525.Az

"Akademiyanın Şuşanamə salnaməsi" mövzusunda elmi konfrans keçirilib


 

"Akademiyanın Şuşanamə salnaməsi" mövzusunda elmi konfrans keçirilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi çərçivəsində AMEA-da görülmüş işlərin yekunlarına həsr olunan "Akademiyanın Şuşanamə salnaməsi" mövzusunda elmi konfrans keçirilib.

Tədbirdən öncə 2023-cü il ərzində "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı" mövzusunda AMEA-da işıq üzü görmüş nəşrlərdən və rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev bunun ardınca "Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Akademik İsa Həbibbəyli Nazirlər Kabinetinin 7 Fevral 2023-cü il tarixli "Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncamında AMEA-nın üzərinə müvafiq dövlət qurumları ilə birgə "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı ili" çərçivəsində beynəlxalq konfrans, elmi seminar və digər tədbirlərin keçirilməsi, I Türk Dünyası Mədəniyyət Forumunun, eləcə də "Əhməd bəy Ağaoğlu və Türk dünyası" mövzusunda beynəlxalq konfransın təşkili kimi vəzifələrin qoyulduğunu bildirib.

Sözügedən sənədlərdən irəli gələrək AMEA-da müvafiq Tədbirlər Planının hazırlandığını diqqətə çatdıran akademik İsa Həbibbəyli Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin elmi müəssisələrində "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı ili" mövzusunda konfransların, sərgilərin keçirildiyini, fundamental monoqrafik tədqiqatların hazırlandığını vurğulayıb. 

AMEA prezidenti bugünkü konfrans çərçivəsində sərgilənən nəşr və rəsm əsərlərinin bir-birini tamamladığını, alimlər tərəfindən çəkilmiş rəsm əsərlərinin rəng, kompozisiya və üslub baxımından Qarabağ, Şuşa mövzusunda ciddi və dərin mənalar verdiyini diqqətə çatdırıb.

Sonra AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov "Şuşa və Qarabağ akademik nəşrlərdə və toplama materiallarında" və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə "Qarabağ və Şuşa təsviri incəsənətdə" mövzusunda məruzələrlə çıxış ediblər.

 

 

 





29.12.2023    çap et  çap et