525.Az

"Bütün mədəniyyət sahələrinin şahı musiqidir"


 

AYGÜN BƏYLƏR: "İSTƏYİRƏM, İZLƏYİCİLƏRİM BAYAĞI MAHNILARDAN UZAQ OLSUNLAR"

"Bütün mədəniyyət sahələrinin şahı musiqidir"<b style="color:red"></b>

Qapıdan içəri girən kimi uzaqdan musiqi səsi gəldi. Bu, həmin səs idi. Oxuduğu mahnıları və musiqi mədəniyyəti ilə xalqın sevgisini qazanmış Əməkdar artist Aygün Bəylərin səsi... Konsertdən öncə məşq prosesləri gedirdi. Fürsətdən istifadə edib bir neçə mahnısını dinlədim və bəzi suallarımı ünvanladım.

 

- Aygün xanım, səhhətiniz yaxşıdırmı, özünüzü necə hiss edirsiniz?

- Səhhətim yaxşıdır, hər şey qaydasındadır. Konsertə daha ciddi hazırlaşmağa çalışıram. Eyni zamanda, müalicəmə də xüsusi diqqət yetirirəm. İnşallah hər şey arzuladığım kimi olacaq.

- Yaxın günlərdə konsert verməyə hazırlaşırsınız. Repertuarınızda hansı mahnılara üstünlük verəcəksiniz?

- Konsert Ulu öndərin 100 illik yubileyinə həsr olunacaq. Çox sevinirəm ki, illər boyu işlədiyim və arzuladığım konserti gözəl insanların dəstəyi ilə həyata keçirirəm. Konsertdə Ulu öndərin  sevdiyi mahnılar, retro musiqilərimiz, xalq mahnılarımız   və əlbəttə ki, onun çox sevdiyi "Tut ağacı" mahnısı səslənəcək. 

Artıq neçə illərdir üzərində işlədiyim və bəstələdiyim "Mehribanı" simfonik muğamını səsləndirmək istəyirəm. 8 il idi bu əsər üzərində işləyirdim və bu il, nəhayət ki, sonlandırdım. Nə xoş ki bu konsertdə həmin bəstəni təqdim eləmək mənə nəsib olacaq.

- Bəs səhnədə kimləsə duet oxumaq kimi fikriniz var?

- Elə də çox duetlər oxumamışam. Yenə də düşünürəm ki, səhnədə elə Aygün Bəylər olaraq tək ifa edim.

- Ekranlardan sizi çox ciddi, ağır təbiətli biri kimi görürük. Həyatda da belədirmi?

- Həyatda necəyəmsə, ekranlarda da eləyəm. Çünki mən ciddi musiqi və ciddi sənətlə məşğul olmuşam. Müəllimlərim də ciddi insanlar olub. Yeri gələndə deyib-gülürəm, yeri gələndə də ciddi oluram.

- Səsiniz çox hüznlüdür, insanı uzaqlara aparır. Bu hüznün səbəbi nədir?

- Yəqin ki, bu mənim oxuduğum mahnılarıma bağlılığımdan irəli gəlir. Azərbaycan musiqi mədəniyyətinə hədsiz bağlıyam. Vətənimi, ailəmi, təbiəti, bütün xalqımı da çox sevirəm. Lakin musiqimizə olan sevgim tamamilə başqadır.

- 2005-2010-cu illərdə dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı olmusunuz. Bəs hazırda sənətinizlə bağlı xarici ölkələrə səfər edirsinizmi?

- 5 il müxtəlif konsertlərdə, festivallarda dünya musiqiləri ilə tanış oldum. Müəllimim Vasif Adıgözəlovun tövsiyəsi idi ki, dünya musiqilərini, müxtəlif janr və melodiyalarına bələd olmaq lazımdır. Bu da mənim simfonik əsər yazmağıma gətirib çıxardı. Konsert verməyə hazırlaşdığımı eşidənlər dedilər ki, gözlə, səhhətin düzəlsin. Göz qabağındadır ki, müalicə alsam da, ayaq üstəyəm. Burdan Heydər Əliyev fonduna minnətdarlığımı bildirirəm, onların sayəsində hər şey yaxşıdır və danışa bilirəm. Hazırda musiqinin tamamilə başqa bir pilləsindəyəm. İrihəcmli musiqi əsərləri ərsəyə gətirsəm, bir bəstəkar kimi məmuniyyətlə dünya səhnələrində əsərlərimin səslənməsini istəyərəm.

- Sənət, istedad... Bunlar adamları adətən bədbəxt edir deyirlər. Razısınız bu fikirlə?

- Sənətdə olan bəzi adamlar da sözucu bu ifadədən istifadə edirlər. Amma daha təcrübəli və daha böyük bəstəkarların dilindən bu ifadəni eşitməmişəm. Düzdür, çox çətin bir sənətdir. Musiqi mədəniyyəti, demək olar ki, dünyada mövcud olan bütün sahələrin şahıdır. Nə qədər çətinliyi varsa, o boyda da əzəməti var, gözəlliyi var. İnsan necə bədbəxt ola bilər ki? Elə birinci öz yurdunda bu qədər insanın sevgisini qazanırsan. Allah bu sevgini hər kəsə qismət eləmir. Öz sənətini daha dərindən duyan insanlarda bu hisslər daha da möhtəşəmdir.

- Son olaraq bizim vasitəmizlə dinləyicilərinizə nə demək istəyərdiniz?

- Bayağı musiqilərdən uzaq olsunlar. 15 ilə yaxındır nə milli radiolardan, nə də efirlərdən musiqi dinləyə bilirəm. Bu, özümdən asılı olmayan bir şeydir. Balaca bir uşağın hansısa bir alətdə ifası, mahnı oxumağı daha xoşdur mənə. Hətta düzgün oxumasa belə, o, daha ləzzət verir. İstəyərəm xalqımız daha dərin musiqiləri sevsin və bayağı mahnılardan uzaq olsun.

Havar ŞƏFİYEVA

 

 





26.12.2023    çap et  çap et