525.Az

Suveren Azərbaycanın Həmrəylik günü - Şahanə Müşfiq yazır


 

Suveren Azərbaycanın Həmrəylik günü - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycan xalqının milli birliyini, dirçəlişini, sarsılmaz əzəmətini tərənnüm etdirən Həmrəylik günü dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qürur yeridir.

Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrilən bu tarixin birinci ildönümü 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunub. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Ulu öndər həmin günün mənəvi əhəmiyyətini vurğulayaraq dünyanın fərqli ölkələrində yaşayan soydaşlarımıza müraciət edərək deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil suveren Azərbaycan Respublikasıdır".

Dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlını bir amalda birləşdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın birlik və bərabərliyini özündə əks etdirən simvolik tarixdir. Bu birlik və həmrəylik özünün ən böyük zirvəsinə, şübhəsiz, 44 günlük Vətən müharibəsində çatdı. Vətən müharibəsində qazandığımız tarixi Qələbəmizin təməlində bu həmrəylik dururdu. Müharibə zamanı fərqli ölkələrdə yaşayan həmvətənlərimiz düşmənin məkrli təxribatlarına qarşı cəsarətlə etiraz səslərini ucaltdılar, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələr başda olmaqla, bütün dünyaya hayqırdılar.

Bu fədakar əməyin ən gözəl qarşılığı kimi 2022-ci ildə Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirildi. Qurultayın açılışında Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev söylədiyi geniş nitqində bu mötəbər tədbirin Zəfər Qurultayı elan etməsindən danışdı: "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər Qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün".

Son günlərini yaşamaqda olduğumuz 2023-cü il Azərbaycanımız üçün ən şanlı illərdən biri oldu. Məhz bu ildə son üç onillikdə xalqımızın başına müsibətlər gətirən, neçə-neçə faciələrə bais olan separatizmə birdəfəlik son qoyuldu, Azərbaycan öz gücü, qüvvəti hesabına suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etdi. Bu il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü məhz belə bir tarixi proseslərin reallaşdığı bir dövrdə - 30 ildən sonra ilk dəfədir suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanımızda qeyd olunur. Bu münasibətlə dünyanın dörd bir yanında yaşayan, qəlbi Azərbaycanla döyünən bütün soydaşlarımızı təbrik edirik!

 

 





29.12.2023    çap et  çap et