525.Az
Atasının qatilini güllələdi - Yenilənib
Sentyabrın 3-də Bakının Qaradağ rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Lent.az-ın məlumatına görə, Sahil qəsəbəsi Dostluq küçəsində 1960-cı il təvəllüdlü Nəbiyev Şaban Məmməd oğlunu güllələyərək qətlə yetirən şəxs müəyyən edilib. Bu, 1990-cı il təvəllüdlü Quliyev İlqar Ələsgər oğludur.
Bildirilir ki, dünən öldürülən 54 yaşlı Şaban Nəbiyev 2007-ci ildə İ.Quliyevin atası Ələsgər Quliyevi qətlə yetirib. Onların biznes ortaqlığı olub və münasibətlərin pozulması nəticəsində 2007-ci ilin yanvar ayında Sahil qəsəbəsindəki parkda Şaban Quliyev tanışını güllələyərək öldürüb. Həmin vaxt İntiqam Babayev adlı şəxs də güllə yarası alıb.
Törətdiyi cinayət əməlinə görə Ş.Nəbiyev həbs olunub və 7 il 6 aydan sonra həbsxanadan çıxıb. Atasının qatilinin azadlığa çıxdığını öyrənən 24 yaşlı İlqar Quliyev onu izləyib və dünən "Winchester" markalı tüfəngdən 3 dəfə atəş açaraq qətlə yetirib. Hazırda İ.Quliyevin saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində iş aparılır.
*** 10:59
Bakıda qətl hadisəsi baş verib.
Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsində “Sahil” parkının qarşısında qeydə alınıb.
Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Şaban Məmməd oğlu Nəbiyev naməlum şəxs və ya şəxslər tərəfindən “Vinçester” markalı odlu silahdan açılan bir neçə atəş nəticəsində qətlə yetirilib.
Hadisənin qisas zəminində törədildiyi ehtimal edilir.
Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tapılması istiqamətində iş aparır.
04.09.2014
çap et