525.Az

Laçın şəhərinə növbəti köç - daha 25 ailə doğma yurduna qayıdır - YENİLƏNİB


 

Laçın şəhərinə növbəti köç - daha 25 ailə doğma yurduna qayıdır -<b style="color:red"> YENİLƏNİB</b>

Dekabrın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsindən "525.az"a verilən xəbərə görə, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə - 80 nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 408 ailənin, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib.

***

Dekabrın 28-də Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

525.az xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 25 ailə (80 nəfər) köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, indiyədək Laçın şəhərində 408 ailənin (1555 nəfər) daimi məskunlaşması təmin olunub.

 





28.12.2023    çap et  çap et