ki: "Adını çəkdiyim jurnallar və qəzetdən başqa nəşr olunan uşaq nəşrlərinin hamısını divar qəzetləri adlandırıram".

Hər bir sahədə olduğu kimi bu sahədə də müəyyən çatışmazlıqlar, bazar problemi və abunə çatışmazlıqları kimi problemlər var.

"İki sahil" qəzetinin 2011-ci il 16 aprel nömrəsi "RİA-Novosti" İnformasiya Agentliyində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası "Uşaq mətbuatı bu gün: problemlər, perspektivlər" mövzusunda konfrans keçirildiyi haqqında məlumat vermişdir. Tədbirdə AJQA-nın prezidenti Sevil Yusifova, Milli Məclisin deputatı, Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, "İki sahil" qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasında "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Bala dili" və "Elli boya" jurnallarının baş redaktoru, yazıçı Gülzar İbrahimova iştirak edirdi.

Bu konfransın keçirilməsinin əsas məqsəd uşaq mətbuatının indiki durumuna nəzər yetirmək və mövcud olan problemləri aradan qaldırmaq üçün müzakirələr aparmaqdır.

Müstəqillik qazandıqdan sonra uşaqların milli-mənəvi ruhda böyüməsi üçün dövlət proqramlarının həyatə keçirildiyini vurğulayan AJQA-nın rəhbəri dövlət başçısı İlham Əliyevin fərmanı ilə 2009-cu ilin "Uşaq ili" elan olunmasını əlamətdar hadisə kimi qiymətləndirirdi. Məhz buna görə də uşaq ədəbiyyatının nəşri üçün büdcədən kifayət qədər maliyyə vəsaitinin də ayrıldığını diqqətə çatdırmışdır.

Televiziya kanallarında uşaqların tərbiyəsinə mənfi təsir göstərən veriliş və filmlərin nümayiş etdirilməsinə etirazını bildirən millət vəkili Gülər Əhmədova eyni zamanda diqqətə Avropa ölkələrində axşam saatlarında qədər bu səpkili filmlərin yayılmamasına xüsusi önəm göstərildiyini çatdırdı.

Bu konfransda həmçinin "Göyərçin" jurnalının baş redaktoru Rafiq Yusifoğlu, "Elli" və "Bala dili" jurnallarını baş redaktoru Gülzar İbrahimova iştirak etmiş, müasir dövrümüzdə uşaq mətbuatının cəmiyyətdəki rolunu artırmaq, onların dövriliyini sabitləşdirmək, bu sahədə olan problemlərin aradan qaldırılması üçün dəyərli fikirlər səsləndirmiş və təkliflər vermişdirlər.

Professor Zahid Xəlil uşaq jurnallarının bugünkü vəziyyəti ilə əlaqdar öz müsahibəsində bildirmişdir: "Düzü, bu gün uşaq jurnallarının sayını bilmirəm. Keçmişdən qalan "Günəş", "Göyərçin", "Tumurcuq", Gülzar nənənin təsis etdiyi "Elli" jurnalları maraqlıdır. Arada çıxıb, sonra yoxa çıxan jurnallar da oldu. Mən özüm "Fındıqburun" adlı jurnal buraxmaq istəyirdim. Heç yerdən maliyyə dəstəyi ala bilmədim. İndi hətta dövlətin pul ayırdığı uşaq jurnallarını da paylayıb qurtara bilmirlər. Maraq yoxdur. Görünür, biz daha uşaqları maraqlandıran mövzularda yaza bilmirik".

Bu sahənin üzləşdiyi əsas problemlərdən biri bazar problemləridir. Uşaq mətbuat şirkətləri məhsulları üçün əlverişli bazar tapmaqda çətinlik çəkirlər. Bu, əsasən, uşaq mətbuatının əksəriyyətinin bazar ölçüsünü məhdudlaşdıran müəyyən bir yaş qrupuna yönəldilməsidir. Bundan əlavə, sənaye yüksək rəqabətlidir, çoxsaylı oyunçular eyni bazar payı üçün yarışır. Nəticədə, uşaq mətbuatı şirkətləri müştəriləri cəlb etmək üçün qiymət, keyfiyyət və məzmun üzrə rəqabət aparmalı olurlar.

Uşaq mətbuat sənayesinin üzləşdiyi digər problem abunə çatışmazlığıdır. Uşaq mətbuatı şirkətləri gəlir əldə etmək üçün böyük ölçüdə abunələrə etibar edirlər. Bununla belə, abunə tarifləri illər keçdikcə azalır və bu, sənayeyə mənfi təsir göstərir. Abunəliklərin azalması, əsasən, ənənəvi mediaya daha əlçatan və sərfəli alternativlər təqdim edən rəqəmsal medianın yaranması ilə əlaqələndirilir.

"Sehrli dünya" uşaq jurnalının baş redaktoru Gülzar İbrahimovanın sözlərinə görə, uşaq media sənayesinin qarşısında duran əsas problemlərdən biri uşaq jurnallarının yayım şirkətlərində və köşklərdə satışının mümkünsüzlüyüdür. Bu hədəf auditoriyaya çatmaq üçün vacib olan uşaq jurnallarının yayılmasına təsir edən əhəmiyyətli bir problemdir.

 

 





21.12.2023    çap et  çap et