525.Az

ASCO Qara və Aralıq dənizlərində üzən gəmilərinin sayını artırmaq istəyir


 

ASCO Qara və Aralıq dənizlərində üzən gəmilərinin sayını artırmaq istəyir<b style="color:red"></b>

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Qara və Aralıq dənizlərində üzən gəmilərinin sayını artırmaq istəyir".

525.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədrinin müavini Zaur Nağıyev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) Mərkəzi Asiya və Qafqaz regionunda logistik funksiyalarının gücləndirilməsi məqsədilə məlumat toplanması üçün Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin təyin etdiyi “Yachiyo Engineering Co, Ltd” beynəlxalq məsləhətçi şirkətinin əməkdaşları ilə görüşdə bildirib.

Məsləhətçi şirkətin nümayəndələrinə Gəmiçiliyin tarixi, fəaliyyəti, eləcə də donanmaların yenilənməsi istiqamətində görülən işlər barədə video-təqdimat göstərilib.

Z.Nağıyev qeyd edib ki, Prezident İlham Əliyev ASCO-nun Xəzər dənizində və Xəzərdənkənar sularda fəaliyyətinin genişləndirilməsi və donanmaların yenilənməsi istiqamətində mühüm tapşırıqlar verib. Bu baxımdan istər Orta Dəhlizin inkişafı ilə bağlı, istərsə də Qara və Aralıq dənizlərində gəmilərin sayının artırılması üçün ASCO davamlı tədbirlər həyata keçirir.

Sədr müavini əlavə edib ki, ASCO-nun Müşahidə Şurasının konseptual olaraq qəbul etdiyi Strategiya çərçivəsində donanmanın yenilənməsinə dair İnvestisiya Planı təsdiq edilib. Bu Plana əsasən Orta Dəhliz də nəzərə alınaraq həm quru yük gəmiləri, həm də RoPax tipli gəmi-bərələrin alınması və istismara verilməsi prosesi davam etdiriləcək.

“Yachiyo Engineering Co, Ltd” şirkətinin nümayəndəsi Horii Toshiaki Orta Dəhlizin əhəmiyyətinə toxunaraq marşrutun effektivliyinin artırılması məqsədilə Azərbaycan, o cümlədən ASCO tərəfindən görülən işləri yüksək qiymətləndirib.

Görüş Mərkəzi Asiya və Qafqaz regionunda Orta Dəhlizin logistik funksiyalarının gücləndirilməsinə dair imkanlar, o cümlədən problemlər və yeni çağırışlar ətrafında fikir mübadiləsi ilə davam edib.

 





22.12.2023    çap et  çap et