525.Az

Poeziyada qış: soyuq fəsildə şeir hərarəti - Şahanə Müşfiq yazır


 

Poeziyada qış: soyuq fəsildə şeir hərarəti - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

21 dekabrı 22 dekabra bağlayan gecədə ömrümüzə daha bir qış fəsli təşrif buyuracaq. Bəli, həyatımızdan, bu dünyadan gəlib-keçən milyonlarla insandan fərqli olaraq, bizə tale daha bir qış fəslini yaşamağı qismət edib, demək ki...

Günlərdir yaz, payız və qış fəsli arasında var-gəl edən, özünün çaşqınlığı ilə bizi də çaş-baş qoyan ana təbiət də, yəqin ki, bu gecədən sonra özünün qış üzünü göstərəcək bizə.

Qış deyəndə, sizin də ağlınıza hər şeydən öncə bu fəslin yaratdığı çətinliklər, qar, çovğun, aramsız yağışlar, hər tərəfi bürüyən palçıq, buz tutmuş yerlər, təbiətin yuxulu səssizliyini pozan külək gəlirmi?! Amma ki, əslində, qış özünün ağappaq qarı, ən çox da uşaqları sevindirən qartopu mövsümü, özü ilə birgə gətirdiyi yeni illə nə qədər sevimli, nə qədər həzindir.

Bəs ədəbiyyat, bəs mütaliə.?! Onlar üçün qış fəsli nədir?

Məncə, qış mütaliənin, sənətin əsl vaxtıdır. Bəlkə də təbiətin səssiz donuqluğuna qarışan insanların qaynar iş həyatı bəzi yaradıcı adamları öz bədii yaradıcılıqlarından uzaq sala bilir, amma çöldə tüğyan edən küləyin acığına isti evində, əllərini, dodaqlarını isidən qaynar çayla həmahəng ruhuna istilik bəxş edən kitabları mütaliə etməkdən gözəl nə ola bilər ki...

lll

Mənimçün qış həm də uşaq vaxtı ədəbiyyat kitablarından oxuduğumuz bir-birindən gözəl şeirlər, nağıllar, hekayələrdir. Çöldə yağan qarı, ruhumuzu üşüdən küləyi kitablarda şairlərin, yazıçıların dili ilə sevmək nə böyük möcüzə imiş, sən demə...

Şair Mirmehdi Seyidzadə öz məşhur şeirində nə gözəl həvəsləndirirdi bizi qartopu oynamağa:

 

Qara bax, qara,

Gör necə yağır.

Çıxsan bayıra,

Məni də çağır.

Qalın geyinək,

Həyətə çıxaq.

Qartopu yığaq.

Top-top oynayaq.

 

Amma heç də bütün uşaqlar M.Seyidzadənin şeirindəki qəhrəmanlar kimi sevməz ki qarı. Yəqin çoxumuz xatırlayırıq Mirzə Ələkbər Sabirin "Uşaq və buz" şeirindəki dərsə gedən uşağın qışla, buzla imtahanını. Heç o da sevməmişdi, deyəsən, qışı, axı yağan qar onu əməlli-başlı incitmişdi. Amma buza hədəsindən də qalmamışdı qoçağımız:

 

Sən nə yamansan, a buz?

Adam yıxansan, a buz!

Az qalıb ömrün sənin,

Yaz gələr, artar qəmin,

Əriyib suya dönərsən,

Axıb çaya gedərsən!

 

Kövrək ruhlu şairimiz Mirvarid Dilbazi isə oxucularını inandırır ki, vətənimizdə hər fəsil kimi qışın da başqa zövqü var:

Səfalıdır bizim Vətən.

Nə xoş gəlib bu qış, bu qar

Qışın da başqa zövqü var.

Qar altda yatdı tarlalar,

Dümağ geyindi çöl, düzən.

Səfalıdır bizim Vətən.

Bir də Əhməd Cəmil səmimiliyi hopmuşdu uşaqlığımızın qışına. İkinci Dünya müharibəsindən, müharibənin məhrumiyyətlərinə qarışan qışın soyuğundan danışarkən belə həzindi, kövrəkdi, ürəyi isidən idi. "Ay nənə, bir nağıl de" şeirindəki balacanın ata həsrəti nənənin mülayim təsəllilərinə qarışıb qışın ruhu üşüdən soyuğuna meydan oxuyur, küləyin qulaqbatıran ulartısını susdururdu:

Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;

Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.

Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir...

- Qar yağırmı?

- Elə yağır... sazaq qılınc tək kəsir...

Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;

Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.

 

Nənə yığır düyünçəyə iynəsini, sapını,

Külək hərdən taqqıldadır pəncərəni, qapını.

Körpə çəkir təzə, güllü yorğanını üzünə,

Gözlərini yumur... amma yuxu getmir gözünə.

 

- Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?

- Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur...

lll

Qış təkcə uşaq ədəbiyyatının mövzusu deyil, əlbəttə. Şair və yazıçılarımız qışın fəlsəfəsini, onun xarakterik xüsusiyyətlərini öz əsərlərində o qədər təbii və dəqiq əks etdiriblər ki, oxuduqca insanın soyuğa, qara sevgisi artır. Məsələn, poeziyamızın unudulmaz adlarından Xalq şairi Musa Yaqub bizə öyrətdi ki, qarın soyuqluğunu təmizliyinə bağışlamaq olarmış:

Ulduz tək üstümə səpələn, ey qar,

Geyindir əynimə ağappaq donu.

Sənin ki, bu qədər təmizliyin var,

Bağışlamaq olar soyuqluğunu.

Ulduz tək üstümə səpələn, ey qar.

Belə təmizlikdən isinmək olar.

 

Ölkəmizin ən soyuq regionlarından olan Qubada doğulub dünyanı Qubanın rənglərində öz poeziyasında əks etdirməyi bacaran şairimiz Ramiz Qusarçaylı isə qarı hər dəfə yeni imiş kimi görməkdən, onun xüsusiyyətlərini yadırğamaqdan çox uzaqdır. O, bu qarın dünyayla yaşıd olduğunu çox yaxşı bilir çünki:

 

Qar qovur küləyi o dağ-bu dağda,

Sovrulur, səslənir dərə tabaqda,

Beləcə yağırdı min il qabaq da

Bu qar köhnə qardı,

çox qoca qardı...

 

Arif Buzovnalının "Qar dənəsi" isə torpağa həsrət, amma vüsalından qorxan qardır. Axı onun torpaqla qovuşması əhvalını, kimliyini dəyişməyə səbəb olacaq:

Yerə çatsa dönəcək göz yaşına, yaxşı bilir,

Bu vüsaldan elə qorxur, çəkinir qar dənəsi.

Uzadır ağ əlini torpağa tənbəl-tənbəl,

Arzuya çatmağa sanki ərinir qar dənəsi.

Soyunur torpağa yetdikcə gəlinlik geyimin,

Su olub adi libasın geyinir qar dənəsi.

 

Bu misralar sizə də bir az öncə misal çəkdiyimiz Sabirin qarı hədələyən qəhrəmanını xatırlatdımı?! O, uşaq saflığı ilə qarın suya dönməsinə sevinsə də, A.Buzovnalının qəhrəmanı qar dənəsinin bu həzin qorxusunu yaxşı anlayır.

lll

Amma hamı qışı, qarı eyni sevgi ilə sevmir axı. Xüsusən, yazın həlimliyinin, yayın istisinin pərəstişkarları üçün qışın soyuğu sanki bir cəhənnəmdir, uzanan gecələr bitməz kabusdur.

Məsələn, Leyla Əliyevanın qəhrəmanı "Yay" şeirində yayın istisini, yamyaşıl təbiəti çox sevdiyini gizlətmir. Amma yaydan sonra gələcək payızın yağışlarına, xüsusən isə qışın soyuğuna heç dözümü yoxdur. Yoxsa etiraf etməzdi ki:

 

Amma bu fevraldan lap zəhləm gedir,

İyirmi doqquz gün uzanır nəsə.

Həqiqətən də maraqlıdır, ilin ən qısa ayı olan fevralın 28-29 günü nədənsə, heç bitmək bilmir, uzandıqca uzanır. Səbəb təkcə qışın soyuğudurmu, yoxsa özündən əvvəlki dekabr, yanvar aylarının güdazına gedir fevral? Çox istədiyiniz bir yerə gedərkən, çatmağa az qalmış yol sanki uzanar, bitmək bilməz ha, bax, fevral da mənə o çataçatda uzanan yol kimi gəlir həmişə. Özündən sonra yazın müjdəçisi mart gələcək, Novruzla yatmış təbiət yenidən oyanacaq, bədənimiz kimi ruhumuzu da isidəcək günəş səmada yenidən baş qaldıracaq. Bəs bunlara çatmaq üçün fevral bitməlidir axı. Məncə, bax, bu səbirsizlikdir cəmi 28-29 günlük fevralı gözümüzdə uzadan, sonsuz göstərən.

lll

Bəli, bu gün qış fəsli öz soyuğu, qarı, çovğunu, amma yeni ümidlər vəd edən Yeni təqvim ilə ömrümüzə təşrif buyurur. Yəqin ki, elə də çox qar üzü görməyən Bakıya hər qar yağanda xatırladığımız Adil Mirseyidin "Qar eskizi"ni bu qışda da yada salmaq, təmizliyi ilə göz oxşayan qara baxa-baxa dilimiz altında vird etmək qismətimiz olacaqdır:

 

Qar yağır

Qar yağır

Qar yağır

Qar yağır

 

...Qara çörək

Bəyaz pendir

Qırmızı çaxır

 

Qar yağır

Qar yağır

Qar yağır

Qar yağır...

 

 

 





21.12.2023    çap et  çap et