525.Az

Bircə dəfə keçmədim ki, səhv yoldan - Yəhya Paşazadədən poetik nümunələr


 

Bircə dəfə keçmədim ki, səhv yoldan - <b style="color:red"> Yəhya Paşazadədən poetik nümunələr</b>

Elə ömür sürmədim ki, əzəldən

Mən atdığım hər addımdan utanım.

Bircə dəfə keçmədim ki, səhv yoldan,

Hər addımda öz adımdan utanım.

Ömür sürdüm tamam doğru təməldə,

Haqq saxladı arzuları cəm əldə.

Çalışdım ki, hər tutduğum əməldə

Nə doğmamdan, nə yadımdan utanım.

Düz kəlməmdən əyri düşdü dalana,

İnanmadım düzdən əyri qalana.

Vermədim ki, vəd dilimlə yalana,

Düz sözümdən, düz andımdan utanım...

Dedim, vaxtdır, çözüm yaman dilləri,

Təmizlənsin qoy zamanın lilləri...

Nə büt kimi yaşayım ki, illəri,

Nə də sonra həyatımdan utanım.

Gül olanda saralıb-solmadım ki,

Bulud ikən elə tez dolmadım ki...

Göy üzündə uçan quş olmadım ki,

Yer üzündə qanadımdan utanım...

lll

Çox iş görməlisən bil ki, hələ sən,

İşin öhdəsindən gərək gələsən...

Hara tələsirsən, sən, ay tələsən,

Hara tələsirsən, hələ tələsmə.

Dərindən qazılır səhvin çalası,

Düz sözlə ucalır ömrün qalası.

Hara tələsirsən, adam balası,

Hara tələsirsən, hələ tələsmə...

Addımı dürüst at, dur ön cərgədə

Yolunu dəyişmə, düşsən bərkə də.

Doğru məsləhətim budur, bəlkə də,

Hara tələsirsən, hələ tələsmə...

Qorxma ruzigardan, zalım fələkdən...

Keçir həqiqəti tamam ələkdən.

İstər düşünmədən, ya bilərəkdən

Hara tələsirsən, hələ tələsmə...

Sinəndə titrəyir nə qədər ürək,

Ruhunu oynadır min arzu, dilək,

Hər səmtdə tez əsən, tez kəsən külək,

Hara tələsirsən, hələ tələsmə...

Güvənmə şöhrətin, adın barına,

Batarsan həsrətin yoxsa qarına.

Yaman gecikirsən bəxt qatarına,

Hara tələsirsən, hələ tələsmə...

Dövranın səsinə əgər versən səs,

Zamanla birlikdə alarsan nəfəs,

Həyatı öyrənib sonra sən tələs,

Hara tələsirsən, hələ tələsmə...

lll

Yenə də qovuşduq doğma torpağa,

Zirvəsi əlçatmaz dağ salamatdır.

Baxıram, birbəbir sağdır ağaclar,

Bir vaxtlar salınmış bağ salamatdır.

Çiçəklər açmayır daha nagüman,

Bulaqdan çoxalır saz-söhbət uman...

Dərəyə arxayın enir çən, duman,

Qayalar geyinib ağ, salamatdır.

Ocaqda alışır hər köz yerində,

Dillərdə sevinir hər söz yerində...

Yaz öz yerindədir qış öz yerində,

Fəsil salamatdır, çağ salamatdır.

Hava təmizlənib yad nəfəsindən,

Yol cığır düşməyir heç həvəsindən.

Min sevinc çağlayır çayın səsindən,

Ruhları saxlayan bağ salamatdır.

Buludlar çevrilib göyün çətrinə,

Çəmənlər batıbdır gülün ətrinə.

Halal süfrəm üçün çörək xətrinə

Tərimi suvaran arx salamatdır.

Yurdumuz azaddır, xalq qalib gəlib,

Zaman hökm verib, vaxt qalib gəlib.

Çox şükür, ədalət, haqq qalib gəlib,

Çox şükür, həqiqət sağ-salamatdır.

 





28.12.2023    çap et  çap et