525.Az

Ruhu ilə insanı heyran edən şəhər


 

Ruhu ilə insanı heyran edən şəhər<b style="color:red"></b>

Qardaş Türkiyənin Cənub-Şərq hissəsinə təşkil edilən (Türkiyə Turizm Təşviqat və İnkişaf Agentliyi) səfərimizin son dayanacağı Siirt şəhəri oldu. Etiraf edim ki, Siirt insanı bir başqa cür heyran edir. Bu şəhərdə fərqli aura, bir çəkicilik, həm də canlılıq var.  Şəhər sanki qaynayır. Sakinlərinin olduqca mehriban və qonaqpərvərliyi isə Siirti daha cəzbedici edir.

Qədim Mesopotamiya torpaqlarında və əfsanəvi İpək Yolu üzərində yerləşən Siirt özünün 12 min illik tarixi ilə sivilizasiyalar arasında həm də bir körpüdür. Bir müddət Nestorian Patriarxlığının mərkəzi olan bu şəhər saysız-hesabsız mübarizələrə şahidlik edib. 7-ci əsrdən sonra Şərq sivilizasiyasının mühüm mərkəzi olaraq ortaya çıxan Siirt, İslam coğrafiyasında mədrəsələri və elmi araşdırmaları ilə şöhrət qazanıb, çoxsaylı alim, yazıçı, coğrafiyaşünas, astronom, təbib və liderlər yetişdirib.

Siirtə Türkiyənin bəzi iri şəhərlərindən uçuşlar həyata keçirilir. Eyni zamanda şəhərə həm quru yolla, həm də məşhur Kurtalan Ekspres qatarı ilə gəlmək mümkündür.

 

Siirt Saat Qülləsi

 

Siirtdə mütləq görülməli olan yerlər çoxdur. Amma bu reportajda ən əsas gəziləcək yerlərdən danışacam. Onlardan biri Saat Qülləsidir. Bu qüllə şəhərin simvolu hesab edilir. Siirtə gələnlər mütləq Saat Qülləsi olan əraziyə baş çəkirlər. Ümumiyyətlə, saat qüllələri Türkiyədə tarixi bir ənənədir. Digər böyük şəhərlərdə də belə qüllələr var.

Siirtdəki təxminən 889 il əvvələ aid olan Ulu Məsciddə 250 illik bir saat olub. Bu saata üç nəsil boyu bir ailə tərəfindən baxılıb və təmir edilib. 1974-cü ildə Hökumət prospektində, keçmiş qubernatorluğun binasına bitişik saat qülləsi tikilib. İndiki qüllənin yerində 1905-ci ildə Ələddin Paşa tərəfindən istifadəyə verilmiş başqa bir qüllə var idi, lakin əvvəlki qüllə zamanla dağıldı. Vaxtilə Ulu camidə qoyulmuş tarixi saat indi bu qüllədə quraşdırılıb.

 

Ulu cami

 

Şəhərdə görüləcək yerlərdən daha biri olan Ulu cami olduqca qədim tikilidir. Hətta onun tikilmə tarixi belə dəqiq məlum deyil. O bəllidir ki, müqəddəs məkan 1129-cu ildə Səlcuqlu əmrlərindən olan Maguziddin Mahmud tərəfindən ilk dəfə təmir olunub. Camidə olarkən məlumat verildi ki, orijinal məscid əvvəlcə Səlcuqlu arxitekturasının memarlıq tərtibanı nümayiş etdirirdi. Zaman keçdikcə tikili təkmil bir məscidə çevrilib.

Aparılan bərpa işləri zamanı mərkəzi quruluşun orijinal planına sadiq qalaraq yan hissələrdə və ətrafda yeni tənzimləmə aparılıb. Bərpa zamanı naxışlı bəzəkləri olan mehrabların üstü açılıb.

Məscidin qoz ağacından hazırlanmış və Ankara Etnoqrafiya Muzeyində nümayiş etdirilən möhtəşəm minbəri misilsiz nümunədir. Əsl kündekari texnikası (taxta ilə işlənməklə dekorativ sənət üsulu) ilə yaradılmış minbər beşbucaqlı və beşguşəli ulduz naxışları ilə haşiyələnmiş nəbati motivlərlə bəzədilib. Camidə beş mehrab var, onlardan biri Səlcuqlu memarlığının motivləri ilə bəzədilmiş uşaqlar üçün nəzərdə tutulub. Məlumat verildi ki, hər gün caminin altından və ətrafından 500 tona yaxın su çıxmaqdadır. Bu su axışına, zəlzələlərə rəğmən, cami heç bir zərər çəkməyib. Həmin su gündəlik olaraq çəkilir. Cümə günləri bura belə desək, qaynayır. Camiyə çoxsayda ziyarətçi gəlir. Ümumilikdə müqəddəs məkan min nəfər üçün nəzərdə tutulub. Bura Anadolunun ən qədim və böyük camisidir. Minarəsinin Türkiyədə oxşarı yoxdur. Amma minarə Buxaradakı qədim Kolon minarəsinə bənzəyir. 

 

İsmail Fakirullah Türbəsi

 

Növbəti ziyarət etdiyimiz yer olan bu türbə Siirtin Tillo rayonundadır. Sufi İbrahim Haqqının müəllimi İsmayıl Fakirullahın məzarını işıqlandırmaq üçün yaratdığı işığın sınma mexanizmi 2015-ci ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib. İbrahim Hakkı məqbərəni 17-ci əsrdə İsmayıl Fakirullah üçün tikdirib.

Ordakı yazı olan kitabədə deyilir: "Ağam üçün doğmayan günəşlə mən nə edim?"

21 mart və 23 sentyabr gecə-gündüz bərabərliyi günlərində günəşin ilk işığı türbənin qülləsinə tam şəkildə quraşdırılmış reflektora çarpılır və qüllədəki mexanizmdən İsmayıl Fakirullahın məqbərəsindəki məzarı işıqlanır.

 

Tillo Qalası - Şüşə Müşahidə Terrası

 

Şəhər mərkəzindən bir qədər aralıda isə Tillo qalası yerləşir. Bu qala gözəl Botan vadisinə baxır. Şüşə müşahidə terrası vadidən 1100 metr yüksəklikdə yerləşir. Poladdan tikilmiş terrasın uzunluğu 7 metr, eni isə 5 metrdir. Ziyarətlər zamanı göyərtədə maksimum 30 nəfərə icazə verilir.

Biz orda müşahidə edərkən şəhərin üzərini tam duman almışdı...

 

Cas Evləri

 

Siirt həm də cas evləri ilə məşhurdur. Cas Evləri Siirtin xalq memarlığının ən görkəmli nümunələrindən birini təmsil edir. Evlər bölgədə tapılan, yandırılan, üyüdülən və xüsusi məhlul hazırlamaq üçün emal edilən əhəngdaşı növünə görə adlandırılıb. Cas Evləri ümumiyyətlə iki və ya üç mərtəbəli hündürlükdədir, yuxarıya doğru daralmış kvadrat prizma kimi formalaşır, düz terras damları var. Təxminən 50 il əvvəl tikilmiş bu fərqli, yerli tikililər şəhərin müxtəlif yerlərində üstünlük təşkil edir və Siirtə "ağ şəhər" ləqəbi verir. Bu evlərin divarları yayda istidən, qışda soyuqdan qorunmaq üçün tikilir, düzbucaqlı pəncərələri kiçik ölçüyə malikdir.

Siirtdə mədəniyyət mərkəzinin qonağı olduq və burada yerli sənətçilərin ifasında gözəl musiqiləri, o cümlədən, Azərbaycan musiqilərini böyük zövqlə dinlədik. Yeri gəlmişkən, mahnılarımız bu bölgədə çox sevilir.

 

Məşhur Büryan kababı, bal, üzüm və daha nələr

 

Siirt öz keyfiyyəti və fərqli ləzzəti ilə seçilən müxtəlif yerli məhsullara malikdir. Pervari balının ən vacib xüsusiyyətlərindən biri onun müxtəlif florası - yüzlərlə çiçək və bitki arasında yaşayan arılar tərəfindən istehsal edilməsidir. Siirtin Pervari rayonunun dağlıq ərazilərində istehsal olunan bal Türkiyənin ən qiymətli karakovan (qara pətək) balı sırasında sayılır. Hər kəsə, xüsusən də ürək, qaraciyər, bağırsaq və ya mədə pozğunluqları, qan təzyiqi və ya qan dövranı problemləri və damar xəstəlikləri olanlar üçün çox tövsiyə olunur.

Siirt həm də püstəsi ilə məşhurdur. Asiya, Avropa və Afrika da daxil olmaqla 20 ölkəyə ixrac edilən Siirt püstəsi böyük ləpələri və asanlıqla qırılan qabıqları ilə də çox tanınır. Siirt püstəsindəki yağ və zülal insan orqanizminin tələb etdiyi miqdardadır. Beləliklə, bu püstələrin bir kilosu belə, heç bir zərər vermədən istehlak edilə bilər. Bu püstələr E, B və C vitaminləri ilə də zəngindir və iddialara görə, qan şəkərinin səviyyəsini tənzimləyir və xolesterini azaldır.

Siirt vadilərində yetişdirilən üzümlər həm məşhurdur, həm də onlara çox təlabat var. Bu uzun dənəli üzümlər adətən yüksək rütubətli yerlərdə bitir və dadı, ölçüsü, şirəliliyi ilə Siirtin əvəzolunmaz məhsulları sırasındadır. Tayfi üzümü dolğun görünüşü və incə dadı ilə məşhurdur. Bu üzüm Taifdən gələn mühacirlər tərəfindən Siirtə gətirildiyi üçün belə adlanır.

Siirtin ən məşhur yeməyi Büryan kababıdır. Kabab Türkiyənin başqa yerlərində verilir, lakin Siirtdə də yerli bir yeməkdir. Quzu arxa ayaqlarından dəmir barmaqlığa asılır və dibində köz olan 1-1,5 metr dərinlikdə quyuya qoyulur. Quyunun ağzı palçıqla bağlanır, ət yavaş-yavaş bişirilir. Maraqlısı budur ki, bu yemək Siirtdə səhər yeyilir. Yemək demişkən, bir məqamı da vurğulamasam olmaz ki, ən dadlı yeməklər mənə görə məhz Siirt mətbəxinə məxsusdur.

Bakıya dönüşümüzdə Siirt aeroportundan İstanbula uçmalı idik. Amma duman çəkilmədiyindən, təyyarə Batman aeroportuna endi. Biz də Siirtdən Batmana gəlib, İstanbula uçmalı olduq. Mənim bu səfərdən qazandığım zəngin və əvəzsiz təəssüratlar oldu. Səmimi etiraf edim ki, Türkiyənin güney doğusunu çox sevdim, bu bölgənin insanı da, ruhu da bir başqadır. Və arzu etdim ki, yolum bu bölgədən bir də keçsin.

 

 

 





22.12.2023    çap et  çap et