525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red"> Rəşad Məcidin status-esseləri</b>

"Qarabağ" futbol komandasının heyətiylə birlikdə Bakıdan təyyarə ilə Füzuliyə uçmaq, Qırmızı Bazardan, Xankəndinin yanından keçərək Şuşaya qalxmaq, səhərisi gün Xankəndi stadionunda "Qarabağ"la MOİK-in oyununu izləmək.

Beş il əvvəl belə bir səfər hər birimizə ya yuxu, ya da fantastik bir hekayənin süjeti kimi gələ bilərdi.

Amma bu möcüzə reallığa çevrildi.

...Xankəndidə stadiondayıq. Oyunun başlamasına az qalmış Azərbaycan Prezidenti İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın stadiona gəlişi böyük coşğu ilə qarşılanır.

Oyundan əvvəl çıxışına "Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!" - sözləri ilə başlayan dövlətimizin başçısı qısa nitqində heç kəsi və heç nəyi unutmur: stadiondakı şəhid uşaqlarına, onların ailə üzvlərinə ehtiramını ifadə edir, Xankəndinin qədim Azərbaycan diyarı olduğunu, bu kəndin təməlinin Qarabağ xanı tərəfindən qoyulduğunu, sonrakı illərdə Azərbaycanın vəsaiti hesabına böyük şəhərə çevrildiyini xatırlatdır, bu stadionun cəmi iki ay ərzində yenidən əsaslı təmir olunduğunu vurğulamaqla separatizm simvolikasını əks etdirən bütün yazıların silindiyini bildirir, bir neçə aydan sonra Ağdam şəhərində "İmarət" stadionunun yenidən inşasına başlanılacağının müjdəsini verir.

Oyun boyu stadionda şəhid övladları ilə birlikdə əyləşən dövlət başçısının bu alicənab davranışı isə xüsusi rəğbət doğurdu. Ümumiyyətlə, dünən stadiondakı mənzərəni müşahidə edərkən bir neçə dəfə kövrəldim, ən çox da Prezidentin çıxışında və alicənab davranışlarındakı kübarlıqdan və səmimiyyətdən təsirləndim.

Dövlət başçısının çıxışındakı bir nüans isə, zənnimcə, təkcə bir futbol oyunu haqqında fikirlər yox, həm də Qalib Liderin hər zaman üçün Azərbaycanla bağlı böyük arzularının ifadəsi idi: "Bugünkü oyunun nəticəsindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir!"

lll

Müzəffər Ali Baş Komandanın növbəti ad günündə hara səfər edəcəyi müzakirə olunurdu. Yenə həmişəki kimi bizi təsirləndirdi. Doğum günündə Ağdama səfər etdi.

lll 

Prezidentin tükənməz enerjisi, dinamikliyi dövlət strukturlarında çalışanlara nümunə və örnəkdir.

İnsafən, indi əksər dövlət qurumları saat kimi, çevik çalışırlar. Bu templə ayaqlaşmayanlar, gücü çatmayanlar isə yəqin ki, bunu özləri də hiss edirlər.

lll 

Xankəndidəki tarixi oyuna getməzdən öncə fürsət tapıb Cıdır düzünə qalxmaq, Şuşanın tərtəmiz, qarlı havasını sinənə çəkmək, Günəşin doğmasına tamaşa etmək, Cıdır düzünün ilahi sükutunu dinləmək böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi yaradanlara və bizlərə yaşadanlara sonsuz minnətdarlıq hissimiz əbədidir. Şuşa və Cıdır düzü isə 1979-cu ildə, on beş yaşında yazdığım şeirdəki kimidir:

"Tarixin möcüzə sərgisi..."

lll 

Aqil Abbas və Fəxrəddin Manafovla Şuşada və Xankəndidə!

lll 

"Şuşa" otelinin otaqlarında "Qarabağ: real tarix, faktlar, sənədlər" və Xalq yazıçısı Elmira Axundovanın Ümummilli lider haqqında yazdığı "Kreml beşilliyi" kitablarını görmək xoş ovqat yaratdı. Müəlliflərə və təşəbbüskarlara təşəkkürlər düşür.

lll 

Şuşada hava gec işıqlanır...

lll 

Sabaha saxlamadıq!

Elə Xankəndidə, oyun zamanı təəssüratlarımızı bölüşdük.

İTV-nin "Sabaha saxlamayaq" verilişinin müəlliflərindən biri, çox hörmət etdiyim, peşəkar jurnalist Vüsalə xanım Məmmədovayla Xankəndidə tarixi oyunda görüşdük və isti-isti fikirlərimizi açıqladıq.

lll 

Deyilənə görə, Xankəndi və Şuşaya dəmir yolunun tikintisinə başlanılacaq. Şuşaya dəmir yolunu dağların dibiylə çəkmək mümkündür - dəmir yolu Xankəndidən sonra Daşaltıda nəfəs dərib Turşsuyacan çəkilə bilər. Turşsuda gözəl bir sanatoriya tikilər. Tarixən bu qəsəbədə, Turşsu bulağının ətrafında yay aylarında camaat çadır qurub yaşayardı.

Dəmir yolunun Daşaltı dayanacağından Şuşaya 5, Turşsu dayanacağından isə Laçına 20 kilometrlik məsafədir.

Biz son illər elə böyük xəyallarımızın reallaşdığını gördük ki, onların yanında bu arzunun gerçəkləşməsi xeyli adi görünür.

Bizim də dağların ətəyiylə, meşələrin içiylə keçən dəmir yolumuz niyə olmasın ki?!

Qalır "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təşəbbüskarlığı və layihəni reallaşdırması.

Uğurlu olsun!

lll 

Media Agentliyi yeni il qabağı region mətbuatı nümayəndələrinin Şuşaya səfərini təşkil edib. Gözəl təşəbbüsdür. Təşkilatçıları və iştirakçıları təbrik edirəm.

lll  

Xankəndi Universitetində səviyyəli alimlərimiz, tanınmış müəllimlərimiz çalışıb. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qalanlara cansağlığı versin.

Mənim bacım da orda təhsil alırdı və mən də tez-tez Ağdamdan o univeritetə gedib gəlirdim.

Bəs siz orada çalışan, oranı bitirən insanlardan kimləri xatırlayırsız?

lll 

"Euronews" kanalı Azərbaycan mədəniyyətinə və təbiətinə həsr olunmuş silsilə verilişlər hazırlayıb. Süjetlər təkcə əcnəbilər üçün yox, elə bizim üçün də maraqlı informasiyalarla zəngindir.

lll 

Müəllim nüfuzuna xələl gətirə biləcək xəbərləri paylaşarkən həddən artıq həssas davranmaq, yüz ölçüb-bir biçmək, hətta təsdiqlənmiş xəbərlərə də ehtiyatla, tərəddüdlə yanaşmaq lazımdır. Cəmiyyətin əsəbləriylə oynamağın, azyaşlıların sadəlövhlüyündən sui-istifadə etməyin, bir fərdə qarşı qərəz və qəzəbin ümumi müəllim adına etimadsızlıq yarada biləcəyini düşünmək gərəkdir.

lll 

Adətən candərdi getdiyi yerlərdə adam sürprizlərlə qarşılaşır, həyatı dəyişir. Səadət gözlənilmədən gəlir.

lll 

Uzun müddətdən sonra tanınmış şair, dostumuz Çingiz Əlioğluyla İTV-nin "Ötən günlər" verilişində görüşdük.

lll 

Həyəcan bütün hallarda yaxşı hissdir.

lll 

Öz uğursuzluğunun səbəbini başqalarında axtarmaq dövrü keçib.

"Özünə güvən, özünə..."

lll 

Səviyyəli, maraqlı "Maska" proqramına, hədər getməyən əziyyətə və vəsaitə görə İTV rəhbərliyinə, təşkilatçılara, bütün zəhməti keçənlərə təbriklər və alqışlar!

lll 

Vətən müharibəsindən çəkilən filmlərin, bəzi verilişlərin içərisində reklam vermək yaxşı reaksiya doğurmur - yaranan ovqat dəyişir, təsir effekti azalır.

Gərək TV idarəçiləri belə məsələlərdə həssas olsunlar.

lll 

Qəzet oxumadıqlarını qürrələnərək söyləyənlər, ümumiyyətlə, qəzet oxumayanlardır. Bu isə qürurlanası keyfiyyət deyil.

lll 

TV-lərin rəqabəti inkişafı şərtləndirir.

lll 

O qədər düz çıxmayan proqnozlar olub ki...

lll 

8 saata cəmi 1 bəyənmə.

Bu, nəyin göstəricisidir?..

 

 

 





30.12.2023    çap et  çap et