525.Az

Andına, amalına sadiq qalan şəhid


 

Andına, amalına sadiq qalan şəhid<b style="color:red"></b>

İllər uzunu uğradığı haqsızlıqlara, düçar olduğu ədalətsizliklərə, başına gətirilən müsibətlərə, hər cür məhrumiyyətlərə baxmayaraq, gözlərindəki yaşı, dizlərindəki toz-torpağı, alnından axan qanı əllərinin tərsi ilə silib ayağa qalxan, varlığını başda düşmənləri, ona bu acıları yaşadanlar olmaqla, bütün dünyaya sübut edən və nəhayət, zorla əlindən alınmış torpaqları yenə də əllərinin, qollarının gücü ilə geri qaytarıb tam, bütöv Azərbaycan olmağı bacaran bir xalqın, bir ölkənin övladı olmaq sonsuz qürur və fəxarət mənbəyidir...

Düz üç il öncə müasir dünya tarixində görünməmiş böyük qələbə ilə Vətən müharibəsində qalib gələn, bir neçə ay öncə isə ərazi bütövlüyünü tam şəkildə bərpa edən Azərbaycanımızın bu qələbəsi cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və rəşadətli ordumuzun cəsarətinin nəticəsidir. Düşünən beyinlə vuran əl birləşdikdə ortaya haqqın, ədalətin bərpası çıxırmış, demək ki...

Cəmi 44 gündə ildırım sürəti ilə torpaqlarımızı qarış-qarış, ev-ev, kənd-kənd, qəsəbə-qəsəbə, rayon-rayon düşməndən azad edən məğrur ordumuzun cəsur əsgərlərindən biri də bu böyük qələbədə imzası olan əziz şəhidimiz Rəşad Kazımovdur. O Rəşad Kazımov ki, ta uşaqlığından hərb sənətinə könül vermiş, işğalda olan torpaqlarımızı azad edəcəyinə and içmişdi. Andına sadiq qalanlardan, sözünü canı bahasına tutanlardan oldu Rəşad da...

lll

Rəşad Nüsrət oğlu Kazımov 1989-cu il dekabrın 21-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Hərbi xidmətini layiqincə başa vuran Rəşad hərbçi olmaq arzusu ilə xidmətini davam etdirmək qərarına gəlir və müddətdən artıq həqiq hərbi xidmət qulluqçusu kimi ordu sıralarında qalır.

Füzuli rayonunun Vətən müharibəsində şəhid olan 76 igidindən biri idi Rəşad. Onlardan ən çox şəhid verən isə elə Rəşadın doğulduğu Bala Bəhmənli kəndidir ki, 11 qəhrəman gənci torpaqlarımızın azadlığı uğrunda canından keçib.

Vətən müharibəsinə ilk gündən qatılan Rəşad doğulduğu Füzuli rayonu istiqamətində döyüşlərə atılır və Hadrut, Füzuli, Xocavənd və Şuşa istiqamətlərində həm sürücü kimi, həm də əldə silah qəhrəman əsgər kimi döyüşür.

Anası Mərziyə xanım deyir ki, Rəşadın bircə amalı var idi: torpaqlarımızı mənfur düşmənin işğalından azad etmək. O, anasının, ailəsinin "evə gəl" çağırışlarına da "torpaqlarımızı azad edək, sonra gələcəyəm" deyə cavab verərmiş. Onun bu arzusu elə özünün də iştirakçısı, qəhrəmanı olduğu Vətən müharibəsində gerçəkləşdi, amma təəssüf ki, özü qələbə gününü görmədi. Belə ki, sonuncu dəfə ailəsi ilə oktyabrın 24-də əlaqə saxlayan Rəşad Kazımov bir gün sonra Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

lll

Təsadüfi deyil ki, qəhrəman şəhidimizin bu şücaəti, vətən sevgisi ailəsindən gəlirdi. Onun dayısı I Qarabağ müharibəsi iştirakçısı olub, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. O deyir ki, bizə zamanında torpaqlarımızı azad etmək qismət olmadı, amma mənim bacım oğlanları bu şərəfə nail oldular, onlar bizim də başımızı uca etdilər.

Bəli, Rəşad ailənin tək hərbçi oğlu deyildi. Onun qardaşı Qurban da hərb sənətini seçən igidlərimizdəndir. Kazımovlar ailəsinin Vətən müharibəsində iştirak edən iki oğlu var idi. Amma Qurban bu müharibənin iştirakçısı olmağından daha çox qardaşının şəhadəti ilə fəxr edir.

Şəhidimizin Rəsul və Əsma adlı iki gözəl balası vətənə, xalqımıza əmanətdir. Həyat yoldaşı Leyla xanım deyir ki, övladlarım mənə Rəşadın yadigarıdır və mən onları şəhid atalarının adına layiq şəkildə böyüdəcəyəm, onlar hər zaman qəhrəmanın övladları olduğunu bilib, onunla fəxr edəcəklər.

Qeyd edək ki, igid şəhidimizin şücaəti hər zaman dövlətimizin diqqətindədir və o, ölkə başçısı tərəfindən şəhadətindən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bu gün əziz şəhidimizin doğulduğu gündür. Yaşasaydı, 34 yaşını qeyd edəcəkdi. Amma o, 31 yaşında ikən böyük bir xalqın qəhrəmanına çevrilməyi bacardı.

Allah rəhmət eləsin!

 

 





21.12.2023    çap et  çap et