525.Az

Casus şəbəkəsinin ifşası -  Fransanın son çırpıntıları


 

Casus şəbəkəsinin ifşası -  Fransanın son çırpıntıları<b style="color:red"></b>

Fransa uzun müddətdir ki, Azərbaycana qarşı məkrli siyasətini davam etdirir. Bu siyasəti həyata keçirmək üçün müxtəlif çirkin vasitələrdən istifadə edən Paris, hətta ölkəmizdə casus şəbəkəsi formalaşdırmağa da əl atıb. Əslində təəccüblü də deyil. Çünki Bakıya qarşı açıq şəkildə düşmənçilik siyasəti aparan Makron hakimiyyəti ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini, Qarabağda separatizmə son qoymasını, Azərbaycanın güclənməsini, regionun lider dövlətinə çevrilməsini, dünyada nüfuz sahibi olmasını həzm edə bilmir. Fransanın indiyə qədər Azərbaycan əleyhinə bütün xain planları fiaskoya uğrayıb. Onların bir neçəsini yada salmaq kifayət edir ki, Parisin çirkin niyyətlərini daha aydın görmək mümkün olsun. Fransa İkinci Qarabağ müharibəsinin ilk günündən ermənilərin maraqlarından çıxış edərək, işğalçılığa, separatizmə dəstək verdi, Ermənistanı silahlandırdı. Beynəlxalaq platformalarada ölkəmiz əleyhinə iş apardı. Müharibədən sonra Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı Brüssel formatında aparılan danışıqları pozdu. "Yardım" adı ilə öz TIR-larını və merlərini Azərbaycanla sərhəddə göndərərək, Laçın yolunda təxribata cəhd göstərdi, lokal antiterror tədbirlərindən sonra düşmənçilik siyasətini daha açıq müstəviyə keçirərək, BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında və digər platformalarda Azərbaycan əleyhinə sənədlərin qəbul etdirmək üçün dəridən qabıqdan çıxdı.

Paris Ermənistanı silahlandırmağa davam etməklə, regionu yeni müharibəyə təhrik etdi. Fransa Ermənistan üzərində öz təsir imkanlarını yaradaraq, onu sülh prosesindən çəkindirir, regionda düşmənçiliyin, qarşıdurmanın qalmasına çalışır. Təəssüf ki, İrəvan da Parisin əlində oyuncaq olmaqda davam edir.

İrəvandan fərqli olaraq Bakı müstəqil siyasət aparır və Fransanın öz mənfur niyyətlərini reallaşdırmağa imkan vermir. Özünü güclü sayan, Avropanın əsas dövləti hesab edən Fransanın Bakının qarşısında məğlub olduğu birmənalıdır və məğlub olmaqda da davam edir.

Fransa hakimiyyəti düşünürdü ki, bütün bu iyrənc əməlləri ilə tarix boyu həyata keçirdiyi müstəmləkəçilik, neokolonolizm siyasətini Ermənistan vasitəsilə Cənubi Qafqaza da gətirəcək. Regionu öz təsiri altına salaraq burada maraqlarını gerçəkləşdirəcək. Yəni özünə Cənubi Qafqazda yeni bir "Afrika" yaradacaq. Amma Azərbaycan ona nə Cənubi Qafqazı ikinci Afrikaya çevirməyə imkan verdi, nə də bura nüfuz etməsinə.

Ümumiyyətlə, Fransanın tarixi utancvericidir. Bu dövlət dünyada sülh, əmin-amanlıq, sabitlik üçün heç nə etməyib. Afrika qitəsində, dünyanın digər regionlarında qanlı əməllər, müharibələr törədib. Hazırda Afrikadan qovulan Fransa öz nüfuzunu tamamilə itirib, dünyada özünə ancaq nifrət qazandırıb.  

Bu ölkənin casus şəbəkəsinin Azərbaycanda ifşa edilməsi isə Fransanın tam fiaskosu oldu. Hər zaman özünün peşəkarlığı ilə fərqlənən, bəzi xarici qüvvələrin zaman-zaman ölkəmizdə planlaşdırdıqları terror aktlarının, digər əməllərin qarşısını yüksək əzmkarlıqla alan Azərbaycan xüsusi xidmət orqanları, Dövlət Təhlükəsizliyi Xidməti Parisin casus şəbəkəsinin də "irəliləməsinə" imkan vermədi. Fransanın agentura şəbəkəsinin ifşa olunmasında biz növbəti dəfə bu peşəkarlığın şahidi olduq. Bir daha sübut olundu ki, Azərbaycanın təhlükəsizliyi əmin əllərdədir. Bu, siyasi-diplomatik müstəvidə Azərbaycana uduzan Fransanın kəşfiyyatının da Azərbaycan kəşfiyyatına məğlub olmasıdır.

Mediada yayılan məlumatda vurğulanır ki, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Azərbaycan xüsusi xidmət oranlarının apardıqları fəaliyyət nəticəsində uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş vətəndaşlarından biri könüllü olaraq ölkəmizin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib. Mənbə bir çox vacib məlumatları da bölüşüb, Fransa agentlərinin fəaliyyətlərinə dair dəlil və sənədlər təqdim edib. Aparılan cinayət işi üzrə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxslər həbs olunub, bəziləri barəsində isə araşdırma aparılır. Yaxın zamanlarda bu barədə geniş məlumat veriləcəyi gözlənilir.

Makron hakimiyyəti agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması ilə ağır zərbə almış oldu. Artıq Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Bernar Emyeninin vəzifəsindən azad olunmasının əsas səbəbləri sırasında Qafqazda Fransa agenturasının ifşa olunması da göstərilir.

Məsələnin ən ciddi tərəflərindən biri də budur ki, qeyd edilən faktlar Fransa hakimiyyətinin beynəlxalq qanunvericiliyin tələblərinə məhəl qoymadığını göstərir. Əlbəttə ki, bu da yenilik deyil. Çünki Makron hakimiyyətinin bütün fəaliyyəti məhz beynəlxalq hüququ pozmağa yönəlib. Lakin casus məsələsində Fransa daha da irəliləyərək beynəlxalq təşkilatlarda təmsilçiliyindən sui-istifadə edib, ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışaraq təxribat planlarını həyata keçirir. Bu, Fransanın Vyana Konvensiyası da daxil olmaqla, beynəlxalq qanunvericiliyin tələblərinin pozulmasıdır.

Fransa xüsusi xidmət orqanları son 50 ildə belə biabırçı iflasa uğramamışdılar. Görünən odur ki, Afrikadan başlayaraq Cənubi Qafqaza kimi Fransanın xarici siyasəti iflasa uğrayır, formalaşdırdığı şəbəkələr dağıdılır. Qeyd etdiyimiz kimi, artıq Afrikada antifransa əhval ruhiyyəsi artmaqdadır, Fransa illərlə sərvətini taladığı, insanlarına yalnız bədbəxtlik, aclıq, səfalət gətirdiyi, qara günə qoyduğu qara qitədən artıq qovulur.

Eyni zamanda antikolonializm hərəkatı da geniş vüsət alıb. Parisin illərdir Yeni Kaledoniya xalqının, dənizaşırı ərazilərdəki digər xalqların bütün hüquqlarını pozur, müstəmləkəçilik siyasətindən əl çəkmir. Amma bu siyasəti də artıq iflasa uğramaqdadır, çünki Fransa bu ərazilərdən böyük zərbələr almaqdadır.

Fransanın iflasının əsasında sözsüz ki, Makronun yürütdüyü düşünülməmiş və yanlış siyasət dayanır. Makron hakimiyyətdə olduğu müddət ərzində Fransanın dünyada mənafelərinə, nüfuzuna çox ciddi zərbələr vurub. Fransa artıq dünyada beynəlxalq qanunvericiliyi pozan, işğala, separatizmə dəstək verən, müstəmləkəçi, neokolonolist siyasət aparan, müharibələrə, qarşıdumalara təhrik edən ölkə olaraq tanınır. Bu da Emmanuel Makronun yeni Fransasıdır. Makron hakimiyyətdən getdikdən sonra belə, Fransanın korlanan nüfuzunu bərpa etməsi, aldığı ağır zərbələrdən xilas olması üçün uzun müddət tələb ediləcək.

 

 





26.12.2023    çap et  çap et