525.Az

"Xankəndidə "Qarabağ"ın oyunun şahidi olmaq insanın gözlərini yaşardır" - Rəşad Məcid


 

"Xankəndidə "Qarabağ"ın oyunun şahidi olmaq insanın gözlərini yaşardır" - <b style="color:red"> Rəşad Məcid</b>

Xankəndi stadionunda "Qarabağ"la MOİK arasında tarixi qarşılaşma keçiriləcək. Əli Əliyevin idarə edəcəyi oyun olduqca böyük rəmzi məna daşıyır.

525.az xəbər verir ki, oyunu izləmək üçün minlərlə azarkeş Xankəndiyə gedib. Onların arasında bir sıra tanınmış adamlar da var.

Modern.az hazırda Xankəndidə olan Mətbuat Şurasının sədri Rəşad Məcidlə əlaqə saxlayıb. 

Rəşad Məcid açıqlamasında deyib ki, Xankəndiyə səfər etmək üçün dünən təyyarə ilə Füzuliyə gediblər.

"Mən yayda Şuşada keçirilən Media Forumda olmuşdum. Onda Cıdır düzündən baxanda separatçıların yaşadığı məkanlar gözümüzün qarşısında dayanırdı. Dünən biz "Qarabağ" komandasının tərkibində, onun bir neçə azerkeş və dəstəkçiləri, Xalq artisti Fəxrəddin Manafov, millət vəkili Aqil Abbas və digər tanınmış ziyalılarla Füzuliyə uçduq. Qırmızı Bazardan Xankəndinin yanından keçərək Şuşaya gəldik. Şuşanı gördük. Bir daha xoşbətlik nəsib oldu. Səhər tezdən mən yenə Cıdır düzünə getdim. Oradan Xankəndiyə baxdım. Azərbaycanın tam suverenliyini bərpa etməsindən sonra ilk dəfə idi ki, Cıdır düzündən aşağı bu mənzərənin şahidi olurdum. Biz təyyarədə gələrkən bələdçilər tarixi oyunun şahidi olacağımızı söylədilər. Doğrudan da, bu bir tarixdir. İnanılmaz və yuxu kimi gəlir adama. İşğal illərində Şuşa ilə bağlı fikirləşirdim, xəyallar qururdum. Ancaq heç vaxt ağlımıza gəlməyən hadisələr oldu. Xankəndi separatçılardan təmizləndi və bu gün orada “Qarabağ” Futbol Komandası ilə MOİK qarşılaşırlar. Bunun simvolik mənaları da əlbəttə var. Mərkəzi Ordu İdman Klubu bizim hərbçilərin komandasıdır. “Qarabağ” Ağdamın komandasıdır və vaxtilə bu stadionda da oyunlar keçirib. Bu tarixi hadisənin iştirakçısı olmaq insanın gözlərini yaşardır, ürəyini qubarlandırır. İnsana böyük qürur hissi gətirir".

R.Məcid hansı komandanın qalib gələcəyi məsələsinin ikinci dərəcəli olduğunu vurğulayıb: "Hesab edirəm ki, Azərbaycan özünün ən şərəfli və qürurlu dövrünü yaşayır. Biz hamımız qürurlu inkişaf edən Azərbaycana öz töhfəmizi verməliyik. Bugünkü oyunda məsələ kimin qalib gəlməsi deyil. Bu, məsələ ikinci dərəcəlidir. “Qarabağ” komandası uzun illər Ağdam işğalda olarkən Qarabağ və Ağdamı təmsil edib, hörmət gətirib. Bu baxımdan “Qarabağ”ı ilk dəfə Azərbaycan tarixində Avroliqanın “play-off”una düşməsi münasibətilə təbrik edirik. Daha böyük uğurlar arzu edirik. Suverenliyini tam təmin edən Azərbaycanın futbol komandaları dünya stadionlarında gücümüzü göstərməlidirlər. Hamımıza uğurlar, Hamımıza təbriklər!"

 





21.12.2023    çap et  çap et