525.Az

Böyük Qayıdış ideyası ilə dirçəldilən Ağdam


 

Böyük Qayıdış ideyası ilə dirçəldilən Ağdam<b style="color:red"></b>

Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq beşinci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Prezident və birinci xanıma yaşayış kompleksi barədə məlumat verib. E.Hüseynov bildirib ki, ümumi sahəsi 12 hektar olan yaşayış kompleksinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Kompleks şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumilikdə 1115 mənzil olacaq. Mənzillərdən 25-i birotaqlı, 314-ü ikiotaqlı, 552-si üçotaqlı, 224-ü isə dördotaqlı olacaq.

Qeyd edək ki, kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur. Bütün binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə ediləcək.

Prezident İlham Əliyev Ağdam rayonunun Baş Qərvənd kəndinin də təməlqoyma mərasimində iştirak edib.

Bildirilib ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 476 hektardır. Kənddə 6057 nəfərin məskunlaşması və ümumilikdə 1495 fərdi evin tikilməsi nəzərdə tutulub. Layihənin birinci mərhələsi üçün 202 hektardan çox torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 851 ailənin - 3703 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün bu mərhələdə 851 ev inşa ediləcək. Bu evlərin 170-i ikiotaqlı, 425-i üçotaqlı, 213-ü dördotaqlı, 43-ü isə beşotaqlı olacaq.

Vurğulanıb ki, kənddə əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada uşaq bağçası, məktəb, kollec binaları, kollektiv istirahət və təhsil obyektləri, inzibati bina, klub icma mərkəzi, tibb məntəqəsi, aptek, mehmanxana, bazar və bir sıra xidmət müəssisələri yaradılacaq. Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq.

Prezident İlham Əliyev eyni zamanda "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq "Ağdam" qovşaq yarımstansiyasının açılışında iştirak edib."Ağdam" qovşaq yarımstansiyası rayonun bəzi kəndləri ilə yanaşı, əsasən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkə enerjisisteminə qoşmaqla bərabər, həmçinin ehtiyat qida mənbəyi kimi regionun enerji təchizatında etibarlılığı təmin edir. Yaxın vaxtlarda "Ağdam" qovşaq yarımstansiyasından Xankəndiyə 110 kilovoltluq ötürmə xətti çəkilərək 110/35/10 kilovoltluq "Şuşa" və "Füzuli" yarımstansiyaları ilə əlaqələndiriləcək. Bununla da ikitərəfli elektrik təchizatına nail olunacaq. Eyni zamanda, Xocalı, Əsgəran və digər kənd və qəsəbələrin 35 kV-luq elektrik təchizatı da "Ağdam" qovşaq yarımstansiyasından təmin ediləcək.

"Ağdam" qovşaq yarımstansiyasında 110 kV-luq açıq paylayıcı qurğu yaradılıb və açarların, ayırıcıların və digər texniki avadanlıqların açılıb-qoşulması, o cümlədən, aktivlərin, proseslərin, resursların idarə edilməsi, qüsurların təcili aradan qaldırılması və başqa əməliyyatların proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin edilib. Yarımstansiyanın yeni tikilən İdarəetmə Mərkəzində isə 35 və 10 kV-luq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilib. Bununla yanaşı, Mərkəz əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib. Yarımstansiyada müasir tələblərə cavab verən mikro SCADA sistemi yaradılıb və "AzərEnerji"nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılıb.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhər Mərkəzi parkının təməlinin qoyulması mərasimində iştirak ediblər. Prezident və birinci xanıma parkda görüləcək işlər barədə məlumat verilib. Ağdam şəhərinin yeni Baş planına əsasən salınacaq park 5 hektar ərazini əhatə edəcək. Parkın layihəsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb.

Mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Burada, həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq.

Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Ağdam sakinlərinin, həm də şəhərin qonaqlarının, turistlərin istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.

Həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində "İmarət" Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.

Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarı olub. Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb.

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi "İmarət" Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Xarici mütəxəssislərin Ağdama səfərləri çərçivəsində sahənin inspeksiyası və çəkilişləri aparılıb, arxiv materialları araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq bərpa və dizayn layihələri hazırlanıb. Kompleks ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək."İmarət" Kompleksindəki tarixi qəbiristanlıqda mövcud beş türbə qalığı tədqiqat sahəsinə daxil edilib. Türbələrin içi və ətrafı erməni işğalçılarının bu abidələrin daxilində qurduğu donuzçuluq təsərrüfatının tullantılarından və digər qalıqlardan təmizlənib.

Tədqiqat nəticəsində burada çox sayda müsəlman qəbirləri, daş abidələrin fraqmentləri - başdaşıları, sinədaşıları, antik dövr sütun bazası, antropomorf büt aşkarlanıb. Ərazidə xüsusilə kəllə və alt çənə sümükləri, çox sayda insan skeletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər də yer alıb. Burada sovet dövründə dəfn edilənlərin qəbirlərinin böyük bir hissəsi vandalizmə məruz qalıb. Ərazidə aşkarlanan sümüklərdən DNT nümunələri götürülüb, qəbirlərin identifikasiyası üzərində araşdırmalar davam etdirilir.

Erməni işğalçılar tərəfindən məzarların sinədaşı və başdaşıları sındırılıb, bir çoxu müxtəlif məqsədlə istifadə üçün qəbiristanlıq ərazisindən çıxarılıb.

Kompleksin ərazisində arxeoloji tədqiqatların aparılması məqsədilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu bu ilin aprelində Ağdam şəhərinə mütəxəssislərdən ibarət elmi ekspedisiya göndərib. Tədqiqatlar zamanı tapıntıların foto və videoçəkilişləri həm fotoaparat, həm də kvadrokopterlə aparılıb. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, "İmarət" Kompleksinə aid olan tarixi qəbiristanlığın ərazisi 6 min kvadratmetrdir. Cari ilin sonunadək Kompleksin ərazisindəki tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işlərinin birinci mərhələsi yekunlaşacaq. Burada tədqiqat işlərinin ikinci mərhələsinə başlanılacaq.

Xatırladaq ki, Kompleksin tam bərpası üçün vəsaitin Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur.

Millət vəkili Azər Badamov bildirib ki, işğalçıların 30 il dağıdaraq viran qoyduğu ərazilərimizin yenidən qurularaq bərpa olunması qürur hissi doğurur. Dövlətimizin başçısı, illərdən bəridir ki, öz doğum günlərində işğaldan azad olunan ərazilərdə keçmiş məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqələrin açılışlarında və yeni layihələrin təməlqoyma mərasimlərində iştirak edir. Bu ilin 24 dekabrı da ermənilərin daşı daş üstündə saxlamadığı və Qafqazın Xirosiması adlandıran Ağdamın yenidən qurulması və bərpası ilə bağlı keçirilən mərasimləri ilə zəngin oldu: "Cənab Prezident Ağdama səfəri çərçivəsində Ağdam qovşaq yarımstansiyasını, Xaçınçay Su Anbarını, uzunluğu 44,5 km olan Bərdə-Ağdam yolunu istifadəyə verdi. Ağdam şəhərinin 4 və 5-ci yaşayış komplekslərinin, Mərkəzi Parkın, Qiyaslı, Salahlı, Baş Qərvənd kəndlərinin təməlləri qoyuldu, Ağdam Şəhərinin daxili yollarında və İmarət kompleksində aparılan yenidən qurma və bərpa işləri ilə tanış olaraq tapşırıqları verdi. Dövlət başçısının xüsusi tapşırıqları və nəzarəti ilə Ağdam rayonu ən yükəsk səviyyədə yenidən qurulub bərpa edilir. Keçmiş məcburi köçkün həyatını yaşamış ağdamlılar dünyanın ən gözəl yaşayış məntəqlərinə qayıdacaqlar. Ağdam şəhəri özünün arxitekturası və dizaynı ilə xüsusilə fərqlənəcək. Prezidentin işğaldan azad olunan ərazilərə etdiyi mütəmadi səfərlər o ərazilərdə görülən işlərin daha keyfiyyətlə və sürətlə icra olunmasına yol açır. İşğaldan azad olunan ərazilərdə icra edilən layihələrin səviyyəsi yeni bir Azərbaycan standartını meydana gətirir. Bu standart xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirməklə müasirliyi özündə birləşdirir. İşğaldan azad olunan ərazilərdə yenidən qurma və bərpa işlərinin yüksək səviyyədə aparılması həm bu ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlərin firavan yaşayışını təmin edəcək, həm də 30 il dövriyyədən kənarda qalmış ərazilər yenidən ümumi iqtisadiyyatımıza reinteqrasiya olunacaq. Bu da dövlətimizin gücünü daha da artıracaq".

Sevinc QARAYEVA

 

 

 





27.12.2023    çap et  çap et