Fransanın Azərbaycan əleyhinə apardığı siyasət, atdığı addımlar artıq pik həddə çatıb. Sanki Makron hakimiyyəti bütün gücünü Bakı ilə münasibətlərin daha da pisləşməsinə yönəldib. Həm də bu addımlarını beynəlxalq qanunvericiliyi pozmaqla atır. İkinci Qarabağ müharibəsi başlayandan bu yana Fransanın apardığı qərəzli siyasət, qarayaxma kampaniyası, beynəlxalq platformalardakı antiazərbaycan fəaliyyəti fiaskoya uğradıqca, Paris yeni planlar qurur və çirkin vasitələrdən istifadə edərək öz niyyətinə çatacağını düşünür. Qısa xatırlatma etsək, Vətən müharibəsi günlərində Makron hakimiyyəti açıq şəkildə işğala, separatizmə dəstək verdi, Ermənistanı silahlandırdı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı bəyanatlar səsləndirdi. BMT Təhlükəsizlik Şurasında ölkəmiz əleyhinə sənədlərin qəbuluna çalışdı. Lokal antiterror tədbirlərindən sonra Paris daha açıq müstəvidə Azərbaycan əleyhinə fəaliyyətə başladı. BMT TŞ ilə yanaşı, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarda ölkəmizə qarşı iş apardı. Laçın yolunda təxribata cəhd göstərdi. Həmçinin, Azərbaycan-Ermənistan normallaşma prosesini pozan addımlar atdı. Ermənistanı silahlandırmaqla yeni müharibəyə təhrik etdi. Qeyd edilənlər əlbəttə ki, Afrikada, Okeaniyada mövqelərini itirməkdə olan Parisin Cənubi Qafqaza hədəflənmiş eyni siyasətin ayaq açmadan iflasa uğradığını göstərir. Başqa sözlə, Makron Cənubi Qafqaza yönəlik planlar qurarkən Azərbaycanın gücünü, regionun əsas söz, nüfuz sahibi olduğunu, əhəmiyyətini lazımınca təhlil edə bilməyib. Pozucu addımlarla, "diktant" ritorikası sərgiləməklə Qafqazda yer tutub, möhkəmlənəcəyini düşünürdü. Amma heç regionun astanasından belə buraxılmadı.
Bu günlərdə Fransanın Azərbaycanda casus şəbəkəsinin ifşa olunması isə artıq Makron hakimiyyətinin ölkəmizə qarşı düşmənçilik siyasətini geniş müstəvidə apardığını göstərdi. Xatırladaq ki, Azərbaycanda ifşa olunan Fransanın agentura şəbəkəsi Ukrayna, Moldova, Gürcüstan və Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində də müxtəlif əməliyyatlar həyata keçirib.
Agentura şəbəkəsi Fransa səfirliyində fəaliyyət göstərirdi. Onlar bir sıra ölkələrin nümayəndələrinin iştirakı ilə kəşfiyyat aparıblar. Şəbəkə regionda yeni hədəflər formalaşdırmaqla öz təsir dairəsini genişləndirməyə çalışıb. Şəbəkənin bir çox üzvləri əvvəllər Azərbaycanda xidmət etmiş və ya hazırda xidmətdədir, bəziləri isə müxtəlif ölkələrdə və mötəbər beynəlxalq təşkilatlarda çalışırlar. Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyəti nəticəsində uzun illər Fransanın casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşı könüllü olaraq Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib. Mənbə bir çox mühüm məlumatları paylaşıb, Fransa agentlərinin fəaliyyəti ilə bağlı sübut və sənədlər təqdim edib.
Cinayət işi çərçivəsində Azərbaycan xüsusi xidmət orqanları Ukrayna, Gürcüstan və Azərbaycanla bağlı kəşfiyyat fəaliyyəti həyata keçirən bir sıra şəxsləri həbs edib, bəzi şəxslər barəsində araşdırmalar davam etdirilir. Yaxın vaxtlarda bununla bağlı geniş məlumatın veriləcəyi gözlənilir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Bakı ilə Parisin münasibətlərinin mövcud vəziyyətinin 30 illik münasibətlərin ən aşağı nöqtəsində olduğunu etiraf edib. Nazir deyib ki, bunun səbəbkarı Azərbaycan olmayıb: "Əksinə, biz hər zaman münasibətlərin inkişafı üçün real addımlar atmışıq. Fransanın hər zaman mövqeyi ermənipərəst olub.
Fransanın uzun müddət vasitəçi rolu olarkən kifayət qədər məharətlə öz ermənipərəst mövqeyini gizlədə bilib. 2020-ci il Vətən müharibəsindən sonra öz mövqeyini gizlədə bilməyib. Fransanın ermənispərəst mövqeyi antiazərbaycan mövqeyinə qədər inkişaf edib.
Fransa Azərbaycan və Cənubi Qafqazla bağlı siyasətinə yenidən və ciddi şəkildə baxarsa, onda gələcək üçün hər hansısa bir rəylər vermək mümkündür. Bir çox hallarda Azərbaycana qarşı təşəbbüslərin müəllifi artıq Ermənistan deyil, Fransanın özüdür".
Onu da qeyd edək ki, bütün bu fəaliyyətlərdən, xüsusilə casus şəbəkəsinin ifşasından sonra Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı "persona non-grata" (arzuolunmaz şəxs) elan edilib. XİN rəhbərinin açıqlamasından bəlli olub ki, bu hadisədən iki gün əvvəl Fransa səfirliyinə nota göndərilib. Azərbaycan dövlət qurumlarında bu şəxslərlə bağlı ciddi faktların mövcudluğu, onların araşdırılmasının vacibliyi, zəruriliyi nəzərə çatdırılıb. Lakin qarşı tərəf həmin faktları araşdırmaqdan imtina edib. Əgər Fransa dövləti iki əməkdaşının günahsız olduğundan əmin idisə, buna gedə bilərdi. Lakin onlardan heç bir cavab daxil olmadı. Əvəzində isə Azərbaycan səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edib.
Fransa Xarici İşlər Nazirliyinin məlumatında vurğulanıb ki, Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq "persona non-grata" elan edilib. Paris Bakının qeyd edilən məsələ ilə bağlı qərarını nəzərə alıb.
Rəsmi Bakı hesab edir ki, Azərbaycanın və Fransanın atdığı addımlar arasında fərq var. Nazir Bayramovun sözlərinə görə, Bakı sübut və faktlarla danışır. Fransa tərəfinin heç bir əsası olmayan bu addımı həmin ölkənin atdığı növbəti səhv addım idi.
Əlbəttə ki, Parisin bu qərarında daha çox qisasçılıq, düşmənçilik özünü göstərir. Makron hakimiyyəti Azərbaycana qarşı ard-arda səhvlərini davam etdirir və artıq bütün hədləri aşıb. Fransa Azərbaycanla bağlı siyasətinə yenidən baxmalıdır. Çünki bu siyasət, ümumiyyətlə Makron hakimiyyətinin xarici siyasəti artıq onun özünün əleyhinə işləyir. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Afrikadan qovulur, dənizaşırı icma və ərazilərində yaşayan xalqlar öz azadlıqları və hüquqları uğrunda mübarizəni davam etdirirlər. Fransa onların azadlıq istəklərinə, hüquqlarına hörmət etmir, hər vəchlə bütün bunların qarşısının alınması üçün çalışır. Həmçinin, Afrika qitəsindəki keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müdaxilələrini davam etdirir. Amma qeyd etdiyimiz kimi, bu siyasət Fransanın nüfuzdan düşməsi, fiaskosu ilə nəticələnib. Cənubi Qafqazda xüsusi xidmət şəbəkəsinin ifşası isə Parisə daha ağır zərbə oldu. Görünən odur ki, Fransa zərərli, səhv siyasətinin "bəhrələrini" görür. Parisin bundan dərs çıxaracağı isə gözlənilən deyil.
çap et