525.Az

Ermənidən çox ermənilik edən Fransanın oyundankənar vəziyyətdə qalması


 

DEPUTAT: "FRANSANIN UĞURSUZ XARİCİ SİYASƏTİ ANCAQ ÖZÜNƏ DÜŞMƏN QAZANDIRIR"

Ermənidən çox ermənilik edən Fransanın oyundankənar vəziyyətdə qalması<b style="color:red"></b>

Fransa Azərbaycana qarşı davranışlarında, atdığı addımlarda beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmaqdadır. Azərbaycanla bağlı məkrli planlarının fiaskoya uğramasına baxmayaraq, Paris yenə də dayanmaq bilmir, yeni vasitələrə əl atır. Əslində Makron hakimiyyəti bu siyasəti ilə ölkəsini gözdən və nüfuzdan salmaqdadır. Fransanın casus şəbəkəsinin ölkəmizdə ifşa olunması isə Parisə daha ağır zərbə oldu. Görünən odur ki, Fransa öz geosiyasi iddialarını təmin etmək üçün bütün qanunsuz, beynəlxalq hüququn əleyhinə olan addımları atır, hətta agentura şəbəkəsi yaradaraq diplomatlarını da bu işə cəlb edir. Əlbəttə ki, bu, Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Yada salaq ki, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olundu. Fransanın Cənubi Qafqazdakı və digər regionlardakı, əsasən diplomatik korpus üzvlərindən ibarət olan casus şəbəkəsinin ifşası, bu ölkənin xarici təhlükəsizlik (xarici kəşfiyyat) baş idarəsinin rəhbəri Bernard Emienin Emmanuel Makron tərəfindən istefaya göndərilməsi ilə nəticələndi. Casus şəbəkəsinin ifşası Azərbaycanın xüsusi xidmət orqanlarının yüksək peşəkarlığını növbəti dəfə sübut etdi.

Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan olunduğu səfirin diqqətinə çatdırılıb, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib. XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib. Əlbəttə ki, Parisin artıq xeyli müddətdir Bakıya qarşı apardığı siyasət qəbuledilməzdir və bu qərəzli siyasət nəticəsində münasibətlər tarixində ən pis həddə çatıb.

İstər 30 illik erməni işğalı dövründə, istər Vətən müharibəsi və sonrakı dövrdə Fransa Azərbaycan əleyhinə addımlar atıb, qərəzli mövqe sərgiləyib.

Milli Məclisin deputatı Vüqar İskəndərov hesab edir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin Fransa səfirliyinin iki əməkdaşını diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə "persona-non-grata" elan etməsi bir daha göstərir ki, Fransanın uğursuz xarici siyasəti nəticə etibarilə ancaq özünə düşmən qazandırır. Dünyada nüfuzunu itirən Makronun ölkəsi uğursuz xarici siyasi kursuna görə Afrikada qısa zamanda Niger, Qabon, Mərkəzi Afrika Respublikası, Burkino-Faso və Mali kimi keçmiş müstəmləkələrində sonuncu təsir imkanlarını da itirib, Rusiya-Ukrayna danışıqlarında vasitəçilik cəhdləri ilk başdan rüsvayçılıqla üzləşib. Bununla yanaşı, Cənubi Qafqazda regional gücə çevrilən Azərbaycanın müstəqil xarici siyasəti bu dövlətin bütün planlarını alt-üst edib. Cənubi Qafqazdakı siyasi mənzərəni dəyişən Azərbaycan Fransanın regionda möhkəmlənmə planlarına, necə deyərlər, "çomaq soxub".

Deputat xatırladıb ki, Qərb mediası Prezident Makronun Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad etməsini Azərbaycan xüsusi xidmət orqanlarının bu uğurlu əməliyyatı ilə əlaqələndirib: "Fransa hazırda demək olar ki, hər bir cəhətdən Azərbaycanın qarşısında məyusluq hissi yaşayır. Çünki siyasi meydanda da Prezident İlham Əliyev Fransa liderini məğlub etməyi bacarıb. Fransanın siyasi yolla Azərbaycana qarşı istər BMT səviyyəsində, istərsə də digər beynəlxalq qurumlar səviyyəsində yanlış iddialarının hər biri cavabsız və nəticəsiz qalıb. Bu baxımdan biz diplomatik yolla da bu dövləti proseslərdən kənarda tuta bilmişik. Əslində, bundan bir növ Ermənistan nəticə çıxarmalıdır. Çünki onun havadarı olan Fransanın beynəlxalq hüquqazidd əməllərinin ifşa olunması gələcək üçün yaxşı heç nə vəd etmir".

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı bildirib ki, Fransa Azərbaycanın uğurlarını, pozulmuş ədalətin bərpa edilməsini heç cürə qəbul edə bilmir. Torpaqlarımız işğal altında olduğu 30 il ərzində Fransa ölkəmizə olan qəzəbini açıq şəkildə ifadə etmirdi. Amma gizli şəkildə BMT TŞ-nin qətnamələrinin icra olunmaması üçün ATƏT-in Minsk Qrupunun həmsədri olaraq çalışırdı və ölkəmizi erməni işğalı ilə barışdırılması üçün əlindən gələni edirdi.

Deputat xatırladıb ki, 44 günlük Vətən müharibəsi zamanı BMT-də Azərbaycana qarşı qətnamə qəbuluna çalışan Fransanın iç üzü açıldı: "Sonradan da Fransa BMT-də Azərbaycana qarşı qərarlar qəbul etdirmək cəhdlərini davam etdirdi. Lakin Azərbaycanın dost dövlətləri Fransanın çirkin niyyətlərinin həyata keçməsinə imkan vermədi. Fransa müharibədən sonra da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək adı altında yenə meydana çıxdı. Hətta ATƏT-in Minsk Qrupunu da yenidən canlandırmağa çalışdı. Minsk Qrupu tarixin arxivinə göndərildiyindən Fransanın bütün cəhdləri boşa çıxdı".

A.Badamov əlavə edib ki, Azərbaycana qarşı cəhdləri boşa çıxan Makron hakimiyyətinin nümayəndələri keçmiş qondarma quruma humanitar yükləri göndərmək adı altında Laçın sərhəd keçid məntəqəsinə qədər gələrək ölkəmizə binokollar vasitəsilə baxdılar və selfi çəkib geri getdilər: "Azərbaycana qarşı Senatda qətnamələr də qəbul etdilər. Hətta ABŞ və Almaniyanı da özünün Azərbaycana qarşı keçirdiyi kampaniyasına qoşdular. ABŞ-nin Milli Konqresində keçirilən dinləmələrdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O Brayn Azərbaycanla əlqələrin əvvəlki kimi olmayacağını da bəyan etdi. Azərbaycandakı ABŞ səfirliyi tərəfindən ABŞ-də təhsil alanlarla görüş adı altında agentura şəbəkəsini də yığmağa çalışdılar. Dövlət Təhlükəsizlik Xidmətinin operativliyi sayəsində ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq istiqamətində olunan bütün xarici cəhdlərin qarşısı vaxtında alınaraq neytrallaşdırıldı. Beləliklə, ABŞ və Fransanın bütün cəhdləri iflasa uğradı".

Deputat deyib ki, 19-20 sentyabrdakı lokal xarakterli antiterror tədbirlərindən sonra Fransa yenə hərəkətə keçərək Azərbaycana qarşı saxta "etnik təmizləmə" iddiaları ilə bağlı beynəlxalq sənədlər qəbul etdirmək istədi: "Amma Fransanın Ermənistanla birgə yalanları yenə də baş tutmadı və tarixin zibilliyinə atıldı. Nəticədə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına vasitəçilik etmək adı ilə mane olanlar oyundan kənar vəziyyətə düşdülər. Ermənistan öz namizədliyini geri çəkərək Azərbaycanın COP 29-a ev sahibliyi etməsini dəstəklədi. Hal-hazırda sülh müqaviləsinin imzalanması üçün vasitəçilərin iştirakı olmadan sənədlər mübadilə olunaraq razılaşdırılır. Beləliklə, ermənidən çox ermənilik edən Fransa yenə də oyundankənar vəziyyətdə qaldı".

 

 





28.12.2023    çap et  çap et