525.Az

Teatr prosesinin qolları: Azərbaycan aşıq sənətində teatr düşüncəsinin poetika ünsürləri - Məryəm Əlizadə yazır


 

Azərbaycan  teatrı-150

Teatr prosesinin qolları: Azərbaycan aşıq sənətində teatr düşüncəsinin poetika ünsürləri - <b style="color:red"> Məryəm Əlizadə yazır</b>

Üçüncü yazı

 

...Bizdən salam olsun arif olana,

Haqq nə gündə xəlq elədi dünyanı?

Yer ilə göy nə saatda bəhs etdi?

Yer nə üstə bəndə saldı aslanı?

Aşıq Ələsgər

               

Sözün əsl mənasında nadir sənət növü olan aşıq yaradıcılığı həm də sənət təfəkkürünün əvəzolunmaz kateqoriyasıdır. Zaman-məkan sənət növünü musiqi və poeziyayla bağlayan aşıq sənəti müəyyən mənada Azərbaycan milli sənət təfəkkürünün, yaradıcılıq prosesinin zaman içində də bütövlüyünü təyin edən incəsənət faktıdır.

"Yuğ prototeatrı" tarixi meydanı tərk edəndə dastan yaradıcılığına təkan vermişdi. Sırf epik dastanlardan fərqli olaraq aşıq dastanlarında insan amili ön plana çıxmışdı, odur ki, aşıq dastan yaradıcılığını mif yaradıcılığından ayırmalıyıq. Aydın məsələdir ki, söhbət klassik mif yaradıcılığından gedir. Baxmayaraq ki, XVI əsrə qədərki aşıq şeirinin çox hissəsi bizə gəlib çatmamışdır, ədəbiyyatşünaslıq və sənətşünaslığımızda qeydə alınan nümunələr aşıq sənətini teatr düşüncəsi prizmasından araşdırmağa kifayət qədər əsas verir.

Aşıq yaradıcılığının başlıca mövzusunu "məhəbbət" və "gözəllik" kateqoriyaları müəyyənləşdirir. Aşıq lirikası nümunələrinə toxunmadan bizi maraqlandıran dastan poetikasında teatr düşüncəsi ünsürlərini aşkarlamağa cəhd edək.

Ötürücü, tənzimləyici və yaddaş funksiyaları ilə yanaşı, aşıq yaradıcılığı (bədii yaradıcılığa məxsus olan estetik (zövq), didaktik (tərbiyəvi) və kommunikativ (rabitə, əlaqə) funksiyaları da yerinə yetirir.

Aşıq dastanlarının mövzuları açıq-aydın göstərir ki, mif, mərasim-ayinlərdən fərqli olaraq, dastanlarda bütün mənəvi, əxlaqi, sakral, sosial və psixoloji anlayışlar artıq personifikassiyalaşır - insaniləşir, konkret insan obrazında, istəklərində, hərəkətlərində, münasibətlərində, bir sözlə, sujetdə gerçəkləşdirilir. Təbii ki, sujetqurma prinsipləri əvvəlki ənənədən qaynaqlanır, bu prinsiplərdə arxetiplər (ilkin anlayışlar) nəzərdə tutulur, amma artıq yeni çağların yeni düşüncəsinin humanitar əsasları fərdi, insanı, qəhrəmanı ön plana çəkir, arxaik dastanlardan fərqli olaraq onu çox zaman cəmiyyətlə konflikt-münaqişədə təsvir edir.

Aşıq dastanlarının ədəbi strukturlarına, bu strukturların özəl sisteminə diqqət verəndə görürük ki, burada "məhəbbət" kateqoriyası, bir qayda olaraq, konflikt-münaqişəyə təkanverici şərt kimi dəyərləndirilir və qəhrəman bu şərti mütləq mənəvi qanun kimi qəbul edərək onun uğrunda ölümə getməyə belə razıdır. Avropa teatr sistemindəki "faciəvi qəhrəman" anlayışını xatırlayanda görürük ki,  qəhrəmanın "faciəviliyinin kökləri" ictimai inkişafın təzadları və insanların tərəqqiyə ödədikləri dəhşətli, qanlı qiymətindədir" (A.Anikst. Tvorçestvo Şekspira. M., Xud.literatura, 1963, s.337). İnsanı önə çıxaran qədim Yunan filosofları xüsusilə qeyd edirdilər ki, "yalnız insan xeyir-şər, haqq-nahaq və buna bənzər anlayışları qavramağa qadirdir" (Aristotelğ. Poetika. Soçineniə v 4-x tomax. M., 1984, T.4, s.379).  Bundan belə bir nəticəyə gələ bilərik ki, aşıq dastanlarında "məhəbbət" kateqoriyası məhz "insan azadlığı, seçmək hüququ" sistemində özəl məna qazanır. Bu sistemin, təbii ki, arxaik dövrlərdən fərqli olaraq sosial aspekti daha qabarıq formada özünü büruzə verirdi, çünki vahid etnopsixoloji şüuru təbəqələşmiş, qütbləşmiş düşüncə əvəz etmişdi. H.Araslı yazır: "Orta əsr vətəndaşları azadlıq uğrunda apardıqları mübarizənin ilk pilləsində "mənəvi azadlığı" könül aləmində, məhəbbət aləmində, bərabərlik tələblərini məhəbbət mövzusunda əbədiləşdirirdilər" (H.Araslı. Aşıqlar. B., 1957, s.5). Marksist-leninçi nəzəriyyənin vulqar (bayağı) sosiallaşdırma meylini kənara qoysaq, "məhəbbət" və "azadlıq" kateqoriyalarının mənəvi sistemdə sinonimləşməsini qeyd edə bilərik. İrəliyə sıçrayıb, peşəkar Azərbaycan teatrının institussional poetikasının formalaşmasında bu iki sinonimləşmiş kateqoriyanın olduqca böyük rol oynamasını göstərə bilərik.

Aşıq lirikasının ikinci mühüm kateqoriyası "gözəllik" anlayışı da ambivalent (ikili) xarakterə malik olduğundan yeni düşüncə sistemində üzvi tərkib hissəsi və yaradıcı element kimi yer tutdu. "Gözəllik" kateqoriyasının ambivalentliyi etik və estetik mənaları özündə birləşləşdirməsində anlaşılır. Aşıq-sənətkar elə bir poetikaya sahib olmalıdır ki, onun yaradıcı imkanları dinləyicini hər iki qatda (idrak və hiss) özünə cəlb etsin, qarşısına qoyduğu məqsədə çatmaq yollarını müəyyən mənada yüngülləşdirsin. Nəzərə alsaq ki, dastan sənəti zaman-məkan sənət növüdür və burada aşığın istifadə etdiyi janr, söz, musiqi, rəqsvari hərəkətlər, birbaşa müraciətlər, dinləyicilərin reaksiyası və s. aşıq yaradıcılığını zamana daha çox bağlayır, belə nəticəyə gələ bilərik ki, aşıq sənətində teatr düşüncəmizin ilkin kateqoriyaları mövcuddur. Belə ki, teatr poetikasının mövzu, dil-ifadə vasitələri, təsir mexanizmləri yalnız doğma sənət təfəkküründən doğa, milli sənət təfəkkürünün qavrayış və psixoloji mexanizmləri ilə qavranıla bilər. Aşıq lirikasının başqa bir aparıcı kateqoriyası - "təbiət" müəyyən mənada hadisələrin fonu olduğundan dil-ifadə vasitəsi kimi gücləndirici funksiyanı yerinə yetirirdi. Klassik miniatür sənətində olduğu kimi, burada da tipiklik xüsusilikdən üstün tutulur, universal dəyər və mənalar qabardılır.

Teatr poetikası üçün vacib olan göstəricilərdən biri mövzunun konkret bədii həllidir. Hər hansı bədii həllin xüsusiyyətləri kompozisiya özəlliklərində özünü göstərir. Yuxarıda qeyd etdiyimiz kimi, hər hansı milli sənət növünün struktur qurumu, kompozisiya prinsipləri yalnız milli sənət təfəkkürü zəminində yarana bilər. Aşıq sənətinin yaradıcı məhsulu olan dastanların kompozisiya qurumunda teatr poetikasının bu həlledici kateqoriyasının örnəyini görmək mümkündür.

Aşıq sənətində mövzunun bədii həlli dastanın ənənəvi kompozisiya çərçivəsində icra olunur. Bu çərçivə çox sadədir: Giriş (teatr terminiylə - proloq), Ustadnamə, dastanın özü (teatr terminiylə - hadisə və olaylar) və yekun (teatr terminiylə - epiloq), Duvaqqapma. (Gmina Glğdarova. İskusstvo aşıqov Azerbaydjana. B., İhıq, 1983. s.36-40).

Ustadnamə - proloq, bir qayda olaraq, üç hissədən ibarət olur və burada aşıq öz müəlliflik iddiasını sanki kiçildərək Ustadların (ənənənin) arxasında "gizlənir". Bu kompozisiya priyomu əslində çox mürəkkəb bir psixoloji əməliyyatdır və burada dinləyici-seyrçinin keçirtdiyi, yaşadığı hal bir çox səciyyələrinə görə yaradıcılıq prosesinə yaxınlaşır.

Bunu anlayan ustad-aşıq böyük bacarıqla bu prosesi düzgün istiqamətə yönəldir və bu səbəbdən bəzən iki-üç axşam davam edən hekayət insanları yormur, darıxdırmır. Lazım olan yerdə gərginliyi azaltmaq, dinləyicilərə toxtaqlıq vermək üçün aşıq haşiyə çıxır, şən, zarafat xarakterli, baməzə, əyləndirici lətifələr, hadisələr söyləyir. Teatr terminiylə adlandırsaq, bu intermediyalarla (əlavə edilmiş səhnəciklərlə) aşıq həm sujetə olan marağı qoruyur, həm də ciddi, dramatik hadisələrin "astar üzünü" xatırladır. Başqa sözlə, ustad yaradıcı həssaslıqla dramatik poetikaya "karnaval estetikası"nın elementlərini daxil edərək həyatın özünün duallığını (ikili təbiətini) emosional formada insanlara anladır. Aşıq dastanlarının qəhrəmanı mifologiya və arxaik dastanlardan fərqli olaraq metaforik deyil, arxetipin bədii personifikasiyasında "ali inkişaf" prosesinin nəticəsində şəxsiyyət səviyyəsinə yüksəlir. Bu şəxsiyyət artıq kor qüvvələrin əlində oyuncaq deyil və Hegel yazdığı kimi "əsl faciəvi əməl üçün fərdi azadlıq və müstəqillik prinsipinin artıq oyanması zəruri şərtdir və yaxud, hər halda istiqlaliyyət, öz əməlinə və onun nəticələrinə görə cavabdeh olmaq istəyinin oyanması gərəklidir" (Qeqelğ. Soç.t.XIV, M., 1958, c.371).

Yalnız bu şərtlər, başqa önəmli şərtlərlə bağlılıqda teatr düşüncəsinə güclü təkan verib, onu təsisat halına yüksəldə bilər. A.Anikst Avropa intibahının, onun mənəvi mədəniyyətinin yeni ideyalarını, yeni dünyagörüşünü xalqa çatdıran "kanaldan" danışarkən qətiyyətlə bəyan edir ki, "Bu ötürücü teatr oldu. Burada dövrün nəhəng ideya kəşflərinin xalq ruhuyla kəsişməsi baş verirdi. Buna görə də məhz burada incə, zərif mənəvi mədəniyyəti əsl xəlqiliklə uzlaşdıran böyük sənət doğuldu" (A.Anikst. Göstərilən əsəri, s.339).

Gördüyümüz kimi, aşıq dastan söyləmələri teatr adlandırdığımız "böyük sənətin doğulması üçün" bütün şəraiti yaratmışdı, amma təəssüflər olsun ki, bu doğum prosesi obyektiv və subyektiv səbəblərdən özəl milli teatr poetikasının yaranmasıyla nəticələnmədi...

...Dastanın sonluğu - yekunu Duvaqqapma adlandırılır. Bu termin el arasında toy mərasimiylə bağlıdır - toyun sonunda gəlinin üzündən duvağı açmaq adəti indi də mövcuddur. Duvaqqapmanın üç funksiyası var: birincisi, iki qovuşan aşiqin tərənnümü, ikincisi, aşığın müəllifliyinin təsdiqlənməsi (aşıq duvaqqapmada öz adını, ya təxəllüsünü söyləyir) və üçüncüsü, kompozisiyanı qapatması, ya halqalandırması. Sonuncunu açıqlayaq: Ustadnamədə sələflərinin adlarını çəkməklə aşıq ənənəyə söykənməsini bildirir.

Duvaqqapmada sənətkar müəllifliyini aşkarlamaqla ənənənin davam etməsini, inkişafda olmasını bəyan edir. Beləliklə, üç bəndli kompozisiya ənənəni və fərdi yaradıcılığı halqa, dairə formasında təqdim etməklə hər cür təzadları, mübahisəli məqamları aradan götürür: halqanın, dairənin nə əvvəli var, nə sonu, çərxi-fələk də dairəvidir, günəş də, həyatın özü də. Göründüyü kimi, ilk baxışdan sadə təsir bağışlayan bu kompozisiyanın mürəkkəb fəlsəfi-magik mənası var və buna görə də bu kompozisiya günlərimizə qədər dəyişməz qalıb. Bu kompozisiyanın universallığı həm də ondadır ki, onun üç üzvlü quruluşu hər hansı sənət düşüncəsinin forma və məzmun yaradıcılığına yararlıdır. Aydın məsələdir ki, teatr poetikasının ondan faydalanması istisna olunmur.

Aşıq sənəti teatr poetikası üçün vacib olan janr təyinini də təmin etməyə qadirdir.

Aşıq dastanlarının janr etibarilə təsnifatı aşağıdakı qaydada verilir (Təsnifatlar: Ə.Eldarovanın göstərilən kitabından götürülüb. s.38-39).

1. Məhəbbət dastanları.

2. Qəhrəmanlıq dastanları.

3. Didaktik (öyüd-nəsihət) dastanlar.

İndi isə yuxarıda göstərdiyimiz aşıq dastanlarının kompozisiyalarını, dastan sujetinin quruluş prinsiplərini teatr poetikası baxım bucağından araşdıraq.

Məhəbbət dastanlarının sujet gedişatı, bir qayda olaraq, dörd sujet düyünüylə təmin olunur.

1. Qəhrəmanın doğuluşu və təşəkkülü.

2. "Buta vermək".

3. Maneələrin meydana çıxması və onları dəf etmək uğrunda qəhrəmanın mübarizəsi.

4. Yarış və qələbə.

Qələbə çalan qəhrəman sevgilisinə qovuşur, toy çalınır və burada sujet sona çatır. Məhəbbət dastanı qovuşan sevgililərin, aşiqlərin sonrakı taleləriylə "maraqlanmır".

Teatr poetikasının məzmun xəttini (paradiqmasını) təşkil edən aparıcı mövzuları, onların bədii-estetik, formal səciyyələrini Azərbaycan aşıq sənətinin, klassik formalı məhəbbət dastanlarının məzmun və forma strukturlarında aşkarlamaq və teatr düşüncəsinin yaradıcı dövriyyəsinə buraxmaq teatrşünaslığımızın aktual məsələsidir.

Qəhrəmanlıq dastanları tipoloji səciyyələrinə görə "Kitabi-Dədə Qorqud" eposunun etnomədəni modifikasiyalarıdır.

Teatr düşüncəmizin "faciə" janrının qavrayışını hazırlayan və təmin edən qəhrəmanlıq dastanlarının poetikasının teatr poetikasına ötürdüyü başlıca kateqoriyalar "cəngavərlik", "igidlik", "fiziki qüvvə", "alicənablıq", "dönməzlik" və s. qeyri-şərtidir, metaforik deyil. Filosof Rəhman Bədəlovun fikrincə, bu kateqoriyalar artıq "uydurma" sayıla bilməz, yəni, bunlar "bədii həqiqət" sistemində anlaşılaraq dəyərləndirilməlidir" (Bax: Raxman Badalov. Pravda i vımısel qeroiçeskoqo gposa. B., Glğm, 1983).

Yeni çağların tələblərinə görə dastan qəhrəmanları epik qəhrəmanlardan fərqli "humanistləşdirilmiş" personajlardır, onların fərdi xarakter xüsusiyyətləri daha qabarıqdır və bu personajlar teatr düşüncəsinin tələblərinə daha çox cavab verirlər.

Didaktik dastanlar tipologiyasına görə mif və dastan yaradıcılığının son mərhələsidir, onlar ailə-məişət tipli nağıllara daha yaxındır. Teatr düşüncəmizdə "dram" termin-anlayışına körpü olan didaktik dastanlar teatr poetikasının etik səciyyələrini təmin edən material sayıla bilər.

Aşıq dastanlarının dil-ifadə vasitələri, mövzuları, kompozisiya quruluşu, prinsipləri və başqa poetika səciyyələri Azərbaycan sənətşünaslığında geniş tədqiq olunub və əldə olunmuş elmi qənaətlər bizə imkan verir ki, aşıq yaradıcılığını teatr düşüncəmizin ilkin mərhələsi kimi dəyərləndirək. Milli teatr poetikasının bazisini təşkil edən milli sənət təfəkkürü və mənəvi-əxlaqi dəyərlər sisteminin üzvi tərkib hissəsi olan aşıq sənəti onun klassik nümunələrindən yaradıcı tərzdə faydalanmalı və teatr sənətinin yeni çağlarda yeni vəzifə və məqsədlərinə uyğun yeni formaları yaratmasına kömək etməlidir.

Teatr poetikasının özəl kateqoriyası olan suggestivlik (təlqin etmə) aşıq sənətində əsrlərcə sınaqdan keçib və emosional gücünü təsdiq edib. Bu keyfiyyətin həm ədəbi-nəzəri, həm də praktiki-yaradıcı konsepsiyası olduğundan burada mürəkkəb estetik əməliyyat tələb olunmur: aşıq sənətinin müvafiq sistem və mexanizmləri teatr poetikasının şərtlərinə uyğunlaşdırılmalıdır. Aşıq dastanlarının milli düşüncəyə autentik (qaynaqlara əsaslanan) olması institussional sənət növü olan teatrı, onun konseptual poetikasını öz köklərinə qaytarıb məzmun və formaca yeni sənət təfəkkürünün inkişafına güclü təkan verə bilər ki, bu da öz növbəsində milli teatr prosesinin yeni şəraitdə tam yeni keyfiyyət və xassələr qazanmasına səmərəli zəmin yaradar...

 

 





30.12.2023    çap et  çap et