525.Az

Teatr prosesinin ilk mərhələsi: Milli teatr düşüncəsinin əski qaynaqları - Məryəm Əlizadə yazır


 

  Azərbaycan  teatrı-150

Teatr prosesinin ilk mərhələsi: Milli teatr düşüncəsinin əski qaynaqları - <b style="color:red"> Məryəm Əlizadə yazır</b>

(Birinci yazı)         

 

...Qomaduğun yerdən götürmə
"Oğuznamə"

 

"Mədəniyyətə olduqca güclü təsir göstərən amillərdən biri zaman amilidir, yaddaş amilidir - keçmiş mədəniyyətlərin yaddaşıdır, yəni yeni mədəniyyətin tərkibində yenidən yaradılan mədəniyyət sistemi üçün substrat, ilkin element olan rudimentlərin mövcudluğudur" (L.N.Qumilev. Qeoqrafiə gtnosa v istoriçeskiy period. L., Nauka, 1990, s.112 (rus dilində).

Azərbaycan teatrşünaslığında belə hesab olunur ki, mədəniyyətimizdə teatr və dramaturgiyanın yaranması M.F.Axundzadənin altı komediyasının meydana gəlməsi ilə bağlıdır. Müəyyən mənada doğru olan bu fikir teatrşünaslığımızın təməli anlayışına dönərək, tədqiqatçıları teatr prosesinin tarixini məhz bu aspektdən araşdırmağa yönəldib. Bu fikri dəqiq anlamaqdan ötrü əslində iki anlayışı bir-birindən ayırmalıyıq:

...TEATR DÜŞÜNCƏSİ İDEYASI, hansı ki, kökləri əsrlərin dərinliklərinə gedib çıxır...

...MƏDƏNİYYƏTİMİZDƏ AVROPA TEATR MODELİNİN AKTUALİZƏ, GERÇƏKLƏŞMƏ FAKTI, hansı ki, onun mədəni əhəmiyyəti çox böyükdür...

Hazır və aprobassiyadan keçmiş Avropa teatr formalarını əxz edən Azərbaycan milli professional teatrı Şərq mədəniyyətinin mənəvi dəyərlərini özünə İDEAL seçdi. Məlum səbəblərdən sovet teatrşünaslığı bu mətləbi tamamilə inkar edirdi: əks təqdirdə ənənəvi Şərq mədəniyyətinin üzvi tərkib hissəsi olan Azərbaycan mədəniyyətinin məğz etibarilə İslam mədəniyyətindən qaynaqlanması və Azərbaycan incəsənətinin estetik formalarda İslam dünyagörüşünün ideoloji, mənəvi, sakral (ilahi) və humanist anlayışlarını əks etdirməsi fikri qəbul olunmalı idi.

Əsas məqsədimiz teatr prosesində yaranan poetika səciyyələrini bərpa etmək olduğundan ötərgi məsələlərə toxunmayacağıq. Sovet ideologiyasının bədii düşüncəmizə vurduğu başlıca zərbə böyük idi: bəsitləşdirmə prosesi rəsmən elan olunmasa da, rejim tərəfindən ardıcıl olaraq həyata keçirilirdi. Sovet ədəbi prosesində bu əməliyyat nisbətən ağır gedirdi, çünki fərdi yaradıcılığı nəzarət altında saxlamaq çətin məsələ idi. Kino və teatr sənətləri isə bu mərhələdə nəzarət altında saxlanılır, sərt senzura təqibinə məruz qalırdı. Ədəbiyyatşünas-yazıçı Viktor Yerofeyev bu prosesin nəticələri haqqında belə yazır: "Ədəbiyyatın (ümumiyyətlə, mədəniyyətin) sahmanlanması cəmiyyətimizə dəhşətli ziyan verdi, bu ziyanın əsl ölçülərini müəyyənləşdirmək çətindir. Kontuziyadan zədələnən cəmiyyət mürəkkəb əxlaqi və ekzistensional problemlərdə oriyentasiyasını itirmişdi - onun insani potensialı kəskin surətdə azalmış, aşağı düşmüşdü. Eyni zamanda oxucularını bədii həllərinin aydınlığı və sadəliyiylə bihuş edən ədəbiyyat doğuldu və bu ədəbiyyat gerçəkliklə heç bir əlaqəsi olmayan həyatın böyük sadəliyi haqqındakı çox təhlükəli bir mifə dönməkdə idi..." (V. Erofeev. V labirinte proklətıx voprosov. M., Sov.pisatelğ., 1990, s.7 (rus dilində).

Eyni sözləri sovet teatrı haqqında da demək olar və Azərbaycan sovet teatrı da burada istisna deyil.

Bizcə, Azərbaycan milli teatr düşüncəsinin qaynaqlarını ilk öncə əcdadlarımızın mifoloji təfəkküründə axtarmaq ona görə səmərəlidir ki, bu gün də düşüncəmizdə rudiment (qalıq) halında olan bir çox təsəvvürlərin mənasını açıqlamağa müvəffəq ola bilək. Milli teatr poetikasının bir çox səciyyələri əski oğuzların mif yaradıcılığında, deyimlərində, müxtəlif adət-ənənələrində, oyunlarında, mahnılarında və s. səpələnmiş halda mövcuddur. Odur ki, əski oğuzların məsləhətləriylə biz sadaladıqlarımızı "qoyduğumuz yerdən götürməyi" rəva bilirik.

Ümumtürk mədəniyyətinin üzvi tərkib hissəsi olan əski oğuz mədəniyyətinin çağdaş mədəniyyətimizə təsiri danılmazdır. "Oğuzlar çox əski mədəniyyəyə malik türkdilli qəbilə birləşmələri silsiləsindəndir" (Mirəli Seyidov. Azərbaycan mifik təfəkkürünün qaynaqları. B., Yazıçı, 1983. s.250), amma bizi maraqlandıran bu mədəniyyətin tərkibində olan müxtəlif mifoloji-epik əsərlərdəki teatr düşüncəsinin elementləridir. "Oğuzların öz dillərində yazılmış ilk milli dastanları Dədə Qorqud dastanlarıdır. Bu dastanlar son əsrlərə qədər Anadolu və İran türkləri arasında sevilərək dinlənilmiş, oxunmuş..." (Faruq Sümər. Oğuzlar. B., Yazıçı, 1992, s.345). Odur ki, bu abidənin boylarını çıxış nöqtəsi kimi götürmək olar.

Ədəbiyyatşünas alim, Xalq yazıçı Kamal Abdulla "Gizli Dədə Qorqud" monoqrafiyasında dastanın özümüzü, gerçəkliyimizi, iddia və imkanlarımızı daha yaxşı tanımaq üçün arac, vasitə olmasını vurğulayaraq daha dərin qatlardakı Dədə Qorqud mənalarını göstərir.

Göründüyü kimi, teatr prosesinin ilkin mərhələlərində sırf milli teatr poetikasının yaranması üçün ən vacib şərtlər artıq mövcud idi (əgər bəlli tarixi səbəblərdən teatrımızın "rişələr"i süni şəkildə kəsilməsəydi...). Bunlar aşağıdakılardır:

- Sehrli sənətin yaranması üçün etno-psixoloji tələbat;

- Onu qavrayıb, təsirlənmək üçün aparıcı motivasiya;

- Özəl üsul və formalar;

- Sehrli söz qatı;

- Bədii-estetik sistemlər.

Bədii-estetik sistemin başlıca elementi ritm olduğundan hər hansı mərasimin təsir qüvvəsi birə on artır. Dədə Qorqud fenomenini araşdırarkən, bəzən unuduruq ki, o, öz boylarını qopuzda çalmaqla müşayiət edirdi. Daha dəqiq desək (bu isə "Kitabi-Dədə Qorqud"un mətnindən aydın görünür), Dədə Qorqud nəqlini musiqiyə tabe edirdi.

Bəllidir ki, kobız-qopuzun simləri qoldan aralı olduğuna görə barmaqla basılanda qolun səthinə kip yapışmır və buna görə də, səsində fitə bənzəyən çalarlar eşidilir. Bu əlavə təsir vasitəsi sehr ovqatını artırır, onu adi əyləncə və nəşədən uzaqlaşdırır. Deməli, qeyd edə bilərik ki, boylama, aydırma kütləvi sehr ovqatıyla səciyyələnir, bu isə teatr düşüncəsinin olduqca mühüm bir kateqoriyasından, atmosferindən xəbər verir.

Teatr prosesi əcaib dövrə vurub əski qaynaqlarına qayıdır. Bu qarşılıqlı hərəkətdə üç əsas meyl sezilir:

1) Kitabi Dədə Qorqudun zahiri əlamətlərindən faydalanıb, onun sujet xəttini, qəhrəmanlarını, hadisələri və s. modernləşdirməklə "aktual" məsələləri həll etmək.

2) KDQ-nın daxili mifo-epik strukturlarından faydalanaraq yazılı ədəbiyyatın imkanlarını təzələmək niyyəti (çağdaş mifo-epik yaradıcılıq).

3) KDQ-nın strukturuna çağdaş ədəbi (formal) məntiqlə müdaxilə edərək "qaranlıq" mənaları işıqlandırmaq, çağdaş nöqteyi-nəzərdən boşluq olan hissələri doldurmaq cəhdləri.

Biz hər üç meyli qənaətbəxş sayırıq, çünki nəzərə çarpan cəhdlər milli düçüncəmizin əski xəzinəsindən faydalanmaq deməkdir. KDQ-nın mifoloji (sehrli) başlanğıcı hər hansı vasitələrlə adiləşdirilməməlidir, əksinə, o, çağdaş fəlsəfi nailiyyətlərdən təkan alaraq dastanın mistik mənalarını gücləndirməlidir. Başqa sözlə, bu gün səhnə əsəri üçün əsas kimi götürülən KDQ dini kitabələr kimi qavranmalıdır. Bu halda onun sakral mənaları öz ilkin anlamlarında təsir göstərmiş olar. Dədə Qorqudun "qayibdən dürlü xəbər verməsi" (mifoloji keyfiyyəti) bəlkə də bütün başqa keyfiyyətlərdən önəmlidir. Bu keyfiyyət bu gün hiss olunan "mifoloji aclığı" aradan götürüb canlı epik ənənənin davamını təmin edə bilər. Teatr prosesi üçün isə bu hal ən mühüm və həlledici amillərdən biridir. KDQ-nın istisnasız bütün boylarında mifo-epik struktur və mənaları aşkarlamalıyıq, əks təqdirdə biz sehrli məsəlləri etnopsixoloji problemlərlə əvəz edə bilərik.

Dədə Qorqudu ozan-sənətçi kimi anlayanda, unutmamalıyıq ki, arxaik dövrdəki hər hansı sənət hələ öz mistik mənşəyini və məqsədlərini sırf peşəkar funksionallığına dəyişməmişdi. Unutmayaq ki, Dədə Qorqud qopuzu icad etmiş demiurqdur, deməli, hər hansı sənət düşüncəsinin, o cümlədən, teatr prosesinin banisidir.

Çağdaş teatr prosesinin bəzi "düyünlü" problemləri məhz "Dədə Qorqud açarı" ilə açılıb, tam gücü ilə öz əbədi işini görə bilər. Əgər bu problemlər sırasında milli dramaturgiya məsələsinə ayrıca nəzər salsaq, görərik ki, bu gün onun çatışmayan cəhəti məhz sehrdir, qutdur, ovsundur. Bunları isə dramaturgiya məhz KDQ-nın boylarından əxz edə bilər: bundan ötrü yalnız hamımızın düşüncəsində yaşayan duyğu və inanclara çağdaş forma vermək yetərlidir. Unutmayaq ki, Dədə Qorqudun özü də daha qədim ənənələrdən faydalanırdı...

Bəs Dədə Qorqud ənənəsindən qədim ənənələr hansılardır ki, biz onları da teatr düşüncəmizin köklərinə aid edib araşdıraq?

Birinci və ən əhəmiyyətlisi rituallar-mərasimlər-ayinlərdir ki, hər hansı etnosun mədəniyyəti onları yaddaşında saxlayır. V.Ternerə görə "...ritual jestləri, sözləri, obyektləri əhatə edən məxsusi yerdə (məkanda) icra olunan, fövqəltəbii qüvvələrə,  ya məxluqlara ifaçıların maraqları və məqsədlərinə uyğun təsir göstərə biləcək əməllərin (əməliyyatların) stereotipli (qəliblənmiş - M.Ə.) ardıcıllığıdır" (Viktor Terner. Simvol i ritual. M., Nauka, 1983, s.12).

Bu qısa təyinlə kifayətlənib xatırladaq ki, mərasimlər mövsumi, işgüzar, nigah, qurbanlıq, müalicə, doğum, ölüm, fəlakət, sakral və s. mövzularda olur. Mülahizələrimizi daha aydın anlamaq üçün V.Ternerin bir mühüm tezisini də göstərək: bir halda ki, cəmiyyətlər donub qalmış strukturlar deyil, dəyişikliklərə cavab verən proseslərdir, deməli, onların içində yeni rituallar yaranır, ya da ki, kənardan götürülür, əski rituallar isə tənəzzülə uğrayıb yox olur. Bununla belə, bu daimi dəyişikliklərin axınında rituallar üçün yeni bəhanələrdə, hətta yeni ritual konfiqurasiyalarında radikal yenilikdən çox bir qayda olaraq keçmişin variantlarının görkəmini alan formalar qorunub saxlanılır. (Viktor Terner. Simvol i ritual. M., Nauka, 1983, s.33).

Dədə Qorqud ənənəsi məhz əski oğuzların zəngin ritual ənənəsindən qaynaqlanıb cəmiyyətin yeni tarixi şəraitdə yeni mənəvi psixoloji təlabatlarını ödəməyə yönəlmişdir.

Bunu da xüsusi vurğulamağı lazım bilirik ki, Azərbaycan milli sənət təfəkkürü intuitiv və praktikidən başlamış nəzəri-konseptual düşüncəyə qədər təfəkkürün bütün növlərinə malikdir. Çağdaş teatr düşüncəsi isə daha çox reproduktiv əsaslara bağlı olduğundan teatr prosesinin köklü problemlərinə müraciət etməyə subyektiv və obyektiv maneələr yaradır. Belə ki, bu gün teatr düşüncəsinin  qarşısında bir sıra başqa problemlərlə yanaşı, teatrın "özünü dərketməsi"ni təmin etmək vəzifəsi durur: teatrımız özünü subyekt kimi (milli mədəniyyət kontekstində) anlamalı, düşüncə obyektiylə identifikasiya (eyniləşdirmə) etməli, öz başlıca problemini (İdealını, poetikasını) mənimsəməli və bu problemə öz münasibətini təyin etməlidir.

Demək artıqdır ki, yeni tarixi şəraitdə bu vəzifələr ümummilli düşüncə problemləri ilə ayrılmaz vəhdət təşkil edir, çünki teatr düşüncəsinin problemləri etik, estetik, sakral, psixoloji problemlərin kəsişən nöqtəsində cəm olunaraq öz sahəsində mühum ontoloji (mahiyyət), ekzistensional (varolma, mövcudluq) problemlərin dərkində, həllində güclü və başlıcası emosional yardımçı ola, xalqın yaradıcı enerjisini ali dəyərlərə istiqamətləndirə bilər.

 

 





28.12.2023    çap et  çap et