525.Az

Nəsrimizdə qış: soyuq fəslin yaşantıları... - Şahanə Müşfiq yazır


 

Nəsrimizdə qış: soyuq fəslin yaşantıları... - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

(Əvvəli 26 dekabr sayımızda)

 

Yaşatdığı çətinliklərə, problemlərə baxmayaraq, bütün mövsümlər kimi qış da gözəldir, maraqlıdır. Elə bu marağın, özünəməxsusluğun nəticəsidir ki, yazıçılarımız öz əsərlərində tez-tez müraciət ediblər bu fəsilə. Hərə fərqli ideya, fərqli üslub ilə...

lll

Xalq yazıçısı Anarın əsərlərində də tez-tez ilin ən soyuq fəslinin, qış gecəsinin təsvirlərinə rast gəlirik. Məsələn, "Yaxşı padşahın nağılı" hekayəsinin qəhrəmanı padşah üçün qış gecəsi əsl kabus idi: "Qış düşəndə padşahın halı lap pis oldu. Uzun qış gecələri uzandıqca uzanırdı. Yuxusuz padşah gözlərini dama zilləyirdi - naxışlı dam göylər qədər uzaq idi. Padşah çarpayısında uzanıb düşünürdü. Yaman düşünən padşah idi".

Yazıçının "Gürcü familiyası" hekayəsində isə ilin ən uzun qış gecəsinə incə, hüznlü bir toxunuş var: "Yadımdadır, bizim riyaziyyat müəllimimiz Babayev lövhənin qabağında bizə teoremi izah edərkən qəfilcən susardı, fikrə gedərdi, sonra əzbərdən Ömər Xəyyamın, ya Füzulinin bir beytini deyərdi. O, Şərq poeziyasının bilicisi, aşiqi idi. Əsmərin uzun hörüklərinə o, Şəbi-Yelda deyərdi Sonra da bizə başa salardı ki, Şəbi-Yelda ilin ən uzun gecəsi - 22 dekabr gecəsidir.

Əsmərin saçlarını qısa kəsilmiş görəndə kişinin az qaldı dili tutulsun. Düz bir həftə dərsdə ancaq riyaziyyatla məşğul olduq. Babayev indi ancaq teoremlər isbat edir, həll etdiyimiz məsələləri yoxlayır, tapşırıqlar verirdi. Bir həftə sonra lövhə qarşısında yenə bir teoremi izah edərkən o, birdən dayandı, bizə tərəf çevrildi və Əsmərə baxdı: - İndi sənin saçların 22 iyun gecəsidir, - dedi".

Hekayənin davamında isə qış fəsli yenidən xatırlanır. Bu dəfə başqa səbəblə: "Onlar İçərişəhərdə yaşayırdılar. Tez-tez gedərdim evlərinə. Köhnə pilləkənin altında iki göz kiçik otaq. Otaqların birinin pəncərəsi balaca, çirkli həyətə açılırdı. İkinci otağın yerli-dibli pəncərəsi yox idi. Bu otaq indiki kimi yadımdadır. Balaca, lampanın zəif işığında ədəbiyyatdan ifadə yazıya hazırlaşardıq, qış aylarında Əsmərin anası kerosinkanı gətirərdi otağa - bir az qızınmaq üçün. Anası deyərdi ki, evdə kişi olsaydı, bu otağın divarını deşib küçəyə pəncərə açmaq olardı. Belə pəncərədən dəniz görünərdi".

lll

Xalq yazıçısı Çingiz Abdullayevin də əsərlərində qışın maraqlı təsvirlərinə rast gəlirik. Onun 1992-ci ilin şaxtalı fevral gecəsində baş verən Xocalı soyqırımının da xatırlandığı "Meymun ili" romanında qış çovğunlu, boranlı deyil, təmiz havası ilə yad edilir: "Onlar küçəyə çıxdılar. Bayırda şimal şəhərlərində qış mövsümündə olduğu kimi, təmiz hava var idi. Parıltılı gecə qarı, dadlı, soyuq və kəsici hava ilə bədirlənmiş ay..."

Gənc yazıçılarımızın da əsərləri ilin ən soyuq fəslinin təsvirindən heç də xali deyil. Məsələn, Aysel Əlizadə "Qadın peyğəmbər" romanında qışı, onun qarını fərqli obrazla əks etdirir: "Elə olmadı. Günəş qürurla boy-boy düzülən dağların arxasında gizlətdiyi sapsarı başını göstərmədi, yox. Nə də təbiətin sevgilisi yaz qaranlığın ömrünü azaltmaq üçün gəlib gecəni qısaltdı. Qışın uzun, üzücü gecələri ucbatından həyatın bütöv mənzərəsində qara rəng ağ rəngi üstələməsin deyə, təbiət qar düşündü. Qar yağdı, o, doğulan gün, qar. Adını Qar qoydum".

Romanın başqa bir yerində isə çox maraqlı təsvirlə qarşılaşırıq. Müəllif bu təsvirlə sanki öz ölkəsində qışın niyə çox sevilmədiyini, ya da özündən əvvəlki yazıçıların əsərlərində niyə qışın daha çox çətinliklərindən, problemlərindən söz açıldığını izah etməyə çalışır: "Bu ölkədə qar hər qış yağmazdı. Qar qıtlığı vardı buranın. Yağanda hamı küçəyə tökülüşərdi. Uşaqlar dəlicə qaynaşardılar, qar adamına oxşar məxluqlar düzəldərdilər. Böyüklər qardan ləzzət ala bilməzdi. Çünki yollar tutulur, buz olub sürüşkənləşir, işə gedənləri, maşın sürənləri, yola çıxanları dilxor edərdi. Qarı sevərdi hamı, ancaq qəzaların, sorunların sayı artırdı deyə, kimsə arzulamazdı. Belə havada çocuğunu qartopu oynamaq bəhanəsiylə şəhərə gətirən analar yığıncağı gözə dəyərdi. Qar bəhanəli qeybət toplantısı axşama kimi sürərdi. Qarla Nur belə toplantılardan birinin yanından keçirdi. Dinmədən topuğa qədər yığılan qarı addım-addım basıb yerə yapışdırır, havanın təmizliyini duyuran şaxtadan ləzzət alıb, bir-birini sözlə yormadan aramla yeriyirdilər. Gözlərini hara dikdiklərini özləri də bilmədən addımlayırdılar. Hamar bəyazlığa ayaqqabı şəkli çəkir, cığır açırdılar. Arxalarınca öz ayaq izləri gəlirdi. Kimsə həmin izə düşüb onlara yetişə bilərdi. Arxada isə bu izlərdən başqa heç kimləri və heç nələri yox idi..."

Tural Sahab isə "Canavar ovu" romanında şəhərin deyil, ucqar bir kəndin qış mövsümündən və onun yaşatdığı çətinliklərdən danışır. Demək olar ki, roman bütünlüklə məhz kənd əhalisinin qışda yaşadığı problemlərə həsr olunub. "1974-cü ilin sonuna beş gün qalmış qar yağdı. Bozdağ kəndinin yolları, demək olar ki, bağlandı. Həmin il qış o qədər sərt keçdi ki, ən gur bulaqların suyu da dondu. Fevral ayının sonunadək bulaqların gözündəki buz açılmadı.

Bu müddət ərzində kənd sakinləri çox ağır günlər yaşadı. Qocalardan bəzilərinin canı soyuğa dözmədi; bu dünyayla vidalaşdılar... Sağ qalanlar isə "74-ün qışı"nı yaddaşlarına yazdılar... Onda telefon və televizor addım-addım insanların həyatında özlərinə yer açırdı, "internet" kəlməsi elmi termin kimi işlədilirdi. Ucqar dağ kəndində dünyadan xəbər tutmağın yeganə yolu radio idi. Kimsə telefonla uzaqdakı qohum-əqrəbasına xəbər ötürmək istəyəndə mütləq rayon mərkəzinə getməliydi. Kəndin elektriki də bərbad idi; sutkada 2-3 saat verilirdi. Üstəlik, köhnədən qalma işıq xətləri tez-tez qırılır, kəndi aylarla neft lampasının və öləziyən şam işıqlarının ümidinə qoyurdu. Bir sözlə, vəziyyət ürək açan deyildi. Külək bir azca bərkiyəndə, yaxud qar yağmağa başlayanda hamı evdə şamını, lampasını gündüzdən hazırlayardı..."

lll

Amma qış təkcə soyuqların, şaxtaların, boranların mövsümü deyil axı. Qışda elə bir bayram var ki, bunu az qala bütün dünya qutlayır. Hətta noyabrın axırından - soyuqlar özünü qapının kandarından göstərəndən hamı məhz həmin günə hazırlaşmağa başlayır. Bəli, bu, Yeni il bayramıdır ki, onun gəlişi ilə köhnə ilə "əlvida" deyib təzə ilə "xoş gəlmisən" söyləmək şansı qazanırıq.

Dekabr girər-girməz hər evdə yeni il yolkaları qurulur, evlər, parklar, yollar rəngarəng işıqlarla bəzədilir, təzə ilin sevimli obrazları Şaxta baba və Qarqız uşaqlara gözəl anlar bəxş edir, hər kəs bir-birinə yeni il hədiyyəsi alıb sevindirməyin tədarükünü görür.

Azərbaycan ədəbiyyatında da bəzən müəlliflər qışı məhz bu cür- təzə ilin gəlişi ilə yad ediblər. Amma heç şübhəsiz, Yeni il bayramının ədəbiyyatımızdakı yerindən danışanda çoxumuzun yadına Xalq yazıçısı Anarın məşhur "Keçən ilin son gecəsi" əsəri düşür. Zamanında televiziya filmi kimi də çəkilərək tamaşaçılarla görüşən əsərdə bir ailədə keçən köhnə ilin son saatları və təzə ilin ilk dəqiqələrinə görülən hazırlıqlar əks olunub:

"Həmişə olduğu kimi indi də Həmidə xala yeni ili öz evlərində qarşılayırdı. Onun yaşı əllini çoxdan ötmüşdü. Yeni ili qarşılamaq dəb düşəndən bəri o, yalnız bircə dəfə, dekabrın otuz birində öz evlərində olmamışdı. O da təsadüfən; Həmidə xala əri Qəzənfərlə Moskvadan qayıdırdı. İş elə gətirdi ki, Mahaçqaladan bir az bəri qatarı saxladılar. Yolu qar basmışdı. Başqa sərnişinlər kimi Qəzənfərlə Həmidə də qırx yeddinci ili qatarda qarşılamalı oldular. Əlli ikinci ildə isə Qəzənfər vəfat elədi. Həmidə xalagilin dörd uşağı vardı. İki yaşında vəfat eləmiş Sahib də dursaydı, beş olardı. Böyüyü qız idi - Gülarə. Ondan kiçiyi - Rüstəm. Sonra Dilarə, bir də sonbeşik - Tofiq. Gülarə ərdə idi. Əri Süleyman həkim idi. Gülarə ilə Süleymanın uşaqlarının adı Vaqif idi. O, yaşyarımında idi. Tofiqin on dörd, Dilarənin on yeddi, Rüstəmin iyirmi bir, Gülarənin iyirmi beş yaşı vardı. Gülarədən başqa bütün uşaqlar evdə Həmidə xala ilə bir yerdə yaşayırdılar. Keçən ilin son gecəsi idi".

lll

Bəli, elə bizə təzə ili gətirməsi ilə də sevimlidir, gözəldir qış. Deyilmi?!

Günəşli, həlim qış günündə, Yeni il bayramına sadəcə bir neçə gün qalmış oxuduğunuz bu məqalə ilə biz də ömrünüzə təşrif buyurmuş növbəti qış fəslinizi və üzümüzə gələn təzə təqvim ilinizi təbrik edir, təkcə bayram günü deyil, həyatınızın heç bir günündə tənha qalmamağınızı arzu edirik.

 

 





28.12.2023    çap et  çap et