525.Az

Tamaşaçı nə istəyir, TV-lər nə təqdim edir? - Sevda Sultanova yazır


 

Tamaşaçı nə istəyir, TV-lər nə təqdim edir? - <b style="color:red"> Sevda Sultanova yazır</b>

Ötən həftə İctimai Televiziyanın "Sabaha saxlamayaq" verilişində telekanalların mövcud durumu - reytinq faktoru, tamaşaçıların televiziyadan gözləntiləri, maarifləndirici proqramlara marağın azalması və digər məsələlər təcrübəli televiziyaçılarla müzakirə olundu. Verilişdə səslənən arqumentlər və ittiham xarakteri alan bəzi fikirlər sosial platformalarda və mediada fərqli reaksiyalar doğurdu. 

Bütün hallarda "Sabaha saxlamayaq" proqramının aparıcıları mövzuya peşəkar yanaşdılar, əhəmiyyətli suallar ünvanladılar və düşünürəm ki, televiziyada məhz televiziyanın öz problemləri ilə bağlı çoxdan idi ki, belə məhsuldar, maraqlı polemika olmurdu.

Həmkarlarının tənqidə daha çox tuş gələn televiziya karyerası boyunca qalmaqalların mərkəzində dayanan Kamran Həsənli oldu. Nitqində populist pafos üstün olsa da, onun verilişdəki çıxışında haqlı arqumentlər yox deyildi. Məsələn, Kamran Həsənli vurğuladı ki, keyfiyyətsiz maqazin formatlı proqramların, əhəmiyyətsiz sosial şouların çoxluğunu "bugünün tamaşaçısı məhz bunu tələb edir, onun səviyyəsi budur" təyinatına bağlamaq qərəzlidir. Uzun illərdir, televiziya aparıcıları, rəhbərləri bu pozisiyadan çıxış edirlər ki, xalq efirdə müğənniləri, qalmaqallı ailə dramlarını görmək istəyir. Əslində onların dediyində müəyyən həqiqət var ki, bu verilişlərin tamaşaçısı müqayisədə çoxluq təşkil edir. Lakin azərbaycanlı tamaşaçıda bayağı analoji proqramlara tələbatın yaranması məhz televiziyanın yürütdüyü siyasətin nəticəsidir. Yəni indiki situasiya birdən-birə meydana çıxmayıb. Bir neçə dəfə yazılarımda qeyd etmişəm; müğənnilərin şəxsi həyatını, evini, ailəsini, bayağı şou proqramları, qalmaqalları intensiv şəkildə efirə gətirən ABA kanalı oldu və kanal bağlanandan sonra onun məhsullarına oxşar proqramları digər kanallar hazırlamağa başladılar. Çünki ABA-nın təcrübəsi bu cür proqramlara artıq tələbat, maraq yaratmışdı və yüksək reytinqlər yığmışdı. Necə ki, müasir moda, tibb sənayesi estetik, plastik əməliyyatlar vasitəsilə özlərinin müəyyənləşdirdiyi gözəllik standartlarına xüsusən, qadınlarda tələbat yaradıb. Nəticədə individuallıqlarını, özünəməxsus xüsusiyyətlərini itirən qadınların qaşı, gözü, dodağı, yanağı, üz ifadələri eyniləşib. Hətta efirdə müğənniləri, aparıcıları görəndə birini digərindən seçmək çətinləşir.

Dramaturji, estetik yox, məhz ucuz intriqalar vasitəsilə şou proramlara tələbatı gücləndirən teleaparıcılarıdan biri elə Kamran Həsənli olub. Kamran Həsənlinin vaxtilə "Space" kanalında yayımlanan "Sizin saat"ını "525-ci qəzet"də kəskin tənqid etmişdim. Bu, onun verilişiylə bağlı səhv etmirəmsə, ilk tənqid idi və onda yazı səs-küy doğurmuşdu. Bununla belə, Kamran Həsənlinin teleaparıcı kimi üstün cəhətlərini deməliyəm;  verilişə dinamika qatır, çətin vəziyyətlərdən çıxırdı, özünəxas artistizmi ona efirə hakim olmasına imkan verir (bu xüsusiyyətini itirmədiyini "Sabaha saxlamayaq"da bir daha göstərdi),  danışdığı mövzular haqda bilgilidir, müsahiblərini tanıyır. Eyni zamanda Kamran Həsənli "Sabaha saxlamayaq"da deyəndə ki, aparıcıların çoxu oxşardır, özünəməxsus elementi, tərzi yoxdur, bu fikrində də haqlıydı. Hər halda pis-yaxşı Kamran Həsənlinin öz tərzi, individuallığı var. Televiziyada işlədiyi müddətdə Kamran Həsənli ona görə reytinq qazanırdı ki, daha çox müğənnilərlə, ümumiyyətlə, musiqi, şou adamlarıyla işləyirdi, canlı efirdə onlar arasında intriqaya nail olurdu və birbaşa, açıq, bəzən qeyri-etik suallar verirdi. Təəssüf ki, "Sizin saat" proqramının həmin buraxılışlarını internet resurslarında tapmaq olmur. Amma başqa kanallarda apardığı verilişlərdə rastlaşdığım iki faktı deyim. Bir proqramın canlı yayımı zamanı Aygün Kazımova efirə zəng edərək, onu intriqa, qalmaqal yaratmaqda qınadı. Digər verilişdə isə o, leksikonu və davranışı ilə Afaq Aslanın kimliyinə təhqiramiz münasibət bildirir, dinləmək mədəniyyəti, ədəb-ərkanla bağlı dərs keçirdi. Qonağın şəxsi kimliyi aparıcı üçün prioritet olmamalıdır və aparıcının kimisə efirə dəvət edib həqarətlə, ittiham intonasiyasında danışması heç bir etik çərçivəyə sığmır.    

Yaxud Kamran Həsənli "Sizin saat"da işlədiyi dövrdə Hüseyn Dəryanı canlı efirə dəvət elədiyi gün kanala minə yaxın adamın gəldiyini iddia edir və bununla da hadisə yaratdığı ilə öyünür. Bildiyim qədərilə, "Space" kanalında "Sevimli şou" aparan Mikayıl Güləddinoğlunun da verilişi yayımlananda kanala böyük tamaşaçı axını olurdu, həttə studiyada tamaşaçılar oturmağa yer tapmırdılar. 

Və ya Kamran Həsənli internet kanalında Kəramət Böyükçöllə müsahibəsinin 110 min baxış yığdığını deyir. Müsahibənin çox baxış sayı yğıması güman ki, Kəramət Böyükçöl faktoruna görədir. Çünki Kəramət Böyükçölün öz auditoriyası var.  Yəni harda olsa ona baxacaqlar. Ümumən isə, yutub kanalında Kamran Həsənlinin verilişlərinin izlənmə sayı elə də çox deyil. Hər halda yüksək rəqəmlərlə rastlaşmadım.

"Elgizlə izlə" verilişinin aparıcısı Elgiz Əkbərin "Sabaha saxlamayaq" verilişindəki çıxışına görə Kamran Həsənliyə ünvanladığı sual isə - "Azərbaycan televiziya tarixinə hansı verilişi gətirmisən və nə ilə yadda qalmısan?" - doğrudan da gülməlidir. Hər halda Elgiz Əkbər də, onun verilişləri də televiziya tariximizdə keyfiyyət nümunəsi kimi qalmayacaq və ümid edirəm ki, o, öz daxilində bunun fərqindədir. Yeri gəlmişkən, Kamran Həsənli bu fikrində haqlıdır ki, hazırda telekanallardakı şou proqramların çoxu "Sizin saat" formatından çıxa bimir. Nəsə, Kamran Həsənli haqda bu qədər bəsdir.

Verilişin digər qonağı telejurnalist  Turan İbrahimovun isə arqumenti bu idi ki, biz televiziyanı qınamamalıyıq, çünki internet əsrində televiziya öz həyatını başa vurmaqdadır və sosial media platformaları əlçatanlığı, interaktivliyi, imkanları ilə televiziyanı üstələyib. Turan İbrahimov eyni zamanda hazırkı şəraitdə özəl televiziyanın zövqü cilalaması, maarifçilik funksiyalarını da yersiz sayır. Ola bilsin ki, Turan İbrahimov haqlıdır. Amma bizim vəziyyətdə əsas məsələlərdən biri, özəl telekanaldan maarifləndirmək funksiyasını tələb etməkdən ziyadə, aparıcıların ən adi etik normaları gözləməməsi, qeyri-peşəkarlığı və zövqsüzlüydür. İTV-nin Səhər proqramları departamentinin direktoru Üzlüfət Qasımova bu kontekstdə vacib məsələyə toxundu. Azərbaycan televiziyasında ailə problemlərini efirə gətirən, Nailə İslamzadənin aparıcısı olduğu "Ailələr, talelər" verilişi olub. "Ailələr, talelər" ara-sıra tənqid olunsa belə, günümüzdən baxanda Nailə İslamzadənin yüksək efir və nitq mədəniyyətini, problemlərə etik çərçivədə yanaşma bacarığını kimsə inkar edə bilməz. Yəni Nailə İslamzadəni qışqıraraq, qadınla "aaaz"la danışan, "sən bic qızsan" kimi ifadələr işlədən İlham Mirzəyevlə, məişət söhbətlərinin elementi olan "sən niyə ərə getmədin" tipli suallar verən Elgiz Əkbərlə müqayisə etmək qüsurludur. Yəni söhbət özəl kanallarda aparıcıların  savadsızlığından, ünsiyyət, nitq  mədəniyyətinin aşağı səviyyəsindən gedir.

Verilişdən onu da anladım ki,  sorğularda və ya müxtəlif platformalarda vətəndaşların "mən Azərbaycan kanallarına baxmıram" fikri televiziya əməkdaşlarını inandırmır, qıcıqlandırır, çünki onların qənaətincə, bunu iddia edən tamaşaçı əslində telekanallarda baş verən hər şeydən xəbərdardır. Yenə hər şey mövzular, problemlər üzrə geniş, peşəkar araşdırmaların olmamasına dayanır. Gerçək vəziyyətin nədən ibarət olmasını bilməkdən ötrü sosioloji araşdırmalara ehtiyac var. Amma öz şəxsi təcrübəmiz və yaxın ətrafımızdakı müşahidələr bunu deyir ki, tamaşaçı televiziyadakı kontentləri daha çox internetdə və qısa video formatında izləyir. Həmin qısa videolar cəlbedici başlıqla yayılır və qısa olduğundan tamaşaçı ona baxır. Verilişdə deyildiyi kimi internet öz imkanları - interaktivliyi, alternativ, rəngarəng, tematik kanal və verilişləri, striminq xidmətləri (bu platformada istifadəçilər maraqlarına uyğun seriallar, filmlər, televerilişlər, musiqilər tapır) ilə televiziyanı üstələyir. Tamaşaçı üçün daima yanında gəzdirdiyi kiçik cihaz vasitəsilə dünyadan xəbərdar olmaq daha rahatdır.

Öz təcrübəmdən deyim ki,  telekanallara ən çox bu barədə yazdığıma görə baxıram. Normalda isə mənə lazım olan siyasi-sosial informasiyaları əsasən Teleqram kanallarından alıram. Əyləncə tələbatımı da internet platformaları üzərindən ödəyirəm. Yəni tamaşaçının telekanala baxmaması dəb yox, seçim, günün texnoloji reallıqlarına adaptasiyadır. Və bu gün bütün dünyada internet platformaları televiziyaya rəqibdir. Hətta müxtəlif ölkələrdə telekanallar, qəzetlər, jurnallar dövlətin dotasiyası, fondların dəstəyi ilə fəaliyyət göstərirlər.

Verilişdə iştirak edən professor, peşəkar televiziyaçı Qulu Məhərrəmli haqlı qeydlər elədi; telekanalların onlayn mediaya uduzmasının səbəblərindən birini proqram siyasətinin düzgün qurulmaması, balansın gözlənilməməsi (yəni şoular  analitik, uşaq verilişlərini, debat və s. proqramlarını üstələyir), fərqli mövqelərin qoyulmaması ilə əlaqələndirdi.

...Uzun illər öncə "525-ci qəzet"də televiziya verilişlərini tənqid edən məqalələrimə görə telekanal əməkdaşlarından, rəhbərliyindən aqressiv reaksiyalar gəlirdi. Bu gün vəziyyət başqadır. Sosial mediada sıravi istifadəçilərdən tutmuş ictimai şəxslərə qədər hər kəsin  televiziyanı tənqid etməsinə artıq alışıblar. Bu mənada bir teletənqid ənənəsi yaranıb və televiziyalar buna hardasa dözümlü yanaşmağı öyrəniblər. Başqa bir tərəfdən, televiziya elə səviyyəyə düşüb ki, orada çalşanların bir qismi - əsasən də peşəkarlar - vəziyyətdən narazıdılar. Bu isə gec, ya tez televiziyada kəskin konsept dəyişikliyini labüdləşdirir.

 

 





25.12.2023    çap et  çap et