525.Az

Siz Prometey deyilsiniz - Şahnaz Şahindən yeni esse


 

Siz Prometey deyilsiniz - <b style="color:red"> Şahnaz Şahindən yeni esse</b>

İnsan dünyanın neçənci möcüzəsidir, deyə bilmərəm, amma bütün möcüzələrin birincisi olduğuna qəti əminəm.

Hər süslü çiçək sonda saralmış quru yarpaq,

İnsan, o nədir? Əvvəli torpaq,

sonu torpaq! -

deyən C.Cabbarlı haqlı idi, amma bu tərif insanın yalnız bəşəri dəyərini, fiziki ömrünü ifadə edirdi. İnsanlar isə çox fərqlidirlər, bu xarakterik xüsusiyyətlər, genetik, sosial və mədəni faktorlarla da tənzimlənir. Müxtəlif vaxtlarda aparılan araşdırmalara əsasən hətta şəxsiyyətin cinsi fərqləri erkən yaşlarda özünü büruzə versə də,  insanlar yaşa dolduqdan sonra belə qalır. Qadınlarda utancaqlıq, istiqanlılıq, dostcanlı və narahatlıq hissləri yüksək olduğu halda, kişilər iddialı və yeni ideyalara açıq olmaları ilə fərqlənir.

Heç vaxt sevdiyim adamın hansı temperament tipinə aid olmasını düşünmədim, eləcə olduğu kimi qəbul edib sevdim... Çiyin-çiyinə, uzun və eniş-yoxuşlu bir yol keçib gəlmişik, həyat bizi ağladıb da, güldürüb də. Düşdüyümüz çətinliklər bizi bərkidib, yol bizi taqətdən salanda bir-birimizə söykək durmuşuq, güclü küləkdə əllərimizdən bərk-bərk yapışmışıq, yağış-qar döyüb, gün yandırıb kürəyimizi. Amma təslim olmamışıq, səbirlə, təmkinlə yolumuza davam edərək gəlib bu günümüzə çıxmışıq. Bir yerdə yaşamaq asan gəlməsin sizə. Burda şəxslərdən çox şey tələb olunur, əslində insan müdrikliyi də, tolerantlıq və humanistliyi də birinci elə birgəyaşayışdan əxz edir. Qarşılıqlı sevgi, hörmət, etibar, inam, ehtiram, güzəşt başlıca şərtlərdəndir ailədə. Müqəddəs kitabımız da çətinlik qarşısında səbir etməyi öyrədir, amma bəzən çox təəssüf ki, səbirlə dözümü səhv salırlar. Əzizlərim, işgəncə, fiziki və mənəvi basqı, qorxu, təpki, patoloji qısqanclıq və s. qarşısında duruş gətirmək səbir sayılmaz! Mətləbdən uzaq düşsəm də, deyim ki, belə hal heç Yaradanın özü tərəfindən də təqdir edilmir. Ailə faciələrinin başlanğıcı hesab edirəm belə dözümlülüyü, gərək deyil, heç bir şey səndən, sənin həyatından, duyğularından, canından artıq deyil... İki insan o zaman birgə yaşamalıdır ki, ayrılıqda yaşaya bilməsinlər. Əgər birgə uçmağa göyünüz, yeriməyə yeriniz, bölüşməyə dərdiniz, yeməyə sevginiz yoxdursa, özünüzü aldatmayın, həyatınızı puç etməyin. Siz Prometey deyilsiniz, yolunuzu vaxtında ayırın, "yox" deməyi bacarın. Gedin, harada ki, sizi duyan var, sevən varsa ora gedin, xoşbəxt olmağın o qədər çalarları və növləri var ki...

...Əlində bir kiçik yazı dəftərçəsi tutub min bir sözlü baxışlarla baxır üzümə. Həmişə hər hadisənin, hər gördüyü işin qeydiyyatını apardığını bilirəm, bu, onun xobbisidir, həm də lazım gələndə sübutlu sənədi. Mən bu yanda telefonda qurcalanıram, o da divanda oturub dəftərçəni vərəqləyir, arada vərəqləri cırıb mənə göstərib soruşur:

- Xatırlayırsan?..

Mən də yadıma düşməsə də, başımı tərpədib təsdiqləyirəm, bilirəm ki, yox desəm inciyər. Onun yaddaşına heyranam, hər hadisəni detallarıyla xatırlayır. Hər birini də tarixi, saatı və dəqiqəsiylə qeyd edib o zaman. Bu dəftərçə görüşlər və ayrılıqlar, sevinc və kədər, etibar və diqqətin tərcümanıdı. Sonra saralmış vərəqlərdən bəzilərini qoparıb mənə verir... Baxıb yana qoyuram, bir-bir. Növbəti vərəqin üstündə düşünməli oluram, İlahi, bu köhnə siyahıdı ki! Burda toyumuz üçün lazım olan vacib şeylər və onların qiymətləri yazılıb. Yox, elə düşünməyin ki, burda bahalı daş-qaş, ya başqa şeylərin adı yazılıb, biz hər iki ailənin büdcəsini düşünüb-daşınıb qərar vermişdik. Eh, hələ gəlin və bəy üçün vacib olan geyim və akssesuarlar... Vaxt nə tez keçdi, heç gözümüzü açmağa imkan vermədi ki!..

Toya hazırlaşan valideynlərimiz, qohumlar, dostlar da gəlib göz önündən keçir bir-bir. Evinə gəlin gətirən ana-atanın şadlığını nəylə müqayisə etmək olar ki... O günə qədərki bütün günlərin şəkli var bu dəftərçədə, xoşbəxtlik qayğıları səpələnib sapsarı varaqlara. Sanki bir kompasdır, hara gedəcəyimizi göstərir, təhlükələrdən aşırır, yola salır, qarşılayır bizi...

...Bu da bir xatirə idi, bir çoxunun dostuna, sirdaşına, yoldaşına göstərmədiyi qayğını göstərib cansız dediyimiz kağızlara. Kağızlar, üstünə yazılan yazılarla dəyər qazanıb, əzizlənib, oxşanıb bu uzun illəri. Əziz günlərin xatirəsi də əziz olur, iki eyni ruh daşıyıcısı, eyni tərəfə baxmağı bacaran insan bir yerdə olarsa bundan onlar özləri də, uşaqlar da, elə mənsub olduqları cəmiyyət də qazanar. İnsanların gedəri olduğu, amma fırlanaraq onları da özüylə birlikdə fırlanmağa məcbur edən dünya əbədidir. Fiziki yoxluqla həyat bitmir, insanı yaşadıqları və yaşatdıqları yaşadır sonra... Konfutsi kimi, həyatın mənasını özünüzdə axtarın, tapacaqsınız!

 





22.12.2023    çap et  çap et