525.Az

"VOLİE BENE" - Yaxşı istəmək... - Pərvin yazır


 

"VOLİE BENE" - Yaxşı istəmək... - <b style="color:red"> Pərvin yazır</b>

Zamanın insana və onun daxili dünyasına münasibəti elə bir eybəcər şəkil alıb ki... Heç bu dediyim şəkili təsvir etməyə söz də tapılmaz. Vallah, nə göydə uçuram, nə də orta əsrlərdə qalmışam... Yaşamaq üçün havanın da, yeməyin də, suyun da vacibliyini başa düşürəm. Az-çox anatomiyadan, insan orqanizmindən xəbəri olan hər kəs bilir ki, bir vücudun içində ürək də var, ımmm düzü demək də istəmirəm, amma - bağırsaqlar da var, hə... Sadəcə biz hansını iri plana çəkirik, "budur məsələ"! Zaman (oxu - Sənət! Və soruşuram - sənətmi?!) insanı ən çirkli, murdar duyğu və düşüncələriylə ortaya qoymaqdadı. Televiziya kanallarının insan yaşantılarını silah edib paralar qazandığı realiti şoulardan danışmağa dəyməz heç... Bizim efirləri yıxıb sürüməklə problem həll olan da deyil. Həm mədəni, həm də iqtisadi cəhətdən inkişaf etmiş xalqların tele-şoularını internet məkanında axtarıb bir balaca araşdırma aparsanız, ən azı ürəyiniz bulanacaq... Ən qədim mədəniyyətə malik yaponlar olsun. Efirlərdə necə yarışlara girdiklərindən danışsaq?! Heç kəsi iyrəndirmək istəmirəm, ona görə xırdalamayım! Bu vəziyyət hansısa qüvvələrə sərf edir; dövrün adamına qəlbi ilə yaşamağı tərgitmək yönündə böyük işlər görülür. Eşq karikatura kimi təqdim olunur. Onun dərinliyi, çoxqatlılığı haqqında elə ancaq sufizmlə məşğul olanlar danışırlar, deyəsən. Amma bu haqda danışmaq yox, onu yaşamaq lazımdı. Ümumiyyətlə elə yaşamaq lazımdı; özünü - dibinə baş vurub gəlməklə, dünyanı - hər üzünü görməyə hazır, səfasını da, cəfasını da anlamaqla, gerçək duyğuları - ucuzlaşdırmadan, bayağılaşdırmadan, səbirlə və səbirsiz! Doğrusu, yazının bu yerində qorxuya düşdüm... Ağbirçəklik etmək, ya da təzə "Qabusnamə" yaratmaq niyyətindən uzağam və mətndə didaktika qədər itələyən, yoran başqa bir nəsnə olmaz, məncə! İndi neynim ki, italyan yazıçısı, yüzlərlə sevilən filmin ssenaristi Tonino Querronun essesi xoşuma gəlib, onu dilimizə çevirmişəm və mətni oxucuya necəsə təqdim etmək istəyirəm... Həqiqətən, gerçək insan hisslərinin dəbdən düşdüyü, təzə "qiyafə" və kifir görkəmdə kütləyə sırındığı bir zamanda istəkli Toninonun essesi saf hava kimi doldu içimə... Burada sevginin İlahi halından danışan yazıçı bu səadəti hər şeydən üstün bilir və inandırır buna. Həm də bu qısa yazını 90 yaşında qələmə alması, dahi dostundan, italyan rejissoru Federiko Fellinidən təsirlənib "volie bene" həqiqətini izah etməsi mənim üçün açardı... Sevgini, Sənəti, elə Tonino və Federiko birliyindən yaranan şedevrləri anlamaq üçün açar!  

...Bir dəfə Federiko Fellini Tonino Querroya cəmi 10 saniyəlik bütöv ideyalı bir filmin ssenarisini yazmağın mümkünsüzlüyünü deyir, mərc edirlər. Ertəsi gün böyük ssenarist - Toni belə bir eskiz gətirir: "İri planda qadın televizora baxır. Ekranda raket startının yayımı gedir. Geri sayma davam edir: 10... 9... 8... Qadının duyğular fırtınasını əks etdirən simasını görürük. Son saniyələrdə telefonu götürür, nömrəni yığır, 7...6...5...4...3...2...1 və raketin hərəkətə gəlməsi ilə qadın dəstəyin o başındakına xəbər verir: "Gəl, uçub getdi!" Təbii ki, Federiko mərci uduzur! Çünki bu, həyat haqqında ən böyük və ciddi həqiqətin ən qısa və dahiyanə ifadəsidir: orbitdən çıxdınsa, vəssalam...

Əsərlərindəki belə sadə, amma son dərəcə dərin ideyalara görə 90 yaşlı ssenaristin "volie bene" haqqında, eşqin uca mərhələsi barəsində danışması inandırıcıdır. Çünki Toni hələ uşaqlığından həyatın dibini də, qələbənin zirvəsini də görmüşdü. Əslində elə yazıçılığı da həmin "dib"in dəhşətindən cücərmişdi, boy göstərmişdi. Hələ gəncliyində, İkinci Dünya müharibəsi zamanı almanlara əsir düşən gəncin yazmaq ağlına da gəlmirdi. Amma əsir düşərgəsində doğulduğu Romaniya qəsəbəsindən həmyerlilərini görür, onları ovutmaqdan, çətin anlarında az da olsa təsəlli verməkdən ötrü öz dialektlərində rəvayətlər, şeirlər uydurub deyir. Dinləyicilərinin çoxaldığını, doğmalaşdığı insanları sözü ilə sevindirə bildiyini görəndə daha da həvəslənir, hətta ağır işlər görə-görə şeirlər qoşur, unutmamaqdan ötrü (çünki əsirlikdə yazmaq imkanı yox idi) öz-özünə təkrarlayır gün boyu. Və məhz bir məqamda inanır ki, yazıçıdı... Sonralar xatirələrini danışırdı ki, "bayram ərəfəsində əsirlikdə kefsiz idik yerlilərimlə. Birdən məndən xahiş etdilər ki, pasta - əriştə bişirməyi danışım, mən bir pantomima tamaşası qurdum. Qarşımda oturmuş onlarla ac adam məni dinləyirdi. Mənsə, əllərimlə immitasiyalar edib, əriştənin bişirilmə prosesini yada salıb qırıldadırdım... Təxminən belə - bax indi xəmiri yoğurdum, yayıram, incə-incə əriştə kəsirəm, ununu ələyirəm, indi su qaynasın bişirəcəm... Siz parmezanla istəyirsiz, ya sadə?! Aha, burda sous da bişməkdədi, hazırdı, boşqabları verin, çəkim..." Tonino deyir ki, bayram günü bu "tamaşa"nı göstərdikcə əsirlərin üzündəki sevinci, işığı görürdü, amma bir az sonra susqun, sakit, yorğun halda bir tərəfə çəkilib oturanda dostlardan biri ehmalla yaxınlaşıb - bir boşqab da əlavə istəyə bilərəmmi?! - deyir. Sənətin gücü budur və iki il sonra müharibə bitəndə əsirlikdən qurtulan Toninonun ilk işi şeir kitabı çap etmək olur.

M.Antonioni, F.Fellini, A.Tarkovski kimi böyük rejissorlarla işləyən, onlarla filmi ən ali mükafatlara (Kann, Oskar və s.) layiq görülən Toni həyatın mənasını bu təqdim etdiyim kiçik essesində dəqiq izah edir. Təkcə elə, Fellini ilə birgə işi olan "Amarkord" filmini götürsək, T.Querronun insan hisslərinin hər cəhətini anladığını, incəliyinə qədər dərk etdiyini görərik. Doğrusu, "Amarkord" hər hansı izaha, təhlilə sığan film deyil... Ona sadəcə oturub baxmaq və öz anladığın, duyduğun şəkildə canına çəkmək lazımdı. Mən sadəcə "volie bene" - sağlam və bütöv sevgi düşüncəsindən filmə diqqət çəkmək istəyirəm. Məncə, müəlliflər - həm Tonino, həm də Federiko məhəbbətin bütün "növlərini" göstərməyə çalışıblar. Balaca və çox qəribə bir qəsəbədə hamı eyni həyatın içindədi... İnsanlar tonqal qalayıb qışı, soyuğu da birgə "yandırırlar", qartopunu da bərabər oynayırlar. Amma bu ümumi həyatın, mehribanlığın içində hamı sevgi arzusundadı və hər kəs bu hissi bacardığı kimi arzulayır. Bəli, arzunun özü də bacarığa bağlıdı və insanın özünü layiq bildiyi məqama qədərdi... Meydan mərasimində havalanmış yeniyetmələrlə məzələnən dəli qız da, ağaca çıxıb "qadın istəyirəm" deyən havalanmış oğlan da, tütün mağazasında cavan oğlanı cənginə keçirən şişman arvad da, müqəddəs atanın qəbulunda sıraya düzülüb tək olanda "pis-pis işlər" gördüyünü etiraf edib günahlarının bağışlanmasını diləyən cavanlar da... hamısı, hammmısı sevgi istəyir... Və bu istəklərin cəmi, dayaq nöqtəsi, zirvəsi - "qradistkadı"... Dünya kinosunda QADINlığın ifadəsi çoxdu, amma mənə görə qradiskanın qoltuqda buraxdığı qırmızı paltarı və bunun müəlliflər tərəfindən necə göstərilməsi çılpaq qadının özündən daha həyəcanlı mənzərədi! Və filmin unikallığı odur ki, gözəlliyi ilə göz çıxaran, qardan cığırların içində al qırmızı geyimi ilə təkcə kadrı yox, həm də dedi-qoduları, paxıllığı, nifrəti kəsən "genişürəkli" qradiska ailə qurmaq istəyir... İstəyirəm bu məqamda qəsəbənin ən gözəl xanımına heç olmasa düzəltdiyi qartopu ilə "toxunmağa" çalışan yeniyetmələrin hay-küyünü bu QR kodu oxudub baxasınız... O məqamda qeybdən gələn tovuz quşu, üstəgəl, sonda qradiskanın ailə qurması elə Toninonun dediyi - "volie bene" - ucalığıdı!

AMARKORD

Kiçik essedə Toni həm Fellini həm də öz sevgisindən, ikisinin də həyatında olan böyük Qadınlardan danışır. Fellininin xanımı Culyetta Mazina haqqında illər öncə yazdığım esseni təkrarlamaq istəmirəm. Amma bu möhtəşəm duyğunu Toniyə yaşadan xanımdan - Loradan bir neçə kəlmə söz açmağım vacibdi. Hələ sovet dövründə Rusiyaya işgüzar səfər edən rejissor Antonioni və ssenarist Querro ilə görüşəndə Loranın birinci əri vəfat etmişdi. Kinostudiyada redaktor işləyən qadın üçün bu görüş həm də bir az eynini açmaqdan, qaradan çıxmaqdan ötrü imiş. Bilmirdi ki, elə ilk görüşdən on aşiq olan Toni qısa müddətdə yenidən qayıdacaq Rusiyaya, özü də etiraf və evlənmə təklifi ilə... Lora danışır ki, (bu günə kimi Toninin ona hədiyyə etdiyi malikanədə yaşayır) o zaman italyanca bircə kəlmə də bilmirmiş, yeni heyranı ilə tərcüməçi vasitəsiylə söhbət edirmiş. Və Tonino ona hisslərini anlatmaq üçün bir üsul tapır, bazardan quş qəfəsi alır və italyan dilində müxtəlif sevgi etirafları yazdığı kağızları barmaqlıqlara yapışdırır... Beləliklə, qadın bu ifadələrin tərcüməsini tapa-tapa dili öyrənməyə başlayır. Evliliklərində nikah şahidləri Antonioni və Tarkovski olur. Bu böyük sevgi Toninonun ömrünün sonuna kimi davam edir. Özü də ən gözəl şeirləri, ssenariləri yazan dahi sözsüz filansız sevirmiş, heç vaxt dilə gətirmirmiş duyğuların... İndi isə sevimli Toninin ölümündən on il keçəndən sonra da Lora hər yarpaq titrəyişində, hər kəpənək uçuşunda onun var olduğuna bir daha inanır. Çünki "volie bene" elə-belə, fiziki həyatın sonlanması ilə bitə bilməz... Nə isə, mən bu məqamda susdum, çünki istəyirəm, tərcümə etdiyim mətni oxuyub sehrin, nağılın varlığına inanasınız! Əks halda bütün bayramlar mənasızdı!   

"Ölümündən iki gün əvvəl Federiko Fellini: - "Necə də aşiq olmaq istəyirəm, yenə!" - deyəndə heyrət elədim! Əslində isə o, sadəcə sevgini bir daha yaşamaq, yer üzərində qanadlanıb uçmaq, itaət etmək istədiyi adama təslim olmaq, ruhundakı orkestrin musiqisini eşitmək arzulayırdı... O, qadından danışmırdı, demək istəyirdi ki, sevgi həyatın sehrli anlarından biridi.

Sevdiyin zaman sən sadəcə bir insan olmaqdan çıxırsan, sanki bir qoxuya çevrilirsən. Sən yerdə gəzmirsən, yer üzərində uçuşursan. Bax bu aşiqlik halı həyatda hər şeydən vacibdi. Nəyə ya kimə aşiq olmağının fərqi yoxdu; qadın olsun, iş, dünya ya həyat olsun, fərq etməz...

Sevgi sevinc, ya kədər deyil, mükafat və sınaq da deyil, bunların hamısıdı, nağıldı, sehrli bir ölkəyə səyahətdi, hələ kəşf edilməli olan bir sirrə gedən yoldu.

Hər şeyin bir sonu var, sevgi həmişə bitir. Ancaq bir hal hər zaman digərinə çevrilir və bu digər duyğu aşiqlikdən daha güclü bir hiss ola bilər. Bu gün evliliklər uzun sürmür və sevgililər böyük kəşfdən məhrumdular; birlikdə, əl-ələ tutub ölümə doğru addımlamağın necə  gözəl olduğunu bilmirlər. Bir çoxlarına elə gəlir ki, yeni bir ünsiyyət, əlaqə daha güclü duyğular gətirəcək. Bu, əlbəttə, səhvdir.

İtalyancada başqa dillərə çevrilə bilməyən bir söz var - "volie bene". Hərfi tərcümə etsək, bu "yaxşı istəmək" deməkdir. Bir var - "Amare" - bu, sevgidi, amma bir də var "volie bene" - bu, bir insanla ən yaxın, doğma adamın kimi davranmağındı.  "Amare" fiziki həzz üzərində qurulub. Yer üzündəki ən güclü hiss "amare"nin "volie bene"yə çevrilməsi, ucalmasıdı.

...Və dünyada "volie bene" hissindən daha böyük duyğu yoxdu. Bu hiss uzun illər birgə ömür sürməyin nəticəsində yaranır, əlbəttə bu illər ərzində etibar itməyibsə. Belə uzun bir münasibətin itirilməsi sevginin, fiziki həzzin itirilməsindən daha böyük faciədi.

"Volie bene" itkisi - gerçək, dərin tənhalıq, mütləq boşluqdu. "Volie bene" duyğusunu yaşamaq mənə qismət oldu. Doxsan yaşım olacaq, yanımda otuz il əvvəl Rusiyada tapdığım həyat yoldaşım Lora var. Ən böyük dostum Federiko Fellini və Culietta Mazina arasında möhtəşəm bir "volie bene" var idi. Fellini dünyanın bütün qadınları tərəfindən rəğbətlə qarşılanırdı, lakin onun son jesti Cülyettaya qarşı əsl məhəbbət himni idi; az qala iflic olmuşdu, amma Culyettanın Romadakı xəstəxanada ölümcül halını biləndə klinikadan qaçmışdı. Beş yüz kilometr yol qət edib qadınının yanında uzanmışdı. Fellini vəfat edəndə isə Cülyetta da öldü".

Tonino Querro

 

 





30.12.2023    çap et  çap et