525.Az

Atılmış daxma kimi qərib, tənha və yalnız


 

Atılmış daxma kimi qərib, tənha və yalnız<b style="color:red"></b>

Aysel ZÜLFÜQAR

Atılmış daxma kimi qərib, tənha və yalnız

Bir ömürün içində azıb qalmışam, dostum.

Yelkənləri didilmiş, küləyin həmləsindən,

Bir gəmiyə bənzərəm, sahilləri unutdum.

 

Uşaqlığın havası çoxdan tərk edib məni,

İndi qoca vulkantək uyuyuram içimdə.

Beynimdə qırıq-sökük xatirələrim sənlə...

Və bir də daşa dönmüş qızcığaz var gecəmdə...

 

Qulağımda sırğatək saxladığım sözlərin,

İnci-inci töküldü, məni qınama, nolar.

Demişdin, məsumluğu dünya boyda gözlərin

Bu dünyadan gördüyü əzablar böyük olar?!

 

Atdım üstümdən, atdım zəriflik əsarətin,

Ancaq çoxmu gec oldu, çoxmu yaralanmışdım?!

İndi mənə yad olan bir dünya kəsalətin,

Əlindən öz içimə qaçdıqca qaçdım, qaçdım...

 

İndi yorğun zehnimi aydınladan surətlər

Ya bir olar, ya iki, o da ən dinc anımda...

Gözlə məni, ey dostum, öldüyün həmin gündə...

Ölümü hiss edirəm indi canım-qanımda...

 

Sən getdiyin o yerdə bilmirəm saat neçə,

Ya da hansı fəsildir tellərində uyuyan...

Gözlə məni, gələcəm, göylərdən keçə-keçə,

Gəlib qəfil deyəcəm:

Gəlmişəm, dostum, oyan!

lll

Belə baxma gözlərimə,

Sükut dolu sualı var.

Yerə gəlmiş dizlərimlə

Sürünürəm diyar-diyar.

 

Əllərimdə çiliklənmiş

ümidlərin tikələri.

Sol yanımda gün görməyən

arzuların bəlkələri

 

"Niyə sevmirsən?" - soruşsan,

Mən sevməyi unutmuşam.

Çobanyastığı çiçəyin

lap köhnədə qurutmuşam.

 

Sevə bilirsən sev məni,

Mən indi qarlı bir qışam.

Bir vaxt Bahar-Yaz Qız idim,

İndi doluyam, yağışam.

 

Gözlərimdə neçə şeir

Özünü asdı kirpikdən.

Yaş oldu, bircə damla yaş,

İncitək töküldü dən-dən.

 

Məndən o qadın olmaz ee,

Nahaq gözləmə, Səbr Adam.

Mən bir az narsis xəyallı,

Sevgimi çətin oyadam.

 

Get, kölgəni götür apar,

Vallah, yükdür bu xəyallar

İndi gözümdə sıxdığım,

Bircə bulud göz yaşı var.

 

O da sənin üçün yağmaz,

Yağsa, özünə ağlayar.

O içində öldürdüyü,

Bahar Qızına ağlayar.

Get, get, Adam, qapını ört,

Soyuq gəlir keçmişimdən.

Mən dünəni dəfn etmişəm,

Mən köçmüşəm öz içimdən.

lll

Gözlərimdə illərin

küllənmiş ağrıları...

Yandım, yandım, çox yandım...

Keçdi getdi... soyuyur...

Barmaqlarım ucunda

xəfif-xəfif gedirəm,

Gedirəm incə-incə

üzü sükuta sarı...

Qulağımda səssizlik...

mışıl-mışıl uyuyur...

 

Dəli xatirələri

toplamışam ovcumda,

Bir qartopu vuruşlu

hədəf kimi sıxıram...

Haçan çatsam o yerə,

o sükut məbədinə,

o buz xatirələrim,

əriyər aram-aram...

onu hədəfə vursam...

 

Dağılar pərən-pərən

min-min çılğın xəyallar...

Düşüb izinə qaçsam,

yollar ömrümü yorar,

İllər ömrümü alar...

 

Bu qərib taleyimə

bir küskün gileyim var;

onu özümə desəm

xəzəl pıçıltısıyla,

ölü keçmişim duyar...

 

İndi dirildim görən,

ötüb keçən anları...

Yoxsa, bir də yanmağa

tövbə eləyim, Tanrı?!

 

Yox, sükuta vəd verdim,

tutmalıyam sözümü...

Gələcəyin kəpənək röyasına

bürünüb,

yaşayacam ömrümü,

son qətrəsinə kimi...

Ölüm yuxusu kimi...

Dadlı, şirin, əbədi..!

Budur sükuta vədim!!!

lll

Şüşə qırıqlarıtək iti və kəskin,

batdıqca qanadan duyğu içrəyəm...

Başımın içində savaş sirenaları...

Sanki 3-cü Hərb astanasında,

mərmi qoxan gecədəyəm...

Ürəyim ağzımda,

nəbzim əcəl zəngi kimi vurur,

vurur aramsız...

Hiss edirəm hər birini

kar olmağa müdavim

qulaqlarımda...

Allahı çağırıram,

dəhşətdən

böyümüş gözlərimdə

uşaqca bir yalvarış...

Özümdən böyük qorxu...

Allah, axı mən hardayam?!

Bu nidanı ucaldır

lal olmuş dilimin

harayını gözlərimə zərrə-zərrə

həkk eləyən həyəcanım...

Yanır canım...

Və ayılıram...

qəfil güllə açılır

yuxumda qaçan qıza...

O mənəm, zavallı mən...

Qəzzada, Fələstində, İsraildə

öldürülən minlərlə məsumdan biri...

minlərlə məzlumdan biri...

Amma diri, hələ diri...

 

 





28.12.2023    çap et  çap et