525.Az

"Qapqara": diskussiya, yoxsa söhbət? - Sevda Sultanova yazır


 

"Qapqara": diskussiya, yoxsa söhbət? - <b style="color:red"> Sevda Sultanova yazır</b>

2018-ci ildə təsis edilmiş "Baku TV" internet televiziya kanalının fəaliyyətində prioritet məsələ ölkəmizdə və ölkədən kənarda baş verən vacib ictimai, siyasi, iqtisadi informasiyaların tamaşaçıya çevik ötürülməsidir. "Baku TV" bununla bərabər, ayrıca analitik və müəllif  proqramları da yayımlayır...

Müəllif proqramlarından biri aktyor Kamran Ağabalayevin aparıcısı olduğu "Qapqara" proqramıdır. Bu,  Kamran Ağabalayevin teleaparıcı kimi ilk təcrübəsi deyil. Buna qədər o, Azərbaycan Dövlət Televiziyasında "Ağ və qara" adlı verilişi təqdim edirdi. Sözügedən  hər iki proqram format, xarakter etibarilə oxşardır, hətta xırda-para fərqlərlə studiyaların vizual konsepsiyası da. Əgər "Ağ və qara"da studiya ağ tonlarla xarakterizə edilirsə, digərində qara rəng dominantdır. Qara fondakı ziqzaqvari xəttin anlamı çox güman ki, insanın xarakter və həyatındakı mürəkkəbliyi, gözlənilməzliyi eyhamlaşdırır. Kamran Ağabalayevin  "Ağ və qara"dakı geyimi, obrazı kanalın ümumi siyasətinə, efir çərçivələrinə uyğun, normal, ütülü, səliqə-sahmanlıdırsa, internet kanalında onun geyim üslubu, obrazı real Kamran Ağabalayevin obrazıyla (idman üslubu, bandana, kepka) üst-üstə düşür. Bunu ona görə əminliklə deyirəm ki, Kamranla şəxsən tanışıq, yaxşı münasibətimiz var, yəni geyim tərzinə, özünə az-çox bələdəm.

Hərçənd, mən Kamran Ağabalayevi daha çox istedadlı, çalışqan aktyor kimi tanımışam. O, ölkədən kənarda, əcnəbi film və seriallarda çox çəkilən aktyorlardan biridir.  Əsasən xarakterik aktyordur, kinomuz üçün yeni, maraqlı simadır (Azərbaycanda "Biləsuvar", "Üçüncü günün adamı", "Yarımdünya", Türkiyədə "Tərkedilmiş", "Atçalı kəl Mehmet", Rusiyada "Soyuq torpaq"  və digər filmlərə çəkilib).

Düşünürəm ki, teleaparıcı kimi Kamran Ağabalayev daha uğurlu ola bilərdi, amma...

"Qapqara"nın konseptini başa düşmək üçün bir neçə buraxılışına baxdım. Burda Kamran Ağabalayevin düşünülmüş obraz-xarakteri var: o, müsahiblərini bir növ sınayıcı, şübhəli baxışlarla müşahidə edir, bəzi hallarda üzündə amansız, soyuq ifadə dolaşır. Şərhlərində, bəzən sualların birbaşalığında və sərtliyində, müsahibini sanki psixoloji basqı altında saxlamaq cəhdiylə hansısa həqiqətləri üzə çıxarmaq cəhdi sezilir və bu, onun obrazı ilə tamamilə uyuşur. Lakin söhbətin məzmunu dediyim məqamlarla çox hallarda tərs mütənasibdir.

Buna səbəb iki məqamın həll olunmaması və ya natamamlığıdır. Birincisi, tok-şounun diskussiya, debat, yoxsa sadəcə söhbət olduğu aydınlaşmır. İkinci və daha mühüm məqam konkret predmetin olmamasıdır. Gərək ki, ötən yazılarımda da bu problemi yazmışdım ki, predmetsizlik bizim iki nəfərlik tok-şouların əsas qüsurlarından biridir. Aparıcı mövzunun istiqamətlərini dəqiqləşdirməyəndə və onu hansı formada apardığını bilməyəndə nəticə xaotik alınır. Yəni digər verilişlərdə olduğu kimi, "Qapqarada"da mövzunun xəttini və ya xətlərini müəyyənləşdirmək zərurəti meydana çıxır. Amma başa düşdüyüm qədərilə, Kamran Ağabalayevin müsahibini istintaqa çəkirmiş kimi, təftişedici əhvalı, obrazı bir qədər sərt diskussiya forması tələb edir. 

Misalçün, onun internet platformalarında yayımlanan filmlər çəkən aktyor, rejissor Əlixan Rəcəbova ünvanladığı suallara nəzər salaq.

- Çox az adam var ki, öz adından razıdır, sən adından razısan?

- Özünə verdiyin ən mükəmməl məsləhət?

- Nəyi eləməyə gücün çatmır?

- Sonuncu şam yeməyini kimlərlə keçirmək istəyərsən?

- Nədir ailə?

Suallar müəyyən

mənada xatirə dəftəri formatını xatırladır, fərqli diskurslara xitab edir və bir qədər də növbətçi sual xarakteri daşıyır. Başqa bir tərəfdən isə, Əlixan Rəcəbovun, məsələn, bir çox mənaların, dəyərlərin dəyişdiyi, transformasiyaya uğradığı müasir dövrümüzdə "ailə nədir" kimi mürəkkəb suala maraqlı, dərin cavab verməsindən ötrü yetkinləşməsi gərəkdir. 

Hər halda, Əlixan Rəcəbovun yaradıcılığını çox sərt tənqid etməyimə rəğmən, deyim ki, o, istedadlıdır, maraqlı işləri var. Amma ümumən, filmlərində problemləri çoxdur, özünü tam mənada təsdiqləməyib. Bu da təbiidir, çünki hələ kino sənəti üçün yaşı gəncdir, təcrübəsi azdır. Elə ona görə də bəzi mətləblərin dərinliyinə varıb yetkin tamaşaçıya əhəmiyyətli nəsə ötürə bilmir, suallara qırıq, səthi cavablar verirdi.

Bununla belə, aparıcı bəzi məqamlarda söhbəti funksionallaşdıra bilərdi. Əlixan Rəcəbov söhbətin bir yerində etiraf elədi ki, onun "Qənimət" layihəsi uğursuzdur və uğursuzluğu onunla əsaslandırdı ki, janr ona yaxın deyil,  bu cür film daha çəkməyəcək. Yeri gəlmişkən, gəncin etirafını təqdir edirəm. "Qənimət" doğrudan da zəif işdir; süjetdə son dövrdə aktuallaşan - gənclərin "patı"ya yoluxması problemindən danışılsa da, müəllif hekayənin bədii həllini tapa bilməmişdi, problemi doğru qoymamışdı, mövzuya bəsit, sadəcə yaxşı-pis tərəflərdən yanaşmışdı.

Və kinoprosesin içində yaşayan, intellektual bazası olan Kamran Ağabalayev müsahibəni müsahibinin "Qənimət" də daxil olmaqla, digər filmlərinin mahiyyəti, analizi, cəmiyyətdə doğurduğu reaksiyalar, tamaşaçıya təsiri yönündə qursaydı, veriliş nizamlı alınardı, məna yükü artardı. Çünki əks halda proqram ideyasız, dağınıq təsir bağışlayır. 

Hərçənd, Əlixan Rəcəbov, zəif işlərinin geniş tamaşaçı kütləsi tərəfindən nədən bəyənilməsi sualına cavab verə, arqumentləşdirə bilmədi. Amma bütün hallarda aparıcının - tamaşaçı, xüsusən, gənclərlə interaktiv şəkildə işləmək təcrübəsinə malik Əlixan Rəcəbovla sənət-kütlə zövqü, müasir tamaşaçı nə istəyir, tələbatı nədir istiqamətlərində diskussiya aparmaq, onu danışmağa təhrik etmək potensialı vardı.

Proqramın digər qonağı, əsasən qalmaqalları ilə aktuallaşan aktrisa Pərvin Abıyeva ilə müsahibə də məişət, lokal xarakterli oldu. Məsələn:

- Əl tutduqların, yanında olduqların indi yanında yoxdurlar. Sən belə istəyirsən?

- Niyə hər kəsə maraqlısan?

- Niyə aktrisalar sənlə yola getmir?

Və sualların arxasınca gedən aktrisa istər-istəməz qeybət, giley-güzar əhvalına kökləndi. Onun arxasınca danışanları, paxıllıq edənləri,  onunla qalmaqal hesabına məşhurlaşanları, ondan istifadə edənləri fokusa gətirdi.

Pərvin Abıyeva istedadsız aktrisa deyil. İnsan kimi də xoş təsir bağışlayan Pərvin Abıyeva öz üzərində işləyərsə, peşəkar rejissorla əməkdaşlıq edərsə, yaxşı aktrisa olmaq potensialı var. Ayrı-ayrı film və seriallarda zəif ifaları olsa da, sənət anlamında ciddi filmlərə çəkilməsə də, amma məsələn, "Yarımdünya", "Gecə qonağı" filmlərində ifası təbiidir, psixofiziki qatda obrazlarına bəraət verə bilir. Onun öz keçmişindən, mağazada satıcı işləməsindən, çətinliklərindən, şou adamları kimi ağlayıb sızlayaraq yox, təmkinlə, soyuqqanlı danışması, buna təcrübə qazanmaq kimi baxmasını təqdir elədim.

"Qapqara" verilişində bu mənada aparıcının Pərvin Abıyeva ilə söhbəti əhəmiyyətli etmək imkanları vardı. O isə söhbət əsnasında meydana çıxan zəruri sualları bilərəkdən, ya bilməyərəkdənmi gözdən qaçırırdı. 

"Filmlərdə, seriallarda yoxsan" sualına aktrisanın "Son zamanlar yoxam. On il də işləməsəm, xırda xəbərlə gündəmdə olacam" cavabı, istər-istəməz növbəti, onun üçün sənətlə gündəm arasındakı fərqin nədən ibarət olduğu, yoxsa ümumiyyətlə olmaması, eyni məna daşıması sualını qaçılmaz edirdi.

Yaxud Pərvin Abıyeva "Məndən istedadlı aktrisalarımız var. Amma onları tanımırlar. Bir marka açım. Sən bil ki, o marka "realnı partladacaq". Mənim olduğum pilləyə çata bilmirlər. Çox aşağıdadrılar. Bugün ən tanınan aktrisayam" - fikirlərini qəribə bir əminliklə deyir.  

Sual verilmir: Pərvin Abıyeva aktrisa kimi məşhurluğa nə ilə çatıb: gündəmə konfliktləriylə gəlməklə, ya filmləriylə? Əgər qalmaqallarla, sosial paltformalarda aktivliyi ilə məşhurlaşıbsa, onda bunun aktyorluq sənəti ilə hansı əlaqəsi var? Bu halda onu "bloger" adlandırmaq doğru olmazmı?

Ona görə azadlıq, dürüstlük, mənəviyyat və digər anlayışları məişət səviyyəsində qavrayan, müəyyən məsələlərdə fikirlərini əsaslandıra bilməyən, adi həyat həqiqətlərini dramatikləşdirən məşhurlarla həyat fəlsəfəsi kontekstində, hər şey haqda rahat danışmaq alınmır. Onları maqazin formatından çıxmaqdan ötrü, yəqin ki, həyat və peşə təcrübələrinin səviyyəsini nəzərə alaraq, düzgün suallar ünvanlamaqla maraqlı söhbət qurmaq olar.  

"Ağ və qara"ya isə yetkin, savadlı, geniş dünyagörüşünə malik qonaqlar dəvət olunduğundan veriliş də alınırdı, aparıcı üçün də söhbəti qurmaq rahat idi. Yəqin bu səbəbdən "Qapqara"da Murad Arif, Fazil Qəzənfəroğlu və daha bir neçə nəfərlə söhbət müqayisədə dolğun, məhsuldar, konturları dəqiq müəyyən olunmuş təsiri bağışladı. Dediyim kimi, verilişi aparıcı yox, qonağın intellekti, mövzuları bilməsi yönəldirdi. Amma könül istərdi ki, aparıcı faktoru qonaqlardan geri qalmasın, çünki istənilən proqramın nüfuzunu, peşəkarlığını hər şeydən əvvəl onun aparıcısı təyin edir və ya etməlidir.

 

 





30.12.2023    çap et  çap et