525.Az

"Üç miniatür"ə sözardı - Əlisəfdər Hüseynov yazır


 

"Üç miniatür"ə sözardı - <b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

"İki cür axmaqlar var. Birincilər deyir: "Köhnə nə var - yaxşıdır". İkincilər isə deyir: "Bir şey ki yenidir - deməli, o, ən yaxşıdır".

"Köhnəyə müraciət edib yeni şey kəşf edən şəxs müəllim olmağa layiqdir".

Ənənə və novatorluq barədə aforizmlərdən

  

Bu yaxınlarda Fikrət Əmirovun hələ cavan vaxtlarında estrada orkestri üçün bəstələdiyi "Üç miniatür" kompozisiyasının lent yazısını uzun illərin axtarışlarından sonra yutub kanalında axır ki tapdım. Ona görə belə yazıram ki, ötən əsrin 60-cı illərində - mən uşaq olanda televiziya ilə tez-tez nümayiş etdirilən bu kinolent sonralar nəyə görəsə yağlı əppək olub göyə çəkilmişdi və çox xoşuma gələn həmin melodiyaları uzun illər ürəyimdə səsləndirməklə təskinlik tapırdım. İndi aradan 50-55 il keçəndən sonra bu kinolenti qoruyub saxlayanların və onu yutuba yerləşdirənlərin atalarına rəhmət oxumaq istəyirəm: sağ olsunlar ki, məni yenidən bu ifa ilə baş-başa qoyub onun gözəlliyinə qovuşdurdular.

Amma sözümün canı bu deyil.

Mən bu kinolentə yenidən baxanda dünənimizlə bu günümüzü müqayisə elədim və düzü, əməllicə diksindim, hətta deyəsən, bir az  sarsıldım da və beynimdə ritorik suallar bir-birinə calandı:

"Doğrudanmı bizim peşəkar ifaçılardan ibarət belə əfsanəvi estrada orkestrimiz olub?"

"Fikrət Əmirovun hardan ağlına gəlib və necə cəsarət edib ki, müxtəlif tonallıqda, ölçüdə olan xalq mahnılarımızın, rəqs havalarımızın, təsniflərimizin, muğam fraqmentlərinin intonasiyasını, melodik imkanlarını estrada-caz kompozisiyasının materialına çevirsin, onları ilk baxışda bu musiqiyə yad olan dildə danışdırsın? Özü də saksafonda, kontrabasda, trubada, akkardeonda, gitarada! Bu ki, novatorluqdur!"

F.Əmirov Azərbaycanın bütün bəstəkarlarının əbədi müəllimi olan Üzeyir bəyin ən istedadlı varislərindən biri idi və müəllimindən miras qalan ənənələri yeni dövrdə yeni təhkiyə texnikası ilə uğurla davam etdirirdi. Üzeyir bəy muğamlarımızın, necə deyərlər, əlindən yapışıb opera səhnəsinə qaldıraraq Şərqdə opera janrının əsasını qoyduğu kimi, F.Əmirov da musiqimizin gözəlliyini, gücünü, imkanlarını bütün dünyaya nümayiş etdirmək üçün onu polifonik musiqi düşüncəsinə adaptasiya etməklə  tarixi bir missiyanı yetinə yetirdi. Özü də necə? Beşcə dəqiqəlik ifa, məncə, hər şeyi deyir. Nələr yoxdur bu miniatürlərdə? Əvvəlcə həzin lirika.., ardınca sümüyü oynadan rəqs intonasiyaları.., daha sonra Tofiq Əhmədovun klarnetdə ustalıqla səsləndirdiyi qısa caz improvizasiyaları.., zərb alətinin qeyri-adi monoloqu... və sonda çağırış ruhlu notlar, həmrəylik himninə oxşar təntənəli oda.

   Daha nə qaldı ki?!

Amma bu yazıda mənim məqsədim F.Əmirovun portret cizgilərini qabartmaq da deyil. Dörd il əvvəl mən bu dahi bəstəkar haqqında "Fikrət Əmirovun etirafı" adlı böyük bir oçerk yazmışam və hələlik həmin yazıya ciddi nə isə əlavə etmək fikrində deyiləm.

Amma bugünkü düşüncələrdən itələnib çaparaq qələmə aldığım aşağıdakı qeydləri sizinlə bölüşməyə ehtiyac duydum.

lll

Sənətdə yenilikçi, novator missiyasını yerinə yetirmək və bu yeniliyi həzm etmək sizə asan gəlməsin - uzun illər ərzində formalaşan stereotiplər, qəliblər var axı! (Elə buna görə də yenilikçiləri çox da sevmir, həmişə və hər yerdə başlarını tumarlamırlar. Təkcə ona görə yox ki, yeniliyi anlamaq, həzm etmək çətindir. Həm də ona görə ki, inkişafın strategiyasını müəyyən edən novator sənətkar missiyasını yalnız fitri istedad sahibləri yerinə yetirirlər. Belələri isə ənənə aşiqi olan qatı mühafizəkarları həmişə qıcıqlandırır, paxıllar, istedadsızlar  üçün isə başağrısına çevrilir. F.Əmirovun, Niyazinin simfonik muğamları meydana gələndən sonra 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində Azərbaycanın partiya və dövlət orqanlarına göndərilən "Amandır, qoymayın, bu millətçilər musiqimizi uçuruma yuvarlayır" məzmunlu məktubların müəllifləri də elə belə şərəfsizlər idi).

Riskdən qorxmaq, məhdud çevrədə qapanıb qalmaq, yerində saymaq da olmaz.

Amma ən pisi budur ki, yeniliyi çuxa tikəndə bezi kənarda axtarmaq kimi anlayasan, öz milli ruhunun, yaradıcı düşüncənin hələ reallaşmamış imkanlarına arxa çevirib başqalarının dəbdə olan "yeniliyini" yamsılamaq kimi başa düşəsən. Bu, əslində özgənin çaldığı havaya oynamaq kimi bir şeydir, simasızlığa aparan ən qısa yoldur.

Məşədi İbad demişkən, obrozovolski görünmək naminə sənə yad olan "dəyərlərə" sitayiş, heyranlıq nümayiş etdirmək - gözü onun-bunun əlində olmaq, özgə süfrəsinin artığını yemək qədər şərəfsiz bir məşğuliyyətdir.

Mən həmişə demişəm və növbəti dəfə də deyirəm ki, kinoda Amerika, Avropa rejissorlarını yamsılmaqdansa, musiqidə hamıya bənzəyə-bənzəyə öz simasını tirməkdənsə, öz kinomuzu, öz musiqimizi yaradıb başqalarının diqqətini özümüzə cəlb etmək lazımdır. Necə ki bunu Q.Qarayev, F.Əmirov, A.Məlikov... etdi, kino sənətimizdə bunu rejissor Vaqif Mustafayev edir.

Q.Qrayevin, A.Məlikovun, C.Əmiqovun, C.Quliyevin milli ənənələrə əsaslanan yenilikləri böyük tədqiqat işinin mövzusudur.

"Qaya" vokal ansamblının estrada-caz sənətimizdə etdiyi inqilab bir yana, xalq mahnılarımızı rok musiqisinə sintez edib milli xeroqrafiya üslubunda rəqs edə-edə oxuyan və hələ 50 il əvvəl estrada sənətimizdə indi dəbdə olan "popfolk" janrının əsasını qoyub onun milli (həm də bəşəri) modelini yaradan bu ansambın üzvləri deyildimi?

Vaqif Mustafazadə muğam-caz janrını kəşf edərək bütün dünyanın diqqətin Azərbaycana yönəltmədimi?..

Sənətşünaslar rəssamlıq sənətində Toğrul Nərimanbəyovun, Səttar Bəhlulzadənin üslublarını hansısa "izm"ə salmaq üçün hələ də mənasız yerə baş sındıdırlar, amma anlamırlar ki, bu izmlərin ən dəqiq adı, ünvanı elə "toğrulizm", "səttarizm"dir.

Bəs sənətdə belə uğurları, ənənələri olan xalqın musiqisi, kinosu, rəssamlıq sənəti indi niyə bu gündədir?!

Bu gün Azərbaycan musiqisi yiyəsiz, böyüksüz, başıqapazlı yetim kimi sərgərdan bir həyat yaşayır. Yeganə yenilik isə ondan ibarətdir ki, kompüter texnologiyasına, elektron akustikaya əsaslanan "yeni" səs, ifa, musiqi növləri yaranıb və hansısa bir tumsatan axşam tum torbasının ağzını birdəfəlik bağlayıb səhər məşhur müğənni, bəstəkar kimi yenidən doğula bilər.

Kino sənətimiz 60-70-ci illərin  düşüncə və texniki qəliblərindən yaxa qurtara bilmir, yeni nəsil kinoçularının əksəriyyəti novatorluğu məhəlli mövzuları, küçə leksikonunu, vulqar ifadələri ekrana daşımaqda görür və ağıllarına gəlmir ki, bununla "dünya kinosunun" nəinki həsrətində olduqları zirvəsinin, heç ən alçaq təpələrinin də həndəvərinə yaxın düşə bilməzlər.

Bu gün gənc yazıçıların bəziləri alternativ mətn (əsər) yaratmağın vacibliyindən danışır, bunu müasir dövrün tələbi kimi qələmə verirlər. Guya ənənəvi üslubda, formada yazmaq daha işə yaramır.

İstənilən mətn düşüncənin məhsuludursa, deməli, yuxarıdakı mühakimədə söhbət əslində mətndən yox, düşüncədən gedir. Elə isə nədir alternativ düşüncə?

Alternativlik - bir-birindən fərqli iki və daha çox imkanlardan birini seçmək zərurətidir, məqsədə çatmaq üçün seçilən münasib variantdır, yoldur. Amma nəzərə almaq lazımdır ki, bu seçim digər variantların öz-özlüyündə mövcud olması zərurətini inkar etmir, çünki bir başqası da onlardan birini sənin seçdiyin varianta münasibətdə alternativ kimi seçə bilər. Lakin təəssüf ki, gənc ədiblərin bəziləri bu sadə həqiqəti ciddiyə almır, alternativi nəyinsə inkarı, onun əksi, onunla daban-dabana zidd şey kimi anlayırlar. Sadə şəkildə bu yanaşmanı belə ifadə etmək olar: Əgər bütün şairlər öz əsərlərində məhəbbəti tərənnüm edib, ali duyğu kimi dəyəndiriblərsə, bunun alternativi tərif, tərənnüm yox, tənqid və inkardır.

İndi özünüz deyin - bu düşüncə ilə fərqli, alternativ mətn yaratmaq olarmı?

Mənə etiraz edə bilərlər ki, inkara belə tənqidi münasibət bəsləmək düzgün deyil, çünki inkar bütün sahələrdə inkişafın ilkin şərtidir: inkar olmasa, inkişaf da olmaz.

Doğrudur! Ancaq bu incə məsələdə mütləq nəzərə alınmalı vacib bir məqam var.

Məlumdur ki, inkarı inkar dialektikanın əsas qanunlarından biridir və inkişaf üçün köhnənin yeni ilə əvəz olunmasının labüdlüyünü bildirir. Lakin inkar anlayışının mahiyyətini düzgün anlamayanda qanunun öz mahiyyəti də təhrif olunur, o, qurucu, yaradıcı yox, dağıdıcı funksiya daşıyır. İş burasındadır ki, inkarın metafizika və dialektika müstəvilərində iki fərqli izahı və deməli, iki növü var. Metafizik inkar obyektin öz daxilində gedən proseslərin yox, kənar qüvvə(lər)in təsiri altında baş verir və baxılan obyekti təkcə inkar yox, həm də rədd və məhv edir. Bu tendensiya nihilizmə və anarxizmə rəvac verdiyi üçün inkişafı ləngidir, ona mane olur, çünki nihilistlərin və anarxistlərin fikrincə, inkişafın hər bir mərhələsi özündən başlayır və onun əvvəlki sikllərlə heç bir əlaqəsi yoxdur.

İnkarı dialektik planda anlamaq isə köhnəni inkar etsə də, onu rədd edib kənara atmır, çünki köhnənin öz bətnindən doğur, onun üstündə ucalır, daxilində gedən proseslərin nəticəsi kimi meydana gəlir və deməli, həm də varislik, ənənə prinsiplərinə əsaslanır, yəni köhnə irs məhv edilmir, yeninin bətnində yeni ömrünə başlayır (Bu qeydlərin yazılmasına impuls verən "Üç miniatür" dediklərimə ən parlaq nümunələrdən biridir).  Bu mənada "Ənənələri rədd edib hər şeyi sıfırdan başlamalıyıq" iddiası nadanlıqdan başqa bir şey deyil. Azərbaycan ədəbiyyatının Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi korifeylərinə səhv inkarçı münasibət də məhz bu nadanlıqdan qidalanır. Halbuki hər 3 ədib xalqının inkişafı, tərəqqisi naminə ürəyini Danko kimi məşələ çevirmiş dühalardır.

Söhbət alternativ düşüncədən, mətndən yox, mövzuya fərqli baxış bucağından, yanaşma tərzindən getməlidir. Çünki istənilən fərqli fikrə yol açan amil - predmetə baxış bucağının fəqliliyidir. Böyük elmi kəşflər, fərqli fəlsəfi konsepsiyalar da məhz bu cür yaşmanın nəticəsi kimi doğulur,

Qeydlərimi mərhum filosof Asif Əfəndiyevin vaxtilə Əli Kərimin ikicildliyinə yazdığı ön sözdən kiçik bir sitatla bitirmək istəyirəm. O yazır: "Bənzərsiz olmaq və bənzərsiz olmağa çalışmaq başqa-başqa şeylərdir. Əsl poetik istedadda həyata orijinal, yeni baxış təbii şəkildə meydana çıxır".

Tam doğru, Asif müəllim. İstedadlı adamların bənzərsiz görünmək üçün çabalamağa ehtiyacı olmur, çünki onlar istedad sahibi kimi elə əvvəldən bənzərsizdirlər.

O ki qaldı istedadsızlara, qoy istədikləri qədər çabalasınlar!

 

 

 





22.12.2023    çap et  çap et