525.Az

İnsan layla çalır beşik başında - İslam Sadıqan poetik nümunələr


 

İnsan layla çalır beşik başında - <b style="color:red"> İslam Sadıqan poetik nümunələr</b>

ÖYRƏDİR

 

Bilir gəldiyini yayın, qışın da,

Hissi, duyğusu var soyuq daşın da.

İnsan layla çalır beşik başında,

Quş öz balasına uçmaq öyrədir.

 

Bir ana göz qoyur, göz balasına,

Oğul balasına, qız balasına.

Sərçə ağıl verir öz balasına,

İnsan əyilməmiş qaçmaq öyrədir.

 

Yüz baxmağa dəyər bircə öpüşmək,

Sevginin sirridi, məncə, öpüşmək.

Kəpənək adama necə öpüşmək,

Arı öz gülünü qucmaq öyrədir.

4 noyabr 2023
Novxanı

 

SÖZÜM SÖYKƏK OLUB HAQQIN SÖZÜNƏ

 

Çətindi düz yolu tutub qalmaq da,

"Qaraçı" kökündə "Cəngi" çalmaq da.

İslamın sözünü yerə salmaq da

Ağ olmaq kimidi Haqqın üzünə.

 

Gəmimə su doldu, batmadım ancaq,

Ovsun elədilər, yatmadım ancaq.

Mənə çox dedilər, qatmadım ancaq

Haqsızı heç zaman Haqqın gözünə.

 

Dağların başını qar alan kimi,

Qadanı kim alar yar alan kimi.

Bir az öləziyib, qaralan kimi

Çınqımı qoşmuşam Haqqın közünə.

 

Sevinib sevincə, dərdlənib dərdə,

Çox arxa durmuşam arxasız mərdə.

Səsim Haqdan gəlib mənim hər yerdə,

Sözüm söykək olub Haqqın sözünə.

8 noyabr 2023
Novxanı

 

OLANDA

 

Durna qatarını süzüb aparır,

Burdan ayağını üzüb aparır.

Sıfırı yan-yana düzüb aparır,

Yüyən də, qamçı da birin olanda.

 

Qatıq üz tutmasa, qaymaq da olmur,

Qaymaqsız qatıqdan doymaq da olmur.

Ürəyin odunu duymaq da olmur,

Adamın arası sərin olanda.

 

Çiçəyim bar tutub, bəhərə dönür,

Gecəm də açılıb səhərə dönür.

Yadın şirini də zəhərə dönür,

Doğmanın acısı şirin olanda.

1 noyabr 2023
Novxanı

 

ÖLMƏK PAYI VAR

 

Hər atı hərənin bircə yol minmək,

Hər atdan hərənin bircə yol enmək,

Hər dilin uzağı bircə yol dinmək,

Hər gözün bir gülüm gülmək payı var.

 

Elə bilmə şimşək qəfildən çaxdı,

Ölçülüb, biçilib hər şeyin vaxtı.

Vallah, bu dünyada hamı qonaqdı,

Hər qonağın bir yol gəlmək payı var.

 

Bir adam olubmu, kim bilir desin,

Əyninə "yaxasız köynək" geyməsin.

Doğulub dünyaya gələn hər kəsin

Pozulmaz yazıdı, ölmək payı var.

29 oktyabr 2023
Novxanı

 

"ÜRƏYİNƏ SALMA" DEYİRSƏN...

 

Baltanın səsindən qorxur dirəyim,

Saxlamaz bu boyda yükü kürəyim.

Az qalır sinəmdən çıxsın ürəyim,

"Ürəyinə salma" deyirsən hələ.

 

Aş dadı qalmayıb daha aşımda,

Qurusuz-murusuz yanır yaşım da.

Buxarıya dönüb indi başım da,

"Ürəyinə salma" deyirsən hələ.

 

Nə altı mənimdi, nə yerin üstü,

Baxıb, baxıb məndən Tanrı da küsdü.

Kəsdirən əyridi, kəsilən düzdü,

"Ürəyinə salma" deyirsən hələ.

 

Nə dünənki xanlar, nə də bəylər var,

Bəy papağı qoymuş quru şüylər var.

Adam dözə bilmir, elə şeylər var,

"Ürəyinə salma" deyirsən hələ.

 

Nadan durub mənə ağıl öyrədir,

Nağıl ustasına nağıl öyrədir.

Elə inək kimi "sağıl" öyrədir,

"Ürəyinə salma" deyirsən hələ.

4 noyabr 2023
Novxanı

 

ƏRİYİB GEDİRƏM NƏMİN İÇİNDƏ

 

20 ildir ki, nəmişliyin,

duzun adamı yediyi,

Novxanıdakı bağ evində yaşayıram.

 

Qışın oğlan çağı yayım da olur,

Sayılmayan yerdə sayım da olur.

Bircə qaşıq sevinc payım da olur

Hərdən qazan-qazan qəmin içində.

 

Biri çiçək kimi açır, solmur ha,

Hər ovuc açanın ovcu dolmur ha.

Oxumaq, unamaq, duymaq olmur ha

Nələr, nələr yatır kimin içində.

 

Üstümə bir qanad sərən də yoxdu,

Başıma bir çətir hörən də yoxdu.

Eşidən də yoxdu, görən də yoxdu,

Əriyib gedirəm nəmin içində.

23 noyabr 2023
Novxanı

 

KÜSÜRƏM

 

Sözümü kim tutmuş, kim qulaq asmış,

Mənim toy bildiyim sən demə yasmış.

Arxama baxıram, orda ot basmış

Cığırdan küsürəm, izdən küsürəm.

 

Sözümü demişəm bayaqdan, bir də,

Yapışma dayaqsız dayaqdan bir də.

Enişdə büdrəyən ayaqdan, bir də

Yoxuşda yorulan dizdən küsürəm.

 

Nolar soruşmayın, qoca pirlərim,

Açılmaz, deyilməz neçə sirlərim.

Məni umsuq qoyan umud yerlərim,

Bax sizdən umuram, sizdən küsürəm.

30 oktyabr 2023
Novxanı

 

YATIR

 

Təpədən aşağı bir dağ tapılmaz,

Bağbanlıq eləsəm, bir bağ tapılmaz.

Qaranın içində bir ağ tapılmaz,

Hər ağın içində qara da yatır.

 

Beşliyə basılmır, dördlüyə əhsən,

Dərdə yiyə durur, dərdliyə əhsən.

Bu qeyrətə əhsən, mərdliyə əhsən,

Qılıncı qoyubdu arada, yatır.

 

Nə qardaşım bilir, nə anam-bacım,

O qədər dərdim var, hansını açım.

Bir zaman darağa yatmayan saçım,

İndi hara desəm, ora da yatır.

18 oktyabr 2023
Novxanı

 

TUTURLAR

 

Çox vaxt əkdiyini yığmır əkən də,

Çox vaxt çəkdiyini bilmir çəkən də.

Göydən daş yağanda, dolu tökəndə,

Əli qalxan kimi başa tuturlar.

 

Çoxu bölüb-bölüb az eləyirlər,

Sərçəni böyüdüb qaz eləyirlər.

Özü qış olanı yaz eləyirlər,

Özü yaz olanı qışa tuturlar.

 

Yüzü susur biri söz danışanda,

Külə xoş gəlmir ha köz danışanda.

Adam düz olanda, düz danışanda,

Ondan dad eləyir, haşa tuturlar.

 

Satqını, xayını dörə çəkirlər,

Döndərib ocağa, pirə, çəkirlər,

Qızıla çəkirlər, dürə çəkirlər...

Vətəni sevəni daşa tuturlar.

 

Sən, ay İslam Sadıq, ha danış, söylə,

Qaralmış kömürü odlu kösöylə,

Bir dolu xurcunu bir boş kisəylə

Yan-yana qoyurlar, qoşa tuturlar.

29 noyabr 2023
Novxanı

 

DUZA BAX

 

Qışa salam verdim, "mən yazam" dedi,

Daşa salam verdim, "mən duzam" dedi.

Dula salam verdim, "mən qızam" dedi,

Qarıya bax, Tanrım, qıza bax, Tanrım.

 

Külə salam verdim, "mən közəm" dedi,

Yelə salam verdim, "mən sözəm" dedi.

Bir əyri hamıdan "mən düzəm" dedi,

Adamın üzündə boza bax, Tanrım.

 

Aza salam vedim, "mən çoxam" dedi,

Aca salam verdim, "mən toxam" dedi.

"Sən olduğun yerdə mən yoxam" dedi,

Bir çoxa bax, Tanrım, aza bax, Tanrım.

 

Dayazı soruşdum bir az dərindən,

Ayazı soruşdum bir az sərindən.

Əzilir, büzülür yeddi yerindən,

İşvəyə bax, Tanrım, naza bax, Tanrım.

 

Ocaqdan qaçanı ocağa çəkən,

Qucaqdan qaçanı qucağa çəkən...

Quzunu aldadıb bıçağa çəkən

Qəssabın ovcunda duza bax, Tanrım.

3 dekabr 2023
Xırdalan

 

ANAM ÖYÜNMƏDİ SÖZÜMLƏ BİR YOL

 

Hərdən anam məni bağrına basdı,

Elə bildim qış da bahardı, yazdı.

Anamsız evimiz bir yol qızmazdı,

Anam qızınmadı közümlə bir yol.

 

Anam yol yeridi, yol, əylənmədi,

Gördü löyün-löyün gül, əylənmədi.

Bu haqsız dünyadan gileylənmədi,

Heç ona baxmadı gözümlə bir yol.

 

Məni doğan günü söyündü anam,

Bilmirdi yerindi, göyündü anam.

Boyuma baxdıqca öyündü anam,

Ancaq öyünmədi sözümlə bir yol.

5 dekabr 2023
Novxanı

 

BİLMƏZ

 

Anırı deyirlər bəriyə görə,

İrəli deyirlər geriyə görə.

Düzün adı düzdü əyriyə görə,

Əyrini görməyən düzünü bilməz.

 

Yelli olmayanlar yellidən keçir,

Bəlli olmayanlar bəllidən keçir.

Yüzə aparan yol əllidən keçir,

Əllidən keçməyən yüzünü bilməz.

 

Yaxşı bir-birinə caladın közü,

Yaxşı ocaq çatdın, qaladın közü.

Vələsə oxşamır palıdın közü,

Odun tanımayan közünü bilməz.

 

Ay İslam, güzgüsü gözdü insanın,

Gözündə nə görsən, düzdü insanın.

Olanı-qopanı sözdü insanın,

Sözünü bilməyən özünü bilməz.

7 yanvar 2023
Novxanı

 

BİR ÇİMDİK İŞIQ OLSAN...

 

Dağ üstünə qoysan dağı,

Bu hünərdən qorxar yağı.

Üz qoyandan sonra axı

Nə var küsüb-barışmağa.

 

Nə taparsan tapsan əgər,

Nə yaparsan yapsan əgər.

Öz kökündən qopsan əgər,

Nə var yadla qarışmağa.

 

Tarı sındır aşıq olsan,

Çömçəni qır qaşıq olsan.

Bircə çimdik işıq olsan,

Nə var yerdə sayrışmağa.

2 yanvar 2023
Novxanı

 

QORUYUR

 

(Nəzər duası)

 

Nə deyirəm, duymaz naşı,

Ayağımca bilməz başı.

Göz baxmasa, görməz daşı,

Başı daşdan göz qoruyur.

 

Bir ilğıma o dönüb də,

Tez yox olur görünüb də.

Özü külə bürünüb də,

Vallah külü köz qoruyur.

 

Dünyam kimin dünyasıdı,

Onlar məni duyasıdı.

Sözüm nəzər duasıdı,

Bəlkə məni söz qoruyur.

24 oktyabr 2023

Novxanı

 





29.12.2023    çap et  çap et