525.Az

Nəciblik və şəfqətin uğurlu təcəssümü - Ziyadxan Əliyev yazır


 

AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN YENİ PORTRETİ HAQQINDA DÜŞÜNCƏLƏR

Nəciblik və şəfqətin uğurlu təcəssümü - <b style="color:red"> Ziyadxan Əliyev yazır</b>

Azərbaycan cəmiyyətində işıqlı əməlləri ilə yoxluğundan sonra anılmaq hüququ əldə edən, özünə ölməzlik qazandıran şəxsiyyətlərdən biri də akademik Zərifə xanım Əliyevadır. Səhiyyə sahəsində görkəmli alim - tibb elmləri doktoru kimi tanınan Zərifə xanımın həm sağlığında, həm də vəfatından sonra çoxsayı bədii obrazları yaradılıb. Rəssam və heykəltaraşlarımız dəfələrlə Azərbaycan xalqının Ümummilli liderinin - unudulmaz Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım şəxsiyyətinə müraciət etməklə, onun timsalında qadın incəliyinin və nəcibliyinin yaddaqalan obrazını ərsəyə gətiriblər.

Xalq rəssamı Ömər Eldarovun hazırladığı iki əsər (burada heykəltaraşın Azərbaycan Milli İncəsənət Muzeyindəki mərmər "Elegiya" kompozisıyası və Fəxri xiyabandakı məzarüstü tunc abidəsi nəzərdə tutulur), həmçinin Xalq rəssamı Oqtay Sadıqzadənin ərsəyə gətirdiyi rəngkarlıq portreti Zərifə xanıma həsr olunmuş sənət nümunələri arasında zəngin bədii tutuma malik olmaları ilə diqqət çəkir. Oftalmologiya sahəsində yüksək elmi nailiyyətlərə imza atmış akademik Zərifə xanım Əliyevanın (1923-1985) bu il qeyd olunan 100 illik yubileyi ərəfəsində daha bir yaddaqalan rəngkarlıq obrazı yaradıldı. Onun müəllifi gənc fırça ustası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki incəsənət kollecinin müəllimi Təranə Seyiddir. Yağlı boya ilə kətan üzərində çəkilmiş bu portreti (110x90 sm) bədii tutumunun fərqli məziyyətlərinə görə Azərbaycan rəngkarlığında bu janrın ifadə imkanlarının nəhayətsizliyini özündə hifz edən sənət nümunəsi hesab etmək olar. Daha dəqiq desək, özünəməxsus bədii xüsusiyyətləri ilə diqqət çəkən əsər özündə portret janrının bu vaxta kimi ifadə olunmuş estetetikasına yeni çalarlar əlavə olunması ilə seçilir. Əsərin il ərzində ictimailəşdirilməsi - təşkil olunan müxtəlif sərgilərdə nümayiş olunması qarşılığında, onun barəsində çoxsaylı təqdir dolu fikirlərin səsləndirilməsi də portretin uğurlu olmasından xəbər verir.

Qeyd etmək lazımdır ki, çox vaxt ikonoqrafik əlamətləri hamıya yaxşı tanış olan görkəmli şəxsiyyətlərin portretlərinə bədii-estetik tutum vermək elə də asan olmur. Başqa sözlə desək, məşhurların obrazlaşdırılması prosesi hər bir yaradıcı üçün davamlı axtarışlardan keçir. Qənaətimizcə, portret janrının estetikasını yeni yanaşma tərzi ilə zənginləşdirmək istəyi bu prosesdə Təranə Seyid üçün əsas yaradıcı meyar olub.

Müəllifin Zərifə xanım Əliyeva ünvanlı əsərlərin bir çox müəlliflərindən fərqli olaraq portretdə rəsmi-təntənəli təqdimata yox, obrazın şəxsiyyətinin böyüklüyünü şərtləndirən çoxsaylı mənəvi-insani keyfiyyətlərin qabardılmasına üstünlük verməsi də buradan qaynaqlanır. Gənc rəssamın kətan üzərindən "boylanan" rəng qatına, kompozisiyanı tərtibində iştirak edən ayrıntıların məna-məzmun daşıyıcılığına münasibətinin süni rəsmiyyətçilikdən çox uzaq ifadəsi də bunu təsdiqləyir. Doğrudan da milli naxışlardan tərtib olunmuş haşiyə ilə əhatələnən portretin ümumi estetikasında təsvirin cəlbedicilyini təsdiqləyən bədii-rəmzi məziyyətlər kifayət qədərdir. Burada kətan səthinə özünəməxsus texniki münasibət göstərməklə kompozisiyanın bədii tutumda gerçəkləşməsinə çalışan rəssamın, inamlı yaxı improvizələri ilə yeni bir "rəng - çalar qatı" yaratdığını görmək mümkündür. Etiraf edək ki, müəllifin kətana bu cür fərdi və fərqli yanaşması Azərbaycan rəssamlığı üçün yeni və özünəməxsus cəhət hesab oluna bilər.

Əlavə edək ki, portret hər şeydən əvvəl özünəməxsus kompozisıya həllinə görə diqqət çəkir. Belə ki, müəllif, Zərifə xanımın təsvirini şaquli formatın dominantı kimi təqdim etməklə, onun nurlu çöhrəsinin daha artıq diqqət çəkməsinə nail olub. Portretin məna-məzmun daşıyıcılığını onu əhatələyən yığcam ayrıntılar - qızılgül təsvirləri ilə əldə edən rəssam, həm də obrazın lirik-romantik tutum almasını şərtləndirib. Başqa sözlə desək, portret üçün yerlik - fon rolunu oynayan maviliyi qırmızı güllərlə bəzədilməsi, gözəllik və məhəbbət rəmzi olan bu zərif ayrıntının ümumi kompozisiyaya həm də rəmzi-fəlsəfi məna bəxş etdiyini görmək mümkündür. Məhz bunun sayəsində Zərifə xanımın portreti nikbin boyalardan "hörülmüş" ümumi koloriti ilə birlikdə çox duyğulandırıcı qəbul olunur. Görkəmli alimin nurlu çöhrəsinin rəmzə çevrilmiş qızılgüllərlə vəhdətdə görüntüyə gətirilməsi, son nəticədə, cəlbedici əsərin arzulanan bədii tutum almasına səbəb olub. Odur ki, portret bütünlükdə, milli tariximizdə qürurverici əməlləri ilə hər birimizə başucalığı gətirən Azərbaycan qadınlarının ümumiləşdirilmiş obrazı kimi qəbul olunur...

Tanışlıq üçün deyək ki, gənc rəssamın tədricən formalaşan bədii irsində tamaşaçı rəğbətini qazanmış müxtəlif janrlı əsərlər geniş yer tutur. Onların həm yerli, həm də xarici sərgilərdə uğurlu nümayişi həm də müasir Azərbaycan təsviri sənətinin təbliğinə xudmət edir, desək, yanılmarıq. Onun "Xurşidbanu Natəvan", "I Şah Təhmasib", "Eşq", "Yuxu", "Tək ağac", "Bakı mənzərəsi", "Arzularımın gəmisi", "Göy göl", "Sahil", "Nar ağacı", "Balıq", "Xınalıq", "Çay dəstgahı", "Tutuquşular", "Narlar" və digər lövhələri bu qəbildəndir.

 

 





22.12.2023    çap et  çap et