525.Az

"Haydı, iş başına!" - Əlisəfdər Hüseynov yazır


 

"Haydı, iş başına!" - <b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

...Dəstəkdən katibə qızın titrək, bir az da həyəcanlı səsi gəldi:  

- Niyazi müəllim, bir cavan oğlan gəlib, deyir ki, konservatoriyanın tələbəsidir, sizinlə şəxsi işi var...

Maestro konservatoriyada oxuyan ən istedadlı tələbələrin əksəriyyətini tanıyırdı. "Görəsən, onlardandır? - deyə öz-özündən soruşdu. Amma aydın idi ki, bu sualın cavabını tapmağa ipucunu katibə qız verməli idi

- Adı nədir?

Qız deyəsən, duruxdu. Bir neçə saniyədən sonra - görünür,  qonaqdan adını, familiyasını soruşurdu - gələnin kim olduğunu dedi.

"Yox, bunu tanımıram. Görəsən, o dəfəki oğlan kimi bu da nəsə cızma-qara gətirib?" - maestro fikirləşdi. Az qaldı qıza desin ki, bu gün heç kimi qəbul etməyəcəm, qoy getsin, başqa bir vaxtda gəlsin. Amma demədi. "Bəlkə başqa iş üçün gəlib, nəyəsə ehtiyacı var".

- Yaxşı, qoy beş dəqiqədən sonra gəlsin.

Nəyəsə ehtiyacı olan, qarşılaşdıqları hansısa problemlə, adətən, kurs, yaxud diplom işləri ilə bağlı məsləhət almaq istəyən tələbələrdən onun qapısını döyənlər az olmurdu və maestro da imkan daxilində köməyini onlardan ədirgəmirdi. Amma belə görüşlərdə hər dəfə içəri girənlərin simalarında, gözlərində, səslərində yeni Qaraların, Fikrətlərin... doğuluşundan xəbər verən cizgilər, nişanələr də axtarırdı, tapanda elə sevinirdi ki, qol götürüb elə burada, kabinetin ortasındaca rəqs eləməkdən özünü zorla saxlayır, tapmayanda isə məyus olur, nəyə görəsə hövsələsi daralırdı. Hərçənd yaxşı bilirdi ki, bəstəkarlıq istedadı, musiqi yazmaq qabiliyyəti Allah vergisidir və bu vergi ilə mükafatlandırılmayanlardan heç vaxt musiqiçi, bəstəkar çıxmaz - istəyir yüz simfoniya, yüz bir də opera yazsınlar. İstedadlılara isə qayğı, diqqət mütləq lazım idi, çünki onlar qəliblərə, şablonlara sığmır, kim olduqlarının, bu dünyaya hansı missiya ilə gəldiklərinin fərqinə varmırdılar. Ona görə də onlara verilən istedad ya vaxtından əvvəl sönür, ya da hansısa ehtiyacın, umacağın güdazına gedirdi. Odur ki, belələrini vaxtında görmək, içlərində qaynayan enerjinin, yaratmaq istəyinin, ehtirasının gözünü bulaq gözü kimi açmaq lazım idi.

Kaş, indi onun qapısını döyüb içəri girəcək tələbə oğlan da  belələrindən olaydı.

Nəhayət, kimsə qapını taqqıldatdı və maestronun "Gəl" icazəsindən sonra kabinetə hündürboylu, cüssəli, qarayanız bir oğlan daxil oldu.

- Salam, Niyazi müəllim, hər vaxtınız xeyir olsun.

Tələbə oğlanın zahiri görkəmi, səsindəki əminlik, arxayınçılıq maestronu bir az çaşdırdı. "Görəsən, nəyə arxayındır daha çox ağırlıqqaldırana oxşayan bu qoçaq? Elə bil kömək istəməyə, məsləhət almağa yox, nəsə bir göstəriş, tapşırıq verməyə gəlib".

Gəncliyində özü də idmanın ağırlıqqaldırma növü ilə məşğul olmuş, hətta öz çəkisində respublika çempionu səviyyəsinə yüksəlmişdi. Amma indi həmin o günləri yada salıb xoş xətirələrə dalmağın vaxtı deyildi - hiss eləyirdi ki, Həcərin minbir əziyyətlə sakitləşdirib "istirahətə" göndərdiyi tərs damarı yüngülcə tərpənir.

Onun tündməcazlığından çoxlarının xəbəri vardı və hövsələdi daralıb tərs damarı tutanda kimsə maestronun nəinki yanında, heç həndəvərində belə olmaq istəmirdi - hər şeyi necə var, elə də demək lazımdır. Tərs damarı onun ən zəif yeri idi və o tutanda maestronun inadkarlığı, sərtliyi, hətta desən, bir az kobudluğu da baş qaldırır, necə deyərlər, ara qarışıb məzhəb itir,  çətin adama dönən maestronun gözlənilməz gedişlərindən baş açmaq olmurdu.

Deyilənə görə, onun dilini hamıdan yaxşı bilən həyat yoldaşı Həcər xanım da bəzən belə məqamlarda maestronu sakitləşdiməyə çətinlik çəkir, çıxış yolunu zarafatla, məzəli replikalarla maestronu güldürməkdə görürdü.

Amma Niyazi ilə təkcə həyat yoldaşı kimi yox, həm də şıltaq körpəsi kimi davranan Həcər xanım gəlib onun kabinetində də oturası deyildi ki.

...İndi o damar hələ  mürgüən  tam oyanmamışdı və maestro çox istəyirdi ki, nə qədər bu, baş verməyib, özündən razı adama oxşayan  tələbə oğlanı tez yola salsın. Ona görə də salamını alandan sonra onu heç oturmağa da dəvət eləmədən masanın üstünü səliqəyə sala-sala fəsmi tonda dedi:

- Eşidirəm, cavan oğlan... Nə lazımdır?

Oğlan deyəsən, bir balaca pərt oldu, amma özünü sındırmadı:

- Maestro, mən tələbəyəm... bir əsər yazmışam, istəyirəm siz ifa edəsiniz.

Maestro əl saxlayıb oğlana tərəf çevrildi və onun əlində tutduğu not vərəqlərini indi gördü.

"Salamməleyküm! Bilirdim ki, axırı belə olacaq".

- Oğul bala, mən tələbə əsəri çalmıram, axı. Nə əcəb bunu sənə deməyiblər?

Oğlan heç nə demədi, amma qulaqlarının dibinə qədər qızarmağı maestronun nəzərindən qaçmadı.

- Bağışlayın, maestro, anladım. Narahat etdiyim üçün üzr istəyirəm - deyə dabanı üstə fırlanıb qapıya tərəf istiqamət götürdü.

Qəfildən maestronun içində elə bil nə isə qırıldı, fikirləşdi ki, deyəsən, bir balaca səhv etdi, çox yuxarıdan getdi, ümumiyyətlə, ilk təəssüratdan çıxış edib belə soyuqluq göstərməməli idi.

Oğlan elə ikicə addım atmışdı ki, arxadan maestronun amiranə səsi gəldi:

-Dayan görüm!

Tələbə oğlan dayanıb çevrildi və təəccüblə maestroya baxdı.

- Ver görüm nə yazmısan... - bu dəfə səsində az da olsa bir yumşaqlıq, mehribanlıq vardı.

Tələbə oğlan irəli yeriyib əlindəki not vərəqlərini ona uzatdı. Maestro vərəqləri aldı, əvvəlcə bir papiros yandırdı, sonra nəzərlərini elə  birinci vərəqin üstündəki not işarələrinə yönətdi və elə o andaca kabinetdə özündən başqa ikinci adamın olduğunu deyəsən, tamam unutdu.

Otağa üzücü bir sükut çökdü...

Tələbə oğlanın ürəyi tədricən tez-tez və bərkdən döyünməyə başladı. Bir azdan ona elə gəldi ki, bu səslər sükutun fonunda da aydınca eşidilir və o səslərdən uzaq düşmüş ürəyi tezlikə sinəsini parçalayıb həmin səslərin dalınca çölə atılacaq.

Nəzərlərini gah maestronun üzünə, gözlərinə, gah da sağ əlinə, daha doğrusu, sağ əlinin barmaqlarına yönəldir, amma bilmirdi hansının üstündə saxlasın. Maestro papirosu, həmişə olduğu kimi sağ yox, sol əlində tutmuşdu və bu, tələbənin həyəcanlarını daha da artırırdı, çünki maestro solaxay deyildi. Deməli, sağ əlini bilərəkdən boş buraxmışdı. Bura gəlməzdən əvvəl tələbənin qulağına pıçıldamışdılar ki, maestro notları alıb baxsa, sağ əlinin barmaqlarına fikir ver - o, nəzərdən keçirdiyi partituraya reaksiyasını ilk növbədə  barmaqları ilə bildirir. Əgər o barmaqlar axıradək sussa, işin bitdi, əsərinin fatihəsini oxuyub, not vərəqlərini qoltuğuna verərək səni "hörmətlə" yola salacaq. Yox, əgər görsən ki, o barmaqlar sakit dayana bilmir, yavaş-yavaş oynaşır, rəqs edir, deməli, əsərini bəyənib.

İndi tələbə həyəcandanmı, ya başqa bir səbəbdənmi nəzərlərini heç cür maestronun barmaqları üzərində cəmləşdirə bilmirdi, üstəlik, ona elə gəlirdi ki, vaxt çox ləng gedir - elə bil bir saniyə dönüb olmuşdu bir dəqiqə.

Nəhayət, altıncımı, yeddincimi vərəqi çevirəndə maestronun masanın üstündəki sağ əli qeyri-ixtiyari havaya qalxdı, sonra barmaqları yavaş-yavaş hərəkətə gəldi ...və ahəngdar şəkildə havada qövs cızaraq öz məşhur rəqsinə başladı.

Maestronun üzünün rəngi də durulmuşdu, gözləri isə gülürdü.  Tələbə başa düşdü ki, əsərinin ilk "ifası" uğurla davam edir.

Amma o bilmirdi ki, təxminən iki ay bundan əvvəl onun kimi başqa bir tələbə də yazdığı musiqinin not vərəqləri ilə bu kabinetdə olub və maestro vərəqləri nəzərdən keçirəndən sonra elə tələbənin gözü qabağındaca kamali-səliqə ilə tikə- tikə edərək zibil qutusuna atıb, ardınca da aralarında belə bir dialoq olub.

"- Neynirsiz,  Niyazi müəllim?

- Sənə yaxşılıq eləmək istəyirəm də.

- Nə yaxşılıq? Siz mənim yuxusuz gecələrimin bəhrəsini cırıb zibil qutusuna atdınız ki!

- Bundan da böyük yaxşılıq olar? Eşitməmisən, su axar çuxurunu tapar. Qulaqlarını aç, yaxşı-yaxşı dinlə, oğul: Səndən heç vaxt bəstəkar olmayacaq. Nə qədər ki, gec deyil, get özünə başqa peşə tap.

- Axı mən musiqini sevirəm, bəstəkar olmaq istəyirəm.

- Vacib deyil ki, bəstəkar olasan. İstedadın varsa, məsələn, kontrabasçalan, yaxud dar ayaqda nağaraçalan da ola bilərsən".

Maestro nəhayət sonuncu vərəqi də çevirib ayağa qalxdı və üzünü tələbəyə tərəf çevirdi - onun gözlərində dibsiz sevinclə sevgi bir-birinə qovuşub qəribə bir parıltı yaratmışdı.

- Səni təbrik edirəm, yaxşı əsər yazmısan - deyə tələbəyə yan aldı. - Mən bu əsəri mütləq ifa edəcəm. - Sonra not vərəqlərini oğlana verib sol əlini ərklə çiyninə qoydu. - Get, bu kağızların üzünü səliqə ilə köçür, gətir, ikilikdə bir də baxaq. Bir-iki yerdə texniki xarakterli redaktə lazımdır.

Tələbə bilmirdi necə təşəkkür eləsin. Deyəsən, boğazı qurumuşdu. Bir-iki dəfə udqunub nə isə demək istəyirdi ki, maestro imkan vermədi;

- Lazım deyil, cavan oğlan. Haydı, iş başına!

Tələbə oğlan çölə çıxandan sonra ona elə gəldi ki, ayaqlarını unudub maestronun kabinetində qoyub, çünki o, yerimirdi, quş kimi havada  uçurdu...

Kabinetdə tək qalan maestro Üzeyir bəyin divara vurulmuş böyük portretinə tərəf gəldi, başını qaldırıb portretə baxa-baxa bir müddət susdu, sonra pıçıltı ilə

dedi:

- Gözün aydın, əmi. Biri də gəldi.

Heç kim - nə tələbə oğlan, nə də maestro hələ bilmirdi ki, cəmi iki ildən sonra Leninqradda bu gün yanında olan tələbənin - 28 yaşlı gənc bəstəkar Atif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin premyerasında dirijor pultunun arxasında dayanacaq və onun yüngül əli ilə bu əsərin sədası, şöhrəti tez bir zamanda bütün dünyaya yayılacaq.

Bunu bu olmuş əhvalatı sizə nəql edən bəndəniz - yəni mən də bilə bilməzdim, çünki hələ anadan olub bu işıqlı dünyaya gəlməmişdim...

 





29.12.2023    çap et  çap et