525.Az

Əcəl gəldi, gedən dönməz bir daha


 

USTAD ALİM KAMİL VƏLİ NƏRİMANOĞLUNUN İŞIQLI, ƏZİZ XATİRƏSİNƏ

Əcəl gəldi, gedən dönməz bir daha<b style="color:red"></b>

O sabah xoş ovqatla oyanıb yeni bir arzuyla qanadlanmaq istəmişdim. Fəqət bir andaca xoş xəyallarım pərən-pərən düşdü aldığım acı xəbərdən. Oğlum Əli, sosial şəbəkədə görüb-eşitdiyi xəbərin təsirindən, ehtiyatla, bir qədər də tərəddüd halıyla məndən sordu: "Ata, Kamil Vəli Nərimanoğlunu tanıyırsan?" Səhər erkən sorulan bu sual məni diksindirən kimi oldu. Cavabında dedim: "Çox yaxşı tanıyıram. 1987-ci ildə şair təbiətli alim professor Mustafa İsgəndərzadənin evində qonaq olduğu zaman professor Kamil Vəliyevlə görüşüb tanış olmuşam. Mustafa müəllimin oğlu Çinara saz dərsi dediyim zaman xalqımızın bu ecazkar milli alətində klassik saz havalarını çalmağımı o zaman dinləmişdi. Və daha sonra folklorumuza aid yayımlatdığı "Elin yaddaşı, dilin yaddaşı" adlı elmi əsərin ikitab mağazasından alıb oxumuşdum, oğlum". Bu cavabımdan sonra bir qədər duruxub, Kamil Vəlinin haqq dünyasına qovuşduğunu ahəstə səslə, məyusənə halda qara xəbəri çatdırdı. Kaş xəbərlər qara olmayaydı, əlvan olaydı, rəngli, boyalı olaydı. Qara xəbər kədər, üzüntü, dərd-qəm ifadəsidir. İnsansevər insanların qara xəbərə ehtiyacı yoxdur əsla. Türk təbiri ilə, mutlu xəbərə, xoş xəbərə hər zaman ehtiyacı var insanoğlunun. Nə isə...

Xoş xəbərlər almağa çox ehtiyac duyduğum vaxt, dost itkisinin təsirindən bir anda yerimdəcə donub qaldım, üşüdüm. Yarpaq kimi soldum, vücud adlı ağacımın dibinə xəzəl olub düşdüm bu gözlənilməz zərbənin, sarsıntının təsiri ilə. Səd heyif ki, dostlarımızdan biri də getdi 16 dekabr 2023 tarixində. İctimai xadim, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlu adlı-ünvanlı bir itki yaşadıq. Necə ki, Osman Sarıvəlli ocağının yadigarı professor Babək Qurbanov, professor Rafiq Qurbanov itkisi yaşamışdıq. Bu iki elm adamının adını sadalamağım bir xatirəmlə bağlıdır, dəyərli "525-ci qəzet"in sayqıdəyər oxucuları.

2009-cu ildə musiqi estetikası üzrə filosof alimimiz, professor Babək Qurbanovun 70 yaşına qədəm qoyduğu ərəfədə Kamil bəyə və ustadım professor Qəzənfər Paşayevə zəng etdim ki, hörmətli alimimiz haqda bir məqalə yazsınlar. İyunun 9-u münasibəti ilə sürpriz etmək istədim.  Kamil müəllimin verdiyi cavab indi də xatirimdədir: "Mən böyük qardaşı Rafiq Qurbanovu çox yaxşı tanıyıram. Moskvada olarkən tanış olumuşam, əsl ziyalı alimlərimizin Rusiyadakı layiqli-ləyaqətli təmsilçisidir. "Şəhriyar" cəmiyyətinin başçısıdır. Babək müəllimi də əsərləri ilə, möhtəşəm yaradıcılığı ilə uzun illərdir tanıyıram. Fəqət, hələ ki, üz-üzə görüşüb söhbət etmək nəsib olmayıb. İnşaallah, görüşərik bir zaman". Bu təklifim əsasında mayın sonuna yaxın hər iki hörmətli alimimiz - Kamil bəy və Qəzənfər Paşayev internet adresimə Babək müəllim haqda yayımlanmış yubiley məqaləsini 10 gün öncə və ad günündə mənə göndərdi. (Və beləcə Babək Qurbanovun qəlbini hər iki məqalə ilə sevindirmiş oldum.) Bu səbəblə də Babək müəllimin də könül dünyasına Kamil Vəli Nərimanoğlu adında bir Vətən övladı alimimizin adı həkk edilmiş oldu. Qismət oldu ki, Qaziantep Universitetinin rektoru, professor Yavuz Coşğunun dəvəti üzrə 2014-cü ilin iyun ayında təşrif buyuran Kamil Vəlinin, Mühəndislik fakültəsinin salonunda Mehmet Akif Ərsoyun yaradıcılığı barədə digər dəvətli türk alimləri ilə birgə verdiyi konfransdakı məruzəsini dinləmək üçün Babək müəllimlə birlikdə oraya getik. Kamil bəyin mükəmməl çıxışını dinlədik. Heç unutmuram, ünlü şair haqda yüksək elmi səviyyəli, dərin məzmunlu, mükəmməl təhlilə təməllənən bilgilər dinləyiciləri heyrətə gətirdi. Bunu səmimiyyətimlə etiraf edirəm. Nə qədər zəngin bilgiyə sahib olduğunu bu konfransda elmi çıxışı ilə bir daha təsdiqlədi Kamil bəy. Babək müəllimlə birlikdə qürurlandıq, iftixar hissi keçirdik vətənoğlumuzun bu uğurlu çıxışından. Konfrans bitdikdən sonra Babək müəllimlə Kamil Vəlini tanış etmək şərəfinə nail oldum. İki nəhəng alimin üz-üzə görüşünə, səmimi söhbətlərinə şaihidlik etmək nə xoş an oldu! Ömrümə həkk etdiyim unudulmaz bir ana çevrildi. Sonralar qəlbim hər ikisinin itkisindən viran oldu, çox heyif ki...

2004-cü ildə təcrübəli fortepiano müəllimi, dosent Tamilla Qasımova ilə Ərzurum Atatürk Universitetindən Qazi Universitetinin Əczaçılıq fakültəsində konsert vermək üçün, dekan, professor Fəthi Şahin bəyin dəvəti üzrə birlikdə Ankaraya gəldik. Saatyarımlıq konsertimizi tamamladıqdan sonra axşam 21.00-da "Başkənd Öyrətmən Evi"nə getdik. Tarımı və sazımı otağa qoyub giriş mərtəbəyə endim  ki, bir stəkan çay içib bir qədər özümə gəlim. Bu zaman Kamil bəy məni gördüyü zaman şən halda yaxınlaşdı və heyrətli baxışlarla "burada nə gəzirsən?" deyə sual verdi. Qazi Universitetində konsert vermək üçün dəvət edildiyimi bildikdə tarımın və sazımın da yanımda olduğuna çox sevindi. Dedi ki, tarı və sazı da götür, təcili bura gəl! Böyük alimin bu amiranə təklifinə bir söz demədən otağımdan tarımı və sazımı da götürüb Kamil bəyin yanına gəldim. Yanında, tanımadığım üç nəfər şəxs var idi. İlk dəfə gördüyüm bu şəxslərlə görüşüb Kamil bəyin göstərişi ilə tarımı və sazımı futlyardan çıxarıb fərqli muğamlardan bölümlər, xalq mahnılarından və klassik aşıq havalarından nümunələr çalmağa başladım. Bu ifamın müddəti uzun oldu. Anladım ki, 3 saat keçib bu ikinci konsertimdən. Gecə saat 2-yə kimi məni 4 nəfərdən ibarət dinləyici qrupum və kənardan da otelin çalışanları dinlədilər. Nəhayət, Kamil bəyə: "Sabah Ərzuruma dönəcəm" - deyəndə mənə qəti etiraz etdi. Dedi ki, bu konserti sabah axşam bir daha təkrar etsən sevinərəm. Naəlac qalıb razılaşdım. Çünki xətir-hörməti mənim üçün əziz idi, bir ziyalı alim və əsl insan kimi. Və ertəsi gün yenə "Başkənd Öyrətmən Evi"nin 1-ci qatında kiçik, özəl bir bölümdəki sərgi salonunda konsertimi təkrar verməyi qərarlaşdırdım. Bu arada vaxt tapıb Kamil bəyin yanındakı qonaqlarının adını da öyrənəndə heyrətimi gizlədə bilmədim. Biri Türk Dünyası Araşdırmaları Vakfının başqanı, professor Turan Yazqan, digəri tədqiqatçı və şair, Ege Universitetinin professoru,Türkiyə Yazarlar Birliyi, Avrasiya Yazarlar Birliyi, Türk Kültürünü Araştırma İnstitutu və Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Yavuz Akpınar, üçüncü, xanım dinləyicim isə Türkiyə Cümhuriyyətinin 3-cü Cümhurbaşqanı Cəlal Bayarın nəvəsi,1987-1989-cu illər ərzində Oksford Universitetində dərs demiş, 1984-2016-cı illərdə Mərmərə Universiteti Fənn-Ədəbiyyat fakültəsində professor vəzifəsində çalışmış Əminə Gürsoy Naskali olduğunu öyrənəndə bir daha bu kiçik konsertim üçün qürurlandım. Təbii ki, Kamil bəyin təşkilatçılığı sayəsində.

Bu xoş hadisədən keçən müddət ərzində professor Çengiz Alyılmazdan aldığım telefon nömrəsini yığıb Əminə xanımla danışaraq həmin anları yadına saldığım zaman dedi ki, heç unutmamışam o iki gündə bizləri heyrətə gətirən konsertini. Bu cavab məni indi də duyğulandırmaqdadır. Bu ülvi xatirəmi oxucularımla paylaşmaqda məramım Kamil bəyin bir alim, bir vətənpərvər şəxsiyyət kimi, Azərbaycan musiqi mədəniyyətini sevən, onu təbliğ etməyi bacaran, türk təbiri ilə, əfəndi bir insan olduğunu çatdırmaqdır.

Nə edəsən, fələyin üzü qara olsun! Kamil bəyin itkisi ürəyimizi köz kimi yandırdı, ruhumuzda dolmayacaq bir boşluq yaratdı. Elm aləmində bir mayak kimi işıq saçırdı, gənc tədqiqatçıların yolunu aydınladırdı, uğurlu çalışmaları ilə hər zaman bizə başucalığı gətirirdi Kamil Vəli Nərimanoğlu. Xalqımızın başı sağ olsun!

Bu nisgilli şeirimin ustad Kamil Vəlinin işıqlı xatirəsinə ərmağan olmasını istərdim:

Könlümüzə bu gün yaman dərd düşdü,

Bir an gəldi qar-boran, qış sərt düşdü,

Son gedişdən dost-qardaşlar pərt düşdü,

Əcəl gəldi, gedən dönməz bir daha.

 

Mərd oğultək şərəf-şanla yaşadın,

El dərdini ürəyində daşıdın,

Alimlərin sırasında baş idin,

Əcəl gəldi, gedən dönməz bir daha.

 

Ad salmışdın obalara, ellərə,

Kəlamın var, salamın var dillərə.

Şirin ömrün axıb getdi sellərə,

Əcəl gəldi, gedən dönməz bir daha.

 

Rüzgar əsdi, qəndil kimi sönmüşəm,

Bəd xəbərdən diksinmişəm, çönmüşəm,

Arzuları şaxta vurdu, donmuşam,

Əcəl gəldi, gedən dönməz bir daha.

 

İlqar, dünya əvvəlindən fanidir?

Anlayanın gözlərində anidir.

Ömürlərə qəsd eyləyən canidir,

Əcəl gəldi, gedən dönməz bir daha.

 

16.12.2023

 





27.12.2023    çap et  çap et