525.Az

Ali təhsildə məqsədyönlü addımlar, önəmli nəticələr


 

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ DÖVLƏT PROQRAMINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR UĞURLA İCRA EDİLİR

Ali təhsildə məqsədyönlü addımlar, önəmli nəticələr<b style="color:red"></b>

Cavadxan QASIMOV
Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru

 

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2024-cü illər üçün Dövlət proqramı dövlət başçısı, cənab İlham Əliyev tərəfindən 5 iyun 2023-cü il tarixində imzalanmış Sərəncamla təsdiq olunub. Burada, qarşıdakı dövrlər üzrə 11 əsas prioritet üzrə tədbirlər müəyyən edilib ki, bunlardan biri də 9-cu, "İnsan kapitalının inkişafı" ilə bağlı olan Prioritetdir. Orada nəzərdə tutulur ki, Naxçıvan Muxtar Respublikasında ali təhsilin keyfiyyətinin artırılması məqsədilə, Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq gücləndiriləcək, birgə proqramlar təşkil olunacaq, həmçinin ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələr həyata keçiriləcək.

Qeyd olunmalıdır ki, Naxçıvan Dövlət Universitetində artıq dünya təhsilinə inteqrasiya olunmaq üçün potensial və infrastruktur formalaşıb. Təbii olaraq, bunlar isə, qarşıya qoyulmuş olan məqsəd, vəzifə və hədəflərin əlçatan olmasında mühüm amil olaraq, çıxış etməkdədir.

Geridə qalan dövrlər ərzində qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu ali təhsil müəssisələrində, Avstriyanın ən prestijli kənd təsərrüfatı araşdırma mərkəzində, Yaponiyanın nüfuzlu Asiya Universitetlərinin Sammitində təmsil olunmaq, hər birində, ölkəmizin uzunmüddətli elm və təhsil sahələri üzrə tədbirlərinə töhfə olacaq nəticələr əldə etmək, məhz Naxçıvan Dövlət Universitetinin ötən dörd il ərzində uğurlarının sadəcə olaraq bir qismini təşkil edir. İkili diplom layihələrinin reallaşması, müəllim və tələbə mobilliyinin, qarşılıqlı elmi araşdırma fəaliyyətinin təmin olunması, Texnopark quruculuğu proseslərində müvafiq ali məktəblərin təcrübələrindən yararlanmaq da, məhz ali məktəbimizin mütərəqqi nailiyyətlərini ifadə edir. Təbii olaraq, həmin tədbirlər uğurludur, davamlıdır və perspektivlidir.

Belə ki, universitetimizin beynəlxalq əməkdaşlıqlarında artıq Polşa Respublikasının Jeşuv Universitetinin də adını görə biləcəyik. Rektorumuzun rəhbərliyi ilə nümayəndə heyətinin həmin dövlətin bəhs olunan ali məktəbinə səfər zamanı, qarşılıqlı əməkdaşlıqlar barəsində razılaşmalar əldə olunub, Jeşuv Universitetinin rektoru, professor Silvester Çopek və heyəti ilə görüş zamanı bir sıra əməkdaşlıq perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyətimiz tərəfindən universitetimizdə inşa olunan Texnoparkın səmərəli fəaliyyətinin təmin olunması məsələlərinə də diqqət göstərilib, bunun üçün, Jeşuv Universitetinin Texnopark, Nanotexnologiya və Biotexnologiya mərkəzləri ilə tanışlıq olub. Eyni zamanda, qarşılıqlı əməkdaşlıqlar nəticəsində: Universitetlər arasında tədrisi İngilis dilində aparılan Tibb ixtisasında təhsil alan tələbələrin mübadiləsi və rezidentlərin 3-6 aylıq rotasiyalarının təşkili; Jeşuv Universiteti ilə Naxçıvan Dövlət Universiteti elmi kitabxanaları arasında ikili münasibətlərin qurulması; Hər iki ali təhsil müəssisəsi kitabxanalarının elmi bazasından tələbə və müəllim heyətinin istifadə etməsi; Ortaq beynəlxalq layihələrin yazılması, Erasmus+ proqramı çərçivəsində qarşılıqlı tələbə və müəllim heyətinin mübadiləsi; Polşada yerləşən, dünyaca məşhur duz yatağının və Naxçıvanda yerləşən Duzdağ mağarasının birgə tədqiqi üçün "Duz araşdırmaları" konqresinin keçirilməsi; Polşanın ev sahibliyi etdiyi ənənəvi Qafqaz konfransında əməkdaşlarımızın da iştirakı və sair məslələlər barədə razılığa gəlinib.

Zəruri tənzimləmə olaraq, müvafiq Dövlət proqramına əsasən, Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkil olunması məsələləri nəzərdə tutulub. Bu məqsədlə, Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti, Polşa və Macarıstan dövlətlərində səfərdə olmaqla, həmin ölkələrin ali təhsil müəssisələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Polşa Respublikasının Jeşuv Universitetinin təcrübəsi ilə yanaşı, artıq, Macarıstan dövlətinin Con Fon Neyman Universiteti ilə də əməkdaşlıq əlaqələrinin qurulması, qarşıdakı mərhələlərdə Naxçıvan Dövlət Universitetinin hədəflərini daha da əlçatan etmiş olacaq. Bundan sonrakı mərhələlərdə Naxçıvan Dövlət Universiteti ilə Con Fon Neyman Universiteti arasında əldə olunan anlaşmalara əsasən bir çox sahələr üzrə qarşılıqlı işbirlikləri mümkün olacaq. Bunlardan: Kompüter mühəndisliyi, tədrisi ingilis dilində olan ixtisaslar üzrə ikili diplom layihələri; İqtisadiyyat və biznesin təşkili sahəsində tələbə-müəllim mübadiləsi; Avrasiya Bilik Mərkəzi ilə birlikdə ortaq tədqiqatlar apararaq məqalə və elmi əsərlər çap olunması; Elm və innovasiyalar sahəsində universitetin təcrübəsinin öyrənilməsi və Erasmus+ proqramı çərçivəsində ortaq layihələrin hazırlanması; İki universitet arasında Süni intellektlə bağlı olan əməkdaşlıq və s. sahələrdə razılıq olması səfərin olduqca mühüm əhəmiyyətini ifadə etməkdədir.

Con Fon Neyman Universitetinin elmi və təcrübi proseslərinin vəhdəti sahəsindəki nailiyyətlərinə baxdıqda, aydın olur ki, ali məktəbdə, eyni zamanda, Bilik mərkəzləri var ki, bunlardan ən nüfuzlu olanları Avrasiya Mərkəzi, Müdafiə Sənayesi Mərkəzi, Animasiya Mərkəzi və Hidrogen Texnologiyaları Mərkəzidir.

Səfər çərçivəsində Macarıstanın Metropolitan Universiteti ilə Media, Dizayn və Marketinq sahəsində əməkdaşlıq haqqında razılığa gəlinmişdir ki, bu sahə üzrə də mütəxəssislərimizin əlaqəli layihələrinin səmərəsi yüksək olacaq.

Müvafiq Dövlət proqramının Naxçıvan Dövlət Universitetinin davamlı inkişafı sahəsindəki yaratmış olduğu imkan və zəminlər olduqca genişdir. Həmin Dövlət proqramında müəyyən olunan tədbirlərin icra olunması məqsədilə, Macarıstan dövlətinin Metropolitan Universitetində olan nümayəndə heyətimiz, əhəmiyyətli nəticələri olacaq razılaşmalar əldə etmişlər. Qarşıdakı mərhələlərdə, həm də sosial sferaların, xüsusilə də, iqtisadi proseslərin və incəsənətin bu və ya digər istiqamətlərin aparıcı sahələrinin inkişafı və bunun elmi dövriyyəyə düzgün cəlb olunması sahəsindəki nailiyyətləri də böyük olacaq. Burada, eyni zamanda, bazar münasibətlərinin, qanunlarının və tənzimləmələrinin mühüm sahələrinin də perspektivlərini görmək olur. Belə ki, ikitərəfli görüşdə, Naxçıvan Dövlət Universiteti ilə Metropolitan Universiteti arasında: Media, Marketinq, İncəsənət fakültəsinin Dizayn ixtisası üzrə əməkdaşlıq barəsində olan anlaşmalar, hər iki universitetin etibarlı tədris və elm proseslərini daha da uğurlu etmiş olacaq.

Macarıstana səfəri çərçivəsində bu ölkənin ikinci ən nüfuzlu universiteti olan Korvinius Universitetində əməkdaşlıq sahəsində müzakirələrdə olmaq, daha mühüm nəticələr verəcəkdir. Bu ali məktəblə, qarşıdakı tədris illərində əldə olunacaq nailiyyətlər, aşağıdakı sahələrdə özünü ifadə etmiş olacaq: Naxçıvan Dövlət Universiteti ilə Korvinus Universiteti elmi kitabxanaları arasında ikili münasibətlərin qurulması; Universitetlərin tədqiqat mərkəzləri arasında əlaqələrin yaradılması; Magistratura və doktorantura ixtisasları istiqamətində birgə tədqiqatların aparılması, elmi əsərlərin hazırlanması və yayımlanması; Tələbə və akademik mübadilə proqramlarında iştirak.

Beləliklə, Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikasının uzunmüddətli elm və təhsil proseslərinin məhsuldar nəticələrinin əldə olunması sahəsində fəaliyyətini daha böyük uğurlarla davam etdirməkdədir. Bu sahədə, maddi-texniki təsisatların gücləndirilməsi, modern təhsil imkanlarının yaradılması və beynəlxalq əməkdaşlıqların daha da şaxələnməsi məsələləri əhəmiyyətli nəticələrinə görə seçilməkdədir. Qarşıdakı tədris illərində bu tədbirlərin uğurlu nəticələrini görməkdən çox məmnun olacağıq.

 

 





25.12.2023    çap et  çap et