525.Az

Uğurlu qadının arxasındakı qadınlar... - Şahanə Müşfiq yazır


 

Uğurlu qadının arxasındakı qadınlar... - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

"Mahnının birinci xanımı", "Caz Kraliçası" və "Ledi Ella" kimi də tanınan amerikalı caz müğənnisi Ella Jane Fitzcerald karyerasının ilk illərində böyük çətinlik və haqsızlıqla qarşılaşır. Mənsub olduğu irq və bədən quruluşuna görə Hollivudun ən məşhur gecə klubu olan "The Mocambo"da səhnəyə çıxmağına qadağa qoyulur.

Ellanın sənətinin, səsinin heyranı olan dövrünün çox məşhur kino aktrisası Merilin Monro sözügedən gecə klubunun sahibi ilə danışaraq əgər Ella səhnəyə çıxarsa, özünün də hər gecə orada olacağını deyir. Hətta aktrisa bu vədini mətbuata da açıqlayır.

Təbii ki, Merilin Monro kimi məşhur müştərini heç kim qaçırmaq istəməzdi. Buna görə də Ella həmin gündən yenidən orada səhnəyə çıxmağa başlayır. Merlin də sözünə əməl edərək hər gecə ön masada əyləşib onu dinləyir.

Sonralar karyerasının zirvəsini yaşayan və ən məşhur caz ulduzuna çevrilən Ella Fitzcerald müsahibələrindən birində deyir: "Həmin hadisədən sonra bir də heç vaxt kiçik bir caz klubunda səhnəyə çıxmaq məcburiyyətində qalmadım. O, (Merilin Monro) qeyri-adi bir qadın idi, zamanından çox öndə idi və bunun fərqində belə deyildi".

lll

Çox da uzaq keçmişdə olmayan, amma şöhrətləri ilə bütün dövrlərin ən böyük ulduzlarına çevrilmiş iki uğurlu qadının həyat hekayəsindən ortaq əhvalatı oxuyarkən yadıma tez-tez rastlaşdığımız və qeyd-şərtsiz inandığımız bir ifadə düşdü: "Qadının birinci düşməni elə qadındır". Düzü, gün içərisində qarşılaşdığımız, eşitdiyimiz, oxuduğumuz hadisələri mizan tərəzisində ölçsək, bəlkə də bu ifadənin doğruluğunu əyani də sübut etmiş olarıq. Xüsusən, uğurlu qadınların bir-birini gözügötürməzliyi, eqoları, daim özünün diqqət mərkəzində olmaq çabaları gün keçdikcə daha vahiməli vəziyyət alır.

Doğrudan da, qadın qadının düşmənidirmi? Ya da qadın qadına düşmən olmalıdırmı?

Yaşadığımız dövr və cəmiyyət onsuz da qadın doğulan varlıq üçün təbii və qeyri-təbii çox böyük əngəllərlə, "olmaz"larla, məhrumiyyətlərlə doludur. Ətrafında, həyatındakı, demək olar, hər kəs tərəfindən azadlığı, söz haqqı əlindən alınan, atdığı addımdan, geyindiyi paltara qədər hər şeyi müzakirə obyektinə çevrilə bilən qadını haradasa eyni həyatı, eyni məhrumiyyətləri yaşayan başqa bir qadının anlamaması, anlamaq istəməməsi, bircə pillə ucalmaq üçün öz həmcinsini ayağının altına alması nə qədər acı, nə qədər kədərlidir...

Deyirlər ki, hər uğurlu kişinin arxasında bir güclü qadın var. Bəs hər uğurlu qadının arxasında kim var? Hər kəs Ella kimi şanslı, Merilin Monro kimi də böyük ürək SAHİBİ olmadığından, məncə, hər uğurlu qadının arxasında dalınca danışan, ona getdiyi yoldan geri qaytarmağa, bacarmayanda ayağından tutub dartmağa çalışan başqa bir qadın var.

Merilin Ellaya sənət verməmişdi, istedad verməmişdi, pul verməmişdi, adından, şöhrətindən istifadə edərək onu öz arxasınca zirvələrə daşımamışdı. Merilin sadəcə istedadını, səsini sevdiyi bir həmcinsinə qarşı edilən haqsızlığı aradan qaldırmışdı, bunun üçün sadəcə zamanını xərcləyərək. Ona Ellanın nə irqi, nə görünüşü maraqlı idi, nə də sabah uğur qazansa, öz şöhrəti ilə onu kölgədə qoyacağı qorxusu vardı. Çünki Merilin təkcə böyük aktrisa, pop ikonu deyildi, həm də əsl qadın idi.

Həqiqi qadınlar da digər qadınları dəstəkləyərlər...

 





27.12.2023    çap et  çap et