Fransanın son addımlarına, xüsusilə İkinci Qarabağ müharibəsindən bu yana Azərbaycana qarşı həyata keçirdiyi mənfur siyasətinə, qarayaxma kampaniyalarına nəzər salanda, birmənalı şəkildə deyə bilərik ki, Paris məğlub oldu. Özü də təkcə Azərbaycan qarşısında deyil, onun ümumiyyətlə, Cənubi Qafqaza yönəlik siyasəti iflasa uğradı. Və bu iflasının səbəbkarı da məhz Azərbaycandır. Fransa artıq marionetinə çevirdiyi Ermənistan vasitəsilə Cənubi Qafqazda mövqe tutmaq, möhkəmlənmək, söz sahibi olmaq üçün xeyli müddətdir ki, çalışır. Afrika qitəsində, digər ərazilərdə həyata keçirdiyi kolonolist, müstəmləkəçilik siyasətini Cənubi Qafqaza da gətirmək arzusu artıq arzu olaraq da qalmır. Bəlkə də Makron hakimiyyəti belə nəticəni gözləmirdi. Düşünürdü ki, Cənubi Qafqaz planlarını gerçəkləşdirə biləcək. Amma Bakı bir daha sübut etdi ki, heç bir dövlət, hansı mövqeyə, gücə sahib olmasından asılı olmayaraq, onunla diktant, təzyiq, təhdid dilində danışa bilməz.
Makron öz siyasəti ilə təkcə digər ölkələrlə münasibətlərə zərbə vurmayıb, həm də bir vaxtlar Avropanın aparıcı ölkəsi olaraq nüfuza malik Fransanı gözdən salıb. Bu gün Fransa beynəlxalq hüququ tapdalayan, dövlətlərin ərazi bütövlüyünə qarşı çıxan, separatizmi dəstəkləyən ölkə olaraq ad çıxarıb. Necə deyərlər, keçmiş "mirasına" sahib çıxıb. Axı, Fransanın keçmişi qanlı əməllərlə, soyqırımlarla doludur. Bu ölkənin Əlcəzair, Ruanda, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Bukina-Faso, Qabon, Qvineya, Ekvatorial Qvineya, Fil dişi Sahili, Kamerun, Mavritaniya, Niger, Tunis, Vyetnam, Martinika adası və digər ərazilərdə qanlı əməllər törədib, milyonlarla günahsız insanları qətlə yetirib.
Fransa işğalçılıq siyasətini bu gün də davam etdirir. Belə ki, Qəmər Adaları İttifaqının bir parçası olan Mayot (Mayotte) adasını ələ keçirərək, beynəlxalq sənədlərə məhəl qoymur. BMT Baş Assambleyası Qəmərin Mayot adası üzərində suverenliyini təsdiq edən 20-dən artıq qətnamə qəbul edib. BMT, həmçinin Fransa hökuməti tərəfindən Qəmər arxipelaqının Mayot adasında təşkil edilmiş referendumları pisləyib və etibarsız hesab edib. Eyni zamanda Qəmər arxipelaqının Mayot adasında bundan sonra Fransa tərəfindən hər hansı digər formada referendum və ya məsləhətləşmələr təşkil edilməsini, adıçəkilən adada istənilən formada fransız müstəmləkəçiliyini leqallaşdıran hər hansı bir xarici qanunu rədd edib. Həmin qətnamədə BMT Mayot adasının Fransa tərəfindən işğalını BMT-nin üzvü olan Qəmərin milli birliyinə kobud qəsd kimi qiymətləndirilib. BMT BA-nın çoxsaylı qərarlarına baxmayaraq, Fransa beynəlxalq hüququ kobud şəkildə pozaraq Mayot adasında bundan sonra da referendumlar keçirib. Bu referendumların nəticələri təbii ki, qeyri-qanunidir.
BMT ilə yanaşı, Afrika İttifaqının İcraedici Şurası və İslam Əməkdaşlıq Təşkilatı da Mayot adasının Qəmərə aid olması ilə bağlı qərarlar qəbul edib. Beynəlxalq təşkilatların və beynəlxalq birliyin çağırışlarına məhəl qoymayan Fransa 2003-cü ildə Mayotu öz konstitusiyasına daxil edib. 2011-ci ildə Mayot Fransanın 101-ci departamenti, 2014-cü ildə isə Avropa İttifaqının ultra-periferik bölgəsi olub. Mayota Aİ-nin ultraperifirik bölgəsi statusunun verilməsi faktı Mayotun Fransanın tərkib hissəsi kimi tanınmasıdır.
Göründüyü kimi, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edərək başqa ölkənin ərazisini zorakı yolla öz ərazisinə qatıb. Bu, açıq-aşkar işğal və anneksiyadır.
Fransa Avropa İttifaqında da separatçı siyasət yürüdür. Onun bu siyasəti təşkilat daxilində narazılıqlara səbəb olub və artıq Şərqi Avropa dövlətləri bu siyasətə etiraz edirlər.
Fransa eyni əməlləri Azərbaycana qarşı da törətməyə cəhd edib. Ölkəmiz əleyhinə dəfələrlə BMT Təhlükəsizlik Şurasında qətnamə qəbuluna cəhdlər göstərib. İkinci Qarabağ müharibəsi günlərində də, ondan sonra da bu cəhdlər olub. Lakin Təhlükəsizlik Şurasında təmsil olunan və haqqın, ədalətin yanında olan dövlətlər buna imkan vermədilər.
2022-ci ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrdən sonra rəsmi İrəvan və Fransanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının iclasının gündəliyinə "Ermənistanın BMT yanında daimi nümayəndəsinin məktubu" adlı bənd daxil edildi. Lakin onlar yenə də sənəd qəbuluna nail ola bilmədilər. Fransa və Ermənistanın Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına çıxardıqları məsələnin müzakirəsi də, eyni zamanda bu il antiterror tədbirlərindən sonra Qarabağdakı vəziyyətlə bağlı müraciətləri də nəticəsiz başa çatdı. Nəinki qətnamə, bəyanat qəbul etdirə bilmədilər.
Azərbaycana qarşı bütün ssenariləri, çirkin planları fiaskoya uğrayan Paris agentura şəbəkəsini də işə salıbmış. Amma Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı sayəsində bu şəbəkə ifşa olundu. Casus şəbəkəsinin Azərbaycanda ifşa edilməsi Fransanın tam fiaskosu oldu.
Xarici mediada yayılan məlumatda vurğulanır ki, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Azərbaycan xüsusi xidmət orqanlarının apardıqları fəaliyyət nəticəsində uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş vətəndaşlarından biri könüllü olaraq ölkəmizin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib. Mənbə bir çox vacib məlumatları da bölüşüb, Fransa agentlərinin fəaliyyətlərinə dair dəlil və sənədlər təqdim edib. Aparılan cinayət işi üzrə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxslər həbs olunub, bəziləri barəsində isə araşdırma aparılır. Yaxın zamanlarda bu barədə geniş məlumat veriləcəyi gözlənilir.
Makron hakimiyyəti agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması ilə ağır zərbə almış oldu. Artıq Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Bernar Emyeninin vəzifəsindən azad olunmasının əsas səbəbləri sırasında Qafqazda Fransa agenturasının ifşa olunması da göstərilir.
Tam fiaskoya uğrayan Fransanın Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasına mane olmaq cəhdləri, İrəvanı silahlandırması, revanşist əhval-ruhiyyənin artmasına çalışması da nəticə verməyəcək. Çünki bu gün yeni reallıqların diktə etdikləri də fərqlidir. Ermənistanın Azərbaycanla danışaqlara getməkdən başqa çıxış yolu yoxdur. Bu reallığı hər kəs qəbul etməlidir. Prosesə mane olmaq istəyən ABŞ "nümunəsi" də var. Yəni ABŞ-ın cəhdləri nəticəsiz qaldı və Vaşinqton öz yanlış siyasətindən geriyə addım atdı. Fransanın bundan sonra necə davranmasından, hansı yeni məkrli planlar qurmasından asılı olmayaraq, Azərbaycan öz qətiyyətli siyasətini və düzgün bildiyi yolunu davam etdirəcək.
çap et