525.Az

Bu vüsalın əbədidir, Kəlbəcər! - Dilarə Adilgil yazır


 

Bu vüsalın əbədidir, Kəlbəcər! - <b style="color:red"> Dilarə Adilgil yazır</b>

(Əvvəli ötən sayımızda)

 

O ağır 1990-cı illərdə Kəlbəcər nələrdən keçib, nə zülmlər, faciələr yaşayıb... "Düşmən süngüsünə də keçib, əsir düşüb, zəhər də içib". Yəqin ki, tarixinin ən qara dönəmini görüb. Müharibə dövründə bir video da dayanmadan tirajlanırdı. Əsli-nəsli bilinməsə də, dünyanı "Ermənistan" bilən terrorist Melkonyanın başçılığı ilə əli-ayağı yalın kəlbəcərlilər 10 saat ərzində evlərindən qovulur, Murovun qarlı aşırımları ilə canını, ailəsini götürüb qaçan kənd camaatı arxadan güllə yağışı və düşmənin qəhqəhələri, əlçalmaları ilə "yola salınır".

Melkonyan guya bizi heç rəqib olaraq da görmürdü, "azərbaycanlılarla dava-dava oynayıram", - deyirdi.

Kəlbəcərin sıldırımlarından, şiş qayalarından nə qədər kəlbəcərli namərd düşmənə əsir düşüb rüsvay olmamaqdan ötrü özünü qorxunc uçurumların qucağına atıb. Ağdaban, Ballıqaya faciələri, Başlıbel qırğını, yazıya gətiriləsi mümkün olmayan, lakin vətəndaşlarımızın canlarında yaşadıqları dəhşətlər... Hələ uzaqlaşmamış, şahidləri sağ olan yaxın tariximizin unudulmuş, bilmədiyimiz keçmişi də var. Məmməd Aslan "Sümüklü dərə" şeirini Göycə qətliamının qurbanlarına həsr etmişdi. Adı eşidənin sümüklərini yandırır:

 

Mən dərə görmüşəm: moruq qoxulu,

Mən dərə görmüşəm: nərgiz yuxulu...

Bu dərə nə qədər müdhiş,

qorxulu - Sümüklü dərə.

...Bura şəhidlərin gorsuz gorgahı,

Bura qatillərin məhşər günahı! 

 

1969-cu ildə, hələ sovet hökumətinin gəlhagəlli vaxtında yazılıb. Xəbərim yox idi: nə bu şeirdən, nə Məmməd Aslanın belə cəsarətindən. Bu barədə məlumat çox azdır. Mən onu daha çox "Dərədən-təpədən", uzun illər aparıcısı olduğu "Əkil-bəkil" uşaq verilişlərindən tanıyırdım. Folklor bilgisi, folklor sevgisi ilə. Amma gör, papaq altında necə oğullarımız olub, Hayastan-Azərbaycan "qardaşlığı" dövründə nəyə qalxıblar, nələr yazıblar.

44 günlük şərəf müharibəmizdə 15 yaşlı kəlbəcərli Zabil Səfərovun nənəsindən güclə qopardılıb tanka mindirilərək əsir aparıldığını qəlbim yana-yana izləmişdim. Bu nə müsibət idi? XXl əsrə çataçatda evinin içində sakit oturduğun yerdə gəlib səni əsir aparsınlar? Xırda-xırda uşaqları... Kadrlar yayılandan sonra bu adamın fikrini çox çəkdim, onun barəsində çox düşündüm. Şükür, xilas ola bilib. 3 il sonra əsirlikdən azad edilən, indi yaşı 40- keçmiş Zabil kadrarxasında olanlardan söz açır. Onu cəlladların əlindən ala bilməyən nənəsinin qorxmadan ermənilərə nalə-nifrin etdiyini, onsuz da ordumuzun bir gün qayıdıb bu torpaqları azad edəcəyini onların üzünə söylədiyini deyir... Gözünün qabağında qətlə yetirilmiş qoca nənəsindən, ermənilərin gülə-gülə "gəl, basdır" deyə gülüşdüklərindən göz yaşları ilə danışır. Mənə ən çox təsir edən... yox, məni məhv edən isə əsir qadınlardan birinin Zabilə "niyə qohumlarına məktub yazmırsan? Bəlkə xilas olmağına kömək etdilər?" deməsi və balaca əsirin "bunu eşidəndə dəli oldum, axı mənə heç kim heç nə deməmişdi" sözləri oldu. Onun qəfil peyda olan ümidini düşündüm, axı heç azad olmaya da bilərdi. Əsirlikdə keçirdiyi əzabla dolu 3 il ürəyimi parçaladı. Əsirlər Qırmızı Xaçdan gizlədilir, elementar insani hüquqlardan məhrum edilirdilər. 28 il qabaq itkin düşən 4500 vətəndaşımız hələ də axtarışdadır. Mizan-tərəzi deyilən bir şey də var, hər şeyin geci-tezi olduğu kimi... Bu gün dövlətimiz vətəndaşlarının 30 il davam edən tapdanmış hüquqlarının hüquq çərçivəsində detallı-təfərrüatlı araşdırılması, bərpası istiqamətində böyük işlər ortaya qoyur. Əslində bu işlər həmişə aparılıb, biz indi görürük. Bizə olunan zülmlərdə damcı boyda "zəhməti" keçən erməni də haqq-hesabdadır. Kim qovdu, kim rəhbərlik etdi, kim taladı, hərəkətverici, icraçı, entuziast, volontyor... İşğal vaxtı Qarabağa oğru kimi gəlib-gedən... Məhv edilən tarixi və təbiət abidələri, infrastruktur, bir söz - düşmənin Qarabağda qoyduğu heç bir "iz" cəzasız qalmır. Cani həmişə cinayət yerinə qayıdır. Damaqlarında qalıbmış bizim zəif, özlərinin qəvi vaxtları, cəzasızlıq. 90-larda vətəndaşlarımıza qan udduran qatillər köhnə hava və həvəslə yenə müharibəyə qatılmışdılar. "İki dənə qumbara atacağıq, qaçacaqlar" xəyalı ilə... "Düşmənin iştahası həmişə çürük dişinin altında olur" (sitat özümdəndir). Nə gördülər? Əsgərlərinə verdikləri "roqatka"ya qarşılıq göz açmağa qoymayan, başlarına od yağdıran dronlar, sonra da həbs, məhkəmə, hökm.

Həyatdı da, olur, bir də görürsən, kiminsə pis əməli ilə qarşılaşırsan, möhkəm gözündən düşür, daha onu tanımaq istəmirsən. O zaman  həmin şəxsi xatırladan nə varsa, ləğv edirsən. Həyatından da, göz önündən də silirsən. Torpaqlarımız azad olunduqca mənzilləndikləri evlərimizdən nələr çıxmırdı? Üstü yazılı əşyalar, xatirə hədiyyələri... "Gültəkindən bacısı Zəhraya ad günü münasibətilə - 1988" xatirə vazası Xocavənddəki evlərdən birindən çıxıb. Bunu da qənimət bilib, 30 il saxlayıb işlədiblər... Daha mənim sözüm yoxdur. Təsəvvür edin ki, bir azərbaycanlı ailəsi "Haykanuşdan Siranuşa" yazılmış güldanı əzizləyib 30 il saxlasın... Çoxdan rədd etmişdik onu.

Elə bil hamısı bir başdan idarə olunur. Qoyub qaçdıqları yuvalardan Nazpərinin, Brilyantın şəkilləri tapılıb (bizsiz yaşaya bilmirlər). Lap içində adlarımız həkk olunan üzük də taxıblar yəqin... Əcəbdir, guya özümüz pisik, guya heç nəyimiz yoxdur, amma maddi, qeyri-maddi nəyimiz var, gen-bol oğurlayıb sağa-sola işlədirlər. Biz onların qaçaqaçda imkan tapıb yandırdığı evlərimizə də heyifsilənmirik ki, nəfəsləri ilə murdarlayıblar. Əslində bunlar və daha sonra tapılacaqlar xalis muzey eksponatlarıdır. İşğal muzeyi... Olacaq. Dərsimiz çox ağır olub. Qalın oğuz elləri "dastan yaratmaqdan baş açıb dastan yazmağa fürsət tapmayıblar". Ona görə başımıza bu bəlalar gəlir. Bu gün Qarabağda yazdığımız yeni tarixi hər şəhərdə, kənddə işğal muzeyləri ilə bərkitməklə nəsildən nəsilə ötürəcəyik.

Kəlbəcərin təbii ehtiyatları 27 il zəli kimi sorulub, sovrulub. Xromunu, qızılını daşıyıb aparıblar, İstisu mineral bulaqları vəhşicəsinə istismar edilib başqa adla dünya bazarına çıxarılıb.

30 000-dən artıq nadir muzey eksponatı olan, Sovet İttifaqında zənginliyinə görə Ermitajla ilk iki yeri bölüşdürən Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi də işğal müddətində erməni vandalları tərəfindən dağıdılıb talan edilmişdir. Kəlbəcərin qızılından, yarımqiymətli metallarından yığılıb dəfə-dəfə cilalanan, üstü rəngbərəng daşlarla, minerallarla bəzədilmiş qeyri-adi heykəllər, artefaktlar illərin əziyyətli zəhmətinin bəhrəsi idi...

Qədim insan məskənlərindən olan doğma Kəlbəcərimiz ikinci cəhddə də olsa, qansız qayıtdı. Gedənbaş qayıdışının da qanını vermişdi. Ermənilər gedəndən sonra Kəlbəcərdə bəbirlər, qaplanlar görünməyə başladı, onlar da qayıdıb gəldi.

Nə qədər imişlər Kəlbəcərdə... Bütün erməni ordusu burda yerləşibmiş. Çıxanda gördük. 30 il müftə kirayənişin olar?

90-cı illərin milli özünümüdafiə batalyonu döyüşçülərinin fotolarına baxıram. İlahi, necə kişilər olub! Vətən müharibəmizin döyüşçüləri kimi sütül deyillər: orta yaş civarında, arxasız, dayaqsız, silahsız... Heç tam hərbi geyimləri  də yoxdur. Amma baxışlarından od, düşmənə qəzəb saçılır. Təkbaşına işğalçıların anasını ağladıb bir ordunun işini görüblər. 1023 nəfəri əsirlikdən və 500-dən çox dağ və meşə yolu ilə qaçan Xocalı sakinini ölümdən xilas edən Qarabağ şiri Allahverdi Bağırov, adı qardaşı ilə qoşa çəkilən, onu cənnətdə də tək buraxmayan Eldar Bağırov, artilleriya atəşi altında UAZ-la öndə gedib batalyonu arxasınca aparan Fred Asif, 4 əsgərlə ermənilərlə dolu 28 vertolyotu 8 saat Xocalı aeroportunda saxlayıb uçuşa buraxmayan, son gülləsinə qədər döyüşərək şəhid olan hava limanının komendantı Əlif Hacıyev müasir əfsanə kimi bu günün gənclərinə nümunədir. Hər deyəndə belə kişilər gəlib keçməz bu dünyadan! Arzu ilə, çalışmaqla da, bu cür olmaq mümkün deyil. Bu, təcrübə ilə qazanılası bir şey də deyil. Sadəcə, gərək anan səni belə şir ürəkli, aslan pəncəli doğa!

Kəlbəcəri heç qaytarmaq fikirləri yox idi. Özləri də deyirdilər ki, "biz onu qaytarmaq üçün tutmamışdıq, bəd ayaqda "dqr"in tanınmasına dəyişə bilərdik". Ümumiyyətlə isə, 90-ların sonunda Ermənistanın və keçmiş vilayətin əhalisinin 30 faizi Azərbaycana ərazi güzəşti "jestinə" etiraz edirdisə, 2020-ci ildə bu rəqəm 100 faizə çatmışdı. 2006-cı ildə "dqr" yeni konstitusiya qəbul edərək rəsmi surətdə 7 rayonu da dünyanın heç bir xəritəsində görünməyən və heç bir ölkə tərəfindən qəbul edilməyən  qondarma respublikaya daxil etmişdi.

Zar kəndi tarixdə Şəhrizər adı ilə tanınır. Şəhrizər qızılla zəngin olan şəhər deməkdir. Kəlbəcər Azərbaycanın "zəri" idi. Biz onun tökülmüş zərini yerinə qaytaracağıq, o, yenə parıldayacaq.

 

Şücaət, neyləyək, baxt belə baxtdı,

Darıxma, hər şeyi həll edən vaxtdı.

Bir gün gülə-gülə qayıdacaqdı,

Ağlaya-ağlaya köçən Kəlbəcər!

 

Dili-ağzı fal imiş şairin! "Fal" sözündən diksinməyin, ərəbcədən "öncəni görmə" deməkdir. Şərq hikməti də "əgər qəlbinizdə heç olmasa bir çiçəkli budaq qalıbsa, orada cəh-cəh vuran bir quş oturacaqdır", - deyə təsəlli edir. Elmi izahı da var: kainata mesaj. Mesajın xarakteri necə idisə, qarşılığı da elə oldu. Tini şad, yeri uçmaq olsun!

Kəlbəcər gülə-gülə qayıtdı, onlar isə "Qarabağsız Ermənistan yoxdur", - deyə-deyə, qədim adətləri üzrə zarıya-zarıya çıxdılar. Allah bir tərəfdən onlara xeyir-dua verməyib. Azərbaycanın altı da, üstü də sərvətdir. Bunlara isə torpağımızın qeyri-məhsuldar, gəlir gətirməyən hissəsi düşüb, ya da bunlar qurudublar, ayağıağırlar...

Noyabrın 25-i bacım qızının ad günüdür, həm də bu günü Bakı zəlzələsinin ildönümü kimi yada salırıq. Amma 2020-nin 25 noyabrı Fidanın ad günündən çox Kəlbəcərin azad edilməsi ilə yadda qaldı və tarixə düşdü. Baxmayaraq ki, karantin idi... Baxmayaraq ki, toplaşmaq məqbul sayılmırdı... Amma o qədər sevinirdik ki,  cəzamızı çəkməyə də hazır idik... Düşmənlərimiz tərəfindən onilliklərlə məruz qaldığımız, son 10 gündə isə daha da güclənən siyasi və psixoloji zərbə öz işini görmüşdü. Birdən yenə də çıxmazlar? Yenə də güzəşt istəyərlər? Gör dünyanın nə yeridir ki, yaşadıqları keçmiş evlərimizi yandırdıqlarını görəndə rahatlayırdıq, daha hara qayıdacaqdılar? 27 ilin həsrətinin səbrini daşırırdı 10 gün... Ona görə rəsmi xəbəri eşidən kimi toy-bayrama başladıq. Könlümüzdən, ruhumuzdan toy-bayram havası heç çəkilməsin, bu vüsalımız əbədi olsun, Kəlbəcər!

 

 





29.12.2023    çap et  çap et