525.Az

Naxçıvan Qızlar Məktəbi: fədakar maarifçilər ocağı


 

Naxçıvan Qızlar Məktəbi: fədakar maarifçilər ocağı<b style="color:red"></b>

Günel ƏSGƏROVA
AMEA Naxçıvan Bölməsinin elmi işçisi

(Əvvəli ötən sayımızda)

"Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini - uşaqların tərbiyəsini yalnız ona etibar edir".

Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyev

1929-cu ildə Naxçıvan Pedaqoji məktəbini bitirən Həcər xanım Əlizadə Xalq Maarif Komissarlığı tərəfindən Vənənd kənd məktəbinə müəllim təyin olunur. H.Əlizadə 1929-32-ci illərdə Vənənd və Ordubad kənd məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul olduqdan, sonra Naxçıvan Xalq Komissarlığının əmri ilə 1937-ci ildə 4 nömrəli məktəbə ibtidai sinif müəllimi təyin edilir. O, təhsilini artırmaq məqsədilə 1950-ci ildə Müəllimlər İnstitutunun "Dil və ədəbiyyat" fakültəsində iki il təhsil aldıqdan, sonra fəaliyyətini Naxçıvan şəhər 2 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləyərək davam etdirmişdi. Əsrin ən çətin dövründə fəaliyyət göstərən Həcər xanım əsl pedaqoq kimi vəzifəsini yerinə yetirmiş, dərs dediyi şagirdlərin ümumi inkişafı və tərəqqisi uğrunda səylə çalışmışdı. Şərəfli, müqəddəs müəllim adına sahiblik edib, şərəflə daşıyan H.Əlizadə xalqının sabahı naminə çalışan fədakar maarifçilərimizdən olmuşdu.

Naxçıvanda qadınların savadsızlığına qarşı mübarizə hərəkatında fəal iştirak edən ziyalı qadınlarımızdan biri də Fatma Rəhim qızı Rəhimovadır.

Fatma Rəhimova

F.Rəhimova 1903-cü ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini Naxçıvan şəhərində alan Fatma xanım elə ilk müəllimlik fəaliyyətinə də Noraşen rayon Yengicə kənd məktəbində başlayıb. F.Rəhimova daha sonra pedaqoji fəaliyyətini Naxçıvan qız məktəbində (1921-1925-ci illərdə) davam etdirib. Fatma xanım təhsilini artırmaq məqsədilə 1925-1928-ci illərdə Bakı Pedaqoji institutunda oxumuş, daha sonra Naxçıvana qayıdaraq 1928-1932-ci illərdə Naxçıvan şəhər Beynəlmiləl məktəbində müəllimlik etmişdi. 1935-ci ildən isə rayon maarif şöbəsində məktəbə qədər tərbiyə metodisti vəzifəsində çalışmış, qadınların maariflənməsi və mənəvi azadlığı yolunda yorulmadan mübarizə aparmışdı.

Cəhalət və nadanlığın, din və mövhumatın tüğyan etdiyi bir dövrdə Naxçıvanda qadınların təhsil alması çətin bir hal olsa da, bütün bunlara baxmayaraq, bölgədə təhsil alan qadınların və təhsildən uzaq qalan başqa qadınların da savada yiyələnməsi uğrunda mübarizə aparan maarifpərvər qadın ziyalıların sayı günü-gündən artırdı.

Belə çətin dövrdə Naxçıvanda qadınların savadlanmasında dəstəyi olan maarifçi qadın Məryəm Baxşəli qızı Həşimovanın da mühüm xidmətləri olub.

Məryəm Həşimova

M.Həşimova 1916-cı ildə Naxçıvan şəhərində anadan olmuş və atasının himayəsində yaşamışdı. 1924-cü ildə Naxçıvan şəhər 2 nömrəli məktəbə daxil olan Məryəm xanım təhsilini başa vurduqdan sonra 1928-1929-cu illərdə Naxçıvan Pedaqoji məktəbinə qəbul olunur. Təhsilini yenicə bitirmiş Məryəm xanım Naxçıvan şəhər Təzə kənd məktəbinə müəllim təyin edilir. 1930-cu ildən Əbrəqunus rayonunun Bənəniyar və Saltax kənd məktəblərində pedaqoji fəaliyyətini davam etdirən Məryəm xanımın onlarla qadın və qızlarımızın təhsil almasında böyük xidmətləri olub.

Yaşadığı dövrə görə geniş ictimai fəaliyyətilə seçilən ziyalı xanımlardan biri də Nazlı Kəngərlidir. O zaman qızların oxuması, təhsil alması çox çətin idi. Belə çətin bir dövrdə N.Kəngərli öz arzusunu gerçəkləşdirə bilmişdi. Hətta özü ilə bərabər, Naxçıvanda onlarla qadının maariflənməsinə də köməklik göstərmişdi.

N.Kəngərli 1914-cü ildə Naxçıvan şəhərində anadan olub. N.Kəngərlinin atası Əmirsuvar bəy inqilabdan əvvəl poçt Teleqrafında işləmiş, sonra isə müsahib vəzifəsində çalışmışdı. Qadınların təhsil almaq hüququnu  hər zaman müdafiə edən Əmirsuvar bəy qızına o dövrdə verilə biləcək ən yaxşı təhsili vermişdi. Övladlarının təhsil almasına xüsusi önəm verən Əmirsuvar bəy qızı Nazlı xanımın təhsil almasına böyük diqqət və qayğı ilə yanaşmışdı. N.Kəngərli texnikomda Azərbaycanın əməkdar müəllimləri Qulam Əhmədzadə, Süleyman Kələntərli və başqaları ilə bir kursda təhsil alır.

Nazlı xanım 2 illik müəllimlər məktəbini bitirdikdən sonra 1930-cu ildə Ordubada təyinat alır və orada H.Əlizadə ilə birlikdə çiyin-çiyinə çalışır. O dövrdə Naxçıvan qadınlar klubunun yaradılması respublikamızda yaşayan qadınların bacarıq və qabiliyyətlərinin üzə çıxarılmasında əhəmiyyəti böyük olmuşdu. Nazlının müəllimlik qabiliyyəti, təcrübəsi tez bir zamanda şəhər məktəbləri arasında yayılmağa başlayır. O, daha sonra pedaqoji fəaliyyətini Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə davam etdirmişdi.

Nazlı xanım Ordubadda pedaqoji fəaliyyətə başladığı zaman orda gələcək həyat yoldaşı Əbdüləli Tahirovla tanış olur və ailə həyatı qurur. Lakin Əbdüləli Tahirovun İkinci Dünya müharibəsi zamanı hərbi xidmətə getməsilə Nazlı xanımın həyatı çətinləşir. Həyatının ən keşməkeşli dövrü İkinci Dünya müharibəsi illərinə təsadüf edən Nazlının təsəllisi isə yalnız yoldaşının göndərdiyi əsgər məktubları olur. Nazlı müəllimə xalqın övladlarına bilik öyrətməklə bərabər, ailənin bütün çətinliklərinin öhdəsindən gələ bilir. Ömrünün sonunadək Naxçıvanda yaşayan Nazlı Tahirova 1963-cü ildə dünyasını dəyişir.

Naxçıvanın ilk qadın müəllimləri tərəfindən atılan bu addımlar qadın təhsilinin inkişafında, onların maarif və mədəni səviyyəsinin tərəqqisində, qadınlar arasında savadsızlığın ləğvi yönündə görülən olduqca əhəmiyyətli və həlli vacib olan məsələlər idi.

Zaman nə qədər çətin olsa da, qadınlarımız öz haqlarını müdafiə etmək üçün cəsarətli addımlar atmış, çətin mübarizələr aparmışlar.

Qeyd etmək lazımdır ki, qadın maarifçilərimizin bu fədakar xidmətləri nəticəsində 1920-1922-ci illərdə Naxçıvanda təhsil alan qadınların sayı 860 nəfərə çatmışdı.

Tarixə silinməz izlər salmış isimlərini qürurla sadaladığım ziyalı, müdrik, cəsarət sahibi, xeyirxahlığı, saflığı, mərdliyi özündə cəmləşdirən, Vətənin adını daim ucaldan görkəmli qadın şəxsiyyətlərimiz bizim şərəfli keçmişimiz, gələcək nəsillərimiz üçün unudulmaz örnəklərdir.

 

 

 





22.12.2023    çap et  çap et